Modern.az

Ucqar dağ kəndlərinə atla kitab paylayan müəllim: “Qayadan yıxıldıq, arxamızca çoban itləri düşdü” - MÜSAHİBƏ

Ucqar dağ kəndlərinə atla kitab paylayan müəllim: “Qayadan yıxıldıq, arxamızca çoban itləri düşdü” - MÜSAHİBƏ

12 İyul 2018, 12:38

Seymur  İbrahimov Lerikin ucqar Lərmərud kəndində müəllim işləyib. Hazırda yerdəyişmə vasitəsilə iş yerini Salyana dəyişsə də, oralara olan sevgisi hələ də bu gənc müəllimdə qalıb. O, bir neçə gün bundan əvvəl, Azərbaycanda bir ilkə imza atdı – at belində Lerikin ucqar kəndlərinə gedib, oradakı uşaqlara paytaxtdan topladığı kitabları payladı. Təxminən, 90 kiloluq yüklə at üstündə dağlardan keçib, dərələrdən aşıb ucqar kənd uşaqlarını kitablarla qovuşdurdu.

Modern.az xəbər verir ki, AzEdu.az Seymur İbrahimovla müsahibəsində həmin bu layihəyə, maarifçi missiyalı səyahətə toxunub.  Bu “səyahət” əsnasında biz sizə mane olmayacağıq. Elə Seymur bəy, özü həmin yolçuluğu əziz oxucu, virtual şəkildə sizlərə çatdıracaq:

 

Kitabyüklü ideya

- Layihəni həyata keçirmək üçün  haradasa, iki-üç ay fikirləşdim. Əvvəl də bir neçə dəfə bu fikrə düşmüşdüm, daha sonra isə əməli fəaliyyətə başladım;   müxtəlif  insanlardan, yerlərdən kitablar yığdıq. Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti - onun təsisçisi Nigar Bayramlı bizə bu işdə xeyli yardım etdi.   Beləcə, yola çıxdıq. Özü də tam hazırlıqsız,  heç fikirləşmədik ki, dağlarda hərəkət etmək  üçün lazım olan atı bizə kim verəcək...  

İlk olaraq, Lerikin  Dikəband  kəndinə üz tutdum. Orada dostumuz var -  Əlövsət Əliyev, məktəb  direktorudu - əvvəlcə,  ona müraciət etdim. Dedi,  problem yoxdur, bizdə  at  var  və kömək  edə bilərik.  Sağ olsun, iki at verdi və  öz oğlunu da bələdçi kimi   mənimlə yolladı. 

 

Uca  dağlar aşaraq...

- Başıma bir çox hadisələrin, maraqlı əhvalatların  gələcəyini bəlkə də, yola çıxmazdan əvvəl ehtimal edirdim. Amma işə başladıqdan sonra demək olar ki, bu barədə heç nə düşünmədim. Təhlükələr əlbəttə ki, var idi, o cür çətin dağ yollarında olmaması mümkün  də deyildi. Lakin mən bu təhlükələr barəsində  qətiyyən  fikirləşmirdim.... Bu isə o demək deyil ki, hər hansı təhlükə ilə qarşılaşmadım. Hələ yaxşı qurtardım (gülür) Atın hündürlükdən yıxıldığı, çoban itlərinin arxamızca düşdüyü anlar da oldu.

Lerikin Rvarud kəndindən Veri kəndində gedən yol  çox təhlükəlidir. Yayın cırhacırı olsa da, o yollar yenə də  sürüşkən idi – aşağıya doğru maili getdiyi üçün at da sürüşürdü.   Bir neçə dəfə  bu səbəbdən, müvazimətimizi itirdik. Bu cür yolları, manələri adlaya-adlaya kəndlərə varırdıq. Sağ olsunlar,  oraların insanları həqiqətən də qonaqpərvərdilər, bizi  yaxşı qarşıladılar. Amma...

 

... Pis qarşılayıb, sərt danışanlar ...

 

...da oldu. Ümumən qonaqpərvərlikdən, övladlarına kitab apardığımız kəndlərin insanlarının münasibətindən razı qaldıq. Amma elə kəndlər də oldu ki, orada  bir az pis qarşılandıq. Məsələn, Rvarud adlı kəndə çatanda gördük ki, orada heç kəs yoxdu. Təəccübləndik...  Sonradan  öyrəndik ki, sən demə, kəndlilərin  hamısı toya gedib. Daha nə edək...  Atlardan enib, onları istirahət üçün   bağladıq. Özümüz də  çox yorğun idik;  üzümüzdən  necə tər-qan içində olmamız bilinirdi.  Çox  susuz idik.  Yanımızdan ötüb-gedən, gəlib-keçən də  heç maraqlanmırdı ki,  bəs su içirsiz, yoxsa yox.  Yalnız bir müəllim bizə yaxınlaşdı. Sağ olsun, su-yemək verdi. Bir az dincimizi aldıq, atlarımız üçün də yol azuqəsi götürdük.

Hə, bir nəfər də var idi, o da müəllim idi, səhv etmirəmsə. Bizi bir az soyuq qarşıladı. Amma uşaqlara da,   ona da  kitab  hədiyyə verib, şəkillər çəkdirdik. Amma... bir nəfər də var idi ki, ona kitab hədiyyə etdikdən sonra qayıtdı ki, bu, köhnə kitabdır,  bizə lazım deyil.

 

“Vaxtı keçmiş” kitab etirazı

 

- Hətta elələri də olurdu ki, kitabları satmaq üçün gətirdiyimizi düşünürdü. Biz məlumatlandırdıq ki,  xeyr, kitabları satış üçün deyil,  hədiyyə vermək məsqədi ilə gətirmişik.

Əslində, bu cür münasibətləri görəndə pis olurdum. Təbii ki,  biz missiyamızın xatirinə belə qarşılamalı deyildik.  Amma ümumilikdə oralardakı qonaqpərvərlikdən çox razıyam. Azərbaycandan hər hansı şəxsdən soruşsalar ki, Lerik insanları necədir, hamı deyəcək ki,  qonaqpərvərdilər. Amma hər yerdə olduğu kimi, orada da tək-tük istisnalar oldu. Bunlar da bizi çox təəssüfləndirdi və yumşaq da olsa,  etirazımızı bildirdik. Hətta elələri də oldu ki, kitabları özümüzə qaytardılar, istəmədilər...

 

“Bunlar nədi, gətirmisiniz?!”

 

- Əsasən, test, abituriyentlər üçün lazımı vəsaitklər, dərslik və bədii kitablar aparmışdıq. Amma kitablar ağzıbağlı kisələrdə idi – özümüzlə 4 böyük kisədolusu kitab aparmışdıq – ona görə də, kənd camaatı bəzən, soruşurdu ki,  bunlar  nədir? Şübhəli baxışlarından “bəlkə, başqa məqsədli kitablardır?” sualı oxunurdu.   Deyirdik  ki, orada  sadəcə, dərsliklər, bədii ədəbiyyatlar və metodiki vəsaitlərdir.  Yəni qorxulu şey yoxdur  (gülür). Bu cür insanlarla demək olar, hər kənddə qarşılaşdıq.

 

İşıqdolu bir kənd

 

- Azyaşlı uşaqlar,  balacalar  üçün nağıl, hekayə kitabları, jurnallar nəzərdə tutmuşduq. Onlarında maraqları çox idi. Elə uşaq var idi ki, bizdən bəlkə, 5-6 kitab alıb apardı.

Çayrud adlı kənd var, ora çatanda əvvəlcə  balaca uşaqlarla qarşılaşdıq. Bizi görcək ilk sualları bu oldu: -  Nə satırsız? Dedik ki, satmırıq, bunları sizin üçün  hədiyyə gətirmişdik. Nə olduğunu soruşdular. Cavab verdim ki, kitabdır.  Bu sözü eşitcək, həmən götürülüb,  başqa uşaqları çağırmağa, səsləməyə getdilər.  Kitaba, elmə həvəsi  o kəndə gördüm.  Mənə əvvəldən də demişdilər ki, Çayrudda  elmə, biliyə həvəsli  insanlarla üstünlük  təşkil edir. Amma bu dərəcədə olmasını gözləməzdim.  Hətta bir uşaq məndən on kitab aldı, bu, özümə də xoş oldu.

 

“Duman, gəl-get bu dağlardan”

 

- Ümumilikdə haradasa  30 km gedib, kitablar payladıq.  Dikəbanddan çıxıb, Zardoni kəndinə keçdik,   daha sonra Çayruda, oradan Rvaruda, Rvaruddan  Veriyə,  Babaküçəyə, Küçəkərana getdik. Daha sonra yenidən Dikəbanda qayıtdıq.

Amma bütün bu kəndlər arasında ən çox doğmalıq və diqqəti məqam kimi Küçəkəran kəndində  hiss elədim. Düzdür,  Lerik başdan-başa  qonaqpərvər insanlar yurdudur,   amma  Küçəkəran qonaqpərvərliyin pik nöqtəsi oldu. Bir yaxşə məqam da bu idi ki, onların məhz kitabçılıq missiyamıza görə, bizə bu cür qonaqpərvərlik etdiyinin fərqindəydik.

 

“Biz buna görə gəlimişik”

 

- Soruşurdular ki, haradan  gəlmisiz,  bəlkə, çörək yeməmisiz, əyləşin-dincəlin.  və s.  Bəzən, “məqsədiniz nədir?” deyə soruşurdular da. Deyirdik ki,  kitab paylayırıq,  uşaqları  maarifləndirmək istəyirik. İstəyirik ki, kənd uşaqlarının  əldə edə bilmədiyi  kitabları biz onlara gətirək. Bu sözlərdən sonra onların bizə doğmalıq və  qayğılarının  daha da  artdığını görürdük.

 

Azı getdi, çoxu qaldı

 

- Lerikirin 164 kəndi var, biz cəmi yeddisində olmuşuq. Odur ki, belə tələsik ümumi qərar çıxarmaq olmaz. Mən sadəcə, nələri gördümsə, nələri yaşadımsa onları dedim. Amma getdiyim yerlərdə təhsil işçilərindən bəzilərinin bizə, missiyamıza necə həvəssiz yanaşdığını görmək xoş olmadı. Doğrudur, Çayrud, Veri, Küçəkəran kəndlərinə bunu demək olmaz. Hətta Küçəkəran məktəbinin direktoru bizim qayğımıza çox qaldı, özü bizi maşını ilə Lerik-Lənkəran massivinə gətirdi.

 

“Orada bir kənd də vardı... – məktəbsiz kənd”

 

- Amma gərək başqa məqamları da deyim: məsələn, Zardoni kəndində olanda soruşdum ki, bəs məktəb haradadır, gedib orada da fotolar çəkək. Dedilər ki, məktəb yoxdur.  Orada məktəb yoxdur, ibtidai sinif  məktəbi  4 ildir ki, bağlanıb. Soruşdum, bəs uşaqlar necə, harada təhsil alırlar? Cavab verdilər ki,  təxminən 7-8km yol qət edərək piyada gedib,   Dikəband kəndindəki məktəbdə  oxuyurlar. Bu cür acınacaqlı halların da şahidi olduq. 

 

“Axı siz kimsiz?”

 

- Veri kəndinə gedib  kitabları payladıq. Amma bir də gördük, onlar   digər kəndin uşaqlarını da  çağırdılar ki, bəs burada kitab paylanır. Dedilər, onların da kitaba böyük həvəsi var.     Bizə  bir az da kitab verin  ki, onları başqa kəndlərə də  çatdıraq.

Hərdən maraqlı oyunlar,  müsabiqələr də keçirirdik. Məsələn, uşaq çox idi deyə, sual-cavabdan sonra kitabları paylamaq istədik. Yəni, suala doğru cavab tapana kitab veriləcəkdi. Biz sualları verdik, hamısına da cavab tapdılar (gülür). Amma sual verən tək mən olmurdum ki...

 Onlar da məni sual atəşinə tuturdular. Ən çox isə bunu soruşurdular: nə  işləyirsiz, müəllimsiz?

 

“Biz qayıdacağıq”

 

- Bu layihə nə qədər çətin olsa da, sosial şəbəkədə insanlar tərəfindən yaxşı qarşılandı. Amma yenə də hər yerdə və hər zaman olduğu kimi, burada da müəyyən istisnalar oldu. Məsələn soruşurdular ki, bu layihəni həyata keçirməklə  nə əldə edəcəksən, qazancınız nədir? Yəni mənfi  qarşılayanlar da olurdu.

Amma biz bu işi davam edəcəyik. Yeni  ideya da var...  Bir qardaş  dedi ki, gələn dəfə idman ləvazimatlarını da paylayaq: məsələn, top, şahmat..

Bu missiya davam edəcək. Biz  həm macəra, ekstrem sevən adamam.  Yəni,  təhlükəli yollardan  keçmək və s. atla  başımıza  ekstrem hadisələr  gəldi. Qayadan aşağıya yıxılmağımız özü bir ekstremdir.

 

Atüstü missiya

 

- Oralarda maşınla çətindir, maşın yolları olsa da çox uzundur.  Amma atla getmək daha əlverişlidir.  Dərslər başlayana qədər bu işimizi yenə də davam etdirəcəyik. Hələ ki, tanıdığımız yer ancaq Lerikdir. Amma başqa bölgələrdə də bələdçilərimiz olarsa, biz canla-başla hazırıq ki, oralarda da kitab paylayaq. Artıq kitablar toplamağa da başlamışam.  Elə sizin vasitənizlə oxuculara üzümü tutub deyirəm ki,  oxumadığı kitabları versinlər lazım olan insanlara çatdıraq onlarda yararlansın.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir