Modern.az

Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin edildi - FOTO

Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin edildi - FOTO

5 Noyabr 2018, 20:02

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Nazirlikdən Modern.az-a verilən məlumata görə, noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olunub.


Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov iştirak edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi işləmiş Vüqar Zeynalov Prezident İlham Əliyevin sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu təyinatla bağlı ölkə başçısına təşəkkür edən Əbülfəs Qarayev Vüqar Zeynalova yeni vəzifəsində uğurlar arzulayıb.

Əbülfəs Qarayev Mədəniyyət Nazirliyi sistemində aparılan islahatlardan danışaraq, görülən işlərin ölkəmizin mədəniyyət sahəsinin daha da inkişaf etdirilməsinə yönəldiyini vurğulayıb. Bildirib ki, bu islahatların tərkib hissəsi kimi rayon-şəhər  mədəniyyət şöbələri Bakı və 15 regional mədəniyyət idarəsində birləşdirilib. Bu da idarəçiliyin daha da təkmilləşdirilməsinə zəmin yaradıb.

Nazir bu sahədə qarşıda duran vəzifələrdən də danışıb, mədəni xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək mədəniyyət sahəsində çalışmaqdan məmnunluğunu bildirib, yeni idarə rəisinə təbriklərini çatdırıb.

Nazir Əbülfəs Qarayev daha sonra Cəlil Məlikovu Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivinə təqdim edib.

Bildirib ki, Cəlil Məlikov nazirlik sistemində müxtəlif vəzifələrdə çalışıb. Yaradıcı mühitdə formalaşmış, perspektivli gənc kadrdır: “Düşünürəm ki, Cəlil Məlikov üzərinə qoyulan vəzifəsinin öhdəsindən layiqincə gələcək”.

Nazir Cəlil Məlikova və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivinə uğurlar arzu edib.

Qeyd edək ki, Cəlil Bəhram oğlu Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir