Modern.az

CVN telekanalının rəhbəri Ulvira Qarayeva: “Bu xəyanət bağışlanmaz” - MÜSAHİBƏ

CVN telekanalının rəhbəri Ulvira Qarayeva: “Bu xəyanət bağışlanmaz” - MÜSAHİBƏ

Media

21 Noyabr 2018, 16:44

Bu gün tanınmış teleaparıcı, CVN internet televiziyasının (“Cavan” TV) baş prodüssor Ulvira Qarayevanın doğum günüdür. Ömrünün 45 ilini geridə qoyan xanım jurnalist təəssüratlarını Modern.az saytının “Bizimkilər” rubrikası ilə bölüşüb.

- Ulvira xanım, doğum gününüzü təbrik edirik. Jurnalistikada özünüzün indiyə qədərki fəaliyyətiniz, uğurlarınız haqqında nə deyə bilərsiniz?

- Əslində hesab edirəm ki, mən jurnalistikada hələ çox şeyi qazanmamışam. Dünya ilə müqayisə etdikdə hələ qazana biləcəyim çox uğurlar qalıb. Mən sadəcə, Azərbaycanda tanınmışam. Ciddi, əhəmiyyətli verilişlər hazırlasam da, daha çox şıltaq, əyləncəli verilişlərlə tamaşaçıların yadında qalmışam. Hələ də böyük uğurlar qazana bildiyimi düşünmürəm.

- Gənc bir telekanalın sahibisiniz. Bu, sizin məsuliyyətinizi artırırmı?

- Əlbəttə. Bacardığım qədər “Cavan” televiziyasının inkişafına çalışıram.

- Bəs hazırda həyata keçirmək istədiyiniz planlarınız nələrdir?

- Ən başlıca planım gənclərlə intensiv işləməkdir. Çünki mən gənclərlə daim işlədikcə, onlara həm öyrədirəm, həm də onlardan yeni çox şeyi öyrənirəm. Bilmədiyim, indiyə qədər xəbərim olmayan informasiyaları gənclərdən alıram. Ona görə, düşünürəm ki, CVN-in gələcəyi parlaqdır. İstedadlı, savadlı müxbirlərimizin, teleaparıcılarımızın sayəsində bütün bunlar mümkün olacaq.

- Hər kəsin həyatda itirdiyi nələrsə olur. Sizin itirdiyiniz, bundan peşmanlıq duyduğunuz nələr var?

- Həyatda qazandıqlarım da, itirdiklərim də olub. Qazandıqlarımı sadaladıq – jurnalistikada tanınmağım, aparıcı kimi Azərbaycanda məşhurluq qazana bilməyimdir. Əslində bunlar təkcə mənim zəhmətim deyil. Mənə yaxından kömək olan insanların əməyini də qeyd edə bilərəm. İşlərimə bir çox insanlar sərmayə qoyub, maddi və mənəvi dəstək olublar ki, mən də uğurlar qazana bilmişəm. Bunu heç zaman unuda bilmirəm.

Bütün gücünü iş həyatına qoyan qadının itirdikləri isə sözsüz ki, şəxsi həyatı olur. Qərar qəbul edən bir xanım olanda şəxsi həyatında problemlər olur. Qeyd etdiyim kimi, itirdiyim də budur.

- Şəxsi həyatınızdakı problemləri aradan qaldırmaq üçün işdən uzaqlaşmağı düşünmüsünüzmü?

- Heç vaxt düşünməmişəm. İş elə bir şeydir ki, xəyanət sevmir. Hər kəs, hər şey xəyanəti bağışlayar, iş isə bağışlamır. Bir müddət işdən kənar qaldınsa, toparlaya bilmirsən. Avtomatın darağının içərisindəki güllələrin sırasına qayıtmaq çox çətin olur. Ona görə, işinə xəyanət etmək olmaz.

- CVN-in gələcək inkişafı üçün məqsədləriniz nələrdir?

- Hazırda demək olar, bütün informasiya sistemi  internet, sosial şəbəkələr üzərində qurulur. İnsanlar onlayn mediadan geniş istifadə edir. İndi o dövrdür ki, tanınmış aparıcılar efirdə deyirlər: “Youtube izləməmiz bu qədər olub”. Görünür ki, televiziya reytinqi hesablanmır və internet üzərindən izlənmə daha çox önəmlidir, hətta əsl reytinqin göstəricisidir. Ona görə, biz də də gücümüzü sosial şəbəkələr üzərində yayılmağa, bu “meydana” daha çox inteqrasiya etməyə çalışacağıq. Öz yerimizi məhz burda tutmağımız çox önəmlidir. Ən önəmlisi gəncləri işıqlandıran, onların düşüncə və planlarını üzə çıxaran, cavanlara yardım edən telekanalın olmasıdır. Belə TV-nin tərkibində olmaq bizim üçün şərəf və zövqdür.

- Hazırda bu işinizdə çətinlikləriniz, narazılıqlarınız varmı?

- Əlbəttə. Bütün işlərdə çətinliklər, narahatlıqlar olur. Biz bu problemləri addımbaaddım aradan qaldırır, qarşımıza çıxan çətinlikləri elə anındaca dəf etməyə çalışırıq. Amma elə böyük narazılığımız yoxdur.

- Son olaraq, xüsusi qeyd etmək, çatdırmaq istədiyiniz fikirləriniz varmı?

- Mən istərdim ki, tamaşaçılarımız zövqlü olsun. Kübarlığı və zövqü kimliyindən asılı olmayaraq, hər kəs özündə formalaşdırsın. Çünki çox zaman müşahidə edirik, fiziki güc bir sıra məqamlarda önə çıxır. Azərbaycan kimi gözəl bir ölkə üçün bu yolverilməz məsələdir. Bizim dəyərlərimiz də intellektin, ağlın və kübarlığın önə çıxmasına imkan yaradır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi