Modern.az

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR

20 İyul 2018, 19:00

Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin bir qismi sevinclərini Azedu.az saytı ilə bölüşüblər.

 

“Bakı Ali Neft Məktəbini seçəcəm”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı  700 bal toplayan Xəyal Fərzəliyev deyib. O, bu nəticəni gözlədiyini qeyd edib:

“Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunuyam. Birinci imtahanda 667 bal toplamışdım, lakin müəyyən uğurusuzluqlar olmuşdu. Ona görə, balım aşağı idi. İkincidə isə özümü psixoloji olaraq daha yaxşı hazırladığım üçün uğurlu olacağıma-700 bal toplayacağıma inanırdım. Riyaziyyatdakı qalmaqallı sualla bağlı da heç bir problem yox idi. Elə əvvəldən hesablayanda 700 bal topladığımı bilirdim. Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunmaq istəyirəm”.

Qeyd edək ki, Xəyal Fərzəliyev Vüqar oğlu 18 iyulda keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayıb.

 

XXX

“Bakı Ali Neft Məktəbinə qəbul olunmaq istəyirəm”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı  700 bal toplayan Rüstəm Qarayev deyib. O, açıqlaması zamanı bu nəticəni gözlədiyini qeyd edib:

“İnanırdım ki, bu balı toplayacağam. Birinci imtahanda 650 bal toplamışdım. Ceyranbatan qəsəbəsi,  1 nömrəli məktəbin məzunuyam. Bakı Ali Neft Məktəbinə qəbul olunmaq istəyirəm, amma ixtisası dəqiqləşdirməmişəm.

Çox sevinirəm, başqa necə hiss edə bilərəm? İmtahandan çıxandan sonra  692 bal hesablayanda çox pis olmuşdum. DİM riyaziyyatdan 25-ci sualı abituriyentlərin xeyirinə hesabladıqdan sonra  məlum oldu ki, 700 bal toplamışam”.

Qeyd edək ki, Rüstəm Qarayev Babək oğlu 18 iyulda keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayıb.

 

XXX

“Həyəcandan əlim əsir, ürəyim döyünür”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı  700 bal toplayan Anar Abıyev deyib. O bu nəticəni qazandığına olduqca sevinib:

“Nəticələr çıxanda sevincimdən nə etdiyimi bilmədim. Ailəmlər bir yerdə çox sevindik. Dərhal təbrik zəngləri gəldi, onlara cavab verdim. Həyəcandan əlim əsir, ürəyin döyünür. Bu nəticəni özümdən gözləyirdim. Abituriyentlərə tövsiyəm odur ki, ilin əvvəlindən qabaqlarına məqsəd qoysunlar. Müəllimlərin tövsiyələrinə qulaq asmaq, əyləncədən bir az uzaq olub dərsə vaxt ayırmaq lazımdır”.

Qeyd edək ki, Anar Abıyev Binəqədi rayonu  Biləcəri qəsəbəsi 297 nömrəli tam orta məktəbin məzunudur. 18 iyulda keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayıb.

XXX


“125-ci sualın düz olduğunu görəndə sevincdən ağladım”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunu Fəyyaz İsmayıllı deyib. O, 700 bal toplayacağını gözləmədiyini qeyd edib:

“İmtahandan sonra cavab kartını yoxlamayacaqdım. Uşaqların balı problemli oldu deyə məcbur qalıb yoxladım. 125-ci sualın düz olduğunu görəndə sevincdən ağladım. Sevincimin həddi-hüdudu yoxdur”

Qeyd edək ki, İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?