Modern.az

Mənim kəndim - “4-cü sinifdə böyük şagirdlər mənə siqaret çəkdirdilər” - Deputatla maraqlı SÖHBƏT   

Mənim kəndim - “4-cü sinifdə böyük şagirdlər mənə siqaret çəkdirdilər” - Deputatla maraqlı SÖHBƏT   

8 Yanvar 2019, 08:42

Azər Badamov: “İndi ailə mühitində istilik, səmimiyyət azalıb”

Bizim uşaqlığımız həddindən artıq maraqlı, əyləncəli keçib. İndiki uşaqlar kimi elektron vasitələrimiz, internetimiz, virtual ünsiyyətimiz olmadığından əyləncəmizi, oyuncaqlarımızı da özümüz hazırlayırdıq. Kənd yeri köhnə adət-ənənələri, insanların səmimiyyəti, uşaqların mehribanlığı ilə seçilirdi. Bir yerə yığışıb, kəndin dağ-daşını qarı-qarış gəzən, maraqlı oyunlar fikirləşən, bütün gün qaçdı-qovduda olan uşaqlar idik...

Kənd həyatı üçün burnunun ucu göynəyən, Qusarın Düztahir kəndində keçən uşaqlığını xatirələrinin ən gözəli hesab edən deputat Azər Badamov Modern.az saytının “Mənim kəndim” layihəsinin budəfəki qonağıdır.


Qısaca məlumat verək ki, Azər Badamov 1968-ci ildə Qusar rayonunun Düztahir kəndində anadan olub. 5 uşaqlı ailənin ikinci övladı olan həmsöhbətimiz orta təhsilini 8-ci sinifə qədər kənd məktəbində, 9-10-cu siniflərdə isə Bakıda yerləşən kimya və biologiya təmayüllü 5 saylı internat məktəbində alıb. Milli Məclisin IV və V çağırış deputatıdır.

“Kənddə “Qəhrəman ana” olmaq üstündə yarış gedirdi”

- Kənd yerlərində o zamankı ailə mühiti daha səmimi formalaşırdı. Aydın məsələdir ki, evlər kiçik, ailə üzvləri çox olurdu. Bir evdə baba-nənə, ata-ana və bacı-qardaşlarlar birlikdə yaşayayırdıq. Balaca bir otaqda döşəkləri yaxın salıb, 5-6 nəfər yanbayan yatdığımız da olurdu. Səhər yeməyinə yığışanda evin böyükləri – baba, nənə, ata, ana və uşaqlar hamısı birlikdə süfrə arxasında əyləşərdi. Süfrə mədəniyyəti bizim vaxtımızda daha yaxşı idi. Ailənin bir-birinə mehribanlığı, böyüklərə hörmət aşılanırdı. Biz o süfrələrin ətrafında öyrənmişdik ki, böyüklərimiz daxil olanda mütləq ayağa durub, yer vermək, hörmət göstərmək, paylaşmaq lazımdır.


İndi cəmiyyət dəyişib, insanların maddi durumu da yaxşılaşıb. Ailələrdə uşaqlar sayca çox olmur. Əksəriyyət 1 və ya 2 övladla kifayətlənir. 3-cü övlad dünyaya gələndə artıq ailə çoxuşaqlı hesab olunur. Amma o zamanlar 8-10 bacı-qardaş olan ailələr belə çoxuşaqlı hesab olunmurdu. Kənddə əksəriyyət qadınlar çalışırdı ki, 12 uşaq dünyaya gətirib, “Qəhrəman ana” statusu alsın.  Belə bir yarışma var idi ailələrdə. Ona görə, ən az uşaqlı ailə 5 uşaqlı  olardı. Kənddə bizim ailəmiz də azuşaqlı ailə kimi xarakterizə edilirdi. Qohum-qonşularda isə dediyim kimi, 8-10 uşaqlı böyük ailələr var idi. Hamı mehriban şəkildə dolanırdı.


O zamalar insanların, xüsusilə, kəndlərdə yaşayan, təsərrüfatla məşğul olan ailələrin maddi imkanları aşağı olduğuna görə, hər uşağa ayrıca paltar alınmazdı. Kiçiklər böyüklərin paltarlarını geyinirdilər. Böyük uşaqlar üçün çox zaman yeni libaslar alınır, amma valideynlərimiz tapşırırdı ki, paltarları səliqə ilə geyinək. Axı bizdən kiçik qardaş-bacılarımız üçün də saxlamalı idik.

İndiki ailələrlə o zamankı ailələr arasında çox böyük fərq var. Ailə dəyərləri sanki arxa plana keçib. Evlər genişlənib, evlərin içərisindəki insanlar isə azalıb. Gün ərzində ailə üzvləri bir otaqda, bir süfrə arxasında əyləşirdilər, yataq otağına ancaq yatmağa gedirdilər. Amma indi hər kəs öz otağına çəkilib, telefonu, interneti ilə məşğul olur. Bütün bunlar ailə mühitində istiliyin, səmimiyyətin azalmasına gətirib çıxarır.


Hərəkətli uşaq oyunları...

- Uşaqlıqda “Ənzəli”, “Çilingağac”, “Qırxçubuq” və başqa “müharibə” oyunlarımız var idi. Qruplara bölünürdük, taxtadan düzəltdiyimiz avtomatlarla bir-birimizə “atəş açırdıq”, özümüz atəş səsləri də çıxarırdıq. O vaxtkı oyunlar biz uşaqlar arasında mehribanlıq, xoş ünsiyyət yaradırdı. Daim hərəkətdə olduğumuza görə, fiziki cəhətdən daha sağlam, aktiv böyümüşük. Ruhən, əqidəcə də sağlam olmuşuq.

Qusarda hava qışda soyuq keçdiyinə görə, göllərin üstü buz bağlayırdı. Biz ağacların iri, düz budaqlarını qırıb, həmin buzun üzərində xokkey oynayardıq. Xokkey diskini isə əsgər “batinka”sının dabanını kəsib, cilalayaraq hazırlayırdıq. 


8-ci sinifə qədər Qusar rayonunun Düztahir kənd məktəbində oxumuşam. Həmin illərim ömrümün unudulmaz səhifələridir. O vaxtlarda televiziya yenicə yayılmağa başlamışdı, kənddə çox az adamın evində televizor olardı. Amma bizim uşaq verilişlərimiz belə çox maraqlı idi. Çox zaman evində televizor olan dostlarımızın evinə yığışıb, “Cırtdan” kimi uşaq verilişlərinə, cizgi filmlərə baxardıq. Bütün işlərimizi, oyunlarımızı atıb, maraqla televizorun qarşısına düzülərdik.

“Ailədə böyük uşaq olmaq həm üstünlük, həm də məsuliyyət idi”

- Davalarımız çox olurdu, qardaş-bacılarımla. O zamanlar davalarımız da saf uşaqlıq çəkişmələrindən başqa bir şey deyildi. Kəndimizə Hindistan kinoları gəlirdi. Seansı 40 qəpikdən idi və biz uşaqlı-böyüklü, qocalı-cavanlı hamımız o kinoları səbirsizliklə gözləyirdik. Kinoların nümayiş edildiyi klubun qarşısında həmişə bilet növbəsi olurdu. Evdən çıxanda hərdən paltar tapmırdıq geyinməyə. Biz uşaqlar öz aramızda sanki yarışa girirdik. Kim ilk ayaqqabını, paltarı geyinə bilsə, tərpənirdi. Bir də baxırdın ki, qardaş-bacılar arasına mübahisə düşüb. Biri deyir, sən mənim qaloşumu geyinmisən, o biri deyir, filankəs köynəyimi geyindi qaçdı... Biz bu cür adi və saf uşaqlıq problemlərinə görə dalaşırdıq. Amma onu da deyim ki, həmişə böyük uşaqlar bir addım daha öndəydi. Məsuliyyətləri də çox idi. Ailədə böyüyə hörmət aşılandığından biz böyük qardaş-bacılarımıza da hörmət edirdik.

Kiçik uşaq olmağın da üstünlükləri var idi. Əvvəla çox zaman qayğı göstərilirdi, böyüklər kiçik uşaqların qeydinə qalırdılar. Böyük qardaş-bacılar dərslərdə yuxarıda olduqlarına görə, həmişə balacalara kömək edirdilər. Ev tapşırıqlarını hazırlamaq üçün böyüklər əsl müəllim kimi yardımsevər idi. Axşam düşəndə öz kitab-dəftərini götürürdün ki, hazırlaşasan. Bir də gördün kiçik qardaşın, ya bacın əlində kitabı ilə gəlir ki, mənə də kömək et, tapşırığımı hazırlayım. Məcbur olub əvvəl ona kömək edirdik, sonra öz dərslərimizə yönəlirdik.


“Orta məktəbə başlamadan əvvəl hazırlıq siniflərinə götürülürdük”

- Düztahir dağ kəndidir. Bizim orta məktəbə başladığımız illərdə də azyaşlı uşaqlar üçün hazırlıq sinifləri təşkil edilmişdi. 5 yaşımız tamam olanda bizi hazırlıq siniflərinə yığırdılar. Hazırlıqda ilk günüm də yadımdadır. O zamanlar biz məktəbə gedəndə sevinə-sevinə yola düşürdük, intizarla məktəbi gözləyirdik. Hər il yeni dərs ilini sevə-sevə qarşılayardıq. Valideynlərimiz bizə yeni dəftərlər, qələmlər, dərs ləvazimatları alardı. İnanırsınızmı, o yeni dəftər-kitabların qoxusu indi də burnumdadır.


Qusar nisbətən soyuq rayondur. Xüsusilə, Düztahir kimi dağ kəndlərinə hər il qış aylarında qar yağar, may ayının əvvəlinə qədər yerdə qar qalardı. Amma biz uşaqlıqda məktəbə gedəndə bu çətinlik heç gözümüzə batmırdı. Qışda meşədən böyük, köklü ağacları kəsib, məktəbimizə gətirirdilər. Məktəbin həyətində odun doğranır, siniflərə paylanırdı. Hər sinifdə odun sobası quraşdırılmışdı və bizim üçün hər səhər sobanı qalayıb, sinifi isidirdilər. Sinif otaqlarımızın isidilməsi üçün kömür də istifadə olunurdu və normal istilikdə dərs keçə bilirdik.

Kəndimiz böyük kənd olduğuna görə, ətrafda yerləşən bəzi kəndlərin uşaqları bizim məktəbə oxumağa gələrdilər. Əsasən yuxarı siniflər gəlirdi. Çünki məktəbimiz 10 illik tam orta məktəb idi.

“Kənd kitabxanasının qarşısında növbə olardı”

- Düztahirdə kitabxana var idi. Atam məni ilk dəfə kənd kitabxanasına 2-ci sinifdə oxuyanda apardı. Kitabxanadan götürüb, oxuduğum ilk kitab Molla Fətəli haqqında nağıl kitabı oldu. Çox maraqla, hətta dəfələrlə həmin nağılı oxumuşdum. O dövrdə tək mən deyildim, demək olar, bütün uşaqların kitaba sevgisi, marağı var idi. Çünki uşaqlıq vaxtlarında insan hansı istiqamətdə formalaşırsa, o istiqamətdə də davam edir. Ali təhsil almağımızda da bu, müsbət rol oynayıb. Uşaq vaxtı kitabxananın qarşısında növbələr olardı. Biz hərarətlə gözləyərdik ki, hansısa maraqlı kitabı götürən yoldaşımız onu bitirsin, biz də oxuyaq. Bəzən də maraqlı kitabın üstündə kiçik mübahisəmiz düşürdü. Kitabxanadakı rəfdə görəndə öz aramızda deyirdik ki, nə ola, o kitabı digər uşaqlar götürməyə, mən götürüb, oxuyam. Elə olurdu ki, iki-üç dost bir yerdə gedirdik kitabxanaya, növbələşib, kitabları oxuyurduq. Təəssüf ki, indi uşaqlar kitab oxumağa çox az meyl edirlər. Bu isə informasiya və kommunikasiya texniologiyalarının inkişafı ilə bağlıdır. Həm orta, həm ali məktəblərdə elektron kitablardan, internet vəsaitlərindən istifadə edərək dərs keçirlər. Amma kitab böyük mənbədir, heç zaman elektron vasitədən alınan informasiya ilə kitabdan alınanı eyniləşdirmək olmaz. Bütün dövrlərdə kitab aktual olmalı, oxunmalıdır.  


“Müəllimlərdən o qədər çəkinirdik ki...”

- O dövrdə kəndlərimizdə, eləcə də Düztahir məktəbində müəllim tərkibi indikindən daha fərqli idi. İndi orta məktəblərimizdə kişi müəllimlər barmaqla sayılacaq qədərdir. Düzdür, ölkəmizdə gender bərabərliyi var, hər kəs istədiyi sahədə çalışa bilər. Amma orta məktəblərdə oğlan uşaqlarının tərbiyə olunması, cəmiyyətdə özünə mövqe seçə bilməsi üçün mütləq kişi müəllimlərin qarşısından keçməlidir. Kişi müəllimlər oğlan uşaqlarının dözümlü, qətiyyətli, qərarlı – kişi kimi böyüməsində mühüm rol oynayırlar.


Bizə məktəbə hazırlıq sinfində kişi müəllim dərs keçirdi. Adı Rafiq idi. Tarixçi idi. Çox sevirdik həmin müəllimimizi. İbtidai sinifdə isə qadın müəllim dərs deyib. Adı Zərifə müəllimə idi. Mən həmişə onun sevimli şagirdi idim, müəllim isə bütün şagirdlərini sevimlisi idi.

Orta məktəb illərində - elə məktəbə başladığım dövrdən məsuliyyət hissini özümdə o qədər aşılamışdım ki, dərsə hazırlaşmadığım günü məktəbə getməzdim. Çox nadir hallarda belə şey olardı. Ona görə, müəllimlərimin sevimlisi idim. İbtidai sinifdə 21 nəfər var idisə, onlardan 4-5-i əlaçı idi. Yaxşı oxuyan uşaqları müəllimlər qabaq sıralarda əyləşdirirdi, çünki daha diqqətlə müəllimi dinləyirdik. Nisbətən zəif oxuyan uşaqları isə arxa partalara oturdardılar.   


O zamanlar kəndimizdə, eləcə də hər yerdə müəllimə hörmət yüksək idi. Küçədə müəllimlərimizdən hər hansı birini görəndə, qaçıb gizlənərdik ki, müəllim məni küçədə görməsin. Məktəb direktorumuzu hətta uzaqdan görəndə, qaçıb, gizlənməyə yer axtarardıq ki, görməsin. İndi də kəndimizə tez-tez gedirəm. Amma nə məktəbdə, nə kəndin içərisində o ab-havanı görə bilmirəm. Müəllimə münasibət adiləşib. Şagirdlərlə müəllimlər arasında pərdə yoxdur sanki. Mən bunu düzgün hesab etmirəm. Düşünürəm ki, müəllim özü elə mühit yaratmalıdır ki, hər kəs onu yüksəkdə görsün.

O zamanlar şagirdlər müəllimlərin ixtiyarında idi. Bir uşağı oxutmaq üçün müəllimlərimiz nə qədər əziyyət çəkirdilər. Hərdən danlayırdılar da. Açığını deyim, mən məsuliyyətli olmuşam deyə, danlanmamışam. Bir kişi müəllimiz var idi, bizə əsəbləşəndə heç vaxt vurmazdı. Amma özü əsəbləşib, ayaqlarını yerə dirəyər, gözlərini bərəldib, hirsləndiyini göstərərdi. O dəqiqə özümüzü yığışdırardıq, sinifə sakitlik çökərdi.


Hazırlıq sinfinə başlayanda əlifba keçirdik. Rafiq müəllim hərfləri bir-bir bizə öyrədir, səbrlə uşaqları başa salırdı. Şəkilli əlifba albomları ilə müəllim dərsi başa salırdı. “D” hərfini keçəndə sinif yoldaşlarımızdan biri bunu qavraya bilmirdi. Rafiq müəllim həmin uşağı dönə-dönə başa saldı, axır hirsləndi. Qayıtdı ki, bala, heç olmasa hərfin aşağısındakı şəklə bax, nəyə oxşayır? Sinif yoldaşımızın cavabı o zaman bütün sinfi güldürmüşdü. Yoldaşımız müəllimə qayıtdı ki, ay müəllim, nə bilim nədi, bir dana başı çəkiblər, vəssalam.


Orta məktəbdə biz fransız dili keçmişik. Sonradan ingilis dilini öyrənsəm də, 8-ci sinifə qədər kənd məktəbində keçdiyim fransız dili bu gün də yadımdadır. Çünki kəndimizdəki fransız dili müəllimimizin – Nəsrəddin müəllimin 2 metr 20 santimetr boyu var idi. Əlləri də çox böyük idi. Dərsi öyrənməyəndə ehmalca gicgahımızdan vurardı. Amma biz o zaman təbii ki, uşaq idik deyə, onun əlinin ağırlığını hiss edirdik. Müəllimizin qorxusundan fransız dilini oxumayan uşaqlar belə öyrənməyə çalışardı.


“Hərdənbir dərsdən qaçıb, futbol oynayardıq”

- Dediyim kimi, orta məktəb illərindən çox maraqlı xatirələrim hələ də yaddaşımda qalıb. Hər uşaq kimi biz də hərdənbir dərsdən qaçıb, öz dəcəlliklərimizi edirdik. Məktəbin arxasında sıradan çıxan qəbirstanlıq var idi. Qəbir daşları o qədər köhnəlmişdi ki, böyk bir meydança yaranmışdı bizim üçün. Dərsdən qaçanda ora yığışıb, top oynayardıq.


Orta məktəbin ən maraqlı məqamları isə sevgi-məhəbbət idi. Hətta ibtidai siniflərdə belə hansısa qızdan xoşu gələn uşaqlar olurdu. Amma o zaman kimin kimi sevməyi ancaq oğlanlar arasında məlum olardı. O dövrdə oğlanlar daha çəkingən, qıza, xanıma qarşı daha hörmətcil davranardılar. Qızlara sevdiyinimizi deyə bilməzdik. Amma onlarla ünsiyyət qurmaq üçün min cür fikir düşünürdük. Məktəbdən kənarda dəstə ilə gedən qızlarla qarşılaşanda, aralarında sevdiyimiz qız var idisə, dayanıb, söhbət etməyə də çalışardıq.

Kəndin özünəməxsus toy adətləri, yas mərasimləri...

- Bizim kəndimizdə o zamanlar toy 4 gün çalınardı. Birinci gün toy əti qız evinə göndərilirdi. Bu toya hazırlıq, əti doğramaq, toyda görüləcək işləri müəyyənləşdirmək, vəzifələri bölüşdürmək günü idi. Artıq hər kəs bilirdi ki, toy günlərində hansı işləri görəcək. Həmin günün səhəri axşama qədər dəvət olunan qonaqlar gələr, toy məclisində iştirak edərdilər. Maraqlıdır ki, o zamanlar bizim kəndimizdə toyun ikinci günü gündüz mağar qurulmazdı. Qonaqları hava yaxşı olan vaxtlarda evlərin həyətlərində, nisbətən soyuq günlərdə içəri otaqlarda qarşılayıb, yola salardılar. Hər kəs toyda yeyib-içəndən sonra həyətə düşər, musiqiçilərin və toy əhlinin qarşısında oynayıb, gedərdilər. Axşam vaxtı isə kəndin mərkəzi küçəsində çadır qurulurdu, böyük bir lampa ilə işıqlandırılırdı.  Musiqiçilər, kənd əhli çadıra yığılar, gecə saat 2-3-ə qədər çalıb-oynayardıq. Oyun mağarında həm gənclər, həm də yaşlılar olurdu. Hərə özünə evindən oturmaq üçün bir stul gətirirdi.

Bu mağar şənlikləri daha çox cavanlar, evlənmək istəyənlər, nişanlı, sözlü cütlüklər üçün əlverişli idi. Bir növ bir-birlərinə özlərini təqdim etməyə imkan yaranardı. Mağardan qız bəyənib, evlənmək istəyən kim, nişanlısı ilə qol qaldırıb oynamaq üçün məqam axtaran kim, yenicə sözləndiyi qızı görmək üçün mağara gələn kim...

Nişanlı, sözlü qızları oğlan tərəfi həmin toylarda oynatmağa çıxarardı. O zaman mütləq qızın çiyninə bir şal atardılar. Bu “qızı almışıq, gəlinimizdir” mənasını ifadə edirdi.


Toyun üçüncü günü isə bəyin oğurlanması adəti icra edilirdi. Bəyi çal-çağır, böyük xonçalarla bir qohumun, ya qonşunun evinə aparıb, qoyardılar. Axşam yenidən küçədə mağar qurulur, bəy elə ordan oğurlanırdı. Bəyi oğurlayanlar toy sahiblərindən bəxşiş alandan sonra onu mağara qaytarırdılar.

Toyun ikinci ya da üçüncü günü mağarda mütləq dava düşməli idi. Təbii ki, heç kim ciddi xəsarət almırdı, amma kimsə mütləq vurulmalı, yüngülvari döyülməli idi. 

Kənddə birinin yası düşəndə yaxın kəndlərdən, rayonun özündən insanlar gələrdilər. Dəfn günündə yaxını rəhmətə gedən şəxsin qohumları, qonşuları mərasimə uzaqdan qatılanları öz evinə dəvət edər, qulluğunda dayanardı. Bu yas sahibinə bir kömək idi.


Düztahir əhlinə xas olan inanc və adətlər

- İl quraqlıq keçəndə kənddə 2 nəfər – biri üst-başı ağac budaqları, yarpaqla qapanmış vəziyyətdə küçə-küçə gəzərdi. Kənd əhli o iki nəfər küçədən keçəndə bilirdi ki, ağac budaqları ilə gizlənmiş adamın üstünə su atmaq, digərinin isə çantasına yumurta, düyü, qənd və s. qoymaq lazımdır. Düztahir sakinləri inanırdı ki, bu əməl yağışın yağmasına səbəb olacaq. Açığını deyim, bunu yerinə yetirəndən 2-3 gün sonra həmişə yağış yağırdı.

“1 May, Novruz bayramlarını səbirsizliklə gözləyirdik”

- Sovet dövründə 1 May günü təntənəli şəkildə qeyd olunurdu. Bu ərəfədə sinif uşaqlarının hərəsi 1 manatdan, 50 qəpikdən yığıb, mağazalarda satılan konservlərdən alardı. “Şilpuçi” adlı kiçik çaxır, “Kilki” konservləri, məktəbimizin ətrafındakı çəmənlikdə sərilmiş süfrə... Bizim 1 May bayramımız belə keçərdi.

Kənddə tək uşaqlar deyil, böyüklər də 1 May, eləcə də Novruz bayramını intizarla gözləyərdilər.

Sevərək qeyd etdiyimiz ən əziz bayramımız idi Novruz. O zamanlar da papaq atmaq, tonqal qalamaq, bayram sovqatı paylamaq var idi. Evimiz ikimərtəbəli idi və bayram süfrəsini ikinci mərtəbədə qurardıq. Kənd uşaqarı uzun bir ağacın ucuna torbanı keçirib, pəncərəmizi döyərdilər. Uşaqların həmin torbasına bayram şirinliyi qoyulduqdan sonra yola salınardı. Bir dəfə Novruzda yenə ağaca dolanmış torba ilə pəncərəmizi döyəclədilər. Mən isə doldurmaq əvəzinə torbanı dartdım. Bir neçə dəfə uşaqlar öz tərəfinə, mən öz tərəfimə torbanı dartdıq. Anidən torba həmin ağacdan qopdu, mən arxası üstə evin içərisinə yıxıldım. Anam gələndə torbanı əlimdə, məni də yerdə gördü. Uşaqların bayram sovqatını doldurub, yola saldı.


“4-cü sinifdə böyük şagirdlər məni yoldan çıxardılar”

- Əslində nadinc uşaq olmuşam. O zamanlar kənddə yuxarı sinif şagirdləri arasında siqaret çəkənlər olurdu. Mən 4-cü sinifdə oxuyanda, yuxarı sinif uşaqları siqaret çəkməyə məcbur etdilər. Sonra isə bunu anama-atama deyəcəkləri ilə hədələdirlər. Yadımdadır, “Kosmos” adlı siqaretdən 1-2 nəfəs çəkdim, iyi də üzərimə çökdü.

Dedikləri kimi, məni anama şikayət etməyə getdilər. Evimizin yanında daşdan hörülmüş pir var idi. Orada gizlənib, həmin şagirdlərin məni “şpionlama”sını izlədim. O qədər hikkə bürümüşdü ki, onlar həyətdən çıxanda iki daş götürüb, üstlərinə atdım. Mübariz adlı oğlana tərəf atdığım daş dəymədi, amma Faiq tərəfə atdığım daş onun başını yardı. Qan axmağa başlayanda o ağlaya-ağlaya qaçıb, anasına və bacısına xəbər verdi. Onların anamla dalaşmağa gəldiyini də həmin pirdən gizlicə izləyirdim. Anam isə Faitin anasını, bacısını yola verib, sakitləşdirdi.


Gündüz evə gedə bilmədim, axşam pirdən çıxıb, evdəki stolun altında gizləndim. Əl-ayağa düşüb, məni axtarmağa başladılar, amma tapmadılar. Axşam hamı yeməyini yeyib, otaqdan çıxanda sakitcə yatağıma uzanıb yatdım. Səhəri gün mən də, ailəm də heç nə olmamış kimi günümüzə davam etdik.

“Kəndin bərbərxanası, kiçik dərzi sexi, ərzaq mağazası var idi”

- Kəndimizdəki dərzi sexində həm kişilər, həm də qadın dərzilər çalışırdı. Kənd sakinlərinin geyimlərinin əksəriyyəti elə o sexdə tikilər, hazırlanardı.

Ərzaq mağazasında isə çeşid bol deyildi. Ancaq ən çox lazım olan məhsullar orda satılırdı. Yadımdadır ki, soyuducunun da olmayan vaxtlarında satıcılar yay vaxtı mağazanın qarşısında stolun üstündə yağ qutuları qoyardı. O qutulardakı yağı istilik vurduqca, əriyib axırdı da.

Çətinliklər o zaman çox idi. O zamanlar insanlar təsərrüfatla daha çox məşğul olurdu. Amma bütün kəndin əkin-biçin işlərini idarə edən cəmi iki traktor var idi. Sonuncu dəfə kəndə getdiyimdə gördüm ki, demək olar hər həyətdə traktor var, təsərrüfatla məşğul olanların işi xeyli asanlaşıb.

Bildiyini kimi, o vaxtlar kəndlərdə qaz, işıq olmadığına görə, qışda evlərin qızdırılması odunla başa gəlirdi. Babamla əvvəllər meşəyə odun gətirməyə gedərdik. Artıq 7-8-ci sinifdən mən təkcə gedirdim, ata araba qoşub, meşədən odun qırırdım.

O vaxtı kənddə Tədarük Məntəqəsi də fəaliyyət göstərirdi. Kənd əhli, əsasən uşaqlar və qadınlar meşədə yetişən giləmeyvələrdən yığıb məntəqəyə təhvil verərdik. Ən çox itburnu, yemişan, böyürtkən, dazıotu yığırdıq, əvəzində pul alırdıq. Elə sevinirdik ki, zəhmətlə pul qazanmışıq deyə...


“Həyətimizdə nə qədər mer-meyvə olsa da, gözümüz qonşunun bağında olardı”

- O zamanlar hər kənddə olduğu kimi, Düztahir də insanlar həyətdə bağ-bağat salar, kiçik bostan becərərdilər. Baxmayaraq ki, həyətimizdə alma-armud, digər meyvə ağacaları var idi, biz uşaqların gözü yenə də qonşunun bağında olardı. Hərdən meyvə oğurluğuna gedərdik. Bizim evdən təxmini 200 metr aralıda yaşlı nənə-baba yaşayırdı. Məni də çox istəyirdilər. Bir dəfə uşaqlarla qaranlıq düşəndə meyvə oğurluğuna çıxdıq. Həmin babagilin bağında yaxşı barlı yay alması var idi. Bir qucaq dərib, uşaqlarla bölüşdürdük. Sən demə, ev sahibi baba məni alma dərəndə görübmüş. Səhər çağırdı yanına, səbrlə dedi ki, mənim balam, həyətimizdə yaxşı almalar var, nə zaman istəyirsiniz, gəlib dərin, yeyin. Amma oğurluq etməyin. İnanın, ağsaqqalın nümunəvi hərəkətindən o qədər pərt olmuşduq ki...

“Yaşlıların bir-birinin evinə qonaq getmək ənənəsi var idi”

- Kəndin yaşlı sakinləri tez-tez bir-birinin evinə qonaq gedirdi. Axşamlar yığışardılar, süfrə açılar, bişən təamlardan ora düzülərdi. Yaşlılar öz keçmiş əziyyətlərindən, maraqlı hadisələrdən, müharibə dövründən danışardılar. Biz uşaqlar da onların ətrafına düzülüb, maraqla xatirələrini dinləyirdik.

Mən Bakıda 9-10-cu sinifləri oxuyanda babam artıq yaşlaşmışdı. Küçədə bir daşın üstündə oturub, mənim kəndə gəlməyimi gözləyərdi. Avtobusdan düşdüyümü görəndə uşaq kimi qarşıma yüyürərdi.

“Heç kimə heç nə demədən özüm təkbaşına getdim”

- Bakıda oxuduğum Xalq Təsərrüfat İnstitutunu bitirdikdən sonra rayona qayıtdım. İlk olaraq, savxozda fəhlə işləməklə başlamışam. Daha sonra iqtisadçı kimi fəaliyyət göstərdim, növbəti dövrlərdə isə Qusar rayon Səhiyyə İdarəsində müfəttiş mühasibi, yeni yaranmış Dövlət Sosial Müdafiə Fondda baş müfəttiş və ayrı-ayrı təşkilatlarda iqtisadçı kimi çalışdım. Rayonda son iş yerim isə Qusar rayon Telekommunikasiya qovşağının rəisi vəzifəsi olub.

O zamanlar həyat yoldaşımı Qusarda işləyən zaman təsadüfən görmüşəm. Bağça müəlliməsi idi. Çöldə xanıma yaxınlaşmağı sevmədiyindən, ünvanlarını öyrənərək, ilk elçiliyimi təkbaşına etməyi qərara aldım. Bir yaxınımla onun ailəsinə xəbər göndərdim ki, bəs, söhbət etməyə gəlmək istəyirəm. Heç kimə heç nə demədən özüm təkbaşına getdim. Təbii ki, ilk olaraq, xanımın anası ilə danışdım, razılığını aldıqdan sonra həyat yoldaşımla həmsöhbət olduq. Sonra valideynlərim adətə uyğun olaraq danışıq üçün getdilər. Beləcə, münasibətimiz başladı və 6 ay sonra da evləndik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi