Modern.az

“Qarabağın Azərbaycanlı İcması”nın yeni sədri: “Yaxın gələcəkdə yeniliklərə şahid olacaqsınız”  

“Qarabağın Azərbaycanlı İcması”nın yeni sədri: “Yaxın gələcəkdə yeniliklərə şahid olacaqsınız”   

25 Dekabr 2018, 17:57

“Bir neçə gün öncə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinə yeni sədr və müavinlər seçilib. Bu barədə mətbuata da məlumat verilib. İdarə Heyətinin yeni üzvlərinin siyahısının açıqlanmaması isə bizim daxili işimizdir və texniki məsələlərdən irəli gəlir”.

Bunu Modern.az-ın "“Qarabağ İcması”nın İdarə Heyətinin yeni üzvlərinin siyahısı niyə açıqlanmır” sualına cavab olaraq qurumun yeni sədri Tural Gəncəliyev söyləyib.

T.Gəncəliyev qeyd edib ki, icmanın ümumilikdə 80 mindən çox üzvü var:


“İdarə Heyətinin üzvləri sırasında həmişə tanınmış ziyalılarımız olub, indi də belədir. Bizim qurultayın bəyanatında göstərildiyi kimi, sədr və müavinlər yeni seçilib, Dağlıq Qarabağdan qovulmuş bütün azərbaycanlılarsa bizim icmanın üzvləridir.

Yeni sədr və müavinlərin seçilməsində məqsəd qurumun yeni dönəmdə fəaliyyətinin canlandırılmasına, beynəlxalq aləmdə daha güclü mövqedən çıxış etməsina nail olmaq, işğal altındakı ərazilərimizə qayıtmaq əzmində olmağımızı bildirməkdir. Sadaladıqlarım İdarə Heyətinin üzvlərinin siyahısının açıqlanmamasından daha prioritet məsələlərdir. Bizim üçün daha önəmli şeylər var. Əsas qarşıya qoyulan məqsədlərə çatmaq üçün hamının vahid mövqedən çıxış etməsidir ki, yaxın gələcəkdə siz də bunun şahidi olacaqsınız. Xüsusilə internet üzərindən “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın fəaliyyətinin daha intensivləşdirilməsi, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması da fəaliyyətimizin əsas istiqamətlərindəndir”.

Yeni sədr qurultayda qəbul edilmiş qətnamənin müddəlarının hansı şəkildə reallaşacağı ilə bağlı da açıqlama verib:

“Gələn il üçün qarşımızda çoxistiqamətli fəaliyyət durur. Əsas mqəsədimiz “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın səsinin beynəlxalq aləmdə, beynəlxalq tədbirlərdə daha ucadan eşidilməsi, erməni təbliğatının ifşa edilməsi, onlara qarşılıq verilməsi, həmçinin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə bizim birgə yaşayışa, konstruktiv dialoqa hazır olduğumuzu bildirməkdir.

Biz dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, işğal olunmuş ərazilərimizə qayıtmağa, dağıdılmış, məhv olmuş tarixi, mədəni, dini abidələrimizin, evlərimizin bərpa edilməsinə, yenidən tikilməsinə hazırıq. İnşallah, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində, işğal olunmuş ərazilərimiz azad edildikdən sonra dərhal Azərbaycanlı İcma olaraq geri dönəcəyik, yenidən torpaqlarımıza sahib çıxacağıq. Bildirmək istəyirik ki, erməni icması ilə birgə əbədi sülh şəraitində yaşamağa hazırıq. Konstruktiv dialoq, təmasların qurulması bizim əsas məqsədimiz, amalımızdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi