Modern.az

Çavuşoğlu azərbaycanlı jurnalistlərin suallarını cavablandırdı: “Bəzən dostum Elmar Məmmədyarovla zarafatlaşıram

Çavuşoğlu azərbaycanlı jurnalistlərin suallarını cavablandırdı: “Bəzən dostum Elmar Məmmədyarovla zarafatlaşıram”

13 İyun 2018, 11:08

"Azərbaycanlı siyasətçilərə söyləyin ki, ara-sıra Alanyaya da gəlsinlər"



"Azərbaycanla Türkiyə qardaş dövlətdir. Birimizin sabitliyi və əminamanlığı, digərimizin sabitliyi və əminamanlığıdır. Qarabağ məsələsi sadəcə Azərbaycanın məsələsi deyildir".

 

Modern.az-ın məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Türkiyənin XİN rəhbəri bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları da bizim məsələmizdir.

 

"İndi partiyamızın seçkiqabağı kampaniyaları yaxşı gedir. İnşallah yenə prezident Rəcəb Tayyib Ərdoğan seçkiləri qazanacaq. Seçim olsa da, olmasa da Azərbaycanın məsələləri ilə daim maraqlanırıq. Mən eyni zamanda Azərbaycanın da xarici işlər naziri kimi işləyirəm. Hətta bəzən dostum Elmar Məmmədyarovla zarafat edirəm. Ona deyirəm ki, sən tətilə gedə bilərsən, mən onsuz da işləyirəm. Çünki qardaşlar arasında belə də olmalıdır".

Mövlud Çavuşoğlu deyib ki, Türkiyə fərqli ölkələrdən qaz  və neft idxal edir.

“Çünki bizim qaynaqlarımız məhduddur. Biz  istəyirik ki, qardaş Azərbaycandan qazı və nefti daha çox alaq".

 

 

Türkiyəli nazir bildirib ki, TANAP layihəsində Azərbaycan və Türkiyə ortaqdır.

 

"Bundan əvvəlki boru kəmərlərinin həcmi məhdud idi. İndi qardaş Azərbaycandan TANAP vasitəsilə daha çox qazanacağıq. Bu layihəyə bəzi xarici iş adamları da ortaq oldu. Bu çox möhtəşəm layihədir. Buna görə də özəl firmalar da bura investisiya qoydular. Bundan sonra da neft və qaza olan ehtiyaclarımızı Azərbaycandan almaq istəyirik. Bildiyiniz kimi,  Bakı-Tiflis- Qars layihəsinin açılışını Bakıda etdik. Bu da ortaq böyük layihəmizdir. Bizim nəqliyyat layihələrində də iş birliyimiz var. Türkiyə-Azərbaycan- İran, Türkiyə- Azərbaycan- Türkmənistan- Qazaxıstan tarixi İpək Yolunu  dəmiryolu vasitəsilə yenidən bərpa edirik. Çində başlayan layihənin ən önəmli ortaqları Türkiyə və Azərbaycandır. İnşallah bu Türkmənbaşındakı  liman da açılır".

 

Çavuşoğlu qeyd edib ki, Azərbaycanda Türkiyənin, Türkiyədə isə Azərbaycanın investisiyaları  var.

 

"Azərbaycanda hər sahədə inkişaf davam edir. Türkiyə də inkişaf edir və dolayısı yolla iqtisadiyyatı böyüyür. Burada birlikdə addımlar atmaq önəmlidir.  Xüsusilə də müdafiə sənayesi sektorunda yaxın əməkdaşlığımız var. İstehsal etdiyimiz məhsulları qardaş Azərbaycanla paylaşırıq. Hərbi və siyasi istiqamətdə də münasibətlərimiz mükəmməldir. Türk Konseyi Birliyində Azərbaycan və Türkiyə əsas rola sahibdir. Bu mövzuda da əməkdaşlığımız türk dünyasının birliyi istiqamətində davam edəcək. Türk birliyinin mədəniyyət mərkəzi də Bakıdadır".

 

Türkiyənin XİN rəhbəri vurğulayıb ki, gələcəkdə birlikdə dəyərləndirə biləcəyimiz  önəmli fürsətlər var:

 

"Bu istiqamətlərdə də liderlərimizin ortaq qərarlığı var. Bildiyiniz kimi, Bakıdan Alanyaya birbaşa təyyarə reysi açıldı. İlk təyyarə reysi sevinclə qarşıladı. “Buta airways” “Anadolu jet”in təcrübəsindən istifadə etdi. Azərbaycandan olan yüksək təbəqə adətən Bodruma gedir. Ora otelə gedirsiniz və görürsünüz ki, azərbaycanlılar çoxdur. Bodrum da bizim şəhərimizdir və  gözəldir. Amma azərbaycanlı siyasətçilərə söyləyin ki, ara-sıra Alanyaya da gəlsinlər. Bu, zarafatdır (gülür)".


Xatırladaq ki, Alanya Qəzetçilər Cəmiyyətinin dəvəti ilə Türkiyədə səfərdə olan Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü dünən bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüblər...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı