Modern.az

Arif Əliyev: “Şərəfsizlikdən qorxuram” - MÜSAHİBƏ  

Arif Əliyev: “Şərəfsizlikdən qorxuram” - MÜSAHİBƏ   

31 Avqust 2018, 12:36

Bu gün tanınmış jurnalist Arif Əliyevin doğum günüdür. Jurnalistin 58  yaşı tamam olub.


Modern.az saytı
 Arif  Əliyevdən  doğum günü münasibətilə müsahibə alıb.

 

-  Arif müəllim, 58 yaşınız  olur. Üzü  60-a doğru gedirsiz.  Qocalmaqdan qorxmursuz ki?

- Nəinki qocalmaq, ölümdən də qorxmuram. Buna əvvəlcədən hazıram. Bir dəfə  demişdim ki, şərəfsizlikdən qorxuram. Ən çox qorxduğum  şey nə vaxtsa ədalətdən, ləyaqətdən kənar olan nəyəsə yol verməkdir. Əgər tezliklə öləsi olsaq, bu, bizim görmək istədiyimiz Azərbaycanda olmayacaq.

-  Necə bir Azərbaycan görmək istəyirsiniz?

- Baxmayaraq ki, o vaxt  Moskvada qalmaq imkanı var idi, bundan keçdik. 80-cı illərin sonları, 90-cı illərin əvvəllərində olan hadisələr və.s. Əlbəttə, ləyaqətli vətəndaşı , ədalətli cəmiyyəti olan  işıqlı bir vətən görmək istəyirdik. Özümüzdən çox gələcək üçün bunu arzulayırdıq. O vaxt yadımdadır, mənim yaxın dostlarımdan biri  rəhmətlik Aydın Məmmədov deyirdi ki, yaşı 40-ı ötənləri güllələməsən, bu cəmiyyət  düzəlməyəcək. Bizim də yaşımız artıq oturuşmuş vəziyyətə gəlib çatmışdı. Ona görə daha çox  bunları gələcək nəsil üçün yaratmaq istəyirdik. İndi böyük ürək ağrısı ilə ölkəni tərk edən çox dəyərli, savadlı gənclərimizə və ya təhsil alandan sonra qayıdıb öz gücünü cəmiyyətin formalaşmasına  sərf etməkdən çəkinən cavanlarımıza  baxmalı oluruq.

- Bəs siz nə vaxtsa bu düşüncədə olmusunuz?

- Əlbəttə, olub. Dəfələrlə ölkəni tərk etmək haqqında düşünmüşəm. Bilmirəm, praqmatizmmi, romantizmmi məni bundan saxlayıb. Digər tərəfdən deyim ki,  böyük oğlum da eynilə xaricdə təhsil alandan,  çox gözəl bir sahədə yaxşı mütəxəssis olandan sonra ölkəyə  gəldi, lakin bir müddətdən sonra yenidən  geri qayıdıb orda işləməli oldu. Amma özüm o baryeri keçə bilmədim. Baxmayaraq ki, belə fikirlərim var idi. Çünki məhsuldar dövrümüzdə böyük bir ziyalı, təfəkkür təbəqəsi –  istər siyasət, ictimai, istərsə də iqtisadi sahələrdə olsun - əsas proseslərdən kənarda qaldı. Buna görə də  belə fikirlər zaman-zaman ağlıma gəlirdi.

- Deyirlər, əgər gələcəkdə peşman olmaq istəmirsənsə, yoldaşını, işini, dostunu doğru seç. Bu baxımdan maraqlıdır, nə vaxtsa jurnalist olduğunuz üçün peşman olmusunuzmu?

- Əslində hər şey olub. Kim “ömrüm boyu yolu düz keçmişəm, sağa-sola əyilməmişəm” deyirsə, böyük yalandır.  Həyatda hər şey olur - səhvlər, yanlışlıqlar, cəsarətsizliklər... Bütövlükdə böyük utanc gətirən bir nəticəyə gəldiyimi deyə bilmərəm. Əlbəttə, peşmanlığım olub. Bunu başqa cür edərdim, bunu başqa cür dəyərləndirərdim... Ən çox da bilirsiniz nə zaman hiss edirəm bunu? Çox dəyərli, amma vaxtında dəyərini vermədiyim həmkarlarım dünyadan köçəndə.

- Arif müəllim, “Media açarı”  jurnalist mükafatının təsisçisisiniz. Yəqin siz də müşahidə edərsiniz, bu gün kifayət qədər mükafat alan jurnalistlər var. Bunu necə dəyərləndirirsiniz?

- Bilirsiniz, mediada mükafata özümü təsdiq və ya kiminsə əməyini təsdiq edən element kimi baxmırdım. İndi əksər mükafatların mənası odur. Bunun arxasında 1000 manat var,  onu alım, eybi yoxdur, nə cür olursa olsun. Məsələn, mən ömrümdə mükafat almamışam və buna yanaşma tərzim bir qədər  geniş deyil.  Xatırlayırsınızsa, “Media açarı” sadəcə pul  və açar fiquru deyildi. O bayramları yadınıza salın. 400-500 jurnalistin bir yerə toplanması, orda demək olar ki, cəmiyyətin siyasi, mədəni qaymaqlarının  olmasına, həmin birliyə ənənə kimi baxırdım. Əminəm ki, istər jurnalistika, istərsə də cəmiyyət olsun , ənənəsi olmayan cəmiyyətdən  cəmiyyət olmaz.  Ənənəsi yaranmayan toplum  millətə çevrilə bilməz. Ona görə də bizim millətə çevrilmə prosesimiz çox ağrılı keçir və heç cür başa çatdıra bilmirik.  Hələ də adından tutmuş əlifbasına qədər axtara-axtara qalmışıq.  Mənim əsas istədiyim mediada o ənənəni yaratmaq idi. İstəyirlər , 100 yerdə mükafat versinlər, heç biri ənənəyə çevrilməyib və belə ehtimal da zəifdir. Çünki prinsipləri , bazaları yoxdur. Rəsmi təşkilatlar jurnalistlərə mükafat verər? Ya da siyasət təşkilatları mükafat verir. Belə şey olar? Axı bütün bunlar jurnalistikanın mahiyyətinə, fəlsəfəsinə ziddir. Ya da Mətbuat Şurası icra hakimiyyəti ilə bir yerdə konkurs elan edir və mükafat verir.  Axı bu jurnalistika deyil.

- Aprelin 19-da bir qrup media nümayəndəsi "Media Klub"un yaradıldığını elan etdi. Həmin nümayəndələrdən biri də sizsiniz. Bir müddət sonra “Media Klub”la  KİVDF, Mətbuat Şurası arasında mübahisələr yarandı. Ümumiyyətlə hazırda “Media Klub”un fəaliyyəti nə yerdədir?

- Bilirsiniz, “Media Klub” yarananda bəziləri nahaq yerə təşvişə düşdülər.  İndi təzə yaranan ən xırda bir şey də narahatlıq  doğurur. Hesab edin ki, “Media Klubu” bir qrup adamın  bir yerə toplanıb müəyyən məsələləri müzakirə etməsi və münasibət bildirməsi üçün platformadır. Və bu, təşkilat kimi yaranmayıb. Onun heç bir təşkilati əsasları, sədri və ya strukturu yoxdur.  Məsələn, qanunvericilik, internetin inkişafı və.s mövzularla bağlı mediada təcrübəli şəxslərin  müzakirələri oldu, təkliflər verildi, münasibət bildirildi. Avqust ayında hamı dincəlir, yığılıb müzakirə etməyə adam da yoxdur. Amma ayda bir dəfə “Media Klub” yığışır, məsələləri müzakirə edir, ona olan müraciətlərə cavab verir. Bu klubdan hansısa bir jurnalist təşkilatının görəcəyi işi gözləmək, qorxub hay-küy qaldırmaq da düzgün deyil. Niyə hər hansı bir jurnalist toplumu KİVDF-nin fəaliyyətini müzakirə edə bilməz? Bunu kim deyib? Ya da niyə Prezident Aparatının fəaliyyətini müzakirə etmək olar, amma həmin qurumu olmaz? Özlərini jurnalist adlandıran bu adamlar necə deyərlər,  jurnalistikanın inkişafına xidmət edən hansısa strukturlarda işləyirlər. Qorxuları əbəs yerədir.

 

- Doğum gününüzə qayıtmaq istəyirəm. Necə keçirirsiniz?

- İnsan var ki, doğum gününü xoşlamır, hətta qeyd etmir. Mən bu günü çox sevirəm və indiyə qədər həmişə dostlarım yanımda olur, gecəyə qədər qeyd edirik, söhbətləşirik və.s.  Doğum günümdə kefim bir az yaxşı olur.  Bir də doğum günündə hətta övladları da adamı yada salır...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir