Modern.az

“Kanadanın təhsilini çox bəyəndim” - Alberta Universitetinin azərbaycanlı məzunu - FOTOLAR  

“Kanadanın təhsilini çox bəyəndim” - Alberta Universitetinin azərbaycanlı məzunu - FOTOLAR   

5 Oktyabr 2018, 14:39

Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılara davam edirik.

Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin budəfəki  qonağı Cavid Əhmədovdur. Cavid Əhmədov  Kanadanın Alberta Universitetində  kimya mühəndisliyi ixtisası üzrə təhsil alıb. Universiteti bu il bitirən Cavid hazırda Belçika şirkəti ilə internet üzərindən qida sektoru üzrə  layihə həyata keçirir.

Cavid Əhmədov orta təhsilini liseydə alıb.

“Şəhərdən rayona gedən oğlan”

“1997-ci ildə Bakıda doğulmuşam. 6-cı sinfə qədər “Tərəqqi” liseyində oxumuşam. Liseydə oxuyan zamanlarda dəqiq elmlərə daha çox maraq göstərirdim. Hansısa riyazi hesablamalar edəndə özümü xoşbəxt hiss edirdim. Beləcə kimya fənni məni daha çox özünə çəkdi. 6-cı sinifdə oxuyanda liseydə oxumaq üçün imtahan verib Bakı özəl türk liseyinin Ağdaş filialına qəbul olundum. 3 il orada oxudum. Ağdaş rayonu mənim üçün yad deyildi. Nənəm və babam orada yaşayırdı. Sadəcə valideynlərimdən uzaq olmaq bir qədər çətin idi. Nənəm də, babam da müəllim idi”.


“Olimpiadaya qatılmaq qərarına gəldim”

Olimpiada qalibi deyir ki, ailəsi ilk vaxtlarda riyaziyyat sahəsini seçməyi məsləhət görüb. Amma o, istəməyib:

“3 ildən sonra Bakıya qayıtdım. O arada olimpiadalara qatılmaq şansım yarandı. İlk dəfə İranda yeniyetmələrin elm olimpiadası keçirilirdi. 10 günlüyə İrana getdik. Olimpiadada 3-cü yer tutub bürünc medal qazandım. İkinci dəfə kimya üzrə Mendeleyev olimpiadasına qatıldım. Bir dəfə Rusiyada, bir dəfə də Özbəkistanda keçirildi. Özbəkistanda keçirilən olimpiadada bürünc medal qazandım. Daha sonra Beynəlxalq Kimya Olimpiadası Vyetnamda baş tutdu. Orada isə 4-cü yerə - yəni həvəsləndirməyə layiq görüldüm. Bu zaman 11-ci sinifdə oxuyurdum”.


“Kanadanın soyuq iqliminə qalib gələn tələbə”

Ali təhsil almaq məqsədilə Kanadanın Alberta Universitetinə qəbul olunan  Cavid deyir ki, bu ölkədə bir il soyuq hava ilə mübarizə aparıb:

“Kimya fənnini ailəm mənə daha çox sevdirmişdi. Bu fənni seçdiyimə görə hansısa formada  “başqa sahəni seç” deyilməmişdi. Ali təhsil almağa gələndə düşündüm ki, kimya mühəndisliyi ixtisası üzərində dayanım. Ona görə də Kanada universitetlərindən birinə müraciət etdim. 4 il bakalavr pilləsi üzrə Kanadada oxudum.  Ölkənin iqlimi çox soyuq olduğundan bir il soyuq-isti iqlimlə mübarizə apardım. Məhz soyuq iqliminə görə ilk vaxtlarda Kanadaya alışa bilmirdim. Amma keyfiyyətli təhsil sistemi soyuq iqlimi kölgədə qoydu. Kanada təhsilini çox bəyəndim. Tələbə oxuyurdusa qiymətini alırdı. İmtahandan kəsilən tələbə isə eyni fənn üzrə imtahan verib kəsirini aradan qaldırırdı. Amma mən 4 il ərzində imtahanlardan kəsilmədim”.


“Yarpaq dolması bükməyi öyrəndim”

Olimpiada qalibi maraqlı macəralarından da söz açıb:

“Kanadanın zəngin mətbəxi yoxdur. Bir çox xalqların mətbəxindən istifadə edirlər. Azərbaycandan ora gedəndə mətbəx problemi yaşadım. Çünki onların yeməklərini hər gün yemək olmurdu. Azərbaycan mətbəxi çox zəngindir. Bizim yeməklərimiz həm dadlı, həm də yağlı olur. Evimizdə olanda aşı, yarpaq dolmasını çox sevirdim. Anam da tez-tez bişirirdi. Ora gedəndə bunlardan məhrum oldum. Axırda qərara gəldim ki, öz yeməklərimizi bişirməyi öyrənim. Youtube-dan yarpaq dolması bükməyi öyrəndim. Necə alındığını deyə bilməsəm də, Kanadada dolmasız qalmadım. Hətta başqa millətdən olan tələbə yoldaşlarımı da dolma bükməyə cəlb edə bilmişdim”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir