Modern.az

Bir şəklin tarixçəsi - İlham Əliyevin 14 il əvvəl manşetlərə çıxan maraqlı AÇIQLAMASI  

Bir şəklin tarixçəsi - İlham Əliyevin 14 il əvvəl manşetlərə çıxan maraqlı AÇIQLAMASI   

24 Dekabr 2018, 08:39

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasındakı növbəti təqdimatı bu gün 57 yaşını qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevlə bağlıdır... İlham Əliyevin ilk dəfə prezident seçildiyi illər... Və jurnalistlərə maraqlı açıqlamalarından biri...

Zaman - 2004-cü il sentyabrın 2-si... Məkan - Naxçıvan Muxtar Respublikası...

İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk 1 ilinin tamam olmasına 1 ay qalır... 

Şəkli Modern.az-a o vaxt Prezident Administrasiyasında akreditə olunmuş və bölgələrə səfərlərdə ölkə başçısını müşayiət etmiş tanınmış jurnalist İlhamə Qasımlı şərh edib.


- O vaxt “525-ci qəzet”də işləməklə yanaşı, BBC və “Trend”lə də əməkdaşlıq edirdim. Prezidenti Naxçıvan səfərində müşayiət edən jurnalist qrupunda mən də vardım. Sentyabr ayı olmasına baxmayaraq, hava çox bərk istiydi və mən başıma kepka taxıb gəzirdim.

Prezident Naxçıvan Olimpiya Mərkəzinin açılışında iştirak etdi, müəyyən fikirlər söylədi və mən telefonla bu haqda təcili xəbər ötürməkçün bir kənara çəkildim. 2 dəqiqə olardı ki, telefonla danışırdım, bir də gördüm ölkə başçısı jurnalistlərə müsahibə verməyə başlayıb.

Telefonu tələsik söndürüb ora qaçdım. Ölkə başçısının ətrafı tutulduğundan, ona çox da yaxınlaşa bilmədim. Bu zaman Prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubov mənim durmağa yer tapmadığımı görüb kənara çəkildi və öz yerini mənə verdi. Nəticədə hamıdan sonra gəlməyimə baxmayaraq, mən Prezidentə ən yaxın məsafədə dayanmaq imkanı qazandım. Və fürsətdən istifadə edib dərhal da öz sualımı verdim. 

Bu proses o qədər sürətlə baş verdi ki, kepkanı cıxarmağı nəinki unutdum, hətta başımda kepka olduğu yadıma da düşmədi.


Yadımdadır ki, bu müsahibə zamanı prezidentə o vaxt səfir vəzifəsinə təyinat almış eks-xarici işlər naziri Həsən Həsənov və Milli Məclisin sabiq vitse-spikeri Tamerlan Qarayevlə bağlı sual vermişdim. Soruşmuşdum ki, diplomatik vəzifəyə siyasi təyinat cəmiyyətə hansı mesajı verir…

Mənim sualıma Prezident çox maraqlı cavab vermişdi – Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsini aradan götürmək istədiyini demişdi, milli barışığın gücləndirilməsindən bəhs etmişdi. Prezidentin məhz bu sözləri o vaxtkı mətbuatın manşetlərinə çıxarılmışdı.

Sual-cavab konkret olaraq aşağıdakı kimi idi:



SUAL:
- Cənab Prezident, bu günlərdə Siz dörd ölkəyə səfir təyin olunması ilə əlaqədar qərar qəbul etdiniz. Diplomatik vəzifəyə siyasi təyinat cəmiyyətə hansı mesajı verir? Bu barədə nə deyə bilərsiniz?

CAVAB: - Bu mənim səlahiyyətimdir və bilirsiniz ki, Prezident kimi bir neçə ölkədə səfirliklərin açılması ilə bağlı qərar qəbul etmişəm. Hesab edirəm ki, bu vacib qərardır, Azərbaycan dünyada daha fəal olmalı, öz mövqeyini müdafiə etməlidir. Bizim xaricdə nümayəndəliklərimizin sayı azdır, buna görə də 10-dan çox yeni səfirliyin açılması nəzərdə tutulmuşdur. O ki qaldı Həsən Həsənovun və Tamerlan Qarayevin səfir təyin edilməsinə, onların hər ikisi diplomatik fəaliyyətdə olublar. Həsən Həsənov uzun illər Azərbaycanın BMT-dəki nümayəndəsi olub, xarici işlər naziri vəzifəsində çalışıbdır. Onun böyük diplomatik təcrübəsi var və mən hesab edirəm ki, hər bir təcrübədən istifadə etmək lazımdır. Eyni zamanda, Tamerlan Qarayev də uzun illər Çində səfir işləyib və Azərbaycanı ləyaqətlə təmsil edibdir.
Mən seçkilərdən əvvəl və sonra demişdim ki, hər bir vətəndaş mənim üçün əzizdir. Mən keçmişlə bu günün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olubdur. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm onlar siyasi məhbusdur. Yox, mən öz fikrimdə qalıram və Avropa Şurasının nümayəndələrinə də demişdim ki, əfv etdiyim insanların bəziləri siyasi məhbus deyillər. Mən Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm.
Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və gərək bunu gücləndirək. Ona görə bu mənim təklifimdir ki, keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir. Əgər qarşı tərəf bunu eşidirsə, mən şadam, əgər eşitmirsə, günah qarşı tərəfdədir.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub