Modern.az

“Anlamırlar ki, bu bayram şər qüvvələrlə bağlıdır” - “Hellouin”i qeyd edən azərbaycanlılara ETİRAZ

“Anlamırlar ki, bu bayram şər qüvvələrlə bağlıdır” - “Hellouin”i qeyd edən azərbaycanlılara ETİRAZ

3 Noyabr 2018, 13:22

Oktyabrın 31-i Amerikada ingilis dilində “Halloween”, dilimizdə isə "Hellouin" adlanan bayram qeyd olunub.

 

Bu bayramın əsas atributlarından biri balqabaqdır. İnsanlar məhz həmin gün balqabaqların içini oyub, şam qoyurlar. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər. Bayramın bir çox simvollarının uzun tarixi var. Bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər - hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet, ifritə şəkilləri çəkilir, butaforlar qoyulur. Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, uşaqların və gənclərin həmin gün geyinərək şənlənəcəyi nağıl qəhrəmanlarının xüsusi kostyumları, maskalar satılır.

 

Amerika Birləşmiş Ştatları və Kanadada XIX əsrdən fəal qeyd olunan “Hellouin” bayramı ABŞ mədəniyyətinin güclü təsiri altında dünyada da yayılıb. Lakin bu bayramın bəzi regional fərqlilikləri var. Məsələn, İrlandiyada bayramda genişmiqyaslı fişəng və tonqalların təşkili adət olsa da, Şotlandiyada bu, yoxdur. Yaponiyada isə “Hellouin”in şərəfinə illik festival paradları təşkil olunur.

“Balqabaqlar bayramı” xristian dünyasına məxsus ənənə olduğundan, müsəlmanlar bu haqda az məlumatlıdır.  Amma son illərdə Azərbaycanda da “Hellouin”i qeyd edənlərin sayı artıb. Sosial şəbəkələrdə və mətbuatda çatdırılan məlumatlardan aydın olur ki, hətta uşaq bağçalarında, orta təhsil müəssisələrində də oktyabrın 31-ni təntənə ilə bayram ediblər. Cəmiyyətimizə yeni daxil olan “Hellouin” bayramı ritual olduğuna görə onun əleyhinə çıxanlar da çoxdur.

 

Beləliklə, insanlar iki hissəyə bölünüb: “Hellouin”i qeyd edənlər və bu bayrama mənfi münasibət sərgiləyənlər.

Sosioloq Əhməd Qəşəmoğlu da Modern.az-a bu barədə açıqlamasında “Hellouin”in qeyd olunmasını tənqid edib. O xatırladıb ki, iki ildən çoxdur, sosioloq və psixoloqların əksəriyyəti Azərbaycanda “Hellouin” bayramının keçirilməsinə qarşı çıxır, amma diqqət edən yoxdur:


“Hər bir bayramın mahiyyətinə fikir vermək lazımdır. Biz bu gün “Hellouin”i maraqlı bilib qeyd edirik, uşaqlarımıza təbliğ edirik. Amma anlamırıq ki, bu bayram şər qüvvələrlə bağlıdır. Keçmişdə mövcud olan satanizm ideyalarından gələn elementlər bayram atributlarında əks olunub.

Tarix boyur Qərbdə satanizm ideyalarından formalaşan inanclar, adətlər olsa da, Şərqdə bu, heç vaxt özünü göstərməyib. Şər qüvvələri bu formada tənqid edənlərə qarşı hər zaman ciddi addımlar atılıb. Bizimkilərin bu bayramı maraqla qeyd etməsinin səbəbi müasir görünmək istəyidir. İnsanlar düşünür ki, Qərbdə bunu edirlər, biz də eləsək, müasir olduğumuzu sübut edərik. Halbuki, Qərb ölkələrindən “Helloin” əvəzinə daha əhəmiyyətli bayramları, uşaqların, gənclərin təhsili lə bağlı vacib məqamları, təcrübələri götürüb, cəmiyyətimizdə tətbiq etsək yaxşı olar.

 

“Helloin” bayramına qarşı çıxış etməyimiz müasirliyi qəbul etmədiyimiz anlamına gəlmir. Sadəcə yenə qeyd edirəm, şər qüvvələri təbliğ edən bayram olduğu üçün əksəriyyət haqlı şəkildə bunu qeyd etmək istəmir”.

Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, öncə bu bayramın mahiyyətini öyrənmək mütləqdir. O vurğulayıb ki, “Helloin” satana gecələrini (şeytana rəğbət) əks etdirir:


“Burada fiziki şiddəti, təcavüzü, insanlıqdan, mərhəmətdən kənar məqamları qeyd edək edə bilərik. Ona görə bu, xüsusilə, azyaşlı uşaqların psixologiyasına pis təsir edir. Şər qüvvələrə rəğbəti, onların xeyir qüvvələr üzərində qələbəsini tərənnüm edən ritualları bayram etmək düzgün deyil. Bu ideyaların təbliği həm uşaqlar, həm də böyüklərdə travma yarada bilər.

“Helloin”də hər kəsin üzünə keçirdiyi maska onun içindəki qara qüvvələrə olan münasibətini təcəssüm edir. Bu “bayram” heç də şənləndirmək, əyləndirmək, ruhu sakitləşdirmək mahiyyəti daşımır.

Mən, psixoloq kimi Helloin”in qeyd olunmasının qəti əleyhinəyəm. Rəhbərlik etdiyim psixoloji mərkəzə müraciət edən valideynlərə də “Helloin”i keçirməyi məsləhət görmədim. Bunun əvəzində, təklif edirəm ki,  valideynlər “Payız bayramı”na daha çox diqqət etsinlər, övladlarını buna yönləndirsinlər”.


Psixoloq onu da xüsusi qeyd edib ki, insanlar “Helloin”i mahiyyətinə varmadan, əslini bilmədən qeyd edirlər:

““Helloin” tərəfdarlarını sorğu-suala çəksək, görərik ki, məntiqi açıqlama, bu bayramı sevməyə səbəb gətirə bilmirlər. Sadəcə, həmrəylik psixologiyasına qoşulub, “bir neçə nəfər qeyd edirsə, mən niyə kənar qalım” fikri ilə, bir-birinin bəhsinə Helloin” keçirirlər. Onlar düşünürlər ki, beləliklə, olduğundan fərqli, qeyri-adi, cəlbedici görünə biləcəklər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər