Modern.az

Birinci-vitse prezident DTX-nın hərbi hissəsindəki bayram tədbirində - FOTOLAR

Birinci-vitse prezident DTX-nın hərbi hissəsindəki bayram tədbirində - FOTOLAR

31 Dekabr 2018, 23:26

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik edib, Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişaf edərək daha da qüdrətlənir.

Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğunu qeyd edən Xidmət rəisi dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyətinin, Silahlı Qüvvələrin hərbi-texniki potensialının durmadan möhkəmləndiyini, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına yüksəldiyini diqqətə çatdırıb. Mədət Quliyev Prezident İlham Əliyevi bir daha əmin edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ali Baş Komandanın hər bir əmr və göstərişlərini bundan sonra da yüksək peşəkarlıqla, əzmlə və dərhal yerinə yetirəcək.

Sonra DTX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı olub.

Sonda hərbi hissənin xidmətdə fərqlənmiş əsgərləri mükafatlandırılıb.

Həmçinin hərbi tədrisdə yüksək nəticələr əldə etmiş əsgərlərin valideynlərinə, o cümlədən əsgər Heydər Əliyevin valideyni birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı