Modern.az

Əzəldən və əbədi sevimli... Yusif!  

Əzəldən və əbədi sevimli... Yusif!   

Media

12 Yanvar 2019, 19:21

və yaxud da 

Səni elə belə “cavan öləsən”, ay Yusif!

Yusif haqqında düşünərkən təyini, təşbehi adamı zora salmayan, elə bil, sapa düzülübmüş kimi əlinin altında, "mən də, mən də" deyir.

An bəs elədi ki, təbrikin başlığını fikirləşim, düzəldi!

An bəs elədi ki, necə başlayım, nə deyim, tutarlı olsun, həmən gəldi: Yusif çox az tay-tuşlarımızdan və azərbycanlılardandır ki, ilkin təəssüratı əzəldən əbədiyə aparacaq. Yəni, Yusifin öz diliylə desək, bunu redaktə edib adam dilində yazası olsaq, belə alınar:

1988-ci ildə jurnalistika fakültəsindən tanıdığımız Yusif Məmməd oğlu Rzayev elə 30 ildir elə də qalıb, elə də yaşayır: mərd, enerjili, savadlı, mütaliəsini əskik etməyən, çılğın, kreativ fikrin, isti sözün, yaraşıqlı ifadənin, dadlı-duzlu zarafatın qırğıgözlü xiridarı. "Göydə tutur hər şeyi" fikri elə Yusifin ağlına, fəhminə biçilib!

Ömrümüzün 30 Söz, Savaş ilində tam əksəriyyəti əridi, çezdi, saflığı, istedadı biclik, buqələmunluq əvəz elədi tanıdıqlarımızın içində.

Yusif qaldı... Rövşən Hacıbəyli qaldı... Xaqani Rzaquliyev qaldı... Vahid Qazi qaldı...

Tanıdığımız Söz Kişiləri çox oldu, qalan Söz Kişisi az oldu!

Mən Yusif haqqında ilk olaraq, qrup yoldaşım Vahid Qazidən eşitmişəm. Ağcabədili olsa da, gəlib onunla Ağdamda oxuduğunu deyib. Yeri gəlmişkən, Ağcabədidən gəlib Ağdamlı olmağı bacaran iki kişidən biri kimi tanıyıram Yusifi - Ustad çağırdığımız Aqil Abbasdan sonra... Bir az humanistlik edib dostumuz və xeyirxahımız Rəşad Məciddən sonra üçüncü də saya bilərik. Yusif bu Bakıda "çerez Ağdam" ağcabədili brendini yaşadan çox az kişilərdəndir.

Yusif keçən əsrin bir qərinə qədəri o uzaq 70-ci illərində, yəni 6-cı sinifdə oxuyanda belə, lerikli Ağacəfər Həsənlinin isti bir misrasını anlayan, heç vaxt yadından çıxarmayacaq qədər diqqət yiyəsidi Sözdə, Sözümüzdə...

Yusif Ramiz Rövşən Ramiz Rövşən olmayan vaxtlarda şeirlərini jurnallardan, kitablardan oxuyub əzbərləyib, gözünü yumaraq, ağzını açaraq, içdən birnəfəsə bizlərə eşitdirən, yedizdirən sərraflardandır Sözdə, Sözümüzdə...

Həmişə qarışdırıram: "Pərdə" və "Ağacdan utandım, qızdan utandım" şeirlərinin kimin olduğunu: Vahid Qazinindirmi, Yusif Rzayevinmi. Yusif əsgərlikdə olanda Vahid o qədər ürəklə ondan danışırdı ki, tərifləyirdi ki, şeirlərini deyirdi ki, indi day dalğalarım qarışır, bilmirəm hansı kimindi...

Yusif ruhuyla belə hər birimizə doğmadı - Sözünü öz Sözümüz bilirik!

Düzdür, indi diqqətli, yaddaşlı oxucular, sənətkarlar deyəcək, hanı, bir yazısını göstər Yusifin.

Yusif Rzayev "525-ci qəzet"in ilk baş redaktoru olub!

Yusif Rzayev "Respublika" qəzetinin ilk baş redaktoru olub!

Yusif Rzayev 525 ildir "525-ci qəzet"də redaktə ilə məşğuldur, zalım balası! Oxuyub ləzzət aldığın "oborot"ların, başlıqların, ara-abıra salınmış, mintənəyə mindirilmiş yazıların içindədir Yusif Rzayev!

Bizim nəslin bir bədbəxtliyi oldu: ən gözəl və vicdanlı söz sərrafları bizi tez üzə çıxartdı, görəvləndirdi, meydan verdi, nəinki görəvimiz, meydanımız, ölkəmiz əldən getdi!

Belə ölkələrdə ya Aydın Canıyev kimi puça çıxırsan, ya da Yusif Rzayev kimi "cavan ölürsən" və dönüb olursan... redaktor! 

Yusif çox gözəl redaktordur. Elə bu yazını aparıb versən özünə, desən ki, çap elə, oxuyar, başını bulayar, "adam sözə kərkinib, zorlayıb, elə bircə başlığı bəsdi, qoyun səhifəyə",- deyib çıxar gedər. Hə, vallah, elə təkcə başlıqdan ibarət yazını səhifəyə qoymaq qədərincə ŞAH redaktorlardandır Yusif!

"Həmişə" demək istəsəm də, konkret ötən 30 il müddətində cavanlığındakı kimi cavan qalan Yusif Məmməd oğlu, indi baxıram ki, 51-ə keçibsən. "50-nin 1-də yaşa" demək ADİ arzudur.

Amma Sənə ən ALİ və gözəl arzum budur ki, elə belə də ömrünü başa vur: cavanlıqdakı cavan Yusif kimi! 30 il bacarıbsan, yəqin "motor"un daha bir 30 ilə də çatar!


Aydın Canıyev

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir