Modern.az

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - IV YAZI

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - IV YAZI

2 Noyabr 2018, 16:34

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Millətlər, xalqlar tarixin bütün dövrlərində bir-biri ilə iqtisadi, siyasi, mədəni əlaqədə olmuşdur. Bu əlaqələr bəzən müştərək-ortaq mədəniyyətin formalaşmasına gətirib çıxarmışdır. Müştərək İslam mədəniyyəti, müştərək Xristian mədəniyyəti, Avropa mədəniyyəti, Asiya mədəniyyəti və s. belə mədəniyyətlərdəndir. Millətlər bir-birindən söz alıb verərkən də müştərək dil mədəniyyətinin inkişafına xidmət etmişlər. Ancaq millətlər bir-birindən söz alıb verərkən milli dillərinin imkanlarını əsas götürmüşlər. Məsələn, bütün Avropada, Asiyada, Yaxın və Orta Şərqdə və digər yerlərdə yaşayan millətlər qədim yunan-latın sözlərini alarkən onların hər birini öz milli dillərinin ahənginə, səs sisteminə uyğunlaşdırmış, milli dillərinin bir ünsürü halına gətirmiş, başqa sözlə, “milliləşdirmişlər”. Ona görə də dilin fəlsəfi və sirli tərəfinə diqqət yetirən tədqiqatçılar ingilis dilinin əsasında belə bir halı xüsusi olaraq qeyd etmişlər: “İngilis dili ingiliscə və ingilisləşmiş kəlmələrdən qurulmuş bir dildir”. Bu, dünyanın bütün dilləri üçün düzgün olan bir fikirdir. Təbii ki, Azərbaycan dili üçün də məqbuldur. Məsələnin fəlsəfi tərəfinə diqqət yetirənlər belə bir halın fransız, alman, ispan, ərəb, fars, türk dillərində də olduğunu söyləyir və ilk çağların qədim dilləri üçün də doğru olduğunu deyirlər. Əgər belə olmazsa, onda “dil Donkixotluğ”u yaranar. Donkixotluq qəbul edilmədiyi kimi, “dil Donkixotluğu”, “mədəniyyət Donkixotluğ”u da qəbul olunan deyildir. Əgər millətlər və onların dili bunu qəbul etsə, onda millətlər də, onların dilləri də kiçilməyə məhkum olar. Nəticədə millətlər və dillər reallıqlarla yox, xəyallarla yaşamağa məcbur qalar. Millətləri xəyallarla idarə etmək mümkün deyil. Eyni zamanda dilləri xəyallarla idarə etmək məntiqsiz və qeyri-realdır. Odur ki, millətləri və dilləri xəyallarla, bir qisim fəlsəfələrlə idarə etmək istəyənlər reallıqların əlində həmişə aciz qalıblar. Reallıqlar təbii şəkildə məcbur edir ki, millətlər onların dilləri bir-birindən söz alsın. Bu mənada Nihad Sami Banarlının fikri yerinə düşür: “Müştərək bir mədəniyyətin miraslarına sahib və müştərək bir mədəniyyətin ehtiyaclarına dolu bütün millətlər bir-birilərindən həm də yığın-yığın kəlmə almağa məcburdurlar. Dilin bacarığı bu kəlmələri hər millətin öz dilində əridərək səs və qrammatik baxımdan dərhal və ya ən qısa bir zamanda milli bir kəlmə halına sala bilməsidir”. Nihad Sami Banarlı yunanlardan, ərəblərdən alınmış kəlmələrin türkləşdiyini qeyd edir və bunu türk millətinin zəfəri hesab edir.  Onun fikrincə, bizanslardan alınmış İstanbul türk vətəni olduğu kimi, belə kəlmələr də türkləşmiş kəlmələrdir.


Hər bir millət və onun dili illər, əsrlər boyu müxtəlif dillərdən sözlər alır və bu, aşağılayıcı, eyib olan bir iş deyil, əslində bir şərəfdir. Ona görə də belə kəlmələri milliləşdirmək, yaşatmaq millətlərin ruhunu, enerji qaynağını daha da yüksəldir. Hətta böyük coğrafiyalarda imperiyalar quran dövlətlər vergi, xərac almaqla yanaşı, sözlər də almış və bu işi zəfər, şərəf sahibi kimi görmüşlər. Hal-hazırda dünyanın ən nüfuzlu və beynəlxalq dillərində başqa dillərdən çoxlu sözlər vardır. Bu da onu göstərir ki, dilin özü başqalarını alçaldan millətçiliyin və şovinizmin əleyhinədir. Ancaq bununla belə hər bir millətin dilini milliləşdirən, milli edən təməllər, ünsürlər vardır. Bunlardan birincisi hər bir dilin səs quruluşu, fonetik quruluşudur. Səs quruluşu, fonetik quruluş əsasında bir dilin başqa bir dildən aldığı sözlər milliləşir, söz alan dilin səs quruluşuna, fonetik quruluşuna uyğunlaşır. Məsələn, Azərbaycan dilinin lüğət tərkibinə ərəb, fars və digər dillərdən daxil olmuş sözlər bu cür dilimizin səs quruluşuna, fonetik quruluşuna uyğunlaşmış və milliləşmişdir. Belə bir hal hər bir dildə var. Məsələn, türk dilinə yunan, italyan, ərəb, fars və digər dillərdən keçmiş ən azı 15.000 söz vardır. Həmin sözlər türk dilində yaşayır, başqa sözlə, işlənir.


Millətin dilini milliləşdirən, milli edən təməllərdən biri də dilin öz qrammatik quruluşunun olmasıdır. Burada morfoloji və qrammatik quruluş nəzərdə tutulur. Təbii ki, dilin özünəməxsus morfoloji və sintaktik quruluşu geniş imkan yaradır ki, dil memar rolunu oynaya bilsin. Yəni dilin lüğət tərkibinə daxil olan sözlər morfoloji və sintaktik quruluşun ixtiyarına keçərək milliləşsin. Belə olduğundan alınma sözlər daxil olduğu dili öz milli təməlindən uzaqlaşdıra bilmir. Bir sözlə, dilin fonetik quruluşu (səs quruluşu), morfoloji və sintaktik quruluşu imkan vermir ki, alınma sözlər dili öz milli təməlindən çıxara bilsin, yaxud da milli təməli sarsıtsın. Ona görə də dilin fonetik, morfoloji və sintaktik quruluşunu pozmaq istəyində olanlara (bilərəkdən və ya bilməyərəkdən) əks reaksiya başlayır. Bu o deməkdir ki, alınma sözlərlə dilin təməlini sarsıtmaq, yıxmaq, yaxud da öz məhfərindən çıxarmaq mümkün deyildir.


Dilin milli təməlinin möhkəm olduğunu, sarsılmaz olduğunu, müqavimətli olduğunu anlatmaq üçün dillə bağlı bir çox elmi həqiqətləri aşkar şəkildə söyləmək lazımdır. Mahmud Kaşğaridən üzü bəri türk dilləri barədə xeyli elmi həqiqətlər söylənilmişdir. Dilçi-türkoloqların araşdırmaları elmi həqiqətlərin geniş yayılmasında mühüm rol oynamışdır. Müqayisə üçün qeyd edək ki, türk dilləri ilə bağlı elmi həqiqətləri söyləyənlərdən biri Şəmsəddin Sami olmuşdur. O, osmanlıcanı və osmanlı dilini türk dili adlandırmağın tərəfində olmuş, “Lisan və ədəbiyyatımız” məqaləsində yazmışdır: “Dünyada qulağa ən çox xoş gələn dil italyanca və rumcadır deyənlər var. Lakin təcrübə edənlər təslim və etiraf edərlər ki, dünyada qulağa ən xoş gələn və anlamayanları belə məftun və heyran edən bir dil varsa, o da İstanbulda və dövlətin böyük şəhərlərində danışılan türkcədir.


Mübaliğə etməyərək və sırf milli qeyrətlə bağlı söyləməyərək; yabançıların da təsdiqiylə deyə bilərsiz ki, milli dilimiz olan türkcə dünyanın ən gözəl dili deyilsə, ən gözəl dillərdən biri olduğu şübhəsizdir”.  Şəmsəddin Saminin bu fikri türk dillərinin hər birinə, o cümlədən Azərbaycan dilinə də aiddir. Türk dillərinin hər biri, o cümlədən Azərbaycan dili öz azadlığı uğrunda mübarizə apararaq bu günə gəlib çatmışdır. Hətta Şəmsəddin Sami türk dilinin istiqlal mübarizəsini anlatmağa çalışmışdır ki, həmin anlatmağa çalışdıqlarını türk dillərinin hər birinə, o cümlədən Azərbaycan dilinə aid etmək olar. Şəmsəddin Sami yazır: “Osmanlı dili üç dildən, yəni ərəbcə, farsca və türkcədən yaranmışdır demək adət olmuşdur. İlahi adətə və təbiətə bağlı olan bu fikir əksər dil və ədəbiyyat kitablarında söylənib durur. Nə qədər yanlış, nə böyük xəta! Üç dildən yaranmış bir dil, dünyada görülməmiş şey!..


Xeyr! Heç də belə deyildir. Hər dil bir dildir. Qövmlər və millətlər arasında olduğu kimi dillər arasında da yaxınlıq və münasibət olub hər bir neçə dil bir zümrə təşkil edər. Bizim söylədiyimiz dil Turan dillər zümrəsinə mənsub Türk Dilidir.


Buna birinci dərəcədə ərəbdən, ikinci dərəcədə farsdan bəzi kəlmə və ifadələr girmişdir. Lakin bu kəlmələr nə qədər çox olsa, dilin əsasını dəyişdirə bilməmişdir. Məsələn, ispan və portuqal dillərində o qədər çox ərəbcə kəlmələr vardır ki, bunların toplamı böyük bir cild təşkil etmişdir. Lakin həmin dillər ərəb ilə filan dildən yaranmışdır deyilməyibdir. Onlar latın zümrəsinə mənsub müstəqil dillər adlanır.


O cümlədən ingiliscədə yarı-yarıya fransızca kəlmə olduğu halda, ingilis dili german zümrəsinə mənsub bir dil olub fransız dilindən fərqli dildir. Hər dilin başqa dillərdən almış kəlmələrinə baxılmaz, əsas olan kəlmələrin dil bilgisi qaydalarına görə çəkməklərinə, söylənişlərinə baxılır”.  Nihad Sami Banarlının Səmsəddin Samidən sitat kimi gətirdiyi bu fikirləri bir həqiqət kimi başqa dillərdə də təsdiq etmək mümkündür. Məsələn, ingilis və fransız dillərində ən azı 90.000 kəlmə yazıda və mənasında müştərək olsa da, səslənmələri fərqlidir. Bu müştərək kəlmələri (90.000 kəlməni) fransızlar fransız dilinin, ingilislər ingilis dilinin səs quruluşu (fonetik quruluşu) ilə səsləndirirlər. Bununla belə, həm ingilislər, həm də fransızlar bu kəlmələri (90.000 kəlməni) latın dilindən aldıqlarına baxmayaraq, öz milli kəlmələri kimi qəbul edirlər və belə də bilirlər. Hər bir dilin lüğət tərkibindəki sözlərin mənşəyi barədə dəqiq statistika aparmaq mümkündür. Heç şübhəsiz ki, nəticə onu təsdiq edəcəkdir ki, alınma sözlər dillərin fonetik, morfoloji və sintaktik quruluşunu, dilin əsasını dəyişə bilmir.


Ardı var...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir