Modern.az

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   

16 Yanvar 2019, 09:25

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Ruhən sağlam olan haraya getsə, hansı ölkədə olsa belə nüfuz sahibi, dəyərli insan olacaq…

Elə də yaşı yoxdur, vur-tut 26 yaşı var. Amma bu qısa zaman kəsiyində çox böyük yol keçib, əziyyətə qatlaşıb, çətinliklərə sinə gərib, uğurlara imza atıb. Adıyla bərabər döğma Azərbaycanın da adını zirvələrə ucaldıb, bayrağına bürünüb onu amerikalılara, dünyaya tanıtmağa çalışıb…

İdmançı əzmkarlığı ilə ruhdan düşmədən qələbəyə can atan bu soydaşımız 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-a dəvət alanadək orada çalışıb…

Haqqında söhbət açdığım Elgün Xanoğlanlı Nyu York şəhərində yaşayır. "Bruklin MMA" idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir…

Elgün gənc olduğundan tərcümeyi-halı elə də uzun deyil. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub... 

2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda “Şüa” idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub.
2012-ci ildə ordudan təxris olunduqdan sonra "Budo döyüş növləri federasiyası"nın dəvəti ilə orada məşqlərə başlayıb. Tezliklə MMA döyüş növü üzrə Moldovada keçirilən Avropa çempionatında 60 kq çəki üzrə yarışın qalibi olub, Avropa çempionu adına layiq görülüb. 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında MMA üzrə dünya çempionu tituluna yiyələnib. Vətəndə yaşadığı illərdə dünyanın bir sıra ölkələrində- İtalya, İran, Türkiyə, Estoniya, Belarusiya, Gürcüstan, Şimali Kipr Azərbaycanı ləyaqətlə təmsil edib... 

2015-ci ildə Şimali Kiprdə keçirilən yarışda ən yüksək pilləyə qalxaraq Dünya kubokuna sahib çıxıb.
ABŞ-a gələndən sonra isə daha əzmkarlıqla məşqləri davam etdirir. 2018-ci ildə ECF təşkilatının keçirdiyi yarışda qələbə qazanaraq Amerika çempionu titulunu əldə edib... 

Bu şən, gülərüz, həm də sağlam düşüncəsiylə adamı özünə məftun edən gənc soydaşımızla tanışlığımıza çox sevindim. Onunla eyni xalqın oğlu olduğumuzdan qürur hissi keçirdim. Bəli, idmançılar dünyanın ən xoşbəxt insanlarıdır. Təmsil etdikləri ölkənin bayrağını yüksəltməyə daha çox şansları var…

…Deyir ki, çoxları Amerikaya qazanc, rahat həyat dalıyca gəliblər: “Səhərdən axşamadək işləmək, çox pul qazanmaq istəyirlər. Mənim məqsədim, daha çox məşq etmək, yarışlarda zəfər qazanmaqdır. Ən böyük arzum isə, dünyanın ən güclü idmançılarının daxil olduğu UFC təşkilatına ilk azərbaycanlı kimi üzv olmaqdan ibarətdir. Azərbaycan bayrağının zirvələrə yüksəlməsi üçün bütün ömrümü qurban verməyə hazıram”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi