Modern.az

Arif Məlikovdan Himni dəyişmək təklifinə ETİRAZ  

Arif Məlikovdan Himni dəyişmək təklifinə ETİRAZ   

5 Noyabr 2018, 12:40

“Hər kəs Azərbaycanın Dövlət Himnini sevməlidir. Dəfələrlə deyilib ki, himnin həcmini azaltmaq, onu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.

Bu fikirləri Milli Məclisin sonuncu plenar iclasında deputat Tahir Kərimli "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı bildirib.


Deputatın himlə bağlı səsləndirdiyi fikirlərə etiraz edənlər üstünlük təşkil edir.


Xalq artisti, bəstəkar Arif Məlikov Modern.az-a açıqlamasında Tahir Kərimlinin fikirlərinə etiraz edib.

“Əgər həqiqəti bilmək istəyirsizsə, himnin qısaldılması düzgün deyil. Himn elə zirvədir ki, o zirvəyə  qalxmaq, illərlə  hazırlaşmaq  lazımdır. Himn boşuna yaranmır. Musiqi mədəniyyəti millətə sevginin vəhdətindən  yaranır.  Bunun üçün böyük konkurs təşkil edilir, ziyalılar toplaşır. Himn məsələsi adi kabab stolu arxasında yaradılan, müzakirə olunan məsələ deyil ki, bir müddətdən sonra onu qısaltmaq təklifini verəsən”.

Arif Məlikov Azərbaycan himninin bədbin notlarla zəngin olması fikirlərinə də toxunub.

“Himnimizdə bədbin notlar  görmürəm. Ümumi səviyyəsi yaxşıdır. Himnimizdə bir çox məqamlar var. Sadəcə, onları duya bilmək lazımdır. Himnimizi bütün dünya dövlətləri qəbul edib. Bu cür işlərlə kimlərin məşğul olduğunu bilmirəm.  Düzü, dünyadakı himlərin tarixi ilə də maraqlanmamışam. Ona görə də hansısa ölkədə himnin qısa olduğu barədə bir söz deyə bilməyəcəm. Ümumilikdə himn musiqisinə münasibətim çox yüksəkdir. Onu yaza bilmək üçün gərək yaxşı məktəb keçəsən, biliyin olsun. Bir əsr yaşı olan himni dəyişmək doğru deyil”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!