Modern.az

Azərbaycan 144 ölkədən mal idxal edib

Azərbaycan 144 ölkədən mal idxal edib

18 İyun 2018, 22:44

Azərbaycanın hüquqi və fiziki şəxsləri bu ilin ilk dörd ayında dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, bu müddətdə  94 ölkəyə məhsul ixrac edilib, 144 ölkədən idxal olunub.

Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9318,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6292,7 milyon dollar, idxalın dəyəri 3026,1 milyon dollar olub. Nəticədə 3266,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8 faiz, real ifadədə isə 3,3 faiz, o cümlədən ixrac 2,2 faiz, idxal 5,7 faiz artıb.

 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 24,7 faizini İtaliyaya, 9,2 faizini İsrailə, 7,4 faizini Türkiyəyə, 5,5 faizini İndoneziyaya, hər biri 4,9 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Almaniyaya, 4,4 faizini Çexiyaya, 3,7 faizini Kanadaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və İspaniyaya, 3,0 faizini Avstriyaya, 2,9 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, hər biri 2,5 faiz olmaqla Ukrayna və Hindistana, qalan 15,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,5 faizi Türkiyə, 10,1 faizi Çin, 7,8 faizi Almaniya, 4,7 faizi ABŞ, 4 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,1 faizi Belarus, 2,9 faizi İran, 2,3 faizi Birləşmiş Krallıq, 28,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub