Modern.az

Bizimkilər - “Sputnik Azərbaycan”ın iddialı müxbiri: “40 yaşdan sonra jurnalist işləyə bilmərəm” - FOTOLAR

Bizimkilər - “Sputnik Azərbaycan”ın iddialı müxbiri: “40 yaşdan sonra jurnalist işləyə bilmərəm” - FOTOLAR

Media

22 Noyabr 2018, 15:46

Modern.az-da “Bizimkilər” rubrikasına davam edirik.  Saytımızın bu rubrikasında özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı “Sputnik Azərbaycan” agentliyinin müxbiri Təranə Xudabaxşiyevadır.

Təranə Xudabaxşiyeva 2 noyabr 1988-ci ildə Bakıda anadan olub. 1995-2006-cı illərdə Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin muzey işi və abidələrin mühafizəsi  ixtisasına daxil olub. 2010-cu ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 2011-ci ildə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinə daxil olub. 2013-cü ildə həmin universiteti də bitirib. Hazırda Mədəniyyət və İncəsənət universitetində Muzeyşünaslıq ixtisası üzrə magistr təhsil alır. 

O, həm də idmançıdır.

2006-cı ildən taekvondo ilə "Neftçi İSM"də məşğul olmağa başlayıb. İdmançı karyerasına çox gec - 18 yaşında başlamasına baxmayaraq, artıq 1 il sonra Azərbaycan çempionatında 2-ci yeri tutub. Zədəsi ilə bağlı olaraq, 2010-cu ildə peşəkar idmançı karyerasını başa vurub və taekvondo hakimi kimi fəaliyyətə başlayıb. Hazırda da bu sahədə fəaliyyət göstərir. 2011, 2012, 2013-cü illərdə Azərbaycan çempionatının hakimi, 2011, 2012-ci illərdə "Azərbaycan Open" beynəlxalq yarışların hakimi olub. Bundan əlavə, ölkə ərazisində keçirilən bir çox yarışları hakim kimi idarə edib. Məsələn, "Göyçay Open", "Tovuz Open", "Lənkəran Open" və s. Eynilə 2012, 2013-cü illərdə Bakı çempionatını da idarə edib.


2011-ci ildən idman jurnalistidir. Avropa.az internet radiosunda bir çox verilişin aparıcısı olub. Bir çox saytlarda köşələrilə idman mediasında məşhurlaşıb. Hazırda “Sputnik Azərbaycan” Xəbər Agentliyində işləyir. Ailəlidir, 1 övladı var.

 


- Sizi jurnalistikaya gətirən səbəb nədir? Necə oldu ki, jurnalist olmaq qərarına gəldiniz?

 

- Jurnalistikaya radio ilə başladım. Radio məni bu sehrli aləmə gətirdi. Sehrli aləmdə olmağım mənə yollar açırdı. Təbii ki, ilk olaraq aparıcılıqla başlamışdım. Bu aparıcılıq dövrümdə müxtəlif sahələrdən də yazırdım. Həmin müddət ərzində mən öz yolumu seçməliyidim, illərlə məşğul olduğum idman məni bu sahəyə daha çox çəkdi. Çünki bu sahənin içini, özəyini bilirdim, idmançıları daha çox anlaya bilirdim. Bu da jurnalist üçün daha bir üstünlükdür. Bunları nəzərə alaraq mən jurnalistikada idmanı seçdim. Hazırda tək idmandan deyil, digər sahələrdən də yazıram.  Tək idmanla kifayətlənmirəm, sosial sahədə olan kifayət qədər yazılarımla oxucularımın görüşünə gəlirəm. Xüsusilə gündəm olan mövzulardan söhbət gedir.

 

- Bu günə qədər xeyli yerdə çalışmısınız. Çalışdığınız yerlərdən sizin üçün ən unudulmazı hansı olub?

- Əvvəllər “Avropa” radiosunda işləmişik ki, bu radio mənim birbaşa olaraq jurnalistikaya gəlməmdə böyük rol oynayıb. Orada kifayət qədər həm yazılar, həm də verilişlər gedir ki, bu mənim üçün önəmli bir yol idi. Bir neçə il orada işlədim, daha sonra “Sputnik Azərbaycan”a keçdim. Düzdür, bir çox saytlarda mənim hekayələrim, köşə yazılarım, məqalələrim gedib, amma rəsmi iş yerim bu ikisi olub. Düşünürəm ki, hər bir iş yeri insanın həyatında müəyyən qədər iz qoyur. Mən deyə bilmərəm ki, yalnız bir yer mənim üçün önəmlidir. Çünki işlədiyim yerlərin hamısının mənim həyatımda önəmli yeri var, silinməz, daimi iz qoyublar. İnsan keçmişini unudursa, onun gələcəyindən danışmaq mümkün deyil. Mən keçmişimi unutmuram. Bütün iş yerlərim və iş yoldaşlarım mənim üçün dəyərlidir.


- Həm hakimsiniz, həm də jurnalist, hansı daha asandır?

- Asan heç nə yoxdur. Heç bir peşə, sənət asan deyil. Kənardan kiməsə asan görünə bilər, amma işin içində olanlar bilir ki, əslində necə çətindir. O ki qaldı ki, mənim hakim və jurnalist olmağıma, hər ikisi məsuliyyətli işdir. Nəzərə alsaq ki, jurnalist dəqiq, məsuliyyətli olmalıdır, hər bir kəlməsinin yükünü hiss etməlidir. Eyni zamanda, bu, hakimə də aiddir. Hakim də verdiyi qərarın yükünü və məsuliyyətini hiss etməlidir. Nəzərə almalıdır ki, onun verəcəyi qərar kiminsə taleyinə təsir edə bilər. Düzgün qərarlar verməlidir, çünki ani bir səhv, diqqətsizlik istənilən bir idmançının karyerasına böyük zərbə vura bilər. Eyni zamanda,  jurnalistikada da yazılan hər bir yazı jurnalistin özünün, oxucularının və məqaləyə aidiyyəti olan insanların həyatında böyük rol oynayır. Düşünürəm ki, hər biri öz növbəsində önəmlidir və diqqət tələb edib.

 

- İdmandan yazırsınız. Azərbaycanda idman jurnalistlərinin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycanda idman jurnalistləri iki hissəyə bölünür: idman jurnalistləri və futbol jurnalistləri. Mən düşünürəm ki, Azərbaycanda futbol jurnalisti daha aktivdir, daha çox yazır və daha çox oxunur. Bunun səbəbi isə Azərbaycanda olan əhalinin və azarkeşlərin futbola olan marağının daha çox olmasıdır. Düşünürəm ki, bu, Azərbaycanın idmanı üçün böyük bir şeydi. Əslində bunun səbəbləri və dərin kökləri var. Bunları müzakirə etmək üçün çox vaxt lazımdır. Çünki çətindir və məsuliyyətli işdir. Azərbaycanda futbol jurnalisti daha çoxdur. Mən düşünürəm ki, digər sahələrdən də yazan idman jurnalistləri çox olmalıdır. Bu belə olanda idmanın digər sahələrinə də maraq artacaq. Amma bu gün medianın məqsədi və mətbu  orqanların daha çox İP-ə baxması, oxucuların daha çox nə istəməsi idman jurnalistikasında futbola daha çox yer verməyə səbəb olur. Oxucular daha çox futbol oxuyur, bu daha çox İP gətirdiyi üçün mediada futbola daha çox yer verilir. Mən düşünürəm ki, zamanla idman jurnalistlərinin sayı azalacaq.

 

- Bəzən idman yarışları zamanı hakimlərin tərəf tutduğu iddia edilir. Ədalətli qərar vermək üçün nələrə diqqət etmək lazımdır?

 

- Ədalətli qərar vermək üçün vicdanlı olmaq lazımdır. Döyüs idarə edəndə qohumluq, tanışlıq, dostluq kimi münasibətlər unudulmalı, qarşıda sadəcə iki idmançı görmək lazımdır. Yox əgər şəxsi münasibətləri hakimliyə təsir edəcəksə, onda ədalət unudulacaq və nəticədə də problemlər ortaya çıxacaq. Hakim axı hər yarışın sonunda vicdani ilə üz-üzə qalır... O,  vicdana cavab verməlidir. Məni tanıyanlar bilir ki bu günə kimi ədalətli olmuşam. Mənim ixtiyarım yoxdur ki, hansısa idmançının taleyi ilə oynayım...

 


- Ailə həyatınızın işinizə hansısa təsiri olub?

- Ailə həyatı qadının karyerasını bir qədər ləngidə bilir. Xüsusilə uşaq varsa. Amma Allahın bu gözəl payına görə gecikməyə dəyər. Mənə bacım kömək edir və uşağa bacım baxdığı üçün işlərimi görə bilirəm. Amma yoldaşım da jurnalist olduğundan qadağa yox, əksinə, hər zaman mənə dəstək olub. Bir sözlə, müasir düşüncəli ailəyik. Düşünürəm ki, ən gözəl nemət də qadının gözəl ailəsinin olmasıdır.

 

- Nə zamansa jurnalistikadan getməyi düşünmüsünüz?

 

- Hələ ki jurnalistikadan getməyi düşünmürəm. “Sputnik Azərbaycan” kimi gözəl kollektivdə işlədiyim üçün şanslıyam. Düşünürəm ki, jurnalist kimi daha çox tanınıram. Çünki hakim kimi gec-gec döyüşləri idarə edirəm. Jurnalistika isə gündəlik həyatımı əhatə edir.

- Bu günə kimi hansı uğurlar əldə etmisiniz?

- Mən daim irəli getməyi düşünən, bir yerdə saymayan insanam. Bir uğur qazanandan bir gecə gün sonra artıq onu adi qəbul edirəm və daha da yüksək yerlərə qalxmağa çalışıram. Ona görə də qazandığım uğura adi baxıram. Azərbaycanı dünya İdman Jurnalistləri Assosiasiyasında təmsil etməyim, bir neçə dəfə ilin hakimi olmağım kimi işləri uğur saya bilərəm.

 

- Xaraktercə necə insansınız?

 

- Xaraktercə necə insan olduğumu yaxınlarımdan soruşsanız, daha yaxşı olar. Amma qısa deyim ki, tərs, öz bildiyini edən, iddialı, sadiq biriyəm. Hə, ən əsası kinliyəm.

 

- Jurnalistikada inkişaf etmək istəyirsiniz, yoxsa  idmanda?

 

- Əslində gələcək planlarda özümü PR sahəsində görürəm. Bu sahədə biliklərimi genişləndirirəm. Düsünürəm ki, yaxın illərdə PR menecer kimi fəaliyyətimi davam etdirəcəm. Çünki, jurnalistika dinamiklik və gəncliyi sevir, 40 yaşından sonra jurnalist işləyə bilmərəm deyə düşünürəm.

 


- İdmana 18 yaşında başlamısınız və kifayət qədər uğur qazanmısınız. İdmanda qadınların uğur qazanması asandı, yoxsa kişilərin?

 

- İdmanda zəhmət çəkən və məqsədinə doğru gedənlər uğur qazanır. Uğurlu idmançı çətinlikdən qorxmamalı və ən əsası, səbrli olmalıdır. Əks halda, uğur qazana bilməz. Amma qadınlarda rəqabət kişilərə nisbətən az olduğundan qadının uğur qazanma şansı çoxdur.

 

- Özünüzün tənqid edəcəyiniz hansısa cəhətiniz var?

- Kinli olmağım. Amma o kinlilik mənə bir çox uğur qazanmaqda kömək edib. İnsanların kiçik tənqidi mənə stimul verib və daha uğurlu iş ortaya qoymağa şərait yaradıb.

- Jurnalistika ilə bağlı həyata keçirmək istədiyiniz layihə varmı?

- Jurnalistika ilə bağlı yaxın günlərdə idman bloqları yazmağa başlayacam. Bunun da idmansevərlər üçün maraqlı olacağını düşünürəm.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır