Modern.az

Səfbəsəf düzüldük Vətən naminə!

Səfbəsəf düzüldük Vətən naminə!

22 İyun 2018, 15:16

Qarabağ müharibəsindən bəhs edən əsərlərin birindən bu yadımda qalıb. Aldığı güllə yarasından yerimək qabiliyyətini itirmiş keçmiş döyüşçüyə dostu zəng edib deyir ki, həmin illərin yadigarı olan disk əlinə keçib, görüntülərdə o da var. Dostunun cavabı isə belə olur: “Diski, göndər, heç olmasa əvvəlki yerişimə baxım...”

 

Kövrəlməmək mümkün deyil. Bəzən xatirələr də döyüşür, yaralanır və ölür. Amma düşünürəm ki, Qarabağla bağlı xatirələr ölmür, ölməyəcək də.

 

Tarix həm də xronologiyadı, təqvimdi. Təqvimdə rəqəmlər dəyişə bilər, yəni təqvimin hər günü həm başlanğıcdı, həm də son. 1988-ci ildən sonra sonumuzu düşünəcək qədər isə nə vaxtımız vardı, nə də ki, gücümüz. Tutunmağa bir saman çöpü belə qalmamışdı.

 

İyirminci əsrin “qara millətləri” siyahısında başda idik, 1920-ci ilin aprelindən sonra keçmişimizə boylanmayaq deyə, boynumuzu yüz yerdən vurmuşdular. 

“Mən tarixi, adı, keçmişi bəlli bir millətin övladıyam” sözünü deyənin dilini kəsirdilər. Çünki 37-lər gizli, aşkar davam edirdi...

 

Başsızlıq və ordusuzluq...

 

Başsızlıq dünyanın ən böyük dərdidi. Bilirsiniz, niyə? Necə ki, bir ailənin başsız qalmağı bizi yandırır, bir dövlətin, bir millətin başsız qalması fəlakətdir.

1988-1993-cü illər. Azərbaycan tarixinin ağlı-qaralı təqvimi. Bir yandan öz tarixi yurdundan pələsəng olan azərbaycanlıların deportasıyası, bir yandan da erməni millətçilərinin torpaq iddiası ilə Qarabağa və ətraf rayonlara hücumu. İyirmi Yanvar və Xocalı soyqırımlarında qanına qəltan edilən xalqın artıq özündən başqa kiməsə güvənci qalmamışdı. İrəli də ölüm idi, arxa da...

Şuşanın işğalından sonra bütün baxışlar Xəzərə dikilmişdi. Azərbaycan xalqı bütövlükdə Xəzərdə boğulmağa məhkum idi...

Amma yox, hələ qarşıda bu millətə öndərsiz, sahibsiz olmadığını anladan o gün uzaqda deyildi. Bax, həmin gün millət ürəkdən “Qurtulduq” dedi. Sıra-sıra, cərgə-cərgə düzlənən oğullar onun əmri ilə ordu qurmağa, ordu olmağa səfərbər olundu. Artıq atılan güllələrin ünvanı bəlli idi, hədəfə dəyirdi. Və belə olmasaydı, “Vətən səni çağırır” sədasına gələnlər 1994-cü ilin yanvarında ildrım sürəti ilə Horadizi və ətraf kəndləri azad edə bilməzdi. Düşmən canını qurtarmaq üçün havadarının yanına  qaçırdı. Çünki Ali Baş Komandan Heydər Əliyev idi...

Elə o çətin dövrdə Heydər Əliyev adı bir ordu demək idi. Bunu düşmən də yaxşı anlayırdı...

 

1994-cü il. “Əsrin müqaviləsi”ndən sonra əsrin ordusunu formalaşdırmaq uğrunda çabalar edən öndər xalqımıza “Ordum varsa, yurdum var” şüarının əzəmətini yenidən yaşatdı. Xalqına güvənən ordu və ordusuna arxalanan xalq itirdiklərini qaytarmaq, uğursuzluqlarını uğura çevirmək üçün  bütün olmazları “ol” etdi.

Dəmir iradəyə, nizam-intizama malik, hər an “Qələbə” sevinci bəxş edəcək bir ordunu quran Öndərimizin Horadiz Qələbəsinin davamını Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Aprel döyüşlərində adını tarixə yazdıran Vətən sevdalıları bizə yenidən yaşatdı. Ordusuz bir millətin heç olduğunu onda bir daha anladıq.

Güc birlikdədir. Aprel müharibəsi bıçağın sümüyə dayandığını, azadlığa gedən yolun şəhidlikdən, qazilikdən, qalibiyyətdən keçdiyini göstərdi.

Qanıyla-canıyla sevdiyi torpaq uğrunda nifrətini də süngüsünün, ən müasir silahlarının ucuna pərçim edən Azərbaycan Əsgəri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə"yə nəzarəti ələ keçirdi. Düzdür, hələ torpaqlarımızın xeyli hissəsi işğaldadır və azad olunacağı günə lap az qalır.

 

İyunun 26-da Azərbaycan Ordusu 100 illiyini qeyd edəcək. Mübarək olsun bayramımız da, yaxındakı Qələbəmiz də...

 

Hafiz Təmirov,

polis mayoru

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir