Modern.az

Abortlar və onların fəsadları - Azərbaycan və dünya üzrə STATİSTİKA

Abortlar və onların fəsadları - Azərbaycan və dünya üzrə STATİSTİKA

1 Noyabr 2018, 09:13

 

Abortların keçmişi və bu günü

      
Abortların leqallaşdırılması, onların kütləviləşməsinə şərait yaratmışdır. Abortlar ilk dəfə 1920-ci ildə Rusiyada leqallaşdırılmışdır. Bundan 40-50 il sonra Avropanın bir çox ölkələri abortları leqallaşdırdı. SSRİ-də abortların leqallaşdırılmasının əsas məqsədi, qadınların ailədə uşaqlara baxmaq vəzifəsindən azad olaraq xalq təsərrüfatı işlərinə cəlb olunması idi (demoqraf Andrey Popov). Lakin, bu qərar demoqrafik böhrana səbəb oldu. 30-cu illərdə SSRİ-nin qarşısında yaranan hərbi təhlükə, demoqrafik böhrandan çıxmaq zərurətini ortaya qoydu və 1936-cı ildə abortlar qadağan edildi. Bu addım, kriminal abortların meydana çıxmasına və qadın ölümlərinin artmasına şərait yaratdı.

      
1955-ci ildə N. Xruşov 12 həftəlik hamiləlik dövrünədək abortların həyata keçirilməsi ilə bağlı yeni qanun qəbul etdi. 60-cı illərin ortalarında Avropada hormonal preparatların meydana çıxması kontraseptiv inqilaba səbəb oldu. Bu, bir tərəfdən qadınların arzuolunmaz hamiləlikdən asanlıqla azad olmasını təmin edərək qadınların kişilərdən asılılığının azalmasına şərait yaratdı.

     
SSRİ ərazisində 80-90-cı illərədək abortlardan qorunmaq üçün, kontraseptiv vasitələrə tibbi baxımdan etimad olunmadı. Bu isə, kriminal abortların sayını artırdı. Azərbaycan da SSRİ-nin tərkibində olduğu üçün (1920-1991), bu və ya digər şəkildə eyni problemlərlə üzləşmişdir. Bu gün, Azərbaycanda abortların hüquqi tənzimlənməsi məsələsi, sovet dövründən qalan (12 həftəlik hamiləlik dövrünədək abortlara icazə verən) qanunlar vasitəsilə təmin olunur.    

    
 Bu gün dünyada təqribən hər il 50-60 milyon, hər gün 150 min, bir saat ərzində 6 mindən çox doğulmamış körpə və ya canlı embrionlar abortlar vasitəsilə məhv edilir. 1960-2016-cı illərdə dünyada 2.3 milyard abort olmuşdur (1). Yəni, son 56 ildə dünya əhalisinin 3/1 qədər doğulacaq insan abortlar vasitəsilə məhv edilmişdir.

    
Bu gün dünyada hamiləliklərin 21%-i abort ilə nəticələnir ki, onlardan inkişaf etmiş ölkələrin 26%, inkişaf etməkdə olan dövlətlərin payı 20%-dir (2). Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyasının (IPPF) 2014-cü il göstəricilərinə görə, dünyada abortların sayı ən çox əhali sayına malik olan Çində daha yüksəkdir (9.173100 yəni, ümumi əhalinin sayına görə 6.7%). Azərbaycanda isə, abortların sayı 159.700 (ümumi əhalinin sayına görə 16%) olmuşdur. 

 

Dünyada abortlara münasibət

     
 Bu gün dünyada bir çox cəmiyyətlər abortu cinayət və günah hesab etdikləri halda, digərləri bunu adi və normal bir hal kimi qəbul edirlər. Abortun qadınların hüquq və azadlığının tərkib hissəsi olduğunu müdafiə edənlər (liberallar, feministlər) bildirirlər ki, embrion bioloji, sosial və hüquqi baxımdan insan olmadığı üçün, abort edənlərin heç bir hüquqi-mənəvi məsuliyyəti yoxdur və embrionun həyatı qadının azad seçimindən, sağlamlığından, şəxsi həyatından üstün ola bilməz.

     
Tradisionalist görüşlü qruplar (dindar, konservativ, patriarxal) isə, bu fikrə qarşı çıxaraq bildirirlər ki, qadınların özlərinin yaşamaq hüquqları olduğu kimi, daşıdıqları embrionun da canlı bir varlıq kimi həyatını davam etdirmək hüququ vardır və qadınların onları bu imkandan məhrum etmək, təbii ahəngi pozmağa hüquqları yoxdur.

    
Bu məsələ, liberal və tradisionalist görüşlər arasında kəskin mübahisə məsələsi olaraq qalır. BMT, Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyasının (International Planned Parenthood Federation – IPPF) və digər beynəlxalq təşkilatların abortların sərbəst olması ilə bağlı mövqeyinə baxmayaraq, cəmiyyətlərin bu məsələyə sosial-mədəni ənənələrdən gələn baxış bucağı, dövlətlərin abortlarla bağlı hüquq normalarının müəyyənləşməsinə təsir göstərir.

     Xəritədən və digər materiallardan diqqəti cəlb edən məqamlar aşağıdakılardır:

     1. Şimali Amerika və Avropada, qismən Avrasiyada dünyəvi liberal sistem ilə idarə olunan əksər dövlətlər hamiləliyin müəyyən dövrünədək abortlara icazə verirlər. Lakin, onlar abortların sayına görə öndə gedirlər. Onların büyük qisminin protestant məzhəbində olduqları diqqəti cəlb edir. Çünki katolik və provaslav kilsələrindən fərqli olaraq, əksər protestant kilsələri abortları bu və ya digər şəkildə dəstəkləyirlər. Avrasiya qitəsində hamiləliyin müəyyən dövrünədək abortlara icazə verən və abortların sayına görə öndə gedən buddizm və induizmin geniş yayıldığı bir çox Uzaq Şərq ölkələri (Çin, Hindistan) diqqəti cəlb edir.




Dünyada abortların hüquqi tənzimlənməsi xəritəsi (2010)
 

   
 2. Katolik məzhəbinin və İslam dininin geniş yayıldığı ərazilərin bir çoxunda (Avrasiya, Cənubi Amerika, Afrika), həmçinin iudaizmin dövlət dini səviyyəsində olduğu İsraildə abortlara bir çox məhdudiyyətlər vardır.  

    
3. Ortodoks kilsənin abortlara qarşı olmasına baxmayaraq, əksər postsosialist və postsovet ortodoks ölkələrində hamiləliyin müəyyən dövrünədək abortlar geniş yayılıbdır. Onlar arasında Azərbaycan və digər postsovet müsəlman ölkələri də vardır. Bu ərazilərdə abortlara olan münasibət dini dəyərlərdən deyil, keçmiş SSRİ-də abortlara olan dövlət münasibətindən irəli gəlir.

    
Lakin, abort məsələsinə münasibəti dinlərin və dövlətlərin səviyyəsində ümumiləşdirmək doğru olmazdı. Çünki bu məsələyə münasibətdə həm eyni dinə (və ya məzhəbə) mənsub insanlar arasında, həm də bir dövlətin daxilində müxtəlif sosial-mədəni qruplar arasında fərqli yanaşmalar mövcuddur. Əslində, bu yanaşmalar, müəyyən cəmiyyətlərin tarixi inkişafı, modernləşmə səviyyəsi və ənənəvi kültürü ilə birbaşa bağlıdır. 

     
Abortlar nəticəsində baş verən ana ölümləri

      

Abortlar vasitəsilə məhv edilən canlı embrionlarla yanaşı, həmin abortlara məruz qalan analar öz həyatlarını itirirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, hər il dünyada on minlərlə qadın məhz abort nəticəsində ölür.

     
Abortların qadağan olunmaması bir tərəfdən dünyada hər il 50-60 milyon canlı embrionun məhv edilməsinə, hər il on minlərlə qadının ölümünə səbəb olursa, abortların tam qadağan olunması da həmin problemin aradan qalxmasına şərait yaratmır. Yəni, hər iki halda, abortlar, qadınların həyatı üçün ciddi fiziki-psixoloji təhlükə və cinsi diskriminasiya halı olaraq qalır. Hər iki halda, abortlar qadınlarda sonsuzluq və digər təhlükəli sağlamlıq problemlərinin yaranması ehtimalını artırır və onların psixoloji durumuna mənfi təsir göstərir.

     Abortların qadağan olunması, əksər hallarda qadınların ölümü ilə nəticələnən kriminal abortların artmasına, yeni doğulan körpələrin öldürülməsinə və ya uşaq evlərinə verilməsinə səbəb olur. Qadınların arzuolunmaz hamiləliklərinin (zorlanma, şikəst embrion və s) qadağalarla qarşısını almaq mümkün deyildir.

    Biz, Rusiyada ana ölümlərinin və abortlardan ölümlərin səviyyəsinə (1934-1998) diqqət yetirsək görərik ki, Rusiyada 1936-1955-cı illərdə qadın ölümlərinin səviyyəsi yüksək olmuşdur (diaqram 1.2). Çünki 1936-1955-cı illərdə SSRİ-də abortlar qanunla qadağan olunmuşdur.  

 

     Avropada sosial-iqtisadi durumun, tibbi xidmətlərin yüksək olması və kontraseptiv vasitələrin geniş tətbiqi ilə əlaqədar olaraq ana ölümləri və kriminal abortların səviyyəsi digər regionlardan kəskin şəkildə fərqlənir. Ana ölümləri və kriminal abortların səviyyəsi, müvafiq regionların sosial-iqtisadi durumuna, tibbi xidmətlərin və kontraseptiv vasitələrin tətbiqi səviyyəsinə adekvatdır. Bunu, Avropa, Okeaniya, Latın Amerika, Asiya və Afrika regionları arasında ana ölümləri və kriminal abortların səviyyəsini müqayisə etməklə müşahidə etmək olar  

   
Abortların nəticəsi olaraq meydana çıxan demoqrafik fəlakət

   
  İlk öncə abortların və sonra hamiləlikdən qorunma vasitələrinin (antibiotiklər və s) meydana çıxması və daha doğrusu, bunlar üçün sosial-hüquqi mühitin formalaşması, qadınları kişilərə tabe olmaqdan xilas etdi. Çünki təkrar uşaq istehsalı onların kişiyə maddi baxımdan asılı olmasını və ailədaxili işlərə təhkim edilməsini təmin edirdi. Bu vasitələr qadına imkan verdi ki, o, iqtisadi və sosial baxımdan daha azad olsun.

     
Patriarxal cəmiyyətin qınağının və onun əxlaq normalarının zəif olduğu böyük şəhərlər, qadınların cinsi müstəqilliyini artırdı. Embrionun mənsubiyyətini ortaya qoyan DNA testlərinin meydana çıxması isə, abortların səviyyəsini bir qədər də yüksəltdi.

     XX əsrin 60-70-ci illərdən başlayaraq, dünyanın əksər yerlərində abortların sərbəst olduğu ölkələrin əksəriyyəti demoqrafik problemlər ilə üzləşiblər. Xüsusilə, bu, təbii artımın aşağı olduğu Avropa, ABŞ və Rusiyada daha açıq şəkildə müşahidə olunur   

    
 Biz, dünyada XX və XXI əsrlərin əvvəllərinin, həmçinin, son 30-40 ilin demoqrafik səviyyələri arasında müqayisəyə diqqət yetirsək görərik ki, dünyada doğumların sayı bir neçə dəfə azalmışdır. Artıq, bu demoqrafik tənəzzül, bəzi ölkələr üçün geridönülməz demoqrafik partlayış həddinə çatmışdır. 

      
Son 20 il müddətində (1990-2010) ölkələrin demoqrafik durumuna diqqət yetirsək görərik ki, ailə planlaşdırması siyasəti dünya əhalisinin azalmasına öz təsirini güclü şəkildə göstərmişdir. Artıq, demoqrafik tənəzzül mərhələsinə daxil olan dövlətlər mövcud durumdan çıxış yollarını axtarırlar. Təəssüflər olsun ki, bir çox ölkələr üçün, artıq geriyə yol görünmür.

       
Nəsilvermə əmsalının çox aşağı səviyyədə olduğu Avropa Birliyi ölkələrində əhalinin 65-70%-ni yaşlılar, 30-35%-ni gənclər təşkil edir. Gənclər arasında da evlənmək və nəsil artırma meylinin çox aşağı olması, yaxın 30-40 il ərzində bu ölkələrdə hərtərəfli tənəzzülün, sosial-demoqrafik məhvin siqnalını verməkdədir. Avropa Birliyi ərazisində 1995-ci ildən təbii artım səviyyəsi 0 həddinə yaxınlaşmışdır. AB-də immiqrantların artımı hesabına ümumi demoqrafik durum tənzimlənir.

       
Ailə qurumunun süqutu cəmiyyətin süqutuna şərait yaradır. İndividualizmin inkişafı ailə qurumunun inkişafına tərs mütənasibdir. Çünki kollektiv dəyərlərə əsaslanan ailə qurumu şəxsiyyətin formalaşmasını təmin edir. İfrat individual dəyərlər şəxsiyyəti məhv edir. Bunun nəticələrindən biri də tənhalıq problemi və artan intihar hallarıdır. Buna görə də, Qurani-Kərimdə deyilir: “Özünə kifayət etdiyini düşünən insan yolunu azar.” (Ələq 6-7).

   
 Mövcud vəziyyətin təhlili göstərir ki, dünyada sosial-siyasi idarəetmə sistemində ciddi qüsurlar vardır. Bu qüsurların ortadan qaldırılması üçün, alternativ sosial-iqtisadi siyasət modellərinin ortaya qoyulması labüddür. 

 

Azərbaycanda abortların statistikası və demoqrafik perspektivlər

    Azərbaycanda abortlar nəticəsində ana ölümü səviyyəsi illərə görə 1990-cu ildən 1994-cü ilədək 17-dən 70 nəfərədək artmış, 1995-ci ildən 2003-cü ilədək 53-dən 21 nəfərədək enmiş, 2004-cü ildən 2007-ci ilədək 34-dən 54 nəfərədək artmış və 2008-ci ildən 2016-cı ilədək 40-dan 22 nəfərədək enmişdir (Cədvəl 1.1).

          Cədvəl 1.1. Azərbaycanda ana ölümü  səviyyəsi

 


İllər

Nəfər

İllər

Nəfər

İllər

Nəfər

1990

17

1999

51

2007

54

1991

20

2000

44

2008

40

1992

32

2001

28

2009

37

1993

60

2002

22

2010

26

1994

70

2003

21

2011

27

1995

53

2004

34

2012

26

1996

57

2005

41

2013

25

1997

41

2005

41

2015

24

1998

51

2006

51

2016

22


      Azərbaycanda sosial-iqtisadi durum və tibbi xidmətlərin səviyyəsi, ana ölümünün səviyyəsinin yüksək olmasına şərait yaratmır. Avropada ana ölümləri və kriminal abortların səviyyəsinin aşağı olmasının əsas səbəblərindən biri, orada kontraseptiv vasitələrdən geniş istifadə ilə bağlıdır.

  
Azərbaycanda əhalinin müasir kontraseptiv üsullardan istifadə səviyyəsi

     
Azərbaycanda qadınların müasir kontraseptiv üsullardan istifadə səviyyəsi (14%) digər postsovet ölkələri ilə müqayisədə iki-üç dəfə (30-50%) aşağıdır. 15-49 yaşarası ailəli qadınların kontraseptiv üsullardan istifadə edənlərinin (54.9%) 41 %-i ənənəvi, 14 %-i müasir üsullara etimad edir

 

Müasir kontraseptiv üsullardan istifadə etməmək, dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasına, arzuolunmaz hamiləliklərin artmasına, doğuma nəzarət üsulu kimi süni abortların sayınn çoxalmasına, abortlar nəticəsində ana ölümü riskinin artmasına şərait yaradır. Buna görə də, bu sahədə maarifləndirmə işlərinin artırılmasına ehtiyac vardır.

 

     Azərbaycanda abortların demoqrafik vəziyyətə təsiri


     2010-cu ildə Dünya Sağlamlıq Təşkilatının məlumatlarında bildirilir ki, abortların sayına görə Gürcüstan və Ermənistan Aİ-dən çox irəli getmişdir. Lakin, Azərbaycanda abortların səviyyəsi onlardan iki və üç dəfə aşağıdır. Bu abortlar arasında selektiv abortların da payı böyükdür.

      2012-ci ilədək Səhiyyə Nazirliyi sistemi üzrə, 2012-ci ildən başlayaraq digər nazirlik, komitə və təşkilatların nəzdində olan tibb müəssisələrin məlumatları əsasında Azərbaycanda doğuş və abortların səviyyəsinin statistikası ortaya qoyulmuşdur.

     
Azərbaycanda 2000-2016-cı illərdə ümumi doğulanların sayı 116.6 mindən 158.1 minə yüksəlmişdirsə, həmin ərəfədə abortların sayı da 17.5 mindən 34.6 minə qalxmışdır. Abortlar arasında selektiv aborların sayını göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi böyük ehtimal ilə selektiv aborların payına düşür.

   
 Azərbaycanda 2000-2016 illərdə abortların sayının 7.8-dən 13-ə qədər artması müşahidə olunur.


Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, son 60 ildə Azərbaycanda ümumi nəsilvermə əmsalı 5-dən 2-yə enmişdir. Xüsusilə, 1995-ci ildən başlayaraq bu günədək həm kənd, həm də şəhərdə nəsilvermə əmsalı təqribən 2 səviyyəsində olmuşdur. Halbuki, bu əmsal 1960-1990-cı illərdə şəhərlərdə 3.5-dən 3-ə, kənd yerlərində 7-dən 3-ə enmişdir. 1995-ci ildən başlayaraq bu günədək ümumi nəsilvermə əmsalının təqribən 2 səviyyəsində olması, demoqrafik inkişafa mənfi təsir göstərə bilər.

 

Nəsilvermə əmsalında doğum və ölüm səviyyələrinə diqqət yetirsək görərik ki, doğum səviyyəsi kəskin aşağı düşsə də, ölüm səviyyəsi təqribən eyni səviyyədə olmuşdur (6.7 – 5.9 nisbətində).

 
Azərbaycanda əhalisinin sayının son 100 ildə artım dinamikasına fikir versək görərik ki, 2011-ci ildən ümumi artımın dinamikası nisbətən zəifləmişdir. Lakin, son dövrdə Azərbaycan əhalisi 1.5 milyondan çox artmışdı.

 

Azərbaycan digər Cənubi Qafqaz ölkələrindən təbii artım əmsalına görə çox irəlidədir. Bu əmsalın proqnozlara görə, 2025-ci ildə min nəfərə 9.7, 2050-ci ildə min nəfərə 11.6 səviyyəsinə yüksəlməsi ehtimalı vardır.

Nəsilvermə əmsalının regional üzrə fərqlərinə diqqət yetirsək görərik ki, ən aşağı göstərici Bakı (1.8) və Zaqatala-Şəki bölgəsində (1.9), ən yuxarı göstərici Yuxarı Qarabağdadır (2.6). Bu məsələdə qadınların təhsil səviyyəsi və maliyyə imkanları rol oynamır.

 
Azərbaycanda nəsilvermə əmsalının aşağı düşməsində, 2011-ci ildən ümumi artımın dinamikasının  nisbətən zəifləməsində abortların rolu vardır. Çünki 2000-2016-cı illərdə abortların sayının 17.5 mindən 34.6 minə qalxması bunun göstəricisidir. Lakin, Azərbaycan əhalisinin 79%-nin 50 yaşadək olması  müsbət haldır.  

Göründüyü kimi, abortların ölkələrin demoqrafik və sosial-iqtisadi inkişafına mənfi təsiri vardır. Çin dövləti 70-ci illərdə əhalinin artımını sosial-iqtisadi təhlükə hesab edərək, “Bir ailə - bir uşaq” siyasətinə baş vurdu. Bu siyasət, ölkənin əməkqabiliyyətli əhalisinə, gender balansına, demoqrafiyaya, mənəviyyata, ailənin zəifləməsinə və sosial-iqtisadi inkişafa zərbə vurdu. Yaşlı nəslin artması və gənc nəslin azalması, iqtisadiyyatın aşağı düşməsinə və pensiya alan əhalinin artmasına səbəb oldu. Çinin dünya iqtisadiyyatında payının təqribən 40% olması, Hindistanın isə 20% təşkil etməsi, onların demoqrafik üstünlükləri ilə bağlıdır. Çünki insanlar yalnız istehlakçı deyil, həmçinin, öz tələbatından bir neçə dəfə artıq maddi-mənəvi dəyər yaradan bir istehsalçıdırlar. Təbii resursların məhdudluğunu irəli sürən iqtisadi prinsip (A. Smit, Maltus) ona görə gerçək deyildir ki, o, alternativ təbii resursların varlığını və gəlir bölgüsündə ədalətsizliyin reallığını nəzərə almır.

 

Selektiv abortların dünya üzrə statistikası


Selektiv abort - valideynlərin ultrasəs müayinəsi ilə embrionun cinsini müəyyən etdikdən sonra cinsi ayrıseçkilik edərək ondan abort (gec mərhələdə süni doğuş) yoluyla qəsdən xilas olmaqdır. Selektiv abortlar arasında da ən çox ayrıseçkiliyə məruz qalan cins qızlardır. Problemin diqqəti cəlb edən aktual məqamı da məhz bundan ibarətdir.

      Abortlar arasında selektiv abortların payı az deyildir. Onların sayını müəyyən etmək çətindir. Çünki selektiv abortların əksəriyyəti qeyri-qanuni yolla baş verdiyi üçün, onların real mənzərəsi gizli qalır. Həmçinin, gender statistikası ilə bağlı şəffaflıq əksər ölkələrdə qənaətbəxş səviyyədə deyildir. Buna görə də hesab etmək olar ki, problem göründüyündən də dərindir.

      Hər hansı ölkə əhalisinin cinslərə görə bölgüsündə müşahidə olunan uyğunsuzluq, yəni, doğulan qız və oğlan uşaqlarının sayında olan kəskin fərq, selektiv abortların səviyyəsinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.

     Doğulan hər 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayının 106-dan çox olması, təbii-obyektiv bir hadisə kimi dəyərləndirilə bilməz. Çünki araşdırmalar göstərir ki, doğulan qız və oğlan uşaqlarının sayı ilə digərlərindən fərqlənən ölkələrdə daha çox selektiv abortlar həyata keçirilir və qız uşaqlarına qarşı ayrıseçkilik nümayiş olunur. Əksinə, doğulan hər 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayının 103-dən az olması da qeyri-təbiidir. Çünki 100 qız – 103 oğlan nisbəti də göstərir ki, oğlan uşaqları cinsi diskriminasiyaya məruz qalırlar. Demoqrafik strukturun gender balansının maksimum nisbətinin 100-106 çərçivəsində olması təbii-obyektiv hadisə kimi dəyərləndirilirsə, bu çərçivə fövqünə çıxması subyektiv amillərlə əlaqələndirilir.

       Oğlanların qızlara nisbətdə cüzi fərqlə çox olması təbii-obyektiv qanunauyğunluq olduğu üçün, ona konkret qiymət vermək çətindir. Araşdırmalar göstərir ki, doğuşda kişilər və qadınlar arasında olan fərq sonrakı müxtəlif yaş mərhələlərində bərabərləşir, hətta, əksər hallarda 55-60 yaşdan sonrakı mərhələlərdə qadınların sayı kişilərdən çox olur. Biz, bunu, Azərbaycanın demoqrafik gender inkişaf dinamikasında müşahidə edə bilərik.

    
Tədqiqatçılar hesab edirlər ki, kişilər qadınlardan fərqli olaraq müharibələrdə iştiraklarına (müharibə illəri fenomeni), kriminal təhlükələrlə üzləşdiklərinə görə daha çox ölüm riskinə məruz qalırlar. Maraqlıdır ki, əmin-amanlıq illərindən fərqli olaraq, I və II Dünya Müharibələri dövründə Avropada oğlan uşaqları daha çox dünyaya gəlmişlər (1 - 2.5%). Eyni tendensiyanı Cənubi Qafqazda 90-cı illərin əvvəllərindən başlayan hadisələrlə də əlaqələndirmək mümkündür (3). Lakin, dünyada abortlar nəticəsində hər il minlərlə qadının öldüyünü nəzərə alsaq, qadınların kişilərdən az riskə məruz qaldığını söyləmək olmaz.

      
Demoqrafik araşdırmalar göstərir ki, ümumbioloji amil kimi bütün kişilər qadınlara nisbətdə, həmçinin, erkək cinsli bitki və heyvanlarda dişilərə nisbətdə ömür müddəti qısa olur. Doğum ərəfəsində cinslər arasında normal fərq (103-105) kişilərin üstünlüyü ilə seçilirsə, orta yaşlarda cinslər arasında fərq bərabərləşir, 60-65 yaşından yuxarı isə, kişilərin üstünlüyü ilə müşayiət olunur. Bu fərqlər ölkələrə görə dəyişir.

 

 Cinslər arasında balans dünya üzrə normal (1 - 1.1) olsa da, ölkələrin ümumi göstəricilərində gender nisbətindən asılı olmayaraq, çox vaxt normadan kənara çıxır. Təbii ki, burada ölkələrin demoqrafik siyasətinin xüsusi rolu vardır. 

    
 
Əmək miqrasiyaları da ölkələrdə cinslərin disharmoniyasına səbəb olur. Əmək miqrasiyası nəticəsində Azərbaycandan və digər Cənubi Qafqaz ölkələrindən minlərlə kişi əhalisi ölkələrini tərk etmişlər. Azərbaycandan 2 milyondan artıq əhalinin, əsasən, işçi qüvvəsi olan cavan kişi əhalisinin Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrə əmək miqrasiyası etdiyi və ya daimi yaşayış üçün getdiyi məlumdur. Bu ölkədə cinslərin disharmoniyana səbəb olan əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Lakin, Azərbaycanda 15-20 yaşadək müşahidə olunan gender disbalansı, növbəti evlilik yaş dövrlərində bərabərləşir. Bunu, cinslərarası nisbətdə müşahidə olunan fərqin başqa ölkələrə miqrasiyası ilə bağlı ola bilər.

       
Çin, Hindistan, Nepal, Banqladeş, Vyetnam, Zaqafqaziya, Lixtenşteyn, Balkanlar (xüsusilə, alban dilli regionlar) və başqa ölkələrdə cinslərin nisbətində olan disbalans normadan (100 qız - 106 oğlan) çoxdur. Bu, təbii bir hadisə deyildir. Çünki araşdırmalar göstərir ki, bu ölkələrdə digər dünya ölkələrinə nisbətdə selektiv abortlar daha geniş yayılmışdır

 

Hindistan, Çin və Cənubi Qafqazda cinslərin nisbətində balans daha çox pozulmuşdur. Bu ölkələrdə və regionda hər 100 qıza 115-118 oğlan düşür. Bəzən etnik və regional dəyərlərin də selektiv abortların meydana çıxmasında öz təsiri vardır. Məsələn, Çində yaşayan tibet və uyğur etnik qrupları arasında selektiv abortlar səviyyəsi yox dərəcəsindədir. Yaxud, Hindistanın şimalındakı əhali arasında gender disbalansı, onun dravidlərin məskunlaşdığı cənub ərazilərindən xeyli yüksək səviyyədədir.

 Hindistanda selektiv abortlar nəticəsində hər il 100 min qız öldürülür. Çində iqtisadi təhlükəsizlik baxımından 1970-ci ildən həyata keçirilən “Bir ailə - bir uşaq” siyasəti, doğumun ümumi səviyyəsini 4-5 dəfə aşağı salmış və yeganə övladın oğlan olmaq istəyi selektiv abortların artmasına səbəb olmuşdur.

    
 Ailədə tək övlad fenomeni və demoqrafik gender disbalansı, uşaqların təhsil səviyyəsinin artmasına təsir göstərsə də, ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən məncilliyin, tənbəlliyin, homoseksuallığın genişlənməsinə səbəb oldu. Dövlət, əməkqabiliyyətli əhalinin mənəvi və demoqrafik tənəzzül (2000-ci ildə Çin əhalisi 1.2 milyard azalmışdı) təhlükəsini nəzərə alaraq, 2015-cü ildən “Bir ailə - bir uşaq” siyasətinə son qoydu (ailədə 2 iki uşağa icazə verildi). Çində uzun müddət həyata keçirilən “Bir ailə - bir uşaq” siyasəti elə bir vəziyyət yaratmışdır ki, 40 milyona yaxın kişi evlənmək problemi ilə üzləşmişdir. Çünki çinlilər bu məhdudiyyət qarşısında oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox üstünlük vermişlər. Bunun nəticəsi olaraq, Çində qız qaçırılması adəti geniş yayılıbdır. Eyni adət Azərbaycanda da geniş yayılıbdır. Kişilərin qadınlardan 30 milyon çox olduğu Hindistanda isə, ailədə bir neçə qardaş üçün evə bir gəlin gətirilir (poliandriya) (5). Vyetnamın Mekonq əyalətində isə, əhali oğlanlardan qurtulmağa üstünlük verirlər. Çünki burada oğlanların gələcəyini təmin etmək olmur. Qızları isə, Cənubi Koreya və Tayvanda olan imkanlı ailələrə ərə vermək daha asandır (6).

     
Selektiv abortlar nəticəsində meydana çıxan demoqrafik gender disbalansı evlilik və cinsi təminatsızlıq problemləri yaradır. Bu isə, kişi əhalisinin evlənmək və cinsi təminat məqsədilə başqa ölkələrə (kişi əhalisinin az olduğu) əmək miqrasiyasına, seks-turuzmə şərait yaradır. Kişilərin artması, cəmiyyətdə aqressiyanın, cinayətkarlığın, insan alverinin və fahişəliyin genişlənməsinə şərait yaradır. Məsələn, çinli kişilər evlənmək üçün, qonşu Koreya və Vyetnama səfər edirlər. Bu isə, həmçinin, fahişəlik institutunun genişlənməsinə və cəmiyyətdə aqressiyaların artmasına səbəb olur. Gender disbalansının meydana çıxdığı ölkələrin parlamentlərində poliqamiya məsələsinin gündəmə gəlməsi, mövcud durumdan çıxış yollarıın axtarılması kimi dəyərləndirilə bilər.   

     
Hindistan və Çində olduğu kimi, Cənubi Qafqazda da yaşayan xalqlar arasında ailədə oğlanların varlığına üstünlük verən patriarxal ənənələr selektiv abortların yayılmasına şərait yaradır. Əhalisinin gender nisbəti 100 qız - 115 oğlan olan Ermənistanın statistik xidmətinin məlumatlarına görə, erməni qadınların sayı (1 milyon 684 min – 51.5%) kişilərin sayından 100 min çoxdur. Bunu, həm təbii artımın aşağı səviyyədə olması, həm də kişilərin sosial-iqtisadi problemlərlə və hərbi münaqişə ilə bağlı olaraq başqa ölkələrə miqrasiya etməsi ilə əlaqələndirirlər (7). Gender nisbətinin kəskin şəkildə pozulduğu bir çox ölkələrdə də oxşar problemlər mövcuddur.

 

 Bir çox ölkələrdə doğuma görə cinslərin nisbətinə tarixi-müqayisəli şəkildə (1950-2010) diqqət yetirsək görərik ki, dünyada bu balans XX əsrin 80-ci illərindən başlayaraq sürətlə pozulmuşdur (diaqram 2.4).

    Dünyada cinsi balansın XX əsrin 80-ci illərindən başlayaraq sürətlə pozulmasını abortların leqallaşdırılması ilə də bağlamaq tam mənada doğru olmazdı. Çünki selektiv abortlar sahəsində öndə gedən Cənubi Qafqaz ölkələrində abortların leqallaşdırılması 1955-ci ildən (SSRİ tərkibində) həyata keçirilmişdir. XX əsrin 80-ci illərindən başlayaraq ultrasəs müayinənin (USM) meydana çıxması selektiv abortların sürətlə artmasına şərait yaratmışdır.

 

Azərbaycanda və digər Cənubi Qafqaz ölkələrində, həmçinin, digər dünya ölkələrində XX əsrin 80-ci illərindən başlayaraq selektiv abortlar sürətlə artmışdır. Çünki həmin dövrdə artıq USM bu bölgədə tətbiq olunmağa başlamışdır. Bu baxımdan, USM-in meydana çıxması əhalinin gender balansının normal səviyyədən (100-107), qeyri-normal səviyyəyə (100-118) qalxmasına səbəb olmuşdur.

 

 Selektiv abortlar, USM meydana çıxanadək ümumi abortlar statistikasının tərkib hissəsi olmuşdur. Çünki 70-80-ci illərədək embrionun cinsinin müəyyən edilməsi metodları primitiv olduğu və zəif ehtimallara əsaslandığı üçün, geniş yayılma imkanları yox idi. Lakin, doğuşdan sonra körpələrin öldürülməsi imkanları geniş idi. Çünki əksər yerlərdə buna nəzarət mexanizmləri zəif olmuşdur.

     Cahiliyyə ərəblərində olduğu kimi, müasir dövrdə də çinlilər qız uşaqlarını çaylara atırdılar. Lakin, USM-nin meydana çıxması, bu ənənənin ortadan qalxmasına şərait yaratmışdır. İndiyədək çay kənarlarındakı əyalətlərdə “qızları çaya atmayın!” xəbərdarlıq nişanələrinin olması, bu ənənənin hələ də bəzi əyalətlərdə davam etdiyini göstərir.

    
Uşaqların sayının azaldılmasına yönələn ailə planlaşdırılması siyasətinin tətbiqi patriarxal cəmiyyətlərdə seçimin oğlanlar xeyrinə edilməsinə şərait yaradır. Bu problemin həlli üçün, patriarxal ölkələrdə gender bərabərliyi siyasətinin inkişaf etdirilməsi vacibdir. Bununla yanaşı, ailə planlaşdırılması siyasətinin ortadan qaldırılmasının düşünürük ki, selektiv abortların azalmasında müsbət nəticələri olacaqdır. Lakin, problemin fundamental həlli, sosial dövlət prinsiplərinin inkişaf etdirilməsinə bağlıdır. Yəni, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, pulsuz təhsilin genişləndirilməsi, ailələrdə nəsilvermə əmsalının artmasına və bunun nəticəsi olaraq selektiv abortların azalmasına şərait yaradacaqdır.  

 

Azərbaycanda selektiv abortların statistikası

      
BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA) 2010-2015 il məlumatlarında Azərbaycan digər Cənubi Qafqaz ölkələri ilə bərabər əhalinin gender disbalansı sahəsində Çindən sonra ön sıralarda olmuşdur. Bu, bir daha təsdiq edir ki, Cənubi Qafqaz ölkələrinin bir qisim əhalisi arasında selektiv abortlara münasibət qeyri-ciddidir. Bu coğrafiyada kişilər qadınlar arasında fərq 10-15%-dir.

      Azərbaycanda selektiv abortlar hüquqi baxımdan qadağan olunubdur. Çünki sovet dövründən qalan "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 30-cu maddəsinə əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır (6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə, yalnız stasionarda aparılmasına icazə verilir). Bu müddətin fövqündə həyata keçirilən bütün abortlar (tibbi zərurət halları istisna olmaqla) qanun pozuntusudur.

     12 həftənin sonunadək embrionun cinsini müəyyən etmək mümkün deyildir. Deməli, Azərbaycanda selektiv abortlar qeyri-qanuni yolla daha gec hamiləlik dövründə həyata keçirilir. Azərbaycanda ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması haqqında” qanununa əsasən, ana və körpənin sağlamlıq problemi meydana çıxdığı təqdirdə, həkim məsləhəti ilə aborta icazə verilir. Qanunvericilikdə selektiv abortlara münasibət yoxdur (10).

 

  Araşdırmalar göstərir ki, Cənubi Qafqaz ölkələrində demoqrafik gender nisbəti müstəqillik qazanmasından sonra, daha doğrusu, 1995-ci ildən sonra daha sürətlə irəliləmişdir. Görünür, USM-nin tətbiqi bu dövrdən başlayaraq daha da artmışdır. Lakin, 90-cı illərədək gender nisbəti normada (103-106) olmuşdur.

 Qafqaz Barometr mərkəzi 2010-cu ildə Cənubi Qafqaz ölkələrində uşaqların cinsi dəyərləndirilməsi ilə bağlı sosioloji sorğu keçirmişdir. Məlum olmuşdur ki, Ermənistan və Gürcüstanda kişi respondentlərin 60%-i, Azərbaycanda isə 33%-i oğlan uşaqlarına üstünlük vermişlər. Onlar, qız uşaqlarına verdiyi dəyərə görə bir-birindən fərqlənməmişlər (5-6%). Lakin, “fərqi yoxdur” deyənlər arasında azərbaycanlı kişi respondentlər kəskin fərqlənmişlər (61%).


 Cənubi Qafqaz ölkələrinin qadın respondentləri arasında azərbaycanlı qadınlar (20%) oğlan uşaqlarına digərlərindən (Ermənistan 50%, Gürcüstanda 37%) daha az üstünlük vermişlər. “Fərqi yoxdur” deyənlər arasında azərbaycanlı qadın respondentlər kəskin fərqlənmişlər (68%).

    
1990–2016-cı illərdə Azərbaycanın şəhər və kənd yerləri üzrə doğulan uşaqların cins nisbəti barədə DSK-nın məlumatlarına diqqət yetirsək görərik ki, doğulanlar arasında hər 100 qıza düşən oğlanların sayı 1990-2003-cü illər arasında 107-dən 118-ə qədər artmış, 2003-2018-cı illərdə isə 118-dən 114-ə qədər qalxıb enmişdir. 1995-2006 illər arasında şəhər yerlərində, 2006-2016 illərdə isə, kənd yerlərində cinsi disbalans daha yüksək olmuşdur.

 

 DSK-nın 2010-cu ildən 2016-cı ilədək şəhər və kənd yerləri üzrə doğulan uşaqların cins nisbətinə diqqət yetirsək görərik ki, bu göstərici nisbətən aşağı düşmüşdür.

      
 2017-ci ilin əvvəlinə Azərbaycanda əhalinin cins və yaş üzrə tərkibinə diqqət etsək görərik ki, cinslər arasında bir disbalans vardır. Əhalinin cins və yaş üzrə (1000 nəfər) bölgüsü barədə DSK-nın məlumatlarına diqqət yetirsək görərik ki, yeni doğulanlar arasında qızlar 74.6 min (46.8%), oğlanlar isə 84.9 min (53.2%) nəfər təşkil edirlər. Cinslərin nisbətinin ən çox pozulduğu yaş qrupu 20-24-dür.

 

20-24 yaş qrupunadək kişilərin sayının qadınlara nisbətən üstünlük təşkil etməsi, oğlan uşaqlarının daha çox doğulması ilə izah olunur. Kişilər arasında ölüm səviyyəsinin daha yüksək olması, 20 və yuxarı yaşda olan qadınların sayının kişilərə qarşı artmasına səbəb olur. Lakin, Azərbaycanda 2005-ci ildən 5 yaşadək uşaq ölümü əmsalı iki dəfə aşağı düşmüşdür (1990-cı ilə nisbətdə). Biz, statistikaya müraciət etsək görərik ki, 5 yaşadək uşaq ölümü əmsalında qız və oğlanlar arasında böyük bir fərq yoxdur.

 

 25 yaşdan başlayaraq qadınların sayı tədricən kişilərin sayını üstələyir. Bu fərq, 60 yaşından sonra daha bariz şəkildə ortaya çıxır. Cinslərin bütün yaş qruplarının göstəricilərinin cəmi təqribən bərabər olur (50.1% - 49.9%). Bu nisbətdə balans, kişilərin qadınlara nisbətən daha tez vəfat etməsi ilə təmin olunur. Evlilik yaşlarında (20-40) cinslərin nisbətlərində də təqribən bərabərlik müşahidə olunur. Cinslərin evlilik yaşında bərabərləşməsinin əsas səbəblərindən biri, bu yaşda olan kişilərin başqa ölkələrə əmək miqrasiyası ilə bağlı ola bilər. Biz, 2 milyondan çox evlilik yaşında olan azərbaycanlının (20-40) başqa ölkələrə (xüsusilə, Rusiyaya, Qazaxıstana) miqrasiya etdiklərini və onların əsasən kişilərdən ibarət olduğunu nəzərə alsaq, doğum mərhələsində olan cinslərarası disbalansın sonradan necə tənzimləndiyini anlaya bilərik.            

 

 2017-ci ildə doğulan qızların (74.6 min) və oğlanların (84.9 min) arasındakı fərq 10 minə yaxındır. 2016-cı ildə də eyni göstərici olmuşdur (158.1 min). 2016-cı ildə abortların sayı 34.6 min olmuşdur (22%). 2016-cı ildə doğulacaq 5 uşaqdan 1-i (34.6 min) abort olunmuşdur. Onlar arasında selektiv aborların payı az deyildir.

      
Selektiv abortlarda gender assimmetriyasının pozulduğu ölkə və regionlardan bəhs edərkən, həmin ərazilərdə yaşayan fərqli bölgələrdən danışmaq daha doğru olardı. Çünki bir ölkə ərazisində selektiv abortlara gender prizmasından yanaşmada fərqli yanaşmalar mövcuddur. Bu yanaşmalar, şəhər və kənd yerlərinə, etnik ənənələrə, dini baxışlara və mədəni stereotiplərə görə fərqli ola bilər.

    
 Selektiv abortların geniş yayıldığı ölkələr ərazisində gender bərabərliyinin qismən inkişaf etmiş əraziləri də vardır. Bunlar, adətən modernləşmiş şəhər əraziləridir. Əyalətlərə nisbətən şəhərlərdə bu kimi hallara az təsadüf olunur. Çünki gender bərabərliyinin təmin olunduğu modernləşmiş şəhərlərdə qızlar oğlanlarla müqayisədə sosial baxımdan daha fəal olurlar. Onların işlə təmin olunmasından və maddi gəlir əldə etməsində böyük problemlər yaşanmır. Buna görə də, şəhər yerlərində ənənəvi stereotiplər tədricən öz əhəmiyyətini itirir. Bu kimi, stereotiplər əyalətlərdən şəhərlərə köç edən ailələr arasında öz varlığını qoruyub saxlayır. Çünki stereotiplərin ortadan qalxması uzun müddət tələb edir. Cəmiyyətdə gender stereotiplərinin ortadan qalxma müddəti, gender bərabərliyinin inkişaf sürətinə bağlıdır.

      
Azərbaycanda bəzi tibbi istisnalar olmaqla 12 həftədən sonra abort etmək qeyri-qanunidir. Bu baxımdan, ölkədə selektiv abortların qarşısı hüquqi olaraq alınmışdır. Çünki hamiləliyin 12 həftəliyində USM embrionun cinsiyyətini müəyyən edə bilmir. Lakin, reallıq göstərir ki, Azərbaycanda selektiv abortlar geniş tətbiq olunur. Bu, qeyri-qanuni əməllər necə baş verir?

    
Buna aşağıdakı müsahibə aydınlıq gətirir:

   
“15 il iş stajı olan qinekoloqun dedikləri: “Bu gün azərbaycan ailəsi üç uşaqdan artıq uşaq istəmir. Bu da, o zaman baş verir ki, ilk iki uşağı qızdır, deməli, üçüncü oğlan olmalıdır. Oğlan doğulanadək qadın 5-6 abort etdirə bilər.” Sual verilir: “Dövlət xəstəxanalarında hamiləlik dövrü çox olanda (12 həftədən çox) abort edirlər?” Həkim-gineqoloqun cavabı: “Əlbəttə, onlar sadəcə olaraq qadının 13-14 həftəlik deyil, 10 həftəlik hamiləlik dövründə olduğunu yazırlar.”

 

 Selektiv abortların təhlükələri

      
Selektiv abortlar hamiləliyin daha gec dövründə baş verdiyi üçün, onun qadınların fiziki və psixoloji sağlamlığına təhlükəsi daha çoxdur. Hətta, selektiv abortlar nəticəsində ölüm və intihar halları da az deyildir. Bununla bağlı yerli mətbuatda kifayət qədər məlumatlar vardır. Onlardan bir neçəsini təqdim edirik.

      
Selektiv abortların fiziki təhlükələri barədə hadisələr

       
- “Şamaxıda Kəmalə Bəkirovanın hekayəsi sadəcə ana ölümü ilə bağlı statistikada növbəti rəqəm ola bilərdi, amma olayın istintaqı zamanı bu ölümün sıradan olmadığı üzə çıxdı. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının məlumatına görə, bu, qadının səkkizinci hamiləliyi olub. Kəmalə iki qız və üç oğlan doğub. Oğlanların üçü də doğuşdan az sonra ölüb. Ölümündən bir qədər əvvəl qadın ən azı üç dəfə abort eləyib, həm də hamiləlik müddəti 12 həftədən çox olduğu halda – hamiləliyin bu dövründə USM cinsiyyəti müəyyən edə bilir. Sonuncu abortdan sonra həkimlər ona hamilə qalmağı qadağan edib, amma nə olursa olsun oğlan doğmaq arzusunda idi. İndi ailə uzun zaman gözlədiyi varisinə qovuşub, amma o, anasız böyüməli olacaq.” (13).

       - “Ağır abortdan sonra parapsoriaz (ağır dərəcəli dəri xəstəliyi) xəstəliyinə tutuldum. Bütün bədənim yara ilə örtüldü, yüksək dozalı dərmanlardan istifadəyə başladım. Hormonal təsirli dərmanlardan çəkim artmışdı, bir gün qarnında nə isə hərəkət etdiyini hiss edim, müayində həkimin cavabından huşumu itirdim.” (14).

     
 Selektiv abortların psixoloji  təhlükələri barədə hadisələr

    
 - “Hamiləliyimin altıncı ayına girmişdim, ərim hər gün “qızdı ya oğlan” sualını verəndə cavabdan qaçmaq üçün bəhanə axtarırdım. Bətnimdəki yenə qız idi. Birinci qızım doğulanda ərim hirsini cehizimdən çıxdı, hər şeyi qırdı, ikincisində isə bir müddət evdən çıxıb getdi. Bu dəfə isə “o qızı doğsan, başımı götürüb Rusiyaya gedəcəm” dedi. Ərim məni nişanlı ikən qaçırmışdı, ailəmlə küsülü idim. O bizi atıb getsəydi, təkbaşına nə edəcəkdim. Beləcə pulla həkim tapıb o qızımı öz əlimlə “öldürdüm”.

Şərafət Nəbiyeva (43 yaş) ərinin təzyiqi ilə qız övladının ölümünə səbəb olub. Dediyinə görə, özü və həkimi də “şərikli cinayət”dən sonra ağır xəstəliyə tutulublar. Qəhrəmanım deyir ki, bu Allahın cəzası da ola bilər. “Sonuncu abortdan sonra ərimdən yenə də xoş üz görmədim. Həyat yoldaşım bizi atıb Rusiyaya getdi, belə olacağını bilsəydim qızımı “öldürməzdim.” (14).

    
 - “Vüsalə selektiv aborta getdiyindən təəssüflənərək deyir: "Üçüncü dəfə hamilə qalanda iki qızım var idi. USM göstərdi ki, yenə də qızım olacaq. Ərim qətiliklə buna qarşı çıxdı və ona etiraz etməyə cəsarət etmədim. Abort oldum. Amma Bakıda doktor mənə artıq doğa bilməyəcəyimi söylədi. Bir il sonra kiçik qızım xəstələndi və pnevmoniyadan öldü. Yəqin ki, bu, canlını öldürdüyümüz üçün Allahın bizə cəzası idi. İndi yalnız bir uşağımız qaldı. Bir daha uşağımız olmayacaq.” (15).

     
- “Oğlunun hazırda 19 yaşı olduğunu deyən ana başına gələn son hadisələr zamanı oğlunun evdə deyil, əsgərlikdə olduğunu söyləyib. Məişət zorakılığının qurbanı olan xanımın sözlərinə görə, evli olduğu 20 ildə dəfələrlə həyat yoldaşı onu aborta məcbur edib: "Hamiləliyimin ikisinin cinsinin qız olduğunu öyrənmişdim, ikisini isə heç imkan vermədilər ki, cinsini öyrənim, məni abort etdirməyə məcbur etdilər. Abortlardan sonra sağlamlığımda ciddi problem yarandı, dəfələrlə müalicə olundum, amma müalicələrin təsiri olmadı. Axırıncı dəfə həkimə gedəndə süd vəzimdə şiş olduğunu dedilər. Uşaq baxçasında təmizlikçi işləyirdim, biraz özüm pul düzəltdim, biraz da yoldaşımı məcbur etdim ondan aldım, İrana gedən xanımlara qoşulub ora həkimə getdim. Həkim bildirdi ki, abortlar nəticəsində sağlamlığımda ciddi problemlər yaranıb. Sonra da əlavə etdi ki, yalnız ana olsam sağala bilərəm. İllərdi xəstə idim deyə hamilə qala bilmirdim, İrandan gələndən sonra müalicə olundum və hamilə qaldım. Ana olacağımı biləndə həm evdə, həm də qaynanam və baldızım tərəfindən təzyiqlərə məruz qaldım. Mənə təzyiq edirdilər ki, bu övladımı da abort etdirməlisən, amma razılaşmadım. Yoldaşım dedi ki, bizi evə qoymayacaq, qovacaq hər ikimizi. Amma mən bu dəfə övladımı öldürtdürməməyə söz vermişdim, qız olduğunu biləndə isə ona lap bağlandım." (16). 

    
- "Xəstəxanaya heç kim arxamca gəlmədi, ərim bizi evə qoymadı. Polislə evə girdim. Bir müddət sonra məni qovdu, artıq dözə bilmədim. Hər gün içirdi, məni döyürdü, işığı kəsirdi, uşağa heç nə almırdı, uşağın yemək qablarını sındırırdı. Deyirdi başqası ilə evlənəcəm. İşgəncələrə dözməyə gücüm qalmadığına görə intihar etməyə qərar verdim. Övladıma süd verdim, onunla vidalaşdım, özümü evdə ipdən asdım. Həmin vaxt qaynanam təsadüfən evə gəlib, ipi kəsib məni xilas ediblər. Gözlərimi açanda xəstəxanada olduğumu gördüm. Xəstəxanadan çıxandan sonra o evə qayıtmadım." (16).

    
- "4 aylıq hamilə olduğum vaxt qayınanam məni aborta məcbur etdi. Səbəbi də o idi ki, xarici görünüşdən uşağın qız olduğunu düşünürdü. Uşağın oğlan olduğunu hiss edirdim. Amma mən kim idim ki, qayınanamın sözünün qabağına söz qoyum. Deyirdi ki, əgər abort etdirməsəm və uşaq qız olsa, məni boşayacaqlar. Çünki artıq bir qızımız var idi. Sonra oğlumuz da oldu. Amma o təfəkkürdə olan insanlarla yaşamaq mümkünsüz hala gəlmişdi, heç bir mövzuda anlaşmaq mümkün olmurdu. Ona görə də daha dözə bilmədim və boşandım. Deməli, boşanmaq üçün oğlan uşağının olmaması səbəb deyil. Öldürülən uşağıma görə çəkdiyim əzablar hələ də yadımdan çıxmır, özümü təqsirli hiss edirəm. Hər dəfə öz özümə deyirəm ki, kaş mübarizəyə vaxtında başlayardım”.

    
 Xatirə Qəmbərovanın ali təhsilli olması yardımına çatıb və boşansa da, işləyib övladlarını saxlaya bilir: "Amma hər qadının belə şansı yoxdur və elə ailələrə dözməyə məcburdurlar, qayınanaları, ərləri nə desə, onu etməlidirlər. Elə adamların əsasən oğlan uşağı arzuladıqlarını isə dəfələrlə müşahidə etmişik” (10).

   
  Selektiv abortların sosial təhlükələri barədə hadisələr

  
  - “… Bu, bizim faciəmizdir. Tarazlığın saxlanılması Allah tərəfindən yəqin edilir, biz isə bu tarazlığı pozuruq, bu məsələyə qarışırıq. Xeyr, biz qarışmırıq, biz faktiki olaraq pozuruq. Qadınların sayının azalması ilə hara gəlib çıxacağıq? Bu gənclər 20-30 ildən sonra kiminlə ailə quracaqlar? Kim ana olacaq? Ev işlərini kim yerinə yetirəcək? Bu, böyük faciədir. Bunun qarşısı alınmalıdır. Mən bundan çox narazıyam.” (Asif, 61 yaş, orta ümumi təhsilli, iki qızı, iki oğlu var, Abşeron regionu) (10).

  
 - “Deyirlər ki, ana bətnində qız uşaqları olduğu halda süni abortların sayı indi daha çoxdur …mən bunu gələcək faciə kimi başa düşürəm, çünki onlar gələcək anaları öldürürlər. Analar yoxdursa oğullar da olmayacaq” (respondent) (10).

   
 - “Təsəvvür edin ki, bu il bizdə dünyaya gələn uşaqlar arasında 3.000 nəfər oğlan uşağı və 1.000 nəfər qız uşağımız olmuşdur. Əgər 20 ildən sonra 1.000 nəfər kişi 1.000 nəfər qadınla evlənərsə digər 2.000 nəfər kişi nə edəcək? Onlar bu barədə fikirləşmirlər. Bizim xalqımız 20 ildən sonra nə baş verəcəyini düşünmür” (Həkim) (10).

  
 -  “…Hər il sentyabr ayında biz statistik məlumatlar əldə edirik və görürük ki, sinifdə 20 nəfərdən yalnız 4-ü qız uşağıdır. Bütün qalan uşaqlar oğlanlardır. Biz başa düşürük ki, bu, çox təhlükəlidir. Gələcəkdə Azərbaycanda qızların sayı məhdud olacaq və xalq arasında ailə qurmaq üçün başqa millətlərdən qızların alınması geniş vüsət alacaq. Ölkəmizin adət-ənənələri gələcəkdə yoxa çıxacaq, çünki ailədə uşaqların əsas etibarilə təlim-tərbiyəsi ilə məşğul olan analardır.” (Siyəzən/Quba-Xaçmaz regionunda yaşlı bir nəfər) (10).

   
 KİV-dən əldə edilən bu əhvalatlar cəmiyyətdə selektiv abortlar və gender bərabərsizliyi ilə bağlı durumu müəyyən qədər əks etdirir. Bu və ya digər hadisələrin təhlili göstərir ki, cəmiyyətdə selektiv abortlara şərait yaradan müəyyən mədəni stereotiplər mövcuddur. Adətən, cinsi diskriminasiyanın səbəblərini sosial-mədəni dəyərlərdə axtarırlar. Bəzi insanlar bunun din ilə bağlı olduğunu düşünürlər. Əslində isə, selektiv abort məsələsi İslam dininin dəyərləri ilə daban-dabana ziddir. Bu baxımdan, biz problemin kökünü bilmək üçün islam dininə və kültürəl dəyərlərə diqqət yetirməmiz vacibdir.

   
 Qeyd edilməlidir ki, selektiv abortlar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, gəlin qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

   
 Hər bir ailədə dünyaya gələcək uşaqların fiziki və psixoloji baxımdan sağlam tərbiyəsini və yaxşı təhsil almasını təmin etmək istəyi üzərində formalaşan ailə planlaşdırılması siyasəti selektiv abortlara şərait yaradan əsas amillərdəndir. Çünki ailə planlaşdırılması ilə bağlı seçim edən ailələr cinsi diskriminasiyaya yol verərək selektiv abortlara gedirlər. Bu seçimdə ən çox diskriminasiyaya məruz qalanlar qız uşaqları olurlar.

                      

İslam dini selektiv abortlara qarşıdır

      

Müsəlman ölkələrinin əksər hissəsi abortların tam və qismən qadağan olunmasını dəstəkləyirlər. Bu fərqli yanaşmaların İslam dinində də öz əsası vardır. Şəriət qanunlarına görə, müsəlman qadınlar ərlərinin və həkimlərin ümumi razılığı əsasında bətnindəki embrionun 40 gününədək (Maliki məzhəbinə görə) və ya 120 gününədək (Hənəfi məzhəbinə görə) ondan xilas ola bilərlər.

     
Qurani-Kərimdə buyurulur:

     
“Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.” (Həcc 5)

    “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik). Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun 12-15)

   
Bunlar öz təsdiqini hədislərdə də tapır:

   
"Hər biriniz ananızın qarnında qırx gün saxlanılır, sonra orada laxtalanmış qan və parça ət şəklində bir müddət qalır. Sonra mələk göndərilir və ona ruh üfürür." (Müslim, Tale 1)

    “Məni üzərindən 40 gün keçəndən sonra Allah ona bir mələk göndərir və o da onun qulağını, gözlərini, dərisini, bədənini, sümüklərini şəkilləndirdikdən sonra soruşur: “Ey Rəbbim! Oğlan, yoxsa qız olacaq?” (Müslim, Tale 3)

     Bu ayə və hədislərə əsasən müsəlman alimləri abortların 40 və ya 120 günədək həyata keçirilməsini mümkün hesab edirlər. Lakin, 120 gündən (bəzilərinə görə 40 gündən) sonra həyata keçirilən abortlar insanın qətl edilməsi kimi həm hüquqi, həm də mənəvi məsuliyyəti ortaya qoyur. Şəriət hökmlərinə əsasən 120 gündən sonra abort edən qadınlar gurrə cəriməsinə (120 qr qızıl) cəlb olunurlar.

     İslam dinində selektiv abortlar şiddətlə qınanır. İslamdan öncə cahiliyyət dövründə ərəblər qız uşaqları olduqda onları diri-diri basdırırdılar. Lakin, İslam dini buna qarşı çıxdı.  

    Qurani-Kərimdə buyurulur:

    “Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” (İsra 31)

    “(Ey Elçim!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” (Ənam 151).

    “Diri-diri torpağa gömülən körpə qızdan: “Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman” (Təkvir 8-9).

    “Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Mumtəhənə 8-9).

    “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar kişilər üzərində hüquqları vardır.” (Bəqərə 228)

   
Bununla bağlı bir neçə səhih hədis də vardır:

    
Xəlifə Ömər dövründə, bir qadın ifadə vermək üçün xəlifənin yanına çağırılır. Hamilə qadın qorxudan yolda uşağını salır. Xəlifə Ömər şuranın üzvlərindən nə edəcəyini soruşur. Əksəriyyət, bunda heç bir qərəz olmadığı üçün, nəsə etməyin lazım olmadığını deyir. Xəlifə Ömər, Hz. Əlidən (əs) fikrini soruşur və o, deyir: "Bu yoldaşlar söylədikləri fikirlərində yanılırlar. Onlar səni müdafiə etmək üçün belə dedilərsə, yaxşı məsləhətçi olmadıqlarını göstərdilər. Anasının bətnindən düşərək ölən uşağa görə diyət verilməlidir.” Xəlifə Ömər bu ictihada uyaraq diyəti ödəmişdir.

     
Məlum olduğu kimi, şəriətdə diyət ölüm cəzasının qarşılığıdır.

     
Hz. Məhəmməd (səs) buyurur: “Övladlarınızın ən yaxşısı qızlarınızdır”... “Üç qız övladını layiqincə tərbiyə edib, ər evinə köçürən valideynlər cənnətlikdirlər.” 

     İmam Sadiq (əs) buyurur: “Qız övladları rəhmət, oğlan övladları isə nemətdir.”

     İslam dininin selektiv abortlara qarşı olduğu və bunun cinayət olduğu, həm Qurani-Kərim ayələri, həm də səhih hədislər (şiə və sünni) vasitəsilə təsdiq olunur. Bu baxımdan, dindar müsəlmanların arasında selektiv abortların yayılması mümkün deyildir. Bunu edən müsəlman həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyırlar. 

 


Azərbaycan xalq mədəniyyətində
selektiv abortlara münasibət

     
Azərbaycanda selektiv abortların yayılmasına səbəb olan əsas amillərdən biri də, xalqın kültüründə keçmiş gender bərabərsizliyi ənənələrindən irəli gələn bəzi xoşagəlməz adətlərin qalıqlarıdır. Bu adətlərin İslam dini ilə əlaqəsi yoxdur. Əksinə, onlar dini dəyərlərə ziddir. Bu adətlər, kültürün tərkibində yer tutan patriarxal ənənələrin davamıdır. Kültür dinin təsirinə məruz qalsa da, ondan fərqli şəkildə inkişaf edir. Din və kültür arasında ziddiyyətlər də buradan irəli gəlir. 

    
Biz respondentlərin kültürəl şüurunda cinsi diskriminasiyanı müəyyən etmək üçün, “Sizcə qız övladı xeyirlidir, yoxsa oğlan?” sualını qoymuşuq. Bu suala cavab verən respondentlərin əksəriyyəti “hər ikisi” cavabını vermişdir. “Oğlan” deyən respondentlərin sayı “qız” deyənlərin sayından azdır (diaqram 3.6).

    
Bu, onu göstərir ki, cinsi stereotiplər tədricən cəmiyyətin şüurunu tərk edir. Əgər biz bu sorğunu XX əsrin əvvəllərində aparsaydıq, tamamilə əks nəticə əldə edərdik. XX əsrdə azərbaycan cəmiyyətinin modernləşmə və gender bərabərliyi istiqamətində sürətli inkişafı gender stereotiplərinin ortadan qalxmasına səbəb olmuşdur. 

 

 Lakin, respondentlərin cinsi mənsubiyyətinə görə göstəriciləri təsdiq edir ki, ailədə kişilər ənənəvi olaraq oğlan uşağına, qadınlar isə, qız övladlarına daha çox üstünlük verirlər. Bəzi, qadınlar qız uşaqlarının daha rahat tərbiyə olunduqlarını əsas kimi göstəriblər. Lakin, burada ənənənin öz rolu vardır.

 

 Azərbaycanda qədim dövrlərdən gələn bir çox atalar sözləri və adətlər vardır ki, onlar xalqın mentalitetinin formalaşmasında mühüm rol oynayırlar. Şüurları stereotiplər ilə strukturlaşdıran bu kültür elementləri selektiv abortlara və gender bərabərsizliyinin bir çox təzahür formalarına şərait yaradır.

    
Azərbaycanda Kifayət, Bəsti, Qızbəsti və digər bu kimi qız adlarının olması, cinsi diskriminasiyanın göstəriciləridir. Toy mərasimlərində gəlinə oğlan övladı doğmaq arzulanır və onun qucağına oğlan  uşağı qoyularaq deyilir: “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. Yaxud “qızını döyməyən dizini döyər”, “qızı özbaşına buraxsan ya halvaçı tapar, ya da zurnaçı”, “qeyrətsiz oğuldansa kor qızım olsa yaxşıdır”, “qız yükü duz yükü”, “oğul düşmən çəpəridir” – kimi bir çox deyimlər selektiv abortların əsasında dayanan ənənəvi stereotiplərdir.

     
Cinsi diskriminasiyaya səbəb olan stereotiplər aşağıdakılardır:

  1. 1.     Kişilər vətəni düşməndən qoruyan əsgərlərdir.  

     “Oğul düşmən çəpəridir” – deyimi, oğlanların vətənin düşmənlərdən qorunmasında rolunu önə çəkir.      Ağcabədi/Aran regionunda keçirilən qrup müzakirələri iştirakçılarından biri Aynur adlı gənc qadın söyləmişdir: “Zənnimcə, bizə müharibədən sonra əsgərlər - oğlan uşaqları lazımdır. Demirəm ki, anaların qızları olmasın. Hər bir azərbaycanlı qadını, əgər bacarırsa, qoy bir oğlan Vətən üçün, bir oğlan da özü üçün dünyaya gətirsin. Çünki bizim oğullarımız bizi xaricdə təmsil edir və sərhədlərimizi qoruyur.”  (17).

  1. 2.     Qadınların iqtisadi asılılığı

      Selektiv abortların geniş yayıldığı əraziləri birləşdirən ümumi bir xüsusiyyət ondan ibarətdir ki, bu cəmiyyətlərdə nəslin varisinin oğlan vasitəsilə təmin olunacağını dəstəkləyən patriarxal dəyərlər güclü, gender bərabərliyi isə zəifdir. Məsələn, Çində ənənəvi olaraq çinlilərin mentalitetində oğlan uşağı ailənin yeganə varisi hesab olunur. Qız isə, ailəni tərk etdiyi üçün varisliyi qoruya bilmir. Buna görə də, oğlan uşağı doğan anaların hörməti qız uşağı dünyaya gətirən analardan dəfələrlə artıq olur. İlk övladı qız olan bir çox ailələr ikinci övladı (yəni, oğlan övladını) dünyaya gətirmək üçün dövlətdən izin alırlar. Eyni ənənələri selektiv abortların geniş yayıldığı digər ərazilərdə də müşahidə etmək olar. Bu cür ənənələr bir ölkənin bir bölgəsində güclü, digər bölgəsində isə, zəif ola bilər. Adətən, bu ənənələr o cəmiyyətlərdə daha çox güclü olur ki, həmin cəmiyyətlərdə valideynlər qızlarının sosial və maddi uğur əldə edəcəyinə inanmırlar. Onlar, özlərini və ailənin gələcəyini sosial-iqtisadi baxımından zəmanət altına almaq üçün, oğlan uşaqlarına üstünlük verirlər. Bu cür hallar gender bərabərliyinin pozulduğu cəmiyyətlərdə baş verir. Çünki bu cəmiyyətlərdə qızlar sosial-iqtisadi yük kimi dəyərləndirilir.

      “Oğul evin dirəyidir, arxasıdır” deyimi məişət və sosial güvənsizlikdən, xüsusi mülkiyyətin itirilməsi təhlükəsindən irəli gəlir. Çünki oğlan mülkiyyətin qoruyucusu və təminatçısı kimi tanınır.

     Yerli mətbuatda bununla bağlı məlumatlar:

      - “Bəsti xanımın 3 oğlu var. Deyir ki, balaca olanda nənəsi ona və bacılarına baxıb, köksünü ötürərmiş: “Oğlan doğulsaydınız, nəslimizin davamçısı, ev-eşiyimizin sahibi olardınız, ailəmizi qoruyardınız. Amma indi gedib başqasının ocağını qızdıracaqsınız”.  “Bəs  qardaşa  bacı, anaya qız  lazım deyil? - soruşuruq. – “Əslində mən indi qızı olan analara baxıb, köksümü ötürürəm. İndi başa düşürəm ki, oğlanlarıma bacı da lazımdır. Qaynanam, qaynatam, ərim isə nənəm kimi düşünürlər. Deyirlər ki, qız nəyə lazımdır? Qız yükü ağırdır, sabah bilmirsən kimin evinə düşəcək, nə kimi problemlər yaşayacaq. Onların fikrincə, qız ailə qurub gedir, oğlan isə yanımızda qalır (18). 

     
Azəbaycanda əks fikirdə olanlar da çoxluq təşkil edir. Praktika göstərir ki, qızlar əksər hallarda öz qoca valideynlərinə daha çox sahib çıxırlar.

    -  Yaşı səksəni  ötmüş Şubay müəllim isə oğlanlarını qızlarından üstün tutanlara haqq qazandırmır. Deyir ki, bu ahıl çağında oğullarının hərəsi bir diyardadır, qalıb qızının ümidinə: “Həyat yoldaşım ölənə qədər çətinliyim yox idi. İndi oğlanlarımın yadına da düşmürəm. Yaxşı ki, qızım var, bu gün  qayğıma da o qalır. Yeməyimi verir, paltarımı yuyub, ütüləyir. Pensiyamdan bir manata da dəymir. Deyir nəyə ehtiyacın var, ona xərclə…” (18).

    - Abşeronda iki oğlu, dörd qızı olan yaşlı kişi qızların vacibliyini xüsusilə vurğulamışdır: “İsmətli və qeyrətli qız övladı yüz oğuldan üstündür. Qız ata və ana üçün vacibdir, bizim bəzən kədərli və bəzən xoşbəxt günlərimiz olur. Kədərli günün olduqda görürsən ki, oğlun yanında deyil, o, əlləri cibində uzaqlardadır. Ancaq qızın sənin kədərini paylaşır. O, ailə üzvlərindən hər-hansı birini itirəndə onun vəfatından yeddi gün, qırx gün keçənə qədər yemir, içmir. Sən bu dünyanı tərk edən zaman o, dərhal gəlir. Qızların həyat yoldaşları da sənin üçün eynidir.” (17). 

      - Bakıda qrup müzakirələrində iştirak etmiş gənc respondent nəslin davamının vacibliyini və ailə mülkiyyətinin qorunmasında oğul övladının rolunu belə izah etmişdir: “Nəsil məfhumunun müəyyən bir anlamı var. Məsələn, üç qızı olan kişi ailəsinin davamçısı kimi oğul arzusunda olur. İstənilən miras kişi xətti ilə ötürülür. Buna görə də oğul atanın davamçısıdır. Beləliklə, insanlar oğulun olmasını istəyirlər.”  (17). 

Siyəzən/Quba-Xaçmaz fokus qrup müzakirələrində iştirak etmiş 64 yaşlı təqaüddə olan müəllim öz fikrini belə izah etmişdir: “Bəli, qızlar ailə quran zaman valideyn evini tərk edəndə oğlanlar atalarına kömək məqsədilə vacibdir. Qızlar köçəri quşlar kimidir. Ancaq oğlanlar öz ataları ilə qalır. Əgər iki və ya üç oğlu olan ata nə isə etmək istəsə onun oğlanları ona kömək edəcəklər. Beləliklə, hər kəs oğlu olmasını istəyir. Onlar Allahın mükafatlarıdır.” (17).

      - Dörd qızı və bir oğlu olan 39 yaşlı Nailə (ali təhsilli, Lerik/Lənkəran) oğlan uşaqlarına üstünlük verilməsinin səbəblərindən biri kimi qızların başqasına məxsus olduğu haqda ümumi qəbul edilmiş fikri irəli sürmüşdür: “Qızlar yadlara məxsusdur. Onlar ailə qurur və ata evini tərk edir. Valideyn həmişə qızları barədə narahat olur. Hara getsələr onlar evə gec dönəndə valideyn bu barədə narahat olur. Lakin valideyn oğlu barədə belə narahatlıq keçirmir.” (17).

     - “Mən dünyadan köçəndə cənazəmi çiyinlərində qoy oğlum aparsın. İstəyirəm ki, cənazəmi məzara oğlanlarım aparsınlar. Kədərli vaxtlarda ailənin qayğısına qalan və ailəni dəstəkləyən qızlar var, lakin yas mərasimi zamanı süfrələrə yemək təmin edən oğullar da var, bu zaman hər kəs deyir ki, “layiqli oğuldur”. Lakin elə oğullar da var ki, onlar heç analarını basdırmağa da gəlmirlər. Başqa nə deyə bilərəm?” (Gültəkin, 73 yaş, orta ümumi təhsilli, iki oğlu var, Tovuz/Gəncə-Gazax) (17).

     - “Qız övladına cehiz verməlisən. Tutaq ki, qızını axmaq bir adama ərə verirsən, o, gələcəkdə sənin qızından boşana bilər, o, boşanıb evə dönəcək və onun atası və ya qardaşı onu saxlamalıdır. Yükün ağırlığı onun atasının və ya o, vəfat edərsə qardaşının çiyinlərinə düşür. Beləliklə, hər kəs oğul övladı istəyir, insanlar qızı olmağını bir o qədər də arzulamır”. (qrup müzakirələrinin iştirakçısı, gənc kişi, Abşeron) (17).

    - “Oğlan uşaqları bütün nöqteyi-nəzərlərdən qız uşaqlarından üstün tutulur… onlar işdə və həyatda özlərini idarə edə bilirlər. Ancaq qızın barədə həmişə narahat olursan. Bunun əksinə olaraq oğluna getməyə və özünü saxlamağa icazə verə bilərsən. Mənim kimi analar heç azacıq da olsun qızı olmasını istəmir”. (qrup müzakirələrini iştirakçısı, gənc qadın Tovuz/Gəncə-Qazax) (17).

  1. 3.     Kişilər ənənəvi məsuliyyətdən qurtulmaq istəyirlər

      Azərbaycanda “qız yükü, duz yükü” deyimi vardır. Ənənəvi olaraq, mədəniyyətdə kişilərin ailənin maddi və mənəvi təminatında, ailə üzvlərinin fiziki-psixoloji qorunması istiqamətində xüsusi məsuliyyəti vardır. Ailədə oğlan uşaqları müəyyən yaşdan sonra atalarının bu yükünün bir qismini öz üzərlərinə götürürlər. Lakin, qızlar sərt patriarxal cəmiyyətlərdə özlərini reallaşdırmaq imkanlarına malik olmadıqlarına görə, bu yükü bölüşdürə bilmirlər. Qızlar atalarının, ərlərinin, qardaşlarının himayəsi altında bir yük kimi qalmaqdan başqa seçimə malik deyillər. Qızlar, yalnız ailədaxili işlərdə ailənin yükünü bölüşdürmələrinə, hətta ailənin aqrar təsərrüfat işlərini idarə etmələrinə baxmayaraq, onların əməyi reproduktiv əmək kimi dəyərləndirilir. Bu səbəbdən, belə cəmiyyətlərdə qızlar yük kimi dəyərləndirilirlər.

        Mətbuatda bununla bağlı bir hadisə barədə belə deyilir:

       - “Aysel Əhmədovanı qızı olduğu üçün evdən qovublar. Əvvəlcə USM oğlunun olacağını göstərib. Sonra məlum olub ki, həkim yanılıb – Ayselin qızı olub. Əri deyib ki, qız övladı onun namusuna xələl gətirəcək və qadını uşaqla birlikdə evdən qovub. Qadın qızı ilə birlikdə ata evinə qayıdıb. Orda da qardaşı tələb edib ki, qızını internata versin, yalnız bu şərtlə onu geri qəbul etməyə razı olduqlarını deyiblər. Nəticədə qadın sığınacağa gəlib çıxıb.” (13).

       Bu gün, şəhərlərdə qadınların kütləvi şəkildə dövlət və özəl strukturlarda fəal təmsil olunmasına, bölgələrdə qadınların aqrar təsərrüfatda fəal çalışmasına, maddi məhsulların istehsalında, ticarət sektorunda öndə olmasına baxmayaraq, mentalitetdə köhnədən qalma stereotiplər hələ də yaşamaqdadır. Bu gün, qadınların kişilərin ailədə daşıdığı ənənəvi yükünün yarıdan çoxunu öz üzərlərinə götürmələrinə baxmayaraq, bəzi kişilər öz üzərlərinə düşən məsuliyyət ağırlığından bəhs edirlər. Bunlar bir daha göstərir ki, müasir dövrdə kişilərin böyük bir qismi artıq ənənəvi məsuliyyəti daşımaqdan imtina edirlər. 

  1. 4.     Qadınların sosial statusunun aşağı olması

    Patriarxal cəmiyyətlərdə qadınların heç bir sosial statusu olmadığı üçün, qadınlar pozitiv mənada “ev xanımı”, “ana” kimi tanınırlar. Belə bir cəmiyyətdə sosial fəallıq edən bir çox qadınlar “küçə qadını” kimi neqativ statuslarla ad çıxarırlar. Bu cəmiyyətlərdə qadınların pozitiv sosial statusları olmadığı üçün, qız uşaqlarının doğulması əhəmiyyət kəsb etmir. Oğlan uşağı olmayan ataların belə cəmiyyətlərdə sosial statusu da aşağı olur. Kişilər bu cəmiyyətlərdə öz statuslarını artırmaq üçün, oğlan uşaqlarının olmasına xüsusi önəm verirlər. Hətta, oğlan uşağı doğan qadınların ailədə və cəmiyyətdə hörməti daha yüksək olur.

     Qadınlar ailədə selektiv abortlara getməyə məcbur edilir. Selektiv abortlar əksər hallarda kişilərin təhriki ilə baş verir. Çünki qadınlar üçün belə bir addım atmaq, onların həm fiziki, həm psixoloji durumuna mənfi təsir göstərir. Bəzi qadınlar, belə abortlardan sonra dərin stresslər keçirir və özlərini psixoloji baxımdan bərpa etməkdə çətinlik çəkirlər. Azərbaycanda qadınlar arasında olan intihar hallarının əsas səbəblərindən birini burada axtarmaq doğru olardı.

    Qadınları selektiv abortlara getməyə məcbur edən şərtlər fərqli ola bilər. Bəzən, onlar ailənin dağılmaması və qınaqlara məruz qalmaması üçün bu yolu seçmək məcburiyyətində qalırlar. Bəzi qadınlar ailədə və qohumlar arasında öz statuslarını qaldırmaq üçün belə bir seçim edirlər. Çünki onlar özlərini həmin cəmiyyətdə təsdiq edə bilmirlər. Adətən, patriarxal cəmiyyətlərdə qadınlar ailə və cəmiyyətdə öz statuslarını oğulları vasitəsilə qaldırmaq yolundan başqa seçimə malik deyillər. Qayınana institutu da buradan irəli gəlmişdir.

    Bəzən evsizlik, işsizlik, yoxsulluq problemləri qadınları selektiv abortlara getməyə məcbur edir. Bütün hallarda, patriarxal cəmiyyətin dəyərləri qadınları selektiv abortlara vadar edir. Bu cür hallar bölgələrdə daha çox yayılmışdır. Şəhərlərdə də bölgələrdən gələn və urbanizasiya proseslərinin təsirindən kənarda qalan sakinlər tərəfindən geniş tətbiq olunur.  

     Yerli mətbuatda bununla bağlı məlumatlar:

      - "Lənkəranda 6 günlük Mələyin nənəsi tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 4 il əvvəl qız övladı dünyaya gələn Vəliyə Nurullayeva daha sonra bətnindəki körpələrin cinsiyyəti məlum olan kimi onları abort etdirib. Bəlli olub ki, V.Nurullayeva ilk övladı dünyaya gələndən sonra hamilə olduğu 4 qızı ailə üzvlərinin təkidi ilə abort etdirib. Sonuncu hamiləlikdə isə həkimlər ona nəticələri gec deyib və abortu məsləhət bilməyiblər. Bu səbəbdən də Mələk normal hamiləliyin yekununda dünyaya gəlib və anadan olandan 6 gün sonra nənəsi Atifə Nurullayeva tərəfindən öldürülərək quyuya atılıb”. Onun sözlərinə görə, o, uşağın qətlini “cinlərin” üstünə atmaq istəyib. O, deyib: “İkinci qızı istəmirdim, oğlan istəyirdim. Fikirləşdim ki, uşağı cinlərin öldürdüyünə hamı inanar. Sonra qorxdum ki inanmazlar. Buna görə də uşağı götürüb həyətdəki quyuya atdım.” (13).

      - “Üç yaşlı qızı olan və hamiləliyinin dörd-beşinci ayında olan Sevinc deyir: “Anam bizə nifrət eləyir. Mənə və bacıma. Qız olduğumuz üçün bizi sevmir. Hətta uşaqlıqda da sevmirdi. Yedirirdi, içirirdi, geyindirirdi, oxudurdu, amma sevmirdi. Bacımın bir qızı var, əməliyyat vaxtı uşaqlığını çıxarıblar, onun daha uşağı olmayacaq. Mənim də bir qızım var, ikinci də qız olacaq. Anam uşaqlarımızı da sevmir, tək ümidim bu uşağa idi (əli ilə qarnını göstərir), bu da belə…” “Ana necə öz övladını sevməyə bilər?” – sualına belə cavab verir: “Atam bizə görə onu atıb. Anam onun üçün oğlan doğa bilməyib, o da başqası ilə evlənib.” (13).

      - Bakı sakini, 38 yaşlı Ulviyə (ad dəyişdi), üç uşağın anasıdır. O, möcüzəvi şəkildə selektiv abortdan qaçmağa müvəffəq olub. O, deyir: "Biri 9-cu, digəri 5-ci sinifdə oxuyan iki qızımız var. Oğlan uşağının olmaması, məni ərimin və qaynanamın hədəfinə çevirmişdi. Qaynanamın üç oğlu var. Buna görə də, o, məni oğlan dünyaya gətirmək qabiliyyətində olmadığımı və tamamam olduğumu bildirirdi. Mən üçüncü səfər hamilə qaldım. USM-nin ilk göstəricilərinə görə növbəti qız övladım dünyaya gəlməli idi. Ərim və qaynanam məni abort etməyə vadar etdilər. Təkrar USM-də yoxlaqdıq və məlum oldu ki, oğlum olacaq. Artıq bizim bir oğlumuz var. Onun dünyaya gəlməsi ilə mən rahatlandım. Ərim dəyişdi, aqressivliyi azaldı, həssaslaşdı, qaynanamın isə, artıq mənimlə işi olmadı.” (18).

    Aparılan sosioloji tədqiqatın nəticələri və KİV-dən əldə etdiyimiz hadisələrin təhlili göstərir ki, modernləşmənin və gender bərabərliyinin zəif inkişaf etdiyi bəzi bölgələrdə bəzi patriarxal ənənələr hələ də mövcuddur. Onların mövcudluğunu təmin edən amillər bəzi bölgələrdə hökm sürən gender bərabərsizliyi hallarıdır. Onların aradan qaldırılması üçün, qadınların təhsil səviyyəsinin yüksəldilməsi və onların sosial işlərlə məşğulluq səviyyəsinin artırılması zəruridir.

    Buna paralel şəkildə, sosial və tibbi sığortanın inkişaf etdirilməsi, dəfn mərasimlərinin dövlət himayəsinə keçirilməsi və tənzimlənməsi mühüm şərtləndəndir. Bunları həyata keçirən sosial dövlət tədbirləri artdıqca, bütün gender bərabərsizliyi halları, həmçinin, selektiv abortlar da tədricən ortadan qalxacaqdır. Çünki ictimai şüurda kök salan gender stereotipləri öz gücünü sosial dövlətin zəifliyəndən alır. Azərbaycanda bu problemlərin həll olunması üçün, bölgələrdə sosial dövlət tədbirlərinin gücləndirilməsinə ehtiyac vardır.


Nəticə və tövsiyələr

  1. Dünyada abortların səviyyəsi kritik həddə çatmışdır. Abortların artması, ailə qurumunun iflasına da şərait yaradır. Ailə qurumunun süqutu cəmiyyətin süqutuna şərait yaradır. İndividualizmin inkişafı ailə qurumunun inkişafına tərs mütənasibdir. Çünki kollektiv dəyərlərə əsaslanan ailə qurumu şəxsiyyətin formalaşmasını təmin edir. İfrat individual dəyərlər şəxsiyyəti məhv edir. Bunun nəticələrindən biri də tənhalıq problemi və artan intihar hallarıdır. Mövcud vəziyyətin təhlili göstərir ki, dünyada sosial-siyasi idarəetmə sistemində ciddi qüsurlar vardır. Bu qüsurların ortadan qaldırılması üçün, alternativ sosial-iqtisadi siyasət modellərinin ortaya qoyulması labüddür. 

  2. Abortlar ana ölümü riskini daşıyır. Avropada kontraseptiv vasitələrdən geniş istifadə, ana ölümü səviyyəsinin aşağı olmasını təmin edir. Azərbaycanda yoxsul ailələrdə, kənd yerlərində, orta və ya aşağı təhsilli qadınlar arasında kontraseptiv vasitələrdən istifadə səviyyəsi aşağı olduğu üçün, ana ölümləri arasında onların payı daha çoxdur.

  3. Kontraseptiv üsullardan istifadə etməmək, ana ölümü riski ilə yanaşı, dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasına, arzuolunmaz hamiləliklərin artmasına, doğuma nəzarət üsulu kimi süni abortların sayının çoxalmasına səbəb olur. Buna görə də, bu sahədə maarifləndirmə işlərinin artırılmasına və yoxsul ailədən olan qadınların güzəştli tibbi dəstəyinə ehtiyac vardır.

  4. Müasir qoruyucu vasitələrdən istifadə və abortlara münasibət məsələsində Bakı şəhəri ən azı iki dəfə bölgələrdən irəlidədir. Bölgələr arasında cənub bölgələri bu sahədə daha aşağı göstəricilərə malikdirlər. Bu, yanlız apardığımız sorğularla deyil, bizdən əvvəlki dövrlər də aparılan sorğuların nəticələri ilə təsdiq olunur. Lakin, bölgələrdə və ümumən Azərbaycanda nəsilvermə əmsalının aşağı olması (2 həddinə enməsi) və müasir qoruyucu vasitələrdən istifadə və abortlara münasibət səviyyəsinin aşağı səviyyədə qalması təsdiq edir ki, əhali arasında (xüsusilə, bölgələrdə) ənənəvi qoruyucu üsullardan istifadəyə üstünlük verilir.

  5. Əhali arasında (xüsusilə, bölgələrdə) ənənəvi qoruyucu üsullardan istifadəyə üstünlük verilməsi, gözlənilməz hamiləlik riskini artırır. Bunun nəticəsi olaraq, qadınlar abortlara getməyə məcbur olurlar. Abort, qadınlar üçün fiziki və psixoloji risk ehtimalını artırır. Buna görə də, müasir qoruyucu vasitələrdən istifadə edən qadınların sayı kişilərdən 3 dəfə çoxdur. Onlar arasında 25-35 yaşında olan ali təhsilli qadınlar əksəriyyət təşkil edirlər. Onlar abortlara öz həyat yoldaşları ilə məsləhətləşərək qərar verirlər. Hər iki tərəf abortların müsbət hal olmadığını anladıqları halda, ona getməyə məcbur olurlar. Çünki müasir qoruyucu vasitələrdən istifadə istiqamətində maaarifləndirmə işi aşağı səviyyədədir.    

  6. Avropada abortların artması və nəsilvermə əmsalının azalması nəticəsində demoqrafik vəziyyət partlayış həddinə çatmışdır. Azərbaycanda 2000-2016 illərdə abortların sayının 17.5 mindən 34.6 minə qalxması, 1995-ci ildən başlayaraq bu günədək həm kənd, həm də şəhərdə nəsilvermə əmsalının təqribən 2 səviyyəsinə enməsi demoqrafik inkişafın mənfi göstəricisi kimi dəyərləndirilə bilər. Ümumi artım dinamikasının artan xətt üzrə inkişaf etməsinə baxmayaraq, nəsilvermə əmsalının 2 səviyyəsindən aşağı enməsi və abortların artan xətt üzrə davam etməsi, demoqrafik geriləməyə şərait yarada bilər. Bunun üçün, nəsilvermə əmsalının 3-4 səviyyəsinə qaldırılmasına və abortların sayının azalmasına ehtiyac vardır. Bu istiqamətdə ailə, uşaq və sosial imtiyazları artırmaq, çoxuşaqlı ailələrdə uşaqların güzəştli şərtlər əsasında yaxşı təhsil almasına şərait yaratmaq məqsədəuyğundur.

  7. Azalmaqda olan nəsilvermə əmsalı, selektiv abortlara şərait yaradır. Azərbaycanda ümumi nəsilvermə əmsalının 2-yə enməsi, ailə planlaşdırmasında iki uşaqdan birinin oğlan olmasını nəzərdə tutur. İlk övladı oğlan olan ailələr ikinci övladın cinsi ilə maraqlanmırlarsa, ilk övladı qız olan ailələr adətən ikinci övladın cinsini USM ilə müəyyənləşdirir və qız olduğu təqdirdə bəzən selektiv aborta gedirlər. İki oğlu olan ailələr üçüncünün qız olmasını, iki qızı olan ailələr üçüncünün oğlan olmasını planlaşdırırlar. Növbəti hamiləlik gözlənənin əksi olduqda, cinsindən asılı olmayaraq selektiv abortlara gedilir. Lakin, patriarxal düşüncəli bəzi ailələrdə cinsi diskriminasiyaya məruz qalanlar əsasən qızlar olurlar. Hamiləliklərin ardıcıllığında müşahidə olunan fərqlər də bunu təsdiq edir. İlk hamiləliklərdə abortların əmsalı 1 %,  ikincidə 17 %, üçüncüdə 55 % və sonrakı hamiləliklərdə 70 % olması buna sübutdur.

  8. Azərbaycanda qanunsuz abortetmə səviyyəsinin yüksək, müvafiq orqanların hüquqi məsuliyyətinin və  xalqın kontraseptiv vasitələrdən istifadə səviyyəsinin aşağı olması, selektiv abortların artmasına, qadınların fiziki-psixoloji sağlamlığının ortadan qalxmasına, ana ölümlərinin və qadın intihar hallarının artmasına səbəb olur. Bunun üçün, kontraseptiv üsulların istifadəsini artırmaq və bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilməsi, cinayət məcəlləsinin 141-ci maddəsində qanunsuz abortetməyə qarşı ağırlaşdırıcı hallar salınması və cinayət məsuliyyətinin artırılması, gender bərabərsizliyinə şərait yaradanbütün cəhalət hallarına qarşı mübarizəyə cəmiyyətin bütün təbliğat vasitələrinin səfərbər olunması, xüsusilə, din xadimlərinin bu işdə daha fəal iştirak etməsi, selektiv abortların fiziki və psixoloji fəsadları barədə mütəxəssislərin fikirlərinin KİV-də geniş təbliğ olunması labüddür.

  9. XX əsrin 80-ci illərindən başlayaraq selektiv abortlar sürətlə artmışdır. Çünki həmin dövrdə artıq USM tətbiq olunmağa başlamışdır. Bu baxımdan, USM-in meydana çıxması əhalinin gender balansının normal səviyyədən (100-107), qeyri-normal səviyyəyə (100-118) qalxmasına səbəb olmuşdur. Buna görə də, USM ilə bağlı bəzi məhdudiyyətlərin olması məqsədəuyğundur.

  10. Selektiv abortlar hamiləliyin daha gec dövründə baş verdiyi üçün, onun qadınların fiziki və psixoloji sağlamlığına təhlükəsi daha çoxdur. Hətta, selektiv abortlar nəticəsində ölüm və intihar halları da az deyildir.

  11. Azərbaycanda 15-20 yaşadək müşahidə olunan gender disbalansı, növbəti evlilik yaş dövrlərində bərabərləşir. Bunu, cinslərarası nisbətdə müşahidə olunan fərqin başqa ölkələrə miqrasiyası ilə bağlıdır. Biz, həmin miqrantların geriyə döndüklərini təsəvvür etsək, ölkədə gender disbalansının hansı səviyyəyə çatacağını ehtimal edə bilərik. Kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir. Bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının, aqressiyanın geniş yayılması, qız qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir. Lakin, miqrantların kütləvi şəkildə geri dönmək ehtimalı zəifdir. Çünki onlar immiqrasiyada olduğu ölkələrdə demoqrafik ölümün qarşısını alır və iqtisadi inkişafa təkan verirlər. Hər bir halda, Azərbaycanda gender balansının qorunması istiqamətində strateji siyasət həyata keçirilməlidir.

12. Azərbaycanda bəzi tibbi istisnalar olmaqla 12 həftədən sonra abort etmək qeyri-qanunidir. Bu baxımdan, ölkədə selektiv abortların qarşısı hüquqi olaraq alınmışdır. Çünki hamiləliyin 12 həftəliyində USM embrionun cinsiyyətini müəyyən edə bilmir. Lakin, reallıq göstərir ki, Azərbaycanda selektiv abortlar geniş tətbiq olunur. Deməli, qanunun icrasında boşluq vardır.

  1. İslam dininin selektiv abortlara münasibətinin birmənalı şəkildə neqativ olmasına baxmayaraq, bu kimi hallar cəmiyyətdə yayılır. Bu, cəmiyyətdə islami dəyərlərin zəiflədiyini və islam dini barədə maarifçiliyin aşağı səviyyədə olmasını göstərir. Bu baxımdan, islam dinində gender məsələləri ilə bağlı tədqiqat işlərinin aparılmasına və onların cəmiyyətdə təbliğ olunmasına ehtiyac vardır.

  2. Azərbaycanın bəzi bölgələrində və həmin bölgələrdən olan insanlar arasında ənənəvi patriarxal stereotiplər və gender bərabərsizliyi prinsipləri üstünlük təşkil edir. Buna görə də, kişi = qadın + 1 formulu üzrə gender bərabərliyinin maarifləndirmə yoluyla inkişaf etdirilməsi vacibdir.

  3. Selektiv abortlar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, gəlin qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

  4. Aparılan sosioloji tədqiqatın nəticələri və KİV-dən əldə etdiyimiz hadisələrin təhlili göstərir ki, modernləşmənin və gender bərabərliyinin zəif inkişaf etdiyi bəzi bölgələrdə bəzi patriarxal ənənələr hələ də mövcuddur. Onların mövcudluğunu təmin edən amillər bəzi bölgələrdə hökm sürən gender bərabərsizliyi hallarıdır. Onların aradan qaldırılması üçün, qadınların təhsil səviyyəsinin yüksəldilməsi və onların sosial işlərlə məşğulluq səviyyəsinin artırılması zəruridir.

  5. Ölkədə sosial və tibbi sığortanın inkişaf etdirilməsi, dəfn mərasimlərinin dövlət himayəsinə keçirilməsi və tənzimlənməsi mühüm şərtləndəndir. Bunları həyata keçirən sosial dövlət tədbirləri artdıqca, bütün gender bərabərsizliyi halları, həmçinin, selektiv abortlar da tədricən ortadan qalxacaqdır. Çünki ictimai şüurda kök salan gender stereotipləri öz gücünü sosial dövlətin zəifliyəndən alır. 




    Rauf Tofiq oğlu Məmmədov,

    AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, 
    fəlsəfə üzrə fəlsəfə doktoru
    [email protected]
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır