Modern.az

Şəhid və itkin vərəsələrinə 11 min manatlıq ödəniş üçün ümumi siyahı...  

Şəhid və itkin vərəsələrinə 11 min manatlıq ödəniş üçün ümumi siyahı...   

11 İyun 2018, 11:51

...avqust-sentyabr ayında elan olunacaq

“Ölkə başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiya tərəfindən işlər davam etdirilir”.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

 

Şöbə müdirinin sözlərinə görə, ilkin olaraq yekun siyahı nazirliyi təqdim olunmalıdır:

“Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə onlardan sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir”.

F.Talıbov bildirib ki, ümumi siyahı avqust-sentyabr ayında nazirliyin rəsmi saytında yerləşdiriləcək:

“Qeyd olunan siyahılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildikdən sonra müvafiq dəqiqləşdirmələr aparılacaq, ümumi siyahı avqust-sentyabr ayında nazirliyin rəsmi saytında yerləşdiriləcək. Bundan sonra şəhid hərbi qulluqçuların vərəsələrinin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırma aparılacaq. Notariat orqanları vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsini Nazirliyin rəsmi saytındakı həmin siyahı əsasında həyata keçirəcək.

Bu proses elektron infrastruktur üzərində tam şəffaf şəkildə icra olunacaq. Notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər barədə məlumatlar, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək”.

 

Qurum rəsmisi prosesin birdəfəlik ödəmə ilə təmin olunacağını, şəxslərin elektron qaydada növbəlilik siyahısını formalaşdıracağını vurğulayıb.

F.Talıbov ödənişlərin ilin sonundan başalnacağını açıqlayıb:

“2018-ci ilin sonlarından növbəlilik qaydasında birdəfəlik ödənişlərin verilməsinə başlanması nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Fərmanına görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Bu fərman 9 minə yaxın şəhid və itkin ailəsinə şamil ediləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?