Modern.az

Azərbaycanın “Beyin mərkəzi” ekspertlərini niyə gizlədir?..  

Azərbaycanın “Beyin mərkəzi” ekspertlərini niyə gizlədir?..   

10 Dekabr 2018, 12:32

Son günlər Ermənistanda, İranda, Fransada siyasi gərginlik yaşanır. Azərbaycan mediasında bu hadisələri təhlil edən, şərh verən həmişəki kimi bir neçə nəfər siyasi ekspert gözə dəyir.

Sual olunur rəsmi qurum - Strateji Araşdırmalar Mərkəzi (SAM) mövcud ikən niyə bir neçə nəfər siyasi ekspert?!

Məgər dövlətdən maliyyələşən SAM-ın missiyasi həm də ölkədə, eləcə də, dünyada baş verən olayları dərhal analiz edən politoloq ordusunu cəmiyyətə təqdim etmək deyil?!

Əslində bizim düşündüyümüz məsələ reallıqla uzlaşmır. Çünki SAM eləcə qurum olaraq görünür.  Nədənsə Mərkəzin ekspertləti mətbuatda aktiv şəkildə çıxış etməkdən ehtiyatlanırlar. Sanki onlara hansısa qadağa qoyulub...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzunun aktuallığını nəzərə alaraq Modern.az-a açıqlamasında fikirlərini bölüşüb. Onun sözlərinə görə, artıq 6 ildir ki, onu da SAM-ın tədbirlərinə dəvət etmirlər.

“Əvvəllər heç  olmasa dəvət edirdilər. Sonradan  bütün toplantıları da qapalı keçirərək bəzi ekspertləri dəvət də etmirlər. SAM-da bir-iki şəxsi çıxmaq şərtilə yerdə qalanların nə işlə məşğul olduqları bilinmir. Cəmiyyətdə bu qədər hadisə baş verir və onların reaksiyası olmalıdır. Bunlar varmı?! İranda, Ermənistanda, Fransada ciddi hadisələr baş verir. Onlar bu hadisələrlə bağlı araşdırma aparmalı idilər. Bunların heç birini nə görürəm, nə də tanışam”.

Elxan Şahinoğlu bildirib ki, hər hansı açıqlamalarına görə xüsusi gəliri də yoxdur.

“Amma SAM-ın mütəxəssisləri dövlətdən əmək haqqı alırlar. Qurum olaraq dövlət büdcəsindən maliyyələşir, işçilərin sayı da çoxdur.  Ona görə də hadisələri təhlil etmək birbaşa onların  işləridir. Öz adıma deyirəm: baş verən hadisə ilə bağlı təhlil aparmaya da bilərəm. Çünki universitetdə dərs keçirəm. Amma bu iş onların faktiki vəzifəsidir. Statusları var”.

Siyasi ekspert Azərbaycanda fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzini dünya ilə müqayisə edərkən bəzi məqamları açıqlayıb:

“Dünya təcrübəsində tamamilə fərqlidir. Bu cür mərkəzlər “beyin mərkəzləri” kimi tanınır. Hökumətə, cəmiyyətə müəyyən fikirlər yönəldirlər, proqnozlar verirlər, hadisələri ciddi analiz edirlər. Akitvlik nümayiş etdirirlər, yazı yazırlar, analizlər aparırlar, siyasi tok-şoulara qatılırlar. Bu zaman cəmiyyət də məlumatlı olur. Türkiyədə, Rusiyada, Ukraynada politoloqlar çoxdur. Bizdə isə 5 ya da 6 nəfərdir. Əslində Strateji Araşdırmalar Mərkəzinə toplaşaraq, fikirlər müzakirə edilməlidir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi