Modern.az

Ağbirçək pedaqoq: “Müəllimi 65 yaşında təqaüdə çıxarmaq, onu ölümə göndərməyə bərabərdir” - MÜSAHİBƏ

Ağbirçək pedaqoq: “Müəllimi 65 yaşında təqaüdə çıxarmaq, onu ölümə göndərməyə bərabərdir” - MÜSAHİBƏ

5 Oktyabr 2018, 17:09

Bu gün – 5 oktyabr Beynəlxaq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

 

Modern.az bu münasibətlə ağbirçək pedaqoq, kimya müəllimi Alidə Məhərrəmovadan aldığı müsahibəni təqdim edir.  

 

- Alidə müəllimə, bayramınız mübarək! İlk olaraq, özünüz haqqında bir az danışaq.

 

- Təşəkkür edirəm təbrik üçün. 1954-cü ildə anadan olmuşam. Kimya müəlliməsiyəm. Artıq 41 ildir, müəllim olaraq çalışıram. Hazırda 38 nömrəli tam orta məktəbdə çalışıram. Əlavə olaraq, evdə hazırlaşmaq üçün müraciət edən şagirdlərimlə məşğul oluram.

 

- Bu gün tələbələriniz bayramınızı necə təbrik etdilər?

 

- Şagirdlərimiz xoş duyğularla müəllimlər günümüzü qutladılar. Biz təmənnasız öz biliyimizi şagirdlərə öyrədən müəllimlərdənik. Şagirdlərimizin uğurları, nailiyyətləri, cəmiyyətə yararlı insan kimi yetişməsi bizim üçün elə ən böyük hədiyyə, mükafatdır. Ona görə, şagirdlərin bir kəlmə ilə günümüzü təbrik etməsi yetərlidir.

 

- Artıq orta məktəblərdə işə qəbul imtahan sistemi ilə həyata keçirilir. Bu prosesi necə qiymətləndirirsiniz?

 

- Mən diaqnostik qiymətləndirmədə 80 faizdən yuxarı nəticə göstərmişəm. Buna baxmayaraq, hesab edirəm ki, ali məktəb, institut bizə müəllimlik diplomu verirsə, imtahana ehtiyac yoxdur. Biz müəllimlər praktika da keçib, müəllimliyə layiq görülmüşük. Ola bilər, müəllim imtahanda həyəcanlansın, savadını yüksək səviyyədə göstərə bilməsin. Bu o demək deyil ki, həmin müəllim savadsızdır.

Məncə, indi savadsız müəllim olduqca azdır. Elə zamandır ki, müəllim biliklərini təkmilləşdirmədən sinfə daxil ola bilmir. Bu, müəllimin özü üçün də yaxşı deyil. Çünki şagirdlər istedadlıdır, internet əsridir, hər şeydən məlumatlıdırlar. Onlara dərs deyə bilmək üçün müəllim öz üzərində daim çalışmalı, ixtisasını mükəmməl bilməli, məntiqini, dünya görüşünü inkişaf etdirməlidir.

 

- Orta məktəb təhsilində çatışmazlıq nədir?

 

- Ən başlıca problem dərsliklərdir. Sovet dövrünün dərslikləri ilə indiki dərsliklər tamamilə təzad təşkil edir. Məsələn, elə kimya fənnindən bəzi mövzuları, ən savadlı, təcrübəli müəllim belə uşaqlara mənimsətməkdə çətinlik çəkir. Əsas problem, dərsliyin dilinin çətin olmasıdır. Ona görə, mövzuları təkrar-təkrar keçməyə məcbur oluruq. Hazırda keçmiş dərs sistemi və kurikulum arasında keçid dövrünü yaşayırıq. Zənnimcə, çətinliklər də məhz buradan qaynaqlanır. Bu, tədricən yerinə oturmalıdır.

 

- Mükəmməl müəllimi necə təsvir edərdiniz?

 

- Müəllim etalon nümunə olmalıdır. Savadına, geyiminə, davranışına, mənəviyyatına, dünya görüşünə görə şagirdlər üçün örnəkdir. Tədris etdiyi fənnini mükəmməl bilməli, şagirdləri sırf dərsə yönəltməlidir. Dərslərini elə qurmalıdır ki, müasir dövrün bütün tələblərinə cavab versin, texnoloji biliklərdən, inkişafdan geri qalmasın.  

 

- Əksər müəllimlərimiz onlara diqqətin lazımi səviyyədə olmamasından şikayətlənir. Sizcə də belədir?

 

- Razı deyiləm. Heç bir müəllim maaşa göz dikib dərs deməməlidir. Məsələn, mən çox az maaş alsam da, bilirəm ki, həmin maaşın növbəsinə duranlar da var. Bunu yaddan çıxartmamalıyıq. Təmənnasız biliyimizi öyrətməyə çalışmalı, ən yaxşı formada dərsimizi keçməliyik. Müəllimin maaşından şikayət etməsi onun xarakterindən də asılıdır. Elə müəllim var, 1000 manat maaş da alsa, razı qalmır.

Hər bir sənət sahibini müəllim yaradır, müəllimi isə Allah. Bir ölkəni ancaq savadı ilə tanıyırlar.

 

- 41 ildir, müəllim kimi fəaliyyət göstərirsiniz. Təqaüdə necə çıxacaqsınızmı?

 

- Ömrü boyu çalışmış insanı 65 yaşında təqaüdə çıxarmaq, ona “otur ölümünü gözlə” deməyə bərabərdir. Savadı olan, çalışmaq istəyən, tibbi durumu buna imkan verən bu yaşda işindən uzaqlaşdırmaq yaxşı deyil. Ona görə, orta məktəb, müəllim kadrlarının fəaliyyəti, dərs sistemi təkmilləşdirilməlidir.

 

- Təqaüdə çıxan müəllimlər, elə çalışanlar da şagirdlərin, tələbələrin onları yada salmamasından narazılıq edirlər. Sizin də belə təəssüratlarınız varmı?

 

- Kiminsə müəllimini yada salmaması onun ailə tərbiyəsindən irəli gəlir. Mənim 10 il əvvəl məktəbi bitirən şagirdlərim var ki, hələ də zəng edirlər. Ancaq heç kimi məcbur edə bilmərik ki, bizi yada salsınlar, bayramlarda təbrik etsinlər. Bu, hər kəsin daxilindən gələn istək olmalıdır.

 

- Son olaraq, gənc müəllimlərə tövsiyələrinizi dinləmək maraqlı olardı.

 

- Müəllimlər şagirdlərin əlinə baxmasınlar. Üzərlərinə düşən vəzifəni layiqincə, təmənnasız yerinə yetirməyə çalışsınlar. Müəllimliyi yüksək qiymətləndirib, haqqını versinlər.

 

Aysel ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi