Modern.az

Sellofan torbalar nə zamandan pullu olacaq? – RƏSMİ AÇIQLAMA

Sellofan torbalar nə zamandan pullu olacaq? – RƏSMİ AÇIQLAMA

Hadisə

11 Yanvar 2019, 13:04

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, marketlərdə sellofan torbaların satışına başlanıb. Bir çox ölkələrdə bu addımın atılması ölkəmizdə də bir müddətdir ki, gündəmdə olan "pullu sellofan" mövzusunu aktual edib. Artıq sosial şəbəkələrdə bir neçə marketdə bununla bağlı xəbərdarlıqların vurulduğu və bu tipli torbaların satıldığına dair məlumatlar yayılıb.

 

Maraqlı məqam ondan ibarətdir ki, xeyli supermarketlərdə sellofanların ödənişli olduğu deyilsə də, mövzunu araşdırdığımız vaxt bu nüansla rastlaşmadıq. Alıcılar üçün əsas problematik məsələ sellofanların pullu olması yox, təklif olunacaq qiymətlərdir. Belə ki, yayılan məlumatlarda sahibkarların bu məhsul üçün 5-20 qəpik qiymət müəyyən edəcəyi deyilir.

 

Modern.az saytı məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə əlaqə saxladıq.

 

O bildirib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə kompleks tədbirlər planı hazırlanaraq, qərar verilməsi üçün aidiyyətı qurumlara təqdim edilib:

 

“Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Bir çox ölkələrdə satış mərkəzləri könüllü şəkildə bu təşəbbüsə qoşularaq, ictimaiyyəti bu tədbirlərdə iştiraka təşviq edirlər. Son vaxtlar əlverişli istifadə vasitəsi kimi gündəlik həyatımızda məhdudiyyətsiz istehlak olunan polietilen torbaların ətraf mühitə və canlı təbiətə mənfi təsirlərini nəzərə alaraq,  maraqlı tərəflərin bu tədbirlərə qoşulması təqdirəlayiq haldır. Nazirlik tərəfindən bir neçə müddətdir ki, polietilen torbaların marketlərdə pullu satışının tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri aparılır. Bəzi marketlərin bu çağırışa müsbət münasibəti sevindirici haldır və ictimaiyyətin bu tədbirlərə dəstək olacağına inanırıq”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, təkliflər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyatı qurumlara təqdim edilib.

 

“Təkliflər yalnız polietilen torbaların pullu olması ilə bağlı deyil, burda həmçinin plastik qablaşdırma materaillarından istifadənin məhdudlaşdırılması və onların əvəzində alternativ qablaşdırma materiallarından istifadə üçün münbit şəraitin yaradılması da qeyd edilir. Eyni zamanda, bu sahədə ictimai savadlılğın və məlumatlılığın artırılması üçün də təkliflər verilib. Hazırda təkliflər paketi razılaşdırma mərhələsindədir. Qərar verildikdən sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq”.

 

M.Nəbiyev qiymətlərlə bağlı məsələyə də şərh verib. O bildirib ki, nazirlik qiymətlərə dair hər hansı bir təklif irəli sürməyib:

 

"O ki qaldı qiymət məsələsinə, bunu biz müəyyən etmirik. Sadəcə polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Qərar olanda yəqin ki, müvafiq qaydada qiymətləndirmə aparılıb lazımi məbləğlər müəyyənləşdiriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar