Modern.az

O, jurnalistikaya sədaqət nümunəsidir  

O, jurnalistikaya sədaqət nümunəsidir   

Media

1 Avqust 2018, 09:20

Əflatun Amaşov,
Deputat, Mətbuat Şurasının sədri


Dəyərlərin və baxışların dəyişdiyi dövrdə yaşayırıq. Bəzən zamanın çıxardığı hökmlərin amansızlığına şahid oluruq. Elə vaxtlar olur ki, yaxşı bildiyimiz insanlar bu amansızlıq şəraitində simalarını itirərək başqalaşırlar. Jurnalistikada da vəziyyət eynidir. Üstəlik jurnalistika həssas sahədir. Bu məkanda ideya və prinsiplərinə sadiqlik daha çətindir. Ancaq fəxr edə bilərik ki, sıralarımızda mətin keyfiyyətlərin daşıyıcısına çevrilmiş dəyər sahiblərimiz var. Belə dəyər sahiblərindən biri - jurnalistikaya sədaqət nümunəsi olan Dağbəyi İsmayılovun 70 yaşı tamam olur.

Dağbəyi İsmayılov 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Elə həmin il Azərbaycanın mətbuat tarixində xüsusi yerə və rola malik «Bakı»-«Baku» qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. Bu yolçuluq 2002-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyində uğurla davam etməkdədir.


AzərTAC-ın Baş direktorunun müavini vəzifəsində çalışan yubilyar sözün əsl mənasında sadəlik, səmimilik və alicənablıq nümunəsidir. O, daşıdığı bu keyfiyyətlərlə jurnalistikaya dəyər qazandırmağı bacarmış zirvədir. Bu zirvəyə ucalmaq heç də hər peşə sahibinin görə biləcəyi iş, gedə biləcəyi yol deyil.

Dağbəyi İsmayılovun jurnalistikaya bağlılıq xəttində Azərbaycan dövlətinə və dövlətçiliyinə misilsiz sadiqlik ruhu var. O, sadiqliyini zəhməkeşliyi, həssas yanaşma tərzi ilə isbatlamış canlı məktəbdir.

Yubilyar həmkarımız əməksevərliyi və təəssübkeşliyi ilə müasir, müstəqil Azərbaycanın dövlət agentliyi olan «AzərTAC»ın salnaməsini yaratmış, adını bu mühüm informasiya orqanının tarixinə yazdırmış bütöv şəxsiyyətdir. Hesab edirik ki, ötən 70 ilin ən böyük mükafatı da məhz budur.

Azərbaycan Mətbuat Şurası olaraq Dağbəyi İsmayılovu 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır, ən xoş istək və diləklərimizi çatdırmaqdan məmnunluq duyuruq. Arzu edirik ki, 70 yaşın gətirdiyi sevinc payı Dağbəyi müəllimi heç zaman tərk etməsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?