Modern.az

Ağalar Bayramova niyə fəxri ad verilmədi…  

Ağalar Bayramova niyə fəxri ad verilmədi…   

Mədəni̇yyət

16 Yanvar 2019, 16:18

Bu gün tanınmış bədii qiraət ustası Ağalar Bayramovun doğum günüdür.

 

Ağalar Xanlar oğlu Bayramov 1954-cü il yanvar ayının 16-da Ucar rayonunun Boyat kəndində anadan olub. Boyat kənd məktəbini bitirdikdən sonra 1979-cu ildə Bakı Mədəni Maarif texnikumuna qəbul olan A. Bayramov bu müəssisəni də fərqlənmə diplomu ilə başa vuraraq, Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1984-cü ildən, elə tələbəsi olduğu ali məktəbdə o vaxtkı rektor, akademik Aslan Aslanovun qərarı ilə “Aktyor sənəti” kafedrasında əmək fəaliyyətinə başlayıb.  Ağalar Bayramov 1991-ci ildən bu günə qədər “Səhnə danışığı” kafedrasında dosent vəzifəsində çalışaraq, tələbələrə səhnə danışığının sirlərini tədris edir.

 

1983-cü ildən bu günə qədər Azərbaycan Televiziyası və Radiosu, elecə də özəl tele-radio kanallarının ədəbi bədii verilişlərində çıxış edən qiraət ustası 2002-ci ildə  Respublikanın Əməkdar artisti adına layiq görülüb.

 

Bədii qiraətlərindən əlavə Ağalar Bayramov həm də gözəl ssenari ustasıdır. Onun ssenariləri əsasında, eyni zamanda iştirakı ilə çəkilmiş ədəbi teatr nümunələri dövlət televiziyasının fondunda qorunub, saxlanır.

 

Təəssüflə qeyd etməliyik ki, tamaşaçıların məhəbbətini qazanmış Ağalar Bayramovun 2014-cü ildə 60 illik yubileyi səlahiyyət sahibləri tərəfindən sükutla qarşılandı. Hətta əldə etdiyimiz məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar Ağalar Bayramova fəxri adın verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciəti də nəticəsiz qalıb. Özünün də qeyd etdiyi kimi, sanki o, yalnız vətənin dərdi-sərində yada düşür. Buna baxmayaraq, Ağalar Bayramovun bu günkü – 65 illik yubileyinin xüsusi diqqətlə qarşılanacağına, xalqın sevimlisi olan ziyalımıza lazımi diqqətin göstəriləcəyinə ümid edirik.

 

Doğum gününüz qutlu olsun!

 



 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı