Modern.az

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - V YAZI

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - V YAZI

Ədəbi̇yyat

8 Noyabr 2018, 09:05

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru,
professor


Hər bir dilin özünəməxsus fonetik, morfoloji və qrammatik quruluşu vardır. Dillərin bu cür özünəməxsus quruluşu onların özünəməxsus arxitek­turasıdır. Özünəməxsus quruluşu, arxitekturası olan dili heç bir alınma söz və sözlər dəyişdirə bilməz. Alınma sözlər, dilin lüğət tərkibinə daxil olan sözlər dili dəyişəcək, dili öz kökündən uzaqlaşdıracaq, dilin milli təməlini pozacaq deyənlər yanılırlar. Heç vaxt dilin özünəməxsus quruluşu, arxitekturası dilin milli təməlinin pozulmasına imkan verməyəcəkdir. Ona görə ki, dilin özünəməxsus quruluşu, arxitekturası parçalanmayan, bölünməyən kristallardır. Ancaq dilin lüğət tərkibinə zərurətlə bağlı daxil olan sözlər tez-gec dilin özünəməxsus quruluşuna, arxitekturasına uyğunlaşmalıdır və uyğunlaşacaqdır. Onu da qeyd edək ki, hər bir dilin özü alınma sözlərə öz qapısını açır və bu prosesi təbii bir tələbata çevirir. Belə bir hal beynəlxalq statusu olan dillərdə də, beynəlxalq statusu olmayan dillərdə də, dövlət dillərində də, dövlət dili olmayan dillərdə də özünü göstərir. Aparılmış statistik hesablamalar təsdiq edir ki, beynəlxalq dillərdən biri olan ingilis dilində sözlərin 75%-i latın, 25%-i  isə german mənşəli sözlərdir. Latın mənşəli sözlər ingilis ədəbi dilində, german mənşəli sözlər isə canlı danışıq dilində işlənir. Vaxtilə ingilis dilində german mənşəli sözləri daha geniş yaymaq, latın mənşəli sözləri isə dildən çıxarmaq üçün “Təmiz İngiliscə dərnəyi” adlı dərnək yaradılmışdır. Ancaq bu dərnək ingilis dilinin lüğət tərkibindəki 120.000-dən çox sözlərin 75% latın əsilli olanlarını dildən çıxartmalıydımı? Əgər bunları çıxarmayacaqdısa, onda onların yerinə hansı sözləri gətirməliydi? Amma ingilislər 120.000-dən çox sözlərin hər birini ingilis dilinin fonetik quruluşuna uyğun tələffüz etdiyi üçün, həmin bu sözləri ingilis sözləri kimi qəbul etmiş, dilin lüğət tərkibində olan oturuşmuş sözlər kimi mənimsəmişlər. Bu mənada Azərbaycan dilinin lüğət tərkibində olan oturuşmuş sözlərin lüğət tərkibindən çıxarılması barədə yollar axtarmağa, bu barədə düşünməyə heç bir ehtiyac yoxdur. Dünyanın hər bir dilində oturuşmuş sözlərə lüğət tərkibində vətəndaşlıq hüququ qazanmış sözlər kimi baxmaq lazımdır. Məhz bu məntiqlə yanaşdıqda görürük ki, bəzən dilin tətbiqi məsələləri ilə dilin lüğət tərkibinə daxil olmuş oturuşmuş sözlərin taleyini bir-biri ilə qarışdıranlar da vardır. Belə ki, dilin lüğət tərkibində alınma olan oturuşmuş sözlərə “meydan verməyək” deyənlər məsələyə birtərəfli yanaşırlar. Onlar dilin tətbiqi imkanlarını həm də düzgün tətbiqi imkanlarını nəzərə almır, yalnız və yalnız təbii şəkildə lüğət tərkibinə daxil olan sözlərə sədd çəkməklə dilin taleyini həll etmək istəyirlər. Halbuki əsas məsələ dilin lüğət tərkibindəki sözləri düzgün tətbiq etmək, işlətmək, məhz dilin qayda-qanunlarına əməl edərək işlətmək vacib və əhəmiyyətlidir. Odur ki, mədəni tələblərə uyğun danışmaq, nitq mədəniyyətinin tələblərinə uyğun danışmaq mədəni olmağın ən ümdə göstəricilərindən biridir. Bu mədəni göstəricilərə əməl etmək bir yanda qalır, bəzən lüğət tərkibinə daxil olan sözlərə qarşı sədd çəkmək kampaniyası başlayır. Bununla da dilin lüğət tərkibinin açarını bağlamaqla dilin mədəni imkanlarından özlərini uzaqlaşdırırlar. Ancaq dilin lüğət tərkibinin açarını açmağı bacaranlar dil mədəniyyəti baxımından başqalarından fərqlənir, nitq mədəniyyəti baxımından yüksək səviyyələrini nümayiş etdirə bilirlər. Belələri həm də söz sahibi ola bilirlər.


Hər bir kəs ilk növbədə dünya mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə bələdçiliyi dil vasitəsilə əldə edir. Yəni dünya mədəniyyətinə bələdçiliyin sirri ilk olaraq dildən keçir. Doğma ana dili vasitəsilə dünyanı və onun yaratdığı mədəniyyətləri öyrənirik. Doğma ana dilinin lüğət tərkibi nə qədər zəngin olarsa, bir o qədər dünya mədəniyyətinin incəliklərini öyrənə bilərik. Dili mədəniyyət dilinə çevirmək üçün onun zənginliklərini və zəngin imkanlarını hərəkətə gətirmək lazımdır. Bu gün dünyanın beynəlxalq dilləri bu statusu ilə fərqlənir, ona görə ki, onlar zəngin mədəniyyət dili kimi özlərini təsdiq edirlər. İstənilən bir dili mədəniyyət dilinə, o cümlədən zəngin mədəniyyət dilinə çevirmək üçün lüğət tərkibinə təbii şəkildə daxil olan alınma sözlərin qarşısını kəsmək olmaz, həmin sözlərin qapısını bağlamaq fayda verməz.


Dilin lüğət tərkibinin zənginliyi imkan verir ki, həmin dil elm, ədəbiyyat, siyasət, təhsil, maliyyə, ordu və s. dili ola bilsin. Ona görə də lüğət tərkibinin qapısına süni bir yolla açar vurmaq dilin bütün imkanlarını əlindən almaqdan başqa bir şey deyildir. Dilin lüğət tərkibinə təbii şəkildə daxil olan sözlərə sədd çəkmək həmin dilin elm, ədəbiyyat, siyasət, təhsil, maliyyət, ordu və s. dili kimi formalaşmasına maneçilik göstərməkdir.


Dilin lüğət tərkibinə alınma sözlərin daxil olması həm də dilin zövqü ilə bağlıdır. Belə ki, dil zövqünə uyğun olmayan sözü almaz, əgər almışsa zövqünə uyğun deyilsə, aldığı sözü işlətməz və ona vətəndaşlıq hüququ verməz. Məsələn, fars mənşəli gül sözünü dilimiz almış və ona bir zəriflik, incəlik qataraq işlətmişdir. Mənası hər bir kəsə aydın olan bu sözün mənşəyi barədə düşünmək coxlarının ağılına gəlmir. Ancaq mütəxəssislər gül sözünün mənşəyindən bəhs edirlər. Ona görə bəhs edirlər ki, bu, mütəxəssislərin birbaşa işidir. Digərləri isə bu sözü sadəcə olaraq işlədir və Azərbaycan dilinin səs quruluşu ilə ona gözəllik verirlər. Azərbaycan dili və bu dilin zövqü gül sözünü o qədər doğmalaşdırır ki, nəticədə ondan yeni-yeni sözlər yaradır, qadın və hətta kişi adlarında simvollaşır. Məsələn, qadın adlarında: Gülay (Gül və ay sözlərindən yaranmışdır), Gülayə (Gül nişanəsi, çiçək əlaməti), Gülbacı (Gül və bacı sözlərindən yaranmışdır), Gülbadam (Gül və badam sözlərindən yaranmışdır), Gülbahar (Gül və bahar sözlərindən yaranmışdır), Gülbala (Gül və bala sözlərindən yaranmışdır), Gülbanu (Gül və banu//xanım sözlərindən yaranmışdır), Gülbəniz (Gül və bəniz sözlərindən yaranmışdır, gül üzlü, gül yanaqlı mənasındadır), Gülbənövşə (Gül və bənövşə sözlərindən yaranmışdır), Gülbəs (“Qız bəsdir, qız lazım deyil!” mənasındadır), Gülbəstə (“Gülü bağlamaq” mənasını verən bu ad daha qız istəməyəndə qoyulur), Gülbəsti (oğlan istəyi ilə qoyulan addır), Gülbəyaz (ağ gül, ağ çiçək), Gülbəyim (Gül və bəyim sözlərindən yaranıbdır), Gülbibi (Gül və bibi sözlərindən yaranıbdır), Gülbikə (Gül və bikə sözlərindən yaranıbdır), Gülbudaq (Gül və budaq sözlərindən yaranıbdır), Gülbuta (Gül və buta sözlərindən yaranıbdır), Gülcahan (Gül və cahan sözlərindən yaranmışdır), Gülcamal (Gül və camal sözlərindən yaranmışdır), Gülcan (tər bədənli, canı gül kimi olan, xoşagələn, sevimli), Gülcənnət (Cənnət bağının gülü), Gülçəmən (çəmən çiçəyi, gülü), Gülçiçək (“Gül” və “çiçək” sözlərinin birləşməsindən yaranmışdır), Gülçin (Gül toplayan, gül dərən, seçilmiş, seçmə, ən yaxşı), Gülçöhrə (Gülüzlü, üzü gül kimi lətif, qəşəng), Güldəm (Gül nəfəsli, gül zamanı), Güldəstə (Gül topası, gül dəstəsi, çiçək dəməti; türk musiqisində bir muğamın adı), Gülən (Təbəssümlü, gülər adam, həmişə gülən), Gülər (Üzügülər, gülən, gülümsəyən, mehriban, şən), Güləsər (Gül kimi əsər, gül kimi əmələ və ya meydana gətirilən hər hansı bir şey; başqa sözlə, övlad, qəşəng uşaq), Gülxanım (Gül və xanım sözlərindən yaranmışdır), Gülxar (Tikanlı gül, tikanlı çiçək; zəlil gül, yazıq çiçək; gül yeyən), Gülxara (Tikanlı gül; İpək parça növü, baş örtüyü üzərində naxışlar olan bir cür parça), Gülxatın (Gül kimi qadın), Gülxoş (Xoş təsir bağışlayan gül, gözəl çiçək), Gülqədəm (Gül yerişli. Əslində ayaqları gül kimi olan deməkdir), Gülqız (Gülə bənzər qız, çiçək kimi qız, gözəl qız), Gülqonça (“Gül” və “qönçə” sözlərindən yaranmışdır, qızılgülün qönçəsi), Güllər (“Gül”ün cəmi), Güllü (Gülə bəzənmiş, gül-çiçəkli; üzərində gül biçimində naxışları olan; çoxlu gül olan, gül bitən (yer), çiçəkli), Güllübəyim (Güllü və bəyim sözlərindən yaranmışdır), Güllüxanım (Güllü və xanım sözlərindən yaranmışdır), Gülmayə (Mayası güldən olan, gül mayalı, gül əsilli, gül maddəli), Gülməxmər (Üzərində iri gülləri olan nazik ipək parça), Gülmirə (Gül və mir sözlərindən yaranmışdır), Gülnar (Nar çiçəyi, nar ağacının gülü, nar gülü rəngində), Gülnarə (Gül və nar sözlərindən yaranmışdır), Gülnaz (Nazlı gül, işvəli gözəl), Gülnigar (Gül və Nigar sözlərindən yaranmışdır), Gülnisə (Gül və Nisə sözlərindən yaranmışdır), Gülnişan (Gül və nişan sözlərindən yaranmışdır), Gülpər (Gül qanadlı, gül kimi tükləri, saçı olan), Gülpəri (Gül kimi, çiçək kimi gözəl qız; Gül və Pəri sözlərindən yaranmışdır), Gülreyhan (Reyhanın gülü, çiçəyi), Gülsabah (Səhər gülü, səhər açılıb axşam yumulan dekorativ gül), Gülsara (Saf gül, xalis gül), Gülsel (Çoxlu gül, çiçək seli; gül kimi, gülə bənzər; gülə aid olan), Gülsevən (Gülə aşiq olan, gülə vurulan, çiçəyi çox istəyən), Gülsevər (Gülü çox istəyən, gülə aid olan, çox çiçək sevən adam), Gülsevil (Gül və Sevil sözlərindən yaranmışdır), Gülsevin (Gülüb şənlənmə, gülüb oynama, şən və şad olma), Gülsədəf (Gül və Sədəf sözlərindən yaranmışdır), Gülsəpa (Gül kimi saf, çiçək kimi təmiz, xalis; səfa gülü, səadət gülü), Gülsənəm (Gül və Sənəm sözlərindən yaranmışdır), Gülsər (Baş gül, əsas gül; həyatı gül kimi olan, gülcanlı), Gülsoltan (Gül və Soltan sözlərindən yaranmışdır), Gülsu (Gül və su sözlərindən yaranmışdır), Gülsüm (Yuvarlaq üzlü, yumru üzlü gözəl; iri üzlü, yekə üzlü), Gülsün (Həmişə şən, xoşbəxt, bəxtəvər, üzügülər olmasını arzulayan ata-analar tərəfindən qoyulan ad), Gülşah (“Gül” və “şax” (budaq) sözlərindən yaranmışdır, gül budağı deməkdir), Gülşəkər (Şəkərli gül suyu ilə hazırlanmış şirniyyat; gül şirniyyatı), Gülşən (Güllük, çiçəklik, gül-çiçək çox olan yer), Gültamam (“Gül” daha bəsdir!”, “Qız daha istəmirik!” anlamındadır. Oğlan istəyi ilə bağlı yaranan addır), Gültək (Yeganə gül, nadir gül; gül və çiçək kimi), Gültəkin ( Gül kimi, gülə bənzər, çiçəyə oxşar), Gültən (Gül kimi, gülə bənzər, gülbədənli, güləndamlı), Gültər (Təzə gül, yeni açılmış gül, tər çiçək, Təzəgül və Tərgül adlarının tərsi), Gülü (“Gül” ilə başlayan adların nəvaziş bildirəni), Gülümsər (Üzü həmişə gülən, gülümsəyən, gülən, təbəssümlü), Gülüstan (Güllük, çiçəklik, gül bağçası) və s. Göründüyü kimi “gül” sözü ilə bağlı xeyli sayda qadın adları yaranışdır. “Gül” sözü fars mənşəli olsa da, Azərbaycan dili onu o qədər özəlləşdirmişdir ki, yeni-yeni adların yaranmasında təməl rolunu oynamış, zərif, incə qadın adlarını yaradan sözə çevrilmişdir. Hətta bu zəriflik, lətiflik, gözəllik o qədər dildə simvollaşmışdır ki, nəticədə “gül” sözü kişi adlarının yaranmasına da səbəb olmuşdur. Bu mənada Gülağa (Gül kimi ağa), Gülalı (Gül və Alı sözlərindən yaranmışdır), Gülbaxış (Hədiyyə olunmuş gül), Gülheybət (Qorxulu gül, hörmətli, izzətli gül), Gülmərdan (Gül kimi kişi), Gülməşəkər (Gül mürəbbəsi, şəkərli gül), Gülman (Gül kimi oğlan), Gülmurad (Gül kimi Murad), Gülümsər (gülümsəyən) və s.


Ardı var...

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...