Modern.az

Dövlət bayrağı meydanında müəmmalı “bayraq dəyişmə” - FOTOLAR  

Dövlət bayrağı meydanında müəmmalı “bayraq dəyişmə” - FOTOLAR  

17 İyun 2018, 10:11

Bayraq yerinə asılıb, biz görmürük?...

2017-ci ilin avqustunda Dövlət Bayrağı Meydanında müəmmalı şəkildə endirilən bayraqdan sonra dirəyi də söküldü. Bundan sonra söküntü ilə bağlı müxtəlif iddialar səsləndirildi. Dənizkənarı Bulvar İdarəsi müəmmanın adını “texniki baxış” qoysa da, Baş nazirin sabiq müavini Abid Şərifovun “Bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib. Buna görə də xarici ekspertlər dəvət olundu və bayraq dirəyi söküldü” açıqlaması iddiaların əsassız olmadığını göstərdi. Hər nə qədər idarə rəsmiləri məsələni təkzib etməyə çalışsalar da, bu günlərdə əraziyə ağır texnikanın cəlb olunmağı ayrı mətləblərdən xəbər verir. Hazırda dirəyin özülünün qazıldığı ətrafdan aydın şəkildə müşahidə edilməkdədir. Ümumilikdə isə dəyişdirilməsinə 16-17 dəqiqə sərf edilməli olan bayrağı az qala 1 ildir yerinə asa bilmirlər...

 

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırova müraciət edib. İdarə rəsmisi dolayısıyla gördüklərimizin yalan olduğunu bizə sübut etməyə çalışıb.

 

E.Bağırov Modern.az-a səsləndirilən fikirlərin əsassız olduğunu, əraziyə heç bir texnika cəlb edilmədiyini bildirib:

“İşlər əvvəlki qaydada davam etdirilir. “Texniki baxış” hələ bitməyib. Yenilik olacağı təqdirdə ictimaiyyətə açıqlama veriləcək”.

Rəsmi açıqlama şablon olduğu qədər də “inandırıcı” təsir bağışlayır. O dərəcədə ki, hətta “bəlkə bayraq yerinə asılıb, biz görmürük” deyə fikrirləşməli oluruq...

 

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı sərəncamına əsasən, Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. 2007-ci il 30 dekabr tarixində prezident İlham Əliyevin iştirakı ilə Meydanın təməli qoyulub. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi baş tutub.​

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar olan meydanda xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

 

Qeyd edək ki, bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Bayrağın çəkisi yaş halda artır. Bayraq dirəyi pyedestal üzərində yerləşirdi. Pyedestal Prezident İlham Əliyevin şəxsi ideyasına uyğun olaraq, səkkizgüşəli ulduz formasında tikilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir