Modern.az

34 məcburi köçkün şagirdin cəlb olunduğu fizika kursları yekunlaşdı - Foto

34 məcburi köçkün şagirdin cəlb olunduğu fizika kursları yekunlaşdı - Foto

Təhsil

21 Noyabr 2018, 18:43

“Kəlbəcər rayon 56 saylı tam orta məktəbin fizika fənninə maraq göstərən şagirdləri üçün təşkil olunan kurslar yekunlaşıb. İki ay davam edən kurslara 34 şagird cəlb edilib”. Bu fikirləri Modern.az-a layihə rəhbəri Gülsarə Həsənova bildirib.

 

Gülsarə Həsənovanın sözlərinə görə, Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində icra etdikləri layihə şagirdlər tərəfindən maraqla qarşılanıb: “Əslində Kəlbəcər rayon 56 saylı tam orta məktəbdə müasir təlim metodları ilə dərs tədris edilməsinə imkan verən Fizika kabinəsinin yaradılması layihəmizin əsas uğurlarından biridir. Kabinə proyektorla təmin olunduğundan hazırda dərslərimizin əksəriyyətində müasir informasiya kammunikasiya vasitələrindən istifadə edilir ki, bu da şagirdlərin keçirilən mövzuları daha aydın dərk etməsinə imkan verir. Bəlkə də bu səbəbdən idi ki, layihənin ikinci hissəsində fizikaya maraq göstərən istedadlı şagirdlər üçün “Gənc fiziklər” kursunun 30 nəfərlə davam etdirmək nəzərdə tutulsa da, müraciətlər bundan xeyli çox oldu. Sonda seçim əsasında kurslar hər birində 17 nəfər olmaqla (Cəmi 34 nəfər) iki qrupda davam etdirildi. Kursa cəlb edilən şagirdlərin hər biri layihə çərçivəsində əlavə dərs vəsaiti ilə təmin edildi. 34 nəfər şagirdin hər biri üçün test kitabçası, qələm və qeyd dəftəri alındı. Dərslər Kəlbəcər rayon 56 saylı tam orta məktəbin binasında həftədə 2 dəfə olmaqla 2 dərs saatı müddətində keçirildi. Kursların tədrisində müasir İnformasiya Kommunikasiya Vasitələrinin imkanlarında istifadə edildi. Kurs müddətində keçilən 44 dərsdə şagirdlər öyrəndikləri nəzəri bilikləri məsələlər və təcrübələr vasitəsi ilə möhkəmləndirmək imkanı da əldə etdilər. Eyni zamanda tədris olunan mövzularla bağlı təcrübələrin aparıldığı video şagirdlərə nümayiş etdirildi. Kursların sonunda iştirakçılar arasında bilik yarışı təşkil olundu. Müsabiqənin sonunda yüksək nəticə göstərən şagirdlərə məktəb rəhbərliyinin və layihə rəhbərinin imzası ilə sertifikat verildi”.

 

G.Həsənovanın sözlərinə görə, layihə bitsə də, kursların tədrisi davam etdiriləcək: “Layihənin davamlılığını təmin etmək üçün kursları tədris ilinin sonunadək davam etdirmək niyyətindəyik. Düşünürük ki, məktəbimizin maddi-texniki bazası paytaxt məktəbləri ilə müqayisədə zəif olsa da, kollektivin şagirdlərlə birlikdə göstərdiyi səylər uğurlu nəticə əldə etməyə imkan verəcək. Necə ki, ötən tədris ilində məktəbimizin XI sinfini bitirən 52 şagirddən 40 nəfəri respublikanın müxtəlif ali təhsil müəsissələrinə, 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə qəbul olundu. Məzunlardan ikisi 600-dən yuxarı  bal topladı. Əvvəlki tədris ilində isə 700 bal toplayaraq maksimum nəticə göstərən şagirdimiz olub. Bu ənənəni davam etdirmək üçün məktəb rəhbərliyi ilə birgə əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, Kəlbəcər rayon 56 saylı tam orta məktəbin fizika müəlliməsi Həsənova Gülsarə Tağı qızının  Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində icra etdiyi “Fizika kabinetinin qurulması və istedadlı uşaqlar üçün “gənc fiziklər” kursunun təşkili” layihəsi 5 ay müddətində həyata keçirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!