Modern.az

XİN-dən Norveçin Bakıdakı səfirliyini bağlamaq qərarına REAKSİYA: “Təəssüf doğurur”

XİN-dən Norveçin Bakıdakı səfirliyini bağlamaq qərarına REAKSİYA: “Təəssüf doğurur”

10 Noyabr 2018, 14:31

“Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin bu Norveç hökumətinin qərarıdır. Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir”.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən daxil olan bəyanatda bildirilib.

 

Qeyd olunub ki, Norveçin ən iri enerji şirkəti olan Equinor (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən olub. Və “Əsrin müqaviləsi”nin iştirakçısı olub.

 

“Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəllifi - Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib”-deyə bildirilib.

XİN qeyd edib ki, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir.

 

“Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil”.

 

Xatırladaq ki, Norveç Bakıdakı səfirliyini bağlamağı, əvəzində Gürcüstanda səfirlik açmağı qərara alıb. Bu haqda Norveç XİN məlumat yayıb.

 

“Gürcüstan bizim Cənubi Qafqazda başlıca tərəfdaşımızdır. İllər ərzində islahatların nəticəsi olaraq ölkə Avropa və Avratlantika strukturları ilə yaxınlaşıb. Tbilisidə daimi nümayəndəlik bizə bütün regiondakı hadisələri daha yaxşı izləməyə imkan verəcək”-Norveçin xarici işlər naziri İne Mari Eriksen Soreyde bildirib. Nazirin bu bəyanatına Gürcüstan KİV-ləri yer verir.

 

Bununla bərabər Norveç XİN bildirir ki, bu ölkə Azərbaycanda səfirliyini bağlamaq qərarına gəlib.

 

Azərbaycanla Norveç arasında əlaqələrə isə Türkiyənin Bakıdakı səfirliyi məsul olacaq. Habelə Bakıda Norveçin baş konsulluğu açılacaq. Bütün bu dəyişikliklər 2019-cu ildə baş tutacaq. Norveçin Bakıdakı səfirliyini bağlamaq qərarının səbəbləri açıqlanmır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir