Modern.az

Azərbaycanın Türkiyədəki keçmiş səfiri: “Tansu Çillər düz bir ay məni qəbul etmədi” - MÜSAHİBƏ  

Azərbaycanın Türkiyədəki keçmiş səfiri: “Tansu Çillər düz bir ay məni qəbul etmədi” - MÜSAHİBƏ   

17 Yanvar 2019, 07:48

“Heydər Əliyevin istəyi ilə səfir vəzifəsində qaldım”
 
Məmməd Əliyev: “Elmar Məmmədyarovda əsl diplomatlara yaraşan xarakter var”

Azərbaycanın Türkiyədəki keçmiş səfiri Məmməd Əliyev Modern.az saytına geniş müsahibə verib.

Arayış: Məmməd Novruz oğlu Əliyev 18 sentyabr 1942-ci ildə Tovuz şəhərində anadan olub. 1959 -1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1964-1969 -cu illərdə Kazan Dövlət Universitetinin aspiranturasında oxuyub, 1967-1969-cu illərdə Kazan Universitetində stajor olub. 1969-cu ildə orada namizədlik, 1990-cı ildə isə doktorantlıq dissertasiyası müdafiə edib.
1973-cü ildə bərk cisimlər fizikası kafedrası üzrə dosent elmi adı alıb. 1991-ci ildə ona professor elmi adı verilib.
Məməd Əliyev 1969-1991-ci illər arasında Azərbaycan Dövlət Universitetinin müəllim, baş müəlllim, dosent, professor vəzifələrində çalışıb. 1991-1992 -ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Biofizika kafedrsının müdiri vəzifəsində çalışıb.
1992-2005-ci illərdə Azərbaycan Respublikasının Türkiyədəki, 2005-2009-cu illərdə İspaniya Krallığındakı  səfiri işləyib.
2010-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) idarə rəisi, 2011-2013-cü illərdə XİN-də xüsusi tapşırıqlar üzrə səfir postunda çalışıb.
2013-2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin professoru olub.
2015-ci ildən indiyə qədər Bakı Dövlət Universitetinin Fizika fakültəsində “Bərk cisimlər fizikası” kafedrasının müdiri işləyir.
ABŞ-da, Fransada, Almaniyada, Rusiyada, Rumıniyada, Polşada elmi məqalələri çap olunub.
Rus, alman, ingilis, fransız, ispan, türk dillərini bilir. Aliləlidir, üç övladı var.


Tanınmış diplomat Məmməd Əliyevlə söhbəti təqdim edirik.
 

- Məmməd müəllim, deyəsən, bu gün müsahibə gününüzdür. Bizdən öncə bir televiziya komandası otaqdan çıxdı.

- Çox sağ olun ki, unutmursuz. Əgər mətbuat, televiziya bir ziyalının fikirlərini işıqlandırmaq istəyirsə, buna şərait yaratmaq lazımdır. Bilirsiz, mətbuatla həmişə yaxşı münasibətdə olmuşam. Dostluq bir çox məsələləri həll edir. Məsələn, bütün erməni daşnakları, erməni işğalçıları həmişə fırıldaqla hər yola əl atıblar. Türkiyədə səfir olduğum dönəmlərdə “Aşot” adını iri hərflərlə Ankaranın mərkəzi magistralına yapışdırmışdılar. Bunu yazdırmaq heç də asan deyil. Erməninin adına nə qədər xərc çəkmişdilər. O zaman Ankara bələdiyyəsinin sədri ilə yaxşı dostluğumuz vardı. Ona dedim ki, “bunu dəyişməlisən. Burada erməni işğalçılarını təbliğ edirsiz?!”. Sağ olsun, o da məsələni bələdiyyənin iclasına çıxardı və yazını oradan çıxartdırdı...

- Söhbətə yaxşı başladıq. Fizika elmi və diplomatiya... Maraqlıdır, 1992-ci ildə diplomatiyaya necə gəldiniz? Fizik olduğunuz halda, sizdə diplomata xas hansı xüsusiyyətləri gördülər?

- O zamanlar Qırğızıstanın prezidenti Əsgər Akayev də fizik idi amma dövlət xadimi  kimi tanındı. Yaxud da Belarusiyanın prezidenti olsun. Prezident bütün dövləti idarə edə bilir, amma  fizik ola-ola bir neçə dil bilən şəxs diplomat ola bilmir?! Nəzəri fizika sahəsi ilə məşğul olmuşam. Əslində fiziklərdən hər şey olur. Fiziklər hər şeyi dərindən anladıqları üçün belə ümid var ki, onlar cəmiyyəti də dərindən  anlayıb analiz edə bilərlər. Ona görə də çətin olmadı. Əsərlərim bütün Avropa ölkələrində çap olunub. 22 yaşımda nəzəri mexanikadan Kazan Universitetində dərs demişəm. Kazana aspirant kimi getmişdim. Dərs deməyimi xahiş etdilər. 26 yaşımda müdafiə etdim. Böyük dünya konqresində məni təşkilat sədri qoyub etibar etdilər. Bütün dünyanın Nobel mükafatı laureatlarını, akademikləri qarşılamaq, onları yerləşdirmək, istirahətlərini təmin etməyi mənə həvalə etmişdilər. Bunları bacaran adam diplomatik vəzifəni yerinə yetirə bilməyəcəkdi?! Hər halda, məni tanıyan şəxslər diplomatik qabiliyyətimin olmasına ümid etdilər. Ali savadım, dil bilmə qabiliyyətim, xarici ölkədə yaşamaq təcrübəm vardı. Həmçinin mən tək deyildim. O zaman Moskvaya da, Amerikaya da alimləri  səfir kimi göndərib,  onlara etimad göstərmişdilər. Görünür tanımayan adamlar narazı idilər. Hər zaman xalqımın, dövlətimin maraqlarını müdafiə etmişəm.


- Bilirsiz ki, şəxslərə  münasibət birmənalı olmur. Məsələn, Polad Bülbüloğlu istedadlı və tanınmış müğənni olduğu halda, illərdir ki, Rusiyada səfir kimi çalışır. Bir çox insanlar onun musiqiçi kimi qalmasını daha məqsədəuyğun hesab edirlər
.

- Polad Bülbüloğlu TÜRKSOY-un baş direktoru kimi çox böyük işlər görüb. Türk dünyasında türk YUNESKO-su yaratdı. Bunu unutmaq olmaz. Mən də əlimdən gəldiyi qədər Polad müəllimə yardımçı olmağa çalışdım. Bir yerdə çalışdığımız müddətdə həm də yaxından dost olduq. Vətənini, millətini sevən insandır. Moskvada təkbaşına erməni lobbisinin öhdəsindən gəlir.

- Azərbaycanın 3 prezidentinin dövründə diplomat kimi çalışmısınız. Ən uzunömürlü fəaliyyətiniz Heydər Əliyevin hakimiyyəti dövründə olub. Hər halda, Heydər Əliyevlə xatirələriniz olmamış deyil.

- Bizim kimi kiçik adamların onun haqında söz deməsi artıqdır. Heydər Əliyevlə  əməkdaşlığımız onun prezident olmasından xeyli əvvələ təsadüf edir. İlk dəfə Kazan Universitetində elmi işimi müdafiə edib ölkəyə qayıdanda onunla görüşdük. 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi idi. Heydər Əliyev universitetin dəhlizində gəzirdi. İlk dəfə o zaman görüşdük. Kazandan Azərbaycana qayıtmağım anamın təkidi ilə baş tutdu. Halbuki, orada qalsaydım daha tez elmlər doktoru, professor olacaqdım. Çünki işlər çox sürətlə davam edirdi.  26 yaşımda elmlər namizədi olmuşdum. 35 yaşımda da elmlər doktoru olacaqdım. Sadəcə, ölkəyə qayıdanda dərslərim o qədər çox idi ki, elmlər doktoru adını almağım 40 yaşımda mümkün oldu. Bu yaşda elmlər doktoru adını almaq fiziklər, riyaziyyatçılar üçün gec hesab olunur. Halbuki, indi 50 yaşında elmlər doktoru  axtarsaq da, tapa bilmirik.


- Böyük tələbə kontingentinə rəhbərlik edirsiz. Onların bir fizik kimi hərtərəfli yetişməsi sizi qane edirmi?

- İş ondadır ki, indi fizika-riyaziyyat qruplarında ancaq qızlar üstünlük təşkil edir. Oğlan uşaqları tapmaq çox çətindir. Bəzən zarafatla qızlara deyirəm ki, qrupda bir-iki nəfər oğlan var, onlara yaxşı baxın, qırmızı kitaba düşəcəklər.

- Çox vaxt bunu oğlanların hərbi xidmətə getməsi ilə əlaqələndirirlər. Ola bilərmi ki, hərbi xidməti başa vurub geri qayıdandan sonra elmlə məşğul olmağa həvəs qalmasın?

- Bu da ola bilər. Amma başqa səbəblər də var. Gənclər hesab edir ki, müəllim maaşı ilə dolanmaq, evlənib ailə saxlamaq çətin olur. Ona görə də fizik kimi yetişmək istəmirlər. Əslində universitet elmi işçi hazırlayır.

- Heydər Əliyevlə tanışlığınızın ardı barədə danışdıqlarınız yarımçıq qaldı. Səfir olduğunuz ilk dönəmlərdə əlaqələriniz necə cərəyan edirdi?

- İkinci dəfə görüşümüz 1992-ci ildə baş tutdu. O zaman Heydər Əliyev Türkiyəyə getmişdi. Həmin vaxt orada səfir idim. O zamankı hakimiyyət Heydər Əliyevi dəstəkləmirdi. Amma mən bütün Azərbaycan vətəndaşlarını, dövlət, xalq tərəfdarlarını dəstəkləyirdim. O zamanlar cinayət törədib həbsə düşən azərbaycanlıları da bütün gücümüzlə müdafiə edirdik. Heydər Əliyev cənabları Türkiyəyə gələndə qarşılayıb yola salırdım. Baxmayaraq ki, bu addımım o zamankı funksionerlərin xoşuna gəlmirdi, amma mən vicdanla bunu edirdim. Bilirdim ki Naxçıvanın blokadasını yarmaqda Heydər Əliyev şəxsiyyətinin çox böyük rolu olub. Onun sayəsində Naxçıvan ayaqda dururdu. Türkiyə Qars müqaviləsinə görə Naxçıvana cavabdeh idi. Naxçıvanın blokadadan çıxması üçün Türkiyənin bütün imkanlarından istifadə olundu. Buna Türkiyə dövləti çox böyük dəstək verdi. Heydər Əliyevin böyük siyasətçi olması, Süleyman Dəmirəllə yaxın dostluğu sayəsində Naxçıvan blokadadan çıxdı.  Mən də səfir kimi əlimdən gələn köməkliyi etdim. O zamanlar Türkiyə əlində olan bütün imkanlardan istifadə edərək, Naxçıvana dəstək olurdu. Naxçıvana maddi dəstək vermək üçün bütün məhsulları alırdılar. Türkiyədə Heydər Əliyevlə görüşərkən  ilk dəfə 1969-ci ildə  tanışlığımızı xatırlatdım. Hafizəsi çox güclü idi. Dərhal xatırladı. Elə bir ildən sonra, yəni 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Bu zaman onunla telefon əlaqəsi quraraq, səfir kimi etimad göstəriləcəkmi, Türkiyədə qalıb-qalmayacağımı soruşdum. Çünki həmin vaxtlarda bir neçə universitetdən müəllim işləmək üçün dəvətlər almışdım. Hələ Türkiyəyə səfir getməzdən öncə Ege Universitetində seminarlar aparmışdım. Trabzonda yerləşən Qara Dəniz Texniki Universiteti və Orta Doğu Universitetinə müəllim kimi dəvət etmişdilər. Əgər səfir göndərilməsəydim, professor-müəllim kimi qalıb orada çalışacaqdım. Onu da vurğulayım ki, o zaman professorun maaşı səfirin maaşından çox yüksək idi. Heydər Əliyevin istəyi ilə səfir vəzifəsində qaldım. Heydər Əliyevlə 10 ildən çox bir yerdə çalışdıq.


- Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan kimi qlobal layihə də onun hakimiyyəti dövründə həyata keçirildi.  O dövrdə nəhəng neft kəməri barədə insanlar hansı düşüncədə idi?
 

 - Siyasətə qayıtmaq istəmirəm. Amma bu çox böyük məsələ idi. Eyni zamanda, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Düşünürəm ki, bizim kimi kiçik adamların onun haqqında fikir söyləməsi doğru deyil. Sadəcə, böyük şəxsiyyət və böyük siyasətçi idi. O zaman Türkiyənin baş naziri Məsut Yılmazla Bakı-Tbilisi-Ceyhan neft kəmərinin son qaynağına getmişdik. Onunla çox yaxın dostluğumuz vardı. O dövrdə “Bakı-Tbilisi-Ceyhan”ın tikintisini həyata keçirtmək çox çətin idi. Heydər Əliyevin düşmənləri  Bakı-Tbilisi-Ceyhan xəttinə əfsanə kimi baxırdılar. Halbuki, Heydər Əliyev əfsanələri həqiqətə çevirən insan idi və etdi də. Çox insanlar Bakı-Tbilisi-Ceyhan xəttinin gerçək olacağına inanmırdılar. Bununla bağlı televiziyalara o qədər müsahibələr vermişəm ki!... Hər dəfə də “Heydər Əliyev verdiyi sözü tutan şəxsdir. Mütləq həyata keçirəcək” deyirdim. Doğrudan da, gerçək oldu.

- Heydər Əliyevin insanlarla xüsusi yaxınlığı vardı. Müxtəlif peşə sahibləri ilə maraqlı görüşlər keçirirdi. Bəs səfirlərlə keçirdiyi görüşləri necə xatırlayırsınız?

- Həmin vaxtlarda Ankaradan Azərbaycana 30 səfir akkreditasiya olunmuşdu. Heydər Əliyev cənabları Ankaraya gələndə həmişə onlarla görüş keçirirdi. Ankara bir diplomatik mərkəz kimi fəaliyyət göstərirdi. Hətta bir çox Avropa ölkələri  Moskvadakı səfirlərinin akkreditasiyasını Ankaraya dəyişdilər. Çünki Moskva o zamanlar doğru informasiya vermirdi. Həmçinin, Heydər Əliyev Ankaradan Azərbaycana akkreditasiya olunmuş səfirlərə çox böyük önəm verirdi. Bizim səfirliyimizin işinə də dəstək verirdi. İndi də Moskvada ermənilər çox güclüdürlər. Azərbaycan haqqında uydurma sözlər danışırlar. Ankarada isə dost ölkənin mətbuatı səfirlərə düzgün məlumat verir. Biz özümüz də avropalı səfirlərin Ankarada akkreditasiya olunmasına çalışırdıq.

- 5 ildir ki, siyasətdən ,diplomatiyadan uzaqsınız. Pedaqoji işlərinizin arasında diplomatiya  necə görünür? Deyirsiniz ki, ən yaxşı dostları da diplomat kimi çalışdığınız dövrdə qazanmısınız.

- 23 il aktiv elmdən uzaq düşdüm. 1992-ci ildən 2015-ci ilə kimi aktiv diplomatiya ilə məşğul olmuşam. Türkiyədəki dostlarla indi də əlaqə saxlayıram. Marmara qrupunun prezidenti Hakkan Suvərlə yaxşı əlaqələrimiz var. Çox aktiv siyasətlə məşğul olur. Həm də məşhur jurnalistdir. Ailəm də mənimlə birgə Türkiyədə yaşamışdı. Sovetlər zamanında əlaqə saxlamağımıza imkan verilmirdi. 1991-ci ildə Türkiyənin İzmir şəhərinə mühazirə oxumağa getmişdim. O zaman bəzi türk dostlarımla əlaqəni bərpa etdim. Sonradan onlar mənə dəstək verdilər. Mətbuatda, parlamentdə, siyasətdə olanları vardı. 1971-72-ci illərdə Parisdə, Strasburqda, Kanda qurduğum dostluq əlaqələri sonrakı həyatımda çox faydalı oldu. Elə olub ki, vacib işlə bağlı gündüz baş nazir Məsut Yılmazın kabinetinə, axşam isə evinə getmişəm. Xüsusilə Tansu Çillərin evinə getmək, söhbət etmək asan deyildi. Hər səfiri qəbul etmirdi. Məhz Azərbaycanın səfiri olduğum üçün məni qəbul edirdi.


- 90-cı illər siyasi cəhətdən çox mürəkkəb idi. 1995-ci ildə mart qiyamı baş vermişdi. Türkiyədə Azərbaycandakı mart  qiyamına  necə yanaşılırdı?

- Siyasi məsələlərə qayıtmaq istəmirəm. Çünki çox ağrılı dövrdür. Xüsusilə də 5 ildir ki, bu sahə ilə məşğul olmuram, analiz etmirəm. Bircə  onu deyə bilərəm ki, bütün hadisələrdə Türkiyə Azərbaycanın arxasında olub. Hər zaman müstəqil dövləti dəstəklədilər. Azərbaycanda sabit bir dövlətin olması üçün əllərindən gələn yardımı etdilər. Bunları unutmaq olmaz.

- Hər dövrdə hakimiyyətə gələn şəxslərin formalaşdırdığı komandası olur. Bu da təbiidir. Siz o zamankı xarici işlər naziri Tofiq Qasımovun kadrı olmusunuz. Deyəsən indi İsveçrədə yaşayır. Bu illər ərzində hər hansı təmasınız mümkün olubmu?

- Tofiq Qasımovun komandasında 7-8 ay çalışmışam. Amma bir-birimizi çoxdan tanıyırdıq. Hər ikimiz fizik idik. Bir il Orta Doğu Texniki Universitetində çalışdı. Ondan sonra Türkiyədən ayrıldı. Çox savadlı fizik idi. Düzü, o vaxtdan Tofiq Qasımovdan xəbərim olmadı.

- 1990-cı illərdə bir diplomat üçün münasibətlərin yaradılmasının hansı çətinlikləri vardı?  Xüsusən də Türkiyə ilə 70 il sərhədlərimiz bağlı olub. İlk səfir kimi çətinliklərin öhdəsindən necə gəldiniz?

- O dövrdə sizin kimi gözəl jurnalistlərin sayəsində bu çətinliyin öhdəsindən gəldik. Mətbuatla, televiziyalarla çox yaxşı əlaqələr quruldu. Məhz mətbuatın, televiziyanın köməkliyi ilə bütün problemlərimizi çatdıra bilirdik. Halbuki, İstanbulda çox böyük erməni lobbisi vardı. Çalışıb mübarizə apardıq. Türkiyə qardaş ölkədir. Bu məsələlərdə çox köməklik göstərdilər. Türkiyədəki və İspaniyadakı səfirlikdə sıfırdan başlamışam. Yaxşı münasibətlər quruldu.
Həm Türkiyə, həm də İspaniya ilə ən yüksək səviyyədə əlaqələr qurduğuma görə, Türkiyədə “İlin səfiri” mükafatını, İspaniya krallığında isə krallığın  ən yüksək ordenini verdilər. Onlar ordenə “Qrand-Kruz” (“Böyük xaç”) deyirlər. Bu, hərbçi olmayan adama verilən ən yüksək ordendir.

- Türkiyənin bir zamanlar məşhur xanım baş naziri Tansu Çilləri Azərbaycanda da çox yaxşı tanıyırdılar. Bir türk xanımın baş nazir postunda olması və Azərbaycanla münasibətlərə önəm verməsi barədə nə deyə bilərsiniz?

-Tansu Çilləri çox gözəl xanım, əla siyasətçi və yaxın qonşu kimi xatırlayıram. Universitetin şəhərciyində qonşu idik. Əvvəlcə incikliyimiz oldu, amma sonradan çox yaxın dostluğum alındı. Türkiyəyə səfir kimi getdiyim gün xarici işlər naziri Hikmət Çətin məni qəbul etdi. Səhəri günü Baş nazir Süleyman Dəmirəllə də görüşə bildim. Baxmayaraq ki, prezident Turqut Özal xəstə idi,  amma bir həftədən sonra o da məni qəbul etdi. Bircə Tansu xanımdan başqa. Düz bir ay məni qəbul etmədi. Mən də ondan incidim. Qəbul etdiyi gün 20 dəqiqə məni gözlətdi. Heç demə yanında aktrisa Fatma Girik varmış. Mən də protest edib otaqdan çıxdım. Arxamca sürücüsünü göndərdi.  Beləliklə, görüşümüz çox maraqlı alındı. Əslində bu inciklik deyildi. Jest idi. Çünki bu mənə qarşı etik olmadığı kimi, dövlətimə qarşı da doğru deyildi. O zaman Tansu xanım iqtisadiyyat sahəsinə nəzarət edirdi, nazir idi. Hər gün bir bölgədə görüş keçirirdi. Tansu xanım çox cəsarətli xanımdır. Onu da deyim ki, Azərbaycana hər zaman çox böyük önəm verib.


- Dostlarınız deyir ki, siz həm də çox yaxşı şahmat oynayırsınız. Siyasətdə yox, masa üzərində...

- Gənclik illərində  olub. Təkcə şahmatla məhdudlaşmamışam. Üç idman növü üzrə birinci dərəcəm var. Sovet dövründə birinci dərəcə almaq o qədər də asan deyildi. Rəhmətlik qardaşım Azərbaycan milli komandasının üzvü idi. Onun “Neftçi”yə, Gəncənin komandasına marağı vardı. Özü “Gənclik” komandasında oynayırdı. Mənə futbolu, şahmatı və boksu  qardaşım sevdirib. Kazan Universitetində də universitetin şərəfini müdafiə edirdim.

- Yeri gəlmişkən, Tansu Çillərlə də şahmat oynamısınızmı?

- O zamankı Türkiyənin xarici işlər naziri Ərdal İnönü ilə oynamışam. Düzü, Tansu Çillərin şahmat oynadığını bilmirəm. Ərdal İnönü çox intellektual adamdır.

- Maraqlıdır, boksla məşğul olmaq nə zamansa köməyinizə çatıbmı?

- Boks çox maraqlı idman növüdür ki, özünü müdafiə edə bilirsən. Təkcə özünü yox, ailəni,  xanımını, qızını müdafiə baxımından çox vacibdir. Ona görə də boks, güləşlə məşğul olmaq hər bir iş üçün zəruridir. Eyni zamanda sağlamlıqdır. Bir dəfə də olsun siqaret çəkməmişəm. İçki isə yalnız diplomatlarla olan zaman qəbul etmişəm. O da uzaqbaşı 100 qram viski... Bu da   münasibət qurmaq üçün vacib olub.

- Məmməd müəllim, bir neçə gün qabaq tanınmış jurnalist İbrahim Nəbioğlunun haqqınızda qələmə aldığı “Abidə adam” yazısını oxudum. Yazıda sizi geniş təsvir edib.

- Çox sağ olsun. İbrahim Nəbioğlu ilə çoxdanın dostuyuq. İbrahim Nəbioğlu gördüyüm işləri qələmə alıb. Düşünürəm ki, özüm haqqında danışmağım doğru olmaz.


- Yazını oxuyanda bir daha diplomatların böyük səbirə sahib olduqlarına əmin oldum.  Diplomatlar niyə bu qədər səbirli olurlar axı?

- Əvvəla, hər adamın individual xüsusiyyətləri var. İkincisi isə söhbət diplomatlardan gedirsə,  unutmayaq ki, bir diplomat hər şeydən öncə dövlətini təmsil edir. Ona görə də dövlətin adına yaraşan hərəkət nümayiş etdirməlidir. İstər-istəməz hər bir diplomat hərəkətlərini cilovlayır, intizamlı olur. Diplomatın vəzifəsi dövləti təmsil etməkdir. Şahmatda səbirsizlik nümayiş etdirsəm də, diplomatiyada bu hal baş verməyib. Hər zaman səbirli olmağa çalışmışam. Kafkanın gözəl bir sözü var: insanın ən böyük səhvi səbirsizlik zamanı baş verir. İnsanın ən böyük günahı onun səbirsiz və tənbəl olmasındadır. Bütün bəlaların kökündə də səbirsizlik və tənbəllik dayanır.
Kafka dediklərini bir az da dərindən izah edir. Adəmlə Həvvanın niyə cənnətdən qovulmasını soruşur. Halbuki, səbirsiz olmasaydılar həm özləri, həm də övladları cənnətdə qalardı. Bəlkə yedikləri alma zəhərli idi?! Sonra Allah zəhmətlə məşğul olmağı məsləhət görsə də, onlar tənbəllikdən cənnətə qayıda bilmədilər. Doğrudan da bütün bəlaların kökü səbirsiz olmaqdadır. Hətta bir neçə dəfə mənim də həyatımda səbirsiz məqamlar baş verib. Dövlət işində olmasa da,  şəxsi məsələlərdə səbirsizlik nümayiş etdirmişəm. Düşünürəm ki, hər birimiz fərdi olaraq səbirli olmağa çalışmalıyıq.

- Hazırkı xarici işlər naziri Elmar Məmmədyarov da səbirli  və təmkinli siyasətçi kimi tanınır. Onunla ilk dəfə necə tanış olmusunuz?

- Elmar Məmmədyarov o zamanlar Xarici İşlər Nazirliyində çalışırdı. Mən isə universitetdə çalışırdım. 2004-cü ilin aprelində  cənab İlham Əliyev ilk xarici səfərini Türkiyəyə etmişdi. Həmin vaxt Elmar Məmmədyarov da yenicə nazir təyin olunmuşdu. İlk dəfə Türkiyədə Elmar Məmmədyarovla tanış olduq. Mədəni və intellektual şəxs olduğunu da orda gördüm. Elmar Məmmədyarov da ilk diplomatlarımızdandır. Hələ BMT-də və Amerikadakı səfirliyimizdə çalışarkən çox təcrübəli diplomatlarımızdan biri olub. Onda əsl diplomatlara yaraşan xarakter var. Ucaboylu, ingilis dilində sərbəst danışmaq bacarığı və təmkinli olması... Bütün bunlar əsl diplomata xas xüsusiyyətlərdir. Eyni zamanda, Elmar Məmmədyarov elmlər namizədidir.  

- Məmməd müəllim, 1990-cı illərdən danışırıqsa, bir məsələyə də münasibətiniz çox maraqlı olardı. Sizin səfir kimi çalışdığınız dövrlərdə Azərbaycandan Türkiyəyə bir qrup tələbə təhsil almaq üçün yollanmışdı. O tələbələri xatırlayırsızmı? Sonradan həmin tələbələrdən kimlərsə sizinlə əlaqə saxladımı?

- Həmin tələbələrin göndərilməsində iştirak etməmişəm. Onları o vaxtkı hökumət göndərmişdi. Mənim o zamankı hökumətlə heç bir əlaqəm yox idi. Düşünürəm ki, vətənpərvər insanlar hər zaman vətəninin mənafeyini müdafiə ediblər. Heç zaman heç bir siyasi partiyada təmsil olunmamışam. Bu, indi də belədir.

- Ola bilməz ki  həmin tələbələləri  xatırlamayasınız?

- Əlbəttə, xatırlayıram. Həmişə o tələbələrə bir müəllim, valideyn kimi dəstək olmuşam. Hərbi məktəbdə oxuyan tələbələrimiz vardı. Hətta o zaman İhsan Doğramaçıdan həmin tələbələrimizə yüksək şəxsi təqaüdün verilməsini xahiş etdim. Allah ona rəhmət eləsin! Dostluğumuzdan istifadə edərək, öz fondundan yaxşı oxuyan 8 tələbəyə təqaüd verirdi. Gülhanə Akademiyasında oxuyan hərbçi tibb bacısı ixtisasında oxuyan qızlarımızı həmişə ziyarət edirdim, səfirlikdə qəbul edirdim. O zaman onların 17-18 yaşları vardı. Onlara övladım kimi diqqət ayırırdım. Təəssüf ki, sonradan o qızlardan  heç bir xəbərim olmadı.

- 1990-cı illərdə Türkiyə siyasi elitası Azərbaycanı necə görürdü? Proseslərə hansı prizmadan yanaşırdı?

- Azərbaycanı bir qardaş ölkə kimi görürdülər. Çox insanlar ölkəmizi görmək, tanımaq istəyirdilər. Belə deyək də, Azərbaycan həsrətilə yaşayan insanlar çox idi. Müstəqilliyimizə sevinib dəstək verirdilər.

- Sonralar bir çox ziyalı azərbaycanlı Türkiyəyə köçüb orada yaşadı. Sanki onları itirdik...

- Əsasən mədəniyyət sahəsində çalışan insanlar, müəllimlər  Türkiyəyə üz tutdular.  O zaman Türkiyədə şərait vardı.  SSRİ dağılmışdı, azərbaycanda iqtisadi çətinliklər vardı.


- İngilis, alman, fransız, ispan, rus dillərində danışa bilirsiniz. Amma ərəb dilini bilmədiyinizdən Quranı orijinaldan oxumamısınız. Məhz orijinaldan oxumadığınıza görə təəssüflənirsiz?

- Bütün klassikləri orijinalda oxumuşam. Hüqonu fransızca, Servantesi ispanca, Tolstoyu rusca oxuyuram. Əsərləri orijinalda oxumağın ləzzəti başqadır. Tərcümə olunmuş əsərlər elə bilin ki,  astardır. Sədini, Şirazini, Xəyyamı, Hafizi farsca oxumaq istərdim. Təbii, Quranı bir neçə tərcümədə oxumuşam. Quranın orijinalının çox maraqlı olduğunu deyirlər.

- Tovuzlusunuz, orada doğulmusuz. Tovuza baş çəkməyə vaxt tapırsınızmı?

 - Tovuzun dağı da, aranı da çox gözəldir. Təəssüf ki, tez-tez gedə bilmirəm. Ancaq xeyir-şər məclislərinə qatıla bilirəm. Qardaşımın, bacımın övladları orada yaşayır. Atam Topçubaşovla, Abdulla Qarayevlə, Qurban Xəlilovla, Mürsəl Qarayevlə dost olub. BDU-nun o zamankı rektoru, tibb elmləri doktoru, professoru Abdulla Qarayevi çox yaxşı xatırlayıram. Evimizdə dəfələrlə olub. O insanlar Tiflisə, İrəvana gedərkən bizim evdə qalardılar. 1950-ci illərdən danışıram. Atam 48 yaşında cavan yaşlarında vəfat etdi. Atam simpatik şəxsiyyətli, ucaboylu insan idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır