Modern.az

“Bir-birini təkrarlayan ali məktəblər, dövlət komitələri və nazirliklər də birləşdirilməlidir”

“Bir-birini təkrarlayan ali məktəblər, dövlət komitələri və nazirliklər də birləşdirilməlidir”

Parlament

15 Yanvar 2019, 08:37

“Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm. Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm. Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır”.

Modern.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan struktur islahatlarını şərh edərkən bildirib.

Deputat deyib ki, bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır.


“Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır. İndi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır. Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür. Digər tərəfdən icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı. Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahıın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 14-də Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, 3 dövlət qurumu ləğv edilib: bunlar Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir.

Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək.
Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv olunacaq və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu