Modern.az

Azərbaycanda makulaturanı kim, necə toplayır...

Azərbaycanda makulaturanı kim, necə toplayır...

İqtisadiyyat

12 Noyabr 2018, 08:35

Hazırda kağız dünyada insanlar tərəfindən ən çox istifadə olunan sənaye məhsullarından biridir. Kağız və ondan hazırlanan məhsullar insanların gündəlik həyatında olduqca önəmli yerə sahibdir. Xüsusilə, elm və təhsil ocaqlarında, nəşriyyatlarda, mətbuat orqanlarda, həmçinin yüngül və yeyinti sənayesində kağız və ondan hazırlanan məhsullara böyük ehtiyac var. Ümumi hesablamalara görə, 1 ton ofis kağızının istehsalı üçün 17 şam ağacı kəsilməlidir. İstifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, habelə böyük meşələrin xilasını mümkün edə bilər. Bu, ətraf mühitin mühafizəsi və təbii sərvətlərimizə qənaət deməkdir.

İstifadə olunmuş kağızın yenidən istehsalı makulatura adlanır. Son onilliklərdə bütün dünyada makulatura sahəsi inkişaf etdirilir və yeni müəssisələr, kağızın təkrar emalı ilə məşğul olan kombinatlar yaradılır. Ölkəmizdə isə 2011-ci ildən etibarən H.Z. Tağıyev qəsəbəsində yerləşən Azərsun Sənaye Parkı ərazisində ilk makulatura müəssisəsi qurulmağa başlayıb. 2013-cü  ildən etibarən istehsalata başlayan Təkrar Kağız Emalı Fabriki bu sahədə ilk və hələlik yeganə müəssisədir. Fabrikdə ölkənin bütün bölgələrindən toplanmış tullantı kağızlarına “nəfəs” verilərək, yenidən kağız halına salınır. Beləliklə, qeyd etdiyimiz kimi bir ton istifadə olunmuş kağızın yenidən istehsal edilməsi 17 ağacın xilas olmasına imkan yaradır. Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC-nin illik istehsal gücü 50 000 tondur. Respublikamızın bölgələri və Bakı şəhərində 100-ə yaxın kağız toplama mərkəzi olan kağız emalı müəssisəsi 3000 tondan çox makulatura toplayaraq, yenidən istehsala verir.

“Azərsun” Holdinqdən müəssisənin fəaliyyəti haqqında Modern.az-a bildirilib ki, departament hazırda demək olar, bütün dövlət orqanları - Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mərkəzi Bank, ASAN Xidmət, Miqrasiya Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Daxili Təhlükəsizlik Xidməti, universitetlər, rayon təhsil mərkəzləri və s. müəssisələr ilə sıx əməkdaşlıq çərçivəsində çalışır:

“Həmçinin, SOCAR, BP, “Azərimya” İB, Beynəlxalq Bank, Azercell, Bakcell və s. şirkətlər, xarici dövlətlərin ölkəmizdəki səfirlikləri ilə birlikdə maarifləndirmə tədbirləri təşkil edilir. Gənc nəsildə təkrar istehsal şüurunun formalaşdırılması üçün təhsil ocaqlarında şagird və tələbələrlə görüşlər keçirilir. Gənclərə, şagird və tələbələrə təkrar istehsal anlayışı, onun əhəmiyyəti, müasir dünyamızda rolu haqqında tədrislər verilir.

Kağızın istifadəsi geniş yayılan müəssisələrdə müvafiq qutular yerləşdirir, mütəmadi olaraq onlardan makulatura alırıq. Bundan əlavə, fərdi şəkildə müraciət edən istifadə olunmuş kağız məmulatlarını təkrar emal üçün kombinata gətirən vətəndaşlar da var. Son bir neçə ildə görülən işlər sübut edir ki, əhali kağızın yenidən emalına, ağacların, meşə örtüyünün qorunmasına maraq göstərir. “ASAN Xidmət”in də “Azərsun” Holdinqlə bu sahədə əməkdaşlıq etməsi makulatura yığımının daha da artmasına şərait yaradır. Hətta kağız tullantıların atılması üçün quraşdırılan qutuların sayı o qədər çoxdur ki, kombinat makulaturanın yığılmasına qüvvə çatdıra bilmir. Aylıq olaraq, 3500 tondan çox istifadə olunmuş kağız təkrar emal kombinatına yığılır. Müəssisənin aylıq istehsal gücü isə 4500 tondur. Ümumi qiymətləndirdikdə, makulatura - kağızın yenidən istehsalı sahəsində son dövrki fəaliyyət qənaətbəxş hesab oluna bilər”.


Kağızın Təkrar Emalı Kombinatının xammalla təmin olunması istiqamətində “Azərsun” Holdinq İDEA İctimai Birliyi və “ASAN XİDMƏT” agentliyi ilə birgə müxtəlif sosial layihələr həyata keçirir. Xüsusilə, ötən il fevralın 23-dən etibarən IDEA İctimai Birliyi tullantıların idarə olunması proqramı çərçivəsində Azərbaycan Təhsil Nazirliyi və “Azərsun” şirkəti ilə birgə kağız və plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş yeni layihəyə start verib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Aysel Muradovanın sözlərinə görə, layihə başlandığı vaxtdan etibarən, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb:

“Layihənin icrasına ali və orta təhsil müəssisələrindən başlasaq da, hazırda dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları, eləcə də fiziki şəxslər ətraf mühitin mühafizəsi naminə layihəmizə qoşulublar. Həm layihədə iştirak edən təhsil müəssisələrinin, həm də tərəfimizdən paylanılan konteynerlərin sayı artırılıb. 200 konteynerlə sözügedən layihə start götürsə də, hazırda təhsil müəssisələrinə paylanılmış çeşidləmə qutularının sayı 1000-dən çoxdur. Plastik və kağız tullantılar üçün çeşidləmə qutularının paylanmasını indi də davam etdiririk. İstənilən qurum ətraf mühitin mühafizəsi naminə tullantıların idarə edilməsinə işinə dəstək olmaq üçün bizə müraciət edərək layihəmizə qoşulmaq istəsə, böyük məmnuniyyətlə, onlarla əməkdaşlıq edib, çeşidləmə qutularımızla təmin etməyə hazırıq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir