Modern.az

Bizimkilər - “Lider” TV-nin məşhur aparıcısı: “Mən o kəsləri izləyib jurnalist oldum” - FOTOLAR  

Bizimkilər - “Lider” TV-nin məşhur aparıcısı: “Mən o kəsləri izləyib jurnalist oldum” - FOTOLAR  

22 İyun 2018, 09:12

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı əməkdar jurnalist  Mətanət Ağamirlidir.

Tanınmış aparıcı,  “Lider” televiziyasının prodüsseri Mətanət Ağamirli 1994-cü ildən dövrü mətbuatda çalışır. 2000-ci ildən fəaliyyətə başlayan “Lider” TV-də  telejurnalist kimi özünü sınayırb. Və o vaxtdan bugünədək eyni televiziyada müxtəlif proqramların müəllifi, aparıcısı, prodüsseri kimi tanınıb. (“Sədadan sonra”, “Portretlər silsiləsindən”, “Gender”, “Mövqe”,  “Seçim” və s.) Bir zamanlar görkəmli siyasi xadim Heydər Əliyevi xarici səfərlərdə müşayiət edən jurnalist qrupunun üzvü olub. 2003-2005-ci illərdə “Lider” TV-nin Türkiyədəki təmsilçisi kimi fəaliyyət göstərib. “Zəriflik” jurnalının redaktorudur. Əməkdar jurnalist həmçinin müxtəlif illərdə bir sıra mükafat və təltiflərə layiq görülüb.


O vaxtkı qələmlə bu günkü qələm arasında  böyük fərq  var”

Mətanət xanım deyir ki, jurnalistikaya üz tutanda  uşaq olub:

 “Hələ beşinci sinifdən ölkənin tanınmış mətbu orqanları ilə əməkdaşlıq edirdim. O zaman, daha doğrusu  80-cı illərin sonlarından həm yaşadığım Ağdam rayonunun “Lenin yolu” qəzetində, həm də  ölkənin dövri mətbuatında  - “Azərbaycan gəncləri”, ”Sovet kəndi”, ”Azərbaycan pioneri”  qəzetlərində yazılarım çap olunurdu. Daha sonra “Gənclik” jurnalında yazılarım işıq üzü görüb.  Təbii ki, mənim uşaqlıq illərim sovet dönəminə təsadüf edir və mən bu mətbu orqanlarla əməkdaşlıq edirdim. Ayda həmin mətbu orqanlardan poçt vasitəsi ilə  adıma bir ailə başçısının qazancı qədər qonorar gəlirdi. O zaman dərk etməsəm də, bu  mənim üçün bir stimul idi. Hələ o vaxt orta məktəbdə, divar qəzetində yazılarım çap olunanda, tədbirlərdə çıxış edəndə özümü gerçəkdən də jurnalist kimi hiss edirdim, o yazıları sanki jurnalist kimi yazırdım. Əlbəttə, o vaxtkı qələmlə bu günkü qələmin, o vaxtkı yanaşma ilə bugünkü yanaşma arasında  böyük fərq  var. İllər sonra  təcrübə öz sözünü deyir”.


“Mən bir şəxsin  problemlərini qabartmağı sevmirəm”

Müsahibimiz indiyə kimi fəaliyyət göstərdiyi yerlər, o cümlədən qarşılaşdığı çətinliklərdən də söz açıb:

“90-cı illərdə qəzetlərin sayının çoxalması, azad mətbuatın inkişaf etməsi bizlərin potensialını realizasiya etməyə yaxşı imkan verirdi. Mən də bu imkandan bəhrələnənlərdənəm desəm, yanılmaram. 1992-ci ildə rəsmi “İdman” qəzetində korrektor işləyirdim. İnstitutda təhsil almaqla yanaşı, qəzetlərlə əməkdaşlıq edirdim. “Gənclik” jurnalında yazdlm, adlarını yuxarıda sadaladığım qəzetlərdə uzun zaman korrektor kimi işlədim. Eyni zamanda, müxtəlif qəzetlərdə yazılarla çıxış edirdim. Daha sonra 1999-cu ilə qədər  “Press Fakt”, “Gündəlik xəbərlər”, “Bizim Əsr” qəzetlərində  jurnalsit kimi çalışdım.  O vaxtdan sonrası da bəllidir,  “Lider” TV-dəyəm.  Çətinlikləri soruşursunuz. Mən də sizdən soruşmaq istərdim,  asan nə var ki? Amma mən bir şəxsin çətinliklərini, problemlərini qabartmağı, şişirtməyi sevmirəm. Gəlin uğurlara, pozitivlərə göz ataq”.

“Biz bugünün  şou ulduzları kimi “nümunələrlə”  böyümədik”

Əməkdar jurnalist 80-ci illərin sonlarını xatırlayaraq, həmin dövrü yada salıb:


“Bu gün təəssüf ki,  çoxlarının sənətdə, eləcə də şou aləmində  qəbul  etmədiyi məşhur bir müğənni səhnəyə çıxa bilər. Arzu olunmasa da həmin şəxs uşaqlar, gənclər üçün bir nümunə ola bilər. Təəssüf  ki, bu gün hamımız istəsək də, istəməsək də bu prosesin müşahidəçisiyik. Həmin şou nümayəndələri çox bahalı maşınları, təmtəraqlı mülkləri, dəbdəbəli yaşayışları, açıq-saçıq həyat tərzləri  ilə gündəmi zəbt edirlər. Bugünkü gənclərdən kimlərsə onlara vurğunluqla  baxa bilər. Amma biz nə yaxşı ki,  bugünün  şou ulduzları kimi “nümunələrlə”  böyümədik. Azərbaycanın aydınları, peşəsinə ruhən-qəlbən bağlı olan intellektual ziyalıları, izləyərək, oxuyaraq  böyüdük.  Mən 80-ci illərin sonlarını xatırlatmaq istərdim. Yalnız Azərbaycan Dövlət Televiziyası vardı, özəl telekanallar  yox  idi.  O zaman Azərbaycan Televiziyasında cəmiyyəti düşündürən, gəncliyi işıqlı sabahlara aparan  mövzulardan ibarət proqramlar var idi. Və... Ən əsası bu verilişlərin çox savadlı aparıcıları var idi. Daha konkret efirlərdən haqqı olanlar söz deyirdi... 

Bizim dövrün yeniyetmələri  Bakı  Dövlət Universitetinin  Jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmov kimi ziyalıların çıxışlarını dinləyə-dinləyə  jurnalist olmaq istəyirdi. Mən də eynilə. Həmin dövrün istedadlı jurnalistlərini izləyirdim:  Osman Mirzəyev, Telli Pənahqızı, Qulu Məhərrəmli,  Alı Mustafayev və s. Yəni tele-efirlərdə yayımlanan intellektual diskussiyalar təbii ki, bizim kimi gənc tamaşaçılara öz təsirini göstərirdi. Məncə eyni proses indi də var. Amma başqa ampluada”.
 


“Biznesdə uğursuzluğa düçar olan gəlib sayt açır”
 

M.Ağamirli düşünür ki,  bu gün jurnalistikaya daha çox populyarlı, maddi qazanc naminə gəlirlər:

“Bu gün bəzi hallarda bəzi jurnalistlərin tanınması peşəkar yazı ilə deyil, daha çox populizm üzərində qurulur. Bu gün hansısa media mənsubu  təəssüf  ki, öz karyerasını kimlərəsə ünvanlanmış təhqir, şər-böhtanla qurur. Bütün bunlar  ürəkaçan deyil. Qısacası, 20 il öncə jurnalist kimi fəaliyyətə başlayanların  məqsədləri daha qlobal və ümumi maraqlar  naminə idi. Bu gün sahəmizin problemlərindən biri də heç bir səriştəsi olmayan, orta məktəb bitirən şəxslərin belə çox asanlıqla sayt açaraq, özünü jurnalist kimi təqdim etməsidir. Hətta  bəzilərinin tərcümeyi-halı ilə tanış olanda görürsən ki, çalışdığı işdən hər hansı bir yarıtmaz fəaliyyətinə görə qovulan insan gəlib sayt açır, təqaüdə çıxan sayt açır,  hər hansı kolleci bitirib  özünə uyğun bir iş tapmayan insan gəlib sayt açır. Biznesdə uğursuzluğa düçar olan gəlib sayt açır. Bir sözlə, bu kimi şəxslər jurnalist olmaq istəyir. 

Və sonra da “reket jurnalistikası” ilə mübarizə mövzuları gündəmə gəlir. İstədiyim odur ki, qoy Azərbaycan jurnalistikasında layiqli jurnalistlər yerində olsun. Düşünürəm ki, hərə öz yerində daha faydalıdır, daha qiymətlidir. Müəllim təhsildə, həkim səhiyyədə, jurnalist peşəkar jurnalistikada olarsa, bu zaman daha çox uğur qazanarıq.  Amma bütün hallarda qeyd etmək lazımdır ki, Azərbaycan jurnalistikasının ağır məsuliyyətini çiyinlərində şərəflə daşıyan həmkarlarımızdan və media orqanlarından da ürəkdolusu danışmağa sözümüz var”.
 

Müsahibimiz jurnalistika ilə bağlı arzularını da bizimlə bölüşüb:
 

“Arzum budur ki, ən qısa zamanda Qarabağımız işğaldan azad olsun. Arzum budur ki, Tanrı mənə işğaldan azad olan Vətənimizdə,  doğulduğum torpaqlarda media qurumlarının yaranmasında, ümumiyyətlə quruculuq işlərində iştirak etməyi nəsib etsin!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır