Modern.az

Mənim  qəhrəmanım

Mənim  qəhrəmanım

15 İyun 2018, 09:36

Sinəsində boy atıb, böyüdüyümüz  məkan, Vətənim Azərbaycan  qəhrəmanlar diyarı, igidlər məskənidir.

 

Neçə-neçə igid oğullarımız, kişi qeyrətli, namuslu qızlarımız  bu Vətənin azadlığı, istiqlaliyyəti, xalqın  rifahi və xoşbəxtliyi uğrunda  öz canlarından, qanlarından keçiblər. Əlbəttə, qəhrəmanlar  heç bir zaman  unudulmur. Görkəmli şairlərimizin, yazarlarımızın əsərlərində də qəhrəmanların  unudulmazlığı  öz əksini tapıb.

Mən bu yazımda milli, ədəbi qəhrəmanlardan  deyil, sizlərin tanımadığınız   amma məni həyatda yaşamağa  sövq edən,saçının  hər ağ tükündə  üç övladının əziyyəti  olan ata missiyasını layiqincə  yerinə yetirən  atam haqqında  söhbət açmaq istəyirəm.

 

Əlbəttə, hər bir qızın  ilk  qəhrəmanı , ilk sevgisi məhz  onun atasıdır. Bu səbəbdən  evləndikləri kişi ilə  ataları arasında  böyük bənzərliklər  olması da bu vurğunluğun davamıdır.

Bir övlad üçün ata  əminliklə  söykənə  biləcəyi  yenilməz dağdır. Ata, meyvəsi  tükənməz olan, daim  faydalı olan  bir ağacdır. Onun   kölgəsi  belə  heç bir  şeylə müqayisə olunmayan  ən qiymətli varlıqdır. Övladın kiçik uğuruna  böyük  fəxarət hissi ilə  yanaşan varlıq da məhz atadır. Heç vaxt yadımdan çıxmaz,  mən ali məktəb diplomunu alanda  atamın gözlərində fərəh dolu baxışı,  dilində isə  fəxarət dolu  sözlər , hədsiz-hüdudsuz  sevinci məni dünyanın ən uca zirvəsinə  qaldırmışdı.

Ata həyatımızın  ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ata bu dünyada  ömrü boyu yanan əzəmətli sönməz  atəşdir. O atəş ki, işıltısı ilə, istiliyi ilə övladının  həyatda  xoşbəxt  yaşamağına  səbəb olur.

Bəli, atam mənim  həyatda  ən böyük  xoşbəxtlik  səbəbim və  həyatımın qəhrəmanıdır.  Övladının  hər dərdinə yanıb kül olan, daxilində fırtınalar, rüzgarlar  coşsa da, övladına  bildirməyən  müqəddəs insan, müqəddəs ad məhz atadır.

Sənətkarlarımızın  ataya olan sonsuz  məhəbbəti müxtəlif  sənət  əsərlərində  qələmə alınıb. Zənginliyi ilə dünya  ədəbiyyatında  özünəməxsus  yer tutan  Azərbaycan  ədəbiyyatında,  ata-övlad  münasibətləri  qədim  dövrdən çağdaş dövrümüzə   qədər əsərlərdə  layiqincə  bəhs olunub.   Qədim  dövr Azərbaycan  ədəbiyyatının  görkəmli nümayəndəsi dövrünün  kamil alimi  Nizami Gəncəvinin  poemalarının   əvvəlində  oğlu  Məhəmmədə yazdığı  nəsihəti  xatırlasaq görərik ki, atanın  hər sözü  hikmət, hər kəlamı bir xəzinədir.

 

Bir elm öyrənmək istədikdə sən

Çalış ki,hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da  insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Məndən söyləməkdir,səndən eşitmək,

Bir insan əliboş gəzməsin gərək.

 

Dünya ədəbiyyatına  da  nəzər  yetirdikdə biz burada ataya olan sonsuz  məhəbbət, atanın övlada  olan  hikmətli,  ibrətamiz  kəlamlarını da görürük. Bunlardan  biri də fars ədəbiyyatına  mənsub olan, fars ədəbiyyatının  qiymətli  nümunələrindən olan  “Qabusnamə” özünün məzmun rəngarəngliyinə  görə  geniş  şöhrət  tapıb. O, qoca atanın  öz oğluna nəsihəti və vəsiyyətindən   bəhs edən   bir hikmət  kitabıdır. Həyatın müxtəlif sahələrinə  həsr edilmiş  qırx dörd  fəsildən ibarət olan  bu kitab Ziyarilər xanədanının  son hökmdarı Ünsürülməali Keykavus ibn İsgəndər ibn Qabus  ibn  Vəşmgir   ibn  Ziyar tərəfindən 1082-ci  ildə oğlu Gilanşaha bir  “vəsiyyətnamə” və ya  “nəsihətnamə” kimi  yadigar olaraq  yazılıb.

 

Həmin kitabda  qeyd olunur ki,  ey oğul, ata-ananın  qəlbini  incitmə , onların ürəyinə  toxunma, çünki yaradan   ana və  atanı  incidənə  ağır  cəza  verir. Allah-Taala deyir: “Onlara  tfu  demə, onları incitmə , onlara  xoş  sözlə  de!”

Ana və ataya ən azı  ona  görə hörmət  etmək  lazımdır ki,  onların  hər  ikisi  səninlə  yaradan arasında  vasitədir. Deməli, sən  özünə və yaradanına hörmət etdiyin qədər, öz vasitələrinə də hörmət  etməlisən.

Əlbəttə, valideyn  haqqı ödənməzdir. Hər birimiz  ata və  ana adlı o iki  uca  varlığa  hörmət  etməlidir. Bizim dünyaya  gəlişimizə  vəsilə  olduqları  üçün  həyatımızı  məhz  o iki  müqəddəs  ada  borcluyuq. 

 

İslam  dini də  ata və anaya  böyük  dəyər  verir.  Müqəddəs  kitabımız  “Qurani-Kərim”də  valideynlərə  ehtiram, sayğı, hörmət  göstərməyin  vacibliyi haqqında  çoxlu  qiymətli   tövsiyələrə  rast gəlirik.

 

Övladı  boya-başa çatanadək  atanın  çəkdiyi  əziyyəti  heçnə  ilə müqayisə   etmək   mümkün   deyil.   Ata  sonsuz tükənməz xəzinədir. O xəzinə ki  hər zaman   övladının  yollarına işıq saçır.  Hər birimizin gələcək həyat yolunun    doğru, düzgün müəyyənləşməsində  də  atanın   rolu  əlbəttə ki,  əvəzsizdir.

Pisi yaxşıdan seçməyi, halal zəhmətlə  çörək qazanmağı, yalan danışmağın pis olduğunu, düzgün danışmağı, dürüst insan olmağı, həyatda  hər  zaman  mərd  yaşamağı, həyatın hər növ çətinliklərinin öhdəsindən gəlməyi öyrədən , ilk müəllimim, dostum  məhz atamdır.

 

Müxtəlif  tarixi dövrdə  yaşamış, filosofların, şair  və yazıçıların,  ictimai-siyasi, dövlət, elm  və   mədəniyyət  xadimlərinin ata haqqında  qiymətli sözləri, əsərləri, kəlamları  bu gün  bəşəriyyətin   mənəvi  zənginlik  amilinə çevrilib.

 

İstəyim budur ki, atalar övladlarını  elə bir  məhəbbət,  sevgi dolu münasibət bəsləsinlər ki,  övladlar  həyatlarındakı ilk qəhrəmanlarının məhz ataları olduqlarını  əminliklə hiss etsinlər.

          

Günel YAŞARQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!