Modern.az

“20 Yanvara görə indiki bəzi vəzifəlilər də, xalqı meydana qırğına aparanlar da cəzalanmalıdır” - MÜSAHİBƏ

“20 Yanvara görə indiki bəzi vəzifəlilər də, xalqı meydana qırğına aparanlar da cəzalanmalıdır” - MÜSAHİBƏ

18 Yanvar 2019, 09:28

Məzahir Süleymanzadə: “Partiya biletimi tonqaldan götürəndə məni döydülər”
 

Qanlı 20 Yanvar hadisəsinin 29-cu ildönümüdür. Modern.az saytı bununla əlaqədar tanınmış jurnalist, 1990-cl ilə nəşr olunmuş “Səhər” qəzetinin baş redaktoru  Məzahir Süleymanzadədən müsahibə alıb.

Arayış: 

 

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib.
1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.
1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
Həmin il müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından sayılan “Səhər” qəzetini təsis edib.
Elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı kitablar müəllifidir.
Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

 

- 20 Yanvar faciəsinin növbəti ildönümü tamam olur. Siz bu faciə haqqında çox kitablar, yazılar yazmısınız. İstərdik ki, 1990-cı ilin 20 Yanvar günü ilə bağlı indiyə kimi deyə bilmədiyiniz məqamlara toxunasınız.

- Bu hadisədən 29 il keçsə də, cavab tapa bilmədiyimiz suallar da kifayət qədər çoxdur. Nə qədər ki, bu suallar qalıb, onların cavablarını axtaracağıq. Bir dəfə xarici jurnalistlər  məndən soruşdular ki, 1990-cı ilin 20 Yanvarında nə baş verib? Cavab verdim ki, təbii fəlakət. Bu, hər kəsin təəccübünə səbəb oldu. İzah etdim ki, təbii fəlakət o deməkdir ki, məsələn, zəlzələ olur, evlər uçur, 50-100-500 nəfər binaların altında qalır, həlak olur. Heç kimi günahlandırmırlar, irad tutulmur, həbslər olmur. İnsanlar qəbul edib, taleləri ilə barışırlar. Günəş çıxır, hava işıqlanır və həyat davam edir. 20 Yanvarda da bu baş verdi. Tanklar gəldi, bizim dinc əhalimizi qırdı, amma heç kim günahlandırılıb, həbs edilmədi. Bu cavabımda bir ironiya, etiraz, üsyan var idi. Biz 29 ildir, bu barədə danışırıq, Azərbaycan xalqı elə-belə qanına qəltan edilməyib, bizə atılan güllə ötəri deyildi. Bütün bunların arxasında dayanan, əmri verən, bu xalqa düşmən olan var. Ta Mixail Qorbaçovdan tutmuş, Azərbaycan xalqının içərisindən çıxan satqınlara qədər. Amma indiyə qədər bir nəfər də olsun, heç ictimai qınağa da çəkilməyib.

Bu hadisələrin iştirakçısı olan vətəndaş kimi mən həmişə narahat idim. Ona görə, daim çalışırıq ki, üstündən onilliklər keçsə də, şəhidlərimizin qanı yerdə qalmasın. Onların ruhu onda şad olacaq ki, biz günahkarları, faciənin baiskarlarını tapacağıq, ictimailəşdirəcəyik və hüquq-mühafizə orqanları onların cəzasını verəcək.

O vaxt xalqı qanına qəltan edənlərin – öz içərimizdən çıxanların müəyyən qismi Azərbaycanda vəzifələrdədir. Gənclər onları tanımasalar da, bizim kimi hadisələrin içərisində olanlar onları tanıyır. Mənim vəzifəm bu gün kimisə ittiham etmək, ədalət qarşısına çəkmək deyil. Biz jurnalistlər bu cür hadisələrin qaranlıq tərəfini ictimaiyyətin diqqətinə çatdırmalı, onların salnaməsini yaratmalıyıq. O zamanlar da jurnalistlər, xüsusilə peşəkarlar, millətini, xalqını sevən, peşəsinə hörmətlə yanaşanlar çox idi. Amma hadisənin tale yükü bizim çiynimizə düşdü. Biz isə çalışdıq ki, hamının əvəzinə bu vəzifənin öhdəsindən gələk, vəzifəni daşıya bilək. İsti-isti bu hadisələri yazmaq, şəkillərini çəkmək, Azərbaycan xalqına çatdırmaq lazım idi. Çünki o zaman “Azərbaycanda nə baş verib” sualına heç kim cavab verə bilmirdi.


- Tanınan jurnalistsiniz. Bəs qeyd etdiyiniz cavabsız sualları siz niyə ünvanlamırsınız?

- Bir neçə il əvvəl bu hadisələrin yaxından iştirakçısı olan, dəyərli qələm dostum Şakir Yaqubovla birlikdə “Qara  Yanvar dialoqu” adlı maraqlı bir kitabımız nəşr olundu. Kitabın maraqlılığı ondadır ki, 20 Yanvar hadisələrindən bu günə qədər deyilməyən, yazılmayan münasibət orada göstərilib. Ən mötəbər mənbələrdən, Rusiya mənbələrindən əldə olunan, dərc edilməmiş sənədlər kitabda əksini tapıb. Kitabın yüksək qiyməti həm də bundadır. Nə yaxşı ki, qeyd etdiyimiz faktları xalqımızın nümayəndələri deyil, elə rusların özləri yazıblar. Çoxları etiraf etməyə başlayıblar ki, o zaman rusları Bakıya kim göndərib, niyə və necə göndərib. Həmin rusların bəziləri heç bilməyiblər ki, onları hansı şəhərə göndəriblər. Biz ümumi şəkildə deyirik, 20 Yanvar hadisəsini törədən rus ordusu, rus əsgəridir. Amma əslində onlar təcrübəli, yaşlı şəxslər, rütbəli hərbçilər idi. Onlar 19-dan 20-nə keçən gecə tapşırığı yerinə yetirib, qırğın törətdilər. Sabahı gün insanlar qanlı küçələrdən keçəndə, meyitləri görəndə təbii ki, postda dayanan, hansısa obyekti qoruyan rus əsgərinə nifrətlə baxırdılar. Amma o əsgərin günahı yox idi, heç xəbəri də yox idi ki, gecə Bakıda nələr vaş verib. 20 Yanvar hadisəsini törədənlər ayrı qrup idi. Biz o adamları görmüşük.

- Heç onlarla söhbət etməyə imkan tapmışdınız?

- Bakıya tapşırıq yerinə yetirməyə gələn rus hərbçilərinin bir qismi elə bilirdi ki, Əfqanıstana gedir. Onlara tapşırıq verilmişdi ki, qabağına kim çıxsa, güllə atmalısan, əks halda o sənə atacaq.

Bəli. Onların bir qismi nəyə görə bura gəldiklərini, törətdikləri dəhşətli cinayətin miqyasını bilmirdilər. Düşünürdülər ki, kimsə onların yerləşdiyi tanka güllə atıb, təxribat törətməyə çalışıb, onlara qarşı tədbir görüblər. Biz tək əsgərlərə deyil, generallara belə deyəndə ki, səs-küyə eyvana çıxan dinc əhalini gülləbarana tutmusunuz, onlar yalnız müqavimət göstərənlərə atəş açdıqlarını iddia edirdilər.

- Ordunun Bakıya yeridilməsi üçün SSRİ rəhbərliyinin əlində bəzi bəhanələr var idi. Bundan əlavə, bir çox rayonlarda raykomlar dəyişdirilir, yerinə Xalq Cəbhəsinin nümayəndələri gətirilirdi. Buna görə də, siz heç 20 Yanvarda bu dərəcədə dəhşətli qırğın olacağını düşünmüşdünüzmü?

- Sovet qoşunlarının əlavə qüvvəsinin Bakıya gələcəyi ağlımıza da gəlmirdi. Niyə gəlsin ki? Bakıda 4-cü ordunun böyük kontingenti var idi. Sovet ordusunun say etibarı ilə ən böyük hissələri burada yerləşmişdi. Bakıya əlavə qoşun gətirməyə nə ehtiyac var idi? Əvvəla asayişi yaratmaq polisin vəzifəsidir, ordunun deyil. Əgər polis say etibarı ilə azdırsa, öhdəsindən gələ bilmirsə, əsgəri qüvvəyə müraciət etmək olardı. Amma bundan ötrü Stavropoldan, Rostovdan təyyarəyə muzdlu əsgərləri doldurub, Bakıya gətirməyə ehtiyac yox idi. Sadəcə bunu törədənlər bilirdilər ki, məqsəd mümkün qədər reaksiya doğura biləcək qan tökmək, hay-küy yaratmaq idi. Bundan əvvəl Alma-Atada və Gürcüstanda kiçik miqyasda hadisələr törədilmişdi. Amma o qarşıdurmalar 20 Yanvar faciəsi ilə müqayisə ediləsi deyil.

O zamanlar bəzi ölkələrdə Rusiyanın dili ilə desək, separatçılıq meyilləri, azadlıq hərəkatı baş qaldırırdı.

- Məzahir müəllim, o dövrdəki Azərbaycan rəhbərliyinin addımlarına hansı epitetlərlə ad qoyaq? Məsuliyyətsizlik, bacarıqsızlıq, yoxsa müticəsinə itaətkarlıq?

- O zaman Azərbaycana Əbdürrəhman Vəzirov rəhbərlik edirdi. O isə hadisələrə az qalmış Bakını tərk etdi, qaçdı. Nə baş verir versin, öz xalqını qoyub qaçan adamın adını hörmətlə çəkə bilmərik. Arqument nə ola bilər ki... Ən uzağı həyatını itirərsən. Öz xalqının başının üstündə, rəhbərlik edə-edə həyatını itirməkdən şərəfli heç nə yoxdur. Xalqın, dövlətin mənafeyi uğrunda addım atdığın məqamda şəhid ola bilərdin. Əbdürrəhman Vəzirov, o şəhidlərdən artıq deyilsən ki! Ona görə, bu məsələlər haqqında danışmaq lazım deyil. Xalqa rəhbərlik tapşırılmışdısa, o axıra qədər rəhbərliyini etməli idi. Ancaq o zaman həmin rəhbərlər də ehtiramla yad edilə bilərdi. Ona görə deyirəm, elə məsələlər var ki, hamının gözü qarşısında baş verib, sadəcə qiymət vermək lazımdır. Hər bir vətəndaşın mövqeyini açıq-aydın göstərmək lazımdır. Bu gün ortaya çıxıb, özünü qəhrəman kimi təqdim etməklə deyil, biz hər kəsi tanıyırıq, o zaman mövqeyinin nə olduğunu da bilirik.


- 20 Yanvardan danışarkən bir-birinə əks cəbhədə dayanan iki tərəfin arqumentlərini vurğulamamaq mümkün deyil. Bu gün hansısını dindirsən, qarşı tərəfi ittiham edir. Biri deyir, günahkar xalq hərəkatı nümayəndələri idi, digəri deyir ki, rəhbərlik səriştəsiz idi. Bu ittihamlardan nəsə əldə edə biləcəyikmi?

-  Hər iki tərəf haqlıdır. Bütün bunlar ona görə baş verir ki, bu qədər sübut ola-ola belə böyük faciəyə görə heç kim cəzasını almayıb. Əlbəttə, 20 Yanvar faciəsinə görə bu gün vəzifədə olan bəziləri də, o zamanlar guya müxalifət mövqeyində dayanıb xalqı meydana səsləyən, qırğına aparan şəxslər də cəzasını almalıdır.

- Ad çəkəcəksiniz?

- Mən ümumi danışıram. Çünki bir vətəndaş, jurnalist kimi konkret adam adı çəkib, onu sübut etmək iqtidarında deyiləm. Bunun üçün sənədlər əsasında, hüquqi səviyyədə araşdırma lazımdır.

- Yəni sənədlər var?

- Əlbəttə, var. Onların böyük əksəriyyəti Mosvadadır. 137 şəhid ruhu elə özü də sənəd deyilmi?! Təhqiqat aparmaq lazımdır. O zaman bizim qeyrətli prokurorluq işçilərimiz, məsələlərə vətəndaşlıq mövqeyi ilə yanaşan, qeyrət işi kimi baxan oğullarımız var idi. Çox işlər görmüşdülər, sənədləri toplamışdılar. Sonradan Qarakənd faciəsində guya “qara qutu”nun oxunması üçün Moskvaya göndərildiyi kimi, tədqiqatlar da getdi. Təbii ki, onların əleyhinə olan məlumat, reallıq Azərbaycana qayıtmayacaqdı. Amma Moskvada rusların özü müxtəlif tədqiqat qrupları yaratmışdılar. Bizim “Qanlı Yanvar dialoqu” kitabımızda həmin qrupların qeydləri və gəldikləri nəticələr var. Burada rus generalları ittiham olunur, adları da çəkilir. Onların apardığı tədqiqata minnətdarlıq hissi ilə yanaşırıq. Çünki həmin sənədlərdə bir çox məqamları etiraf edirlər.

Düzdür, biz şəhidlərin xatirəsini əbədiləşdirmişik, onlara “20 Yanvar şəhidi” fəxri adını vermişik, şəhid ailələrinə dövlət tərəfindən qayğı göstərilir. Sadəcə, söhbət Azərbaycan xalqına qarşı törədilmiş bu böyük qırğına beynəlxalq səviyyə bir tərəfə, öz ölkəmiz səviyyəsində lazımi qiymətin verilməməsindən gedir. Biz bunun təmin olunmasını, şəhidlərimizin ruhunun sakit olmasını, gələcəkdə belə hadisələrin təkrar olunmaması üçün 20 Yanvardan nəticə çıxarılmasını, hər kəsə layiq olduğu mükafatın və cəzanın verilməsini istəyirik.

- Müsahibələrinizdə qeyd etmisiniz ki, 20 Yanvar faciəsindən sonra “Səhər” qəzetinin redakiyasına gəliblər, senzor yoxlaması tələb ediblər və s. O zaman rəhbər şəxs qaçsa da, mərkəzlə bağlı şəxslər qalmışdı. Onlardan kimsə çağırıb, sizə göstəriş verdimi?

- Qətiyyən. Biz hətta bir neçə dəfə Şakir Yaqubovla Mərkəzi Komitəyə getmişik. Komitənin qapısının ağzında mühafizəçi belə yox idi. Azərbaycanda elə rəhbər yox idi ki, ən azı məsləhətçi  kimi ona müraciət edəsən. Müraciət edə biləcəyimiz şəxslər Bakının hərbi komendantı Dubinyak idi. Bundan başqa, general-leytenant Ovçinnikov idi – Dövlət Televiziyasının binasında oturub, proseslərə rəhbərlik edirdi.

General-mayor Aleksandrov var idi – “Azərbaycan” Nəşriyyatında senzura məsələlərinə nəzarət edirdi. Onların arasında hadisənin mahiyyətini dərk edən generallar da var idi. O zaman “Səhər” qəzetini dərc edəndə və orada 20 Yanvara aid bəzi materialları dərc edəndə Aleksandrov bilərəkdən deyil, bəzi məsələlərə loyal yanaşdığına görə bundan sui-istifadə etmişdik. O, buna görə töhmət də almışdı. Aleksandrov həm də Belarus Ali sovetinin deputatı idi. O deyirdi: “Mən general-mayoram, bütün fəaliyyətim boyu “paqon”ları fəxrlə daşımışam, amma həyatımda ilk dəfə sizə görə mənə töhmət verdilər”. Mən isə dedim ki, sən o töhmətə görə iftixar hissi keçirməlisən.

O zaman hər yerdə tətil elan olunmuşdu. Mətbəə də işləmirdi. Biz qəzeti çap etdirməkdən ötrü mütləq böyük jurnalistimiz Nəcəf Nəcəfovun icazəsini almalı idik. O isə axtarışda idi, tapılsa həbs edəcəkdilər. Nəcəfovu Əhmədlidən - gizləndiyi evdən tapıb gətirməkdən başqa çarəmiz yox idi. Ora isə yalnız Aleksandrovun xidməti maşınını göndərə bilərdik. Nəcəfovu axtaran şəxslərin öz maşınında bizə icazə verməsi üçün nəşriyyata gətirdik.


- Bəs Aleksandrov bilmədi?

- Sonradan öyrəndi. Aleksandrov soruşdu ki, bu, kimdir? Dedik “Səhər” qəzetinin şöbə müdiridir, köməyə gətirmişik.

Nəcəf Nəcəfov bir neçə şəklə baxan kimi dedi, necə ola bilər, bunları yaymaq üçün icazə almısınız? Artıq əmin olandan sonra qəzetin çapına yardım üçün yığdığımız mətbəə işçilərinə tapşırdı ki, Rafael Nağıyev, Məzahir Süleymanzadə, Şakir Yaqubov  nə desələr mənim adımdan deyəcəklər.

- Hər halda böyük riskə girmişdiniz. Heç real ölüm təhlükəsi ilə üzləşmişdinizmi?

- Əlbəttə. Fevral ayının 3-də biz qəzetdə 20 Yanvar şəhidlərinin siyahısını dərc etdirmişdik. Beynəlxalq informasiya belə idi ki, Bakıda bir neçə nəfər terrorist, saqqallı, ekstremist məhv edilib. İlk dəfə olaraq, 20 Yanvarda öldürülən günahsız qurbanları “Səhər” qəzeti şəhid adlandırıb.

Biz bir səhifəlik siyahını dərc etməkdən ötrü çox çalışdıq. 20 Yanvardan sonra – yanvarın 25-də “Səhər” qəzetinin 2 milyon tirajla çap olunan nömrəsi çıxdı.

Bu buraxılışın razılığını o şərtlə vermişdilər ki, biz qəzetdə bir səhifə düşmən əmrini verməli idik. Biz isə bunu dərc etmək istəmirdik. Sözügedən müzakirələr olduğu vaxt Oljas Suleymanov bizimlə görüşə gəldi. O prosesdən xəbərdar olandan sonra dedi ki, 12 səhifəlik qəzetin 11 səhifəsində öz xalqınızın mənafeyini müdafiə edəcəksiniz, cəmi 1 səhifə düşmən sözü yerləşdirəcəksiniz. “Düşünün, nə qədər böyük şans qazanmısınız” dedi.
“Bundan imtina etmək lazım deyil. Hətta bu əksinə olsa, sizə cəmi 1 səhifə şans verilsə  belə, maksimum istifadə edib, sözünüzü deməlisiniz” söylədi.  Bu ağılllı söz olduğuna görə, bizim də razılaşmağımıza səbəb oldu. Həm də məcburiyyət qarşısında qalıb, həmin bir səhifəlik əmri dərc etdik. Amma onlar tələb etdikləri kimi, Azərbaycan dilinə tərcümə etmədik, rus dilində yayımladıq. Bu dolayısı yolla o demək idi ki, həmin materialın bizə aidiyyəti yoxdur. Digər səhifələrdə isə Şeyülislam Allahşükür Paşazadənin bəyənatı, “Vətən bu gün ağı deyir” adlı tarixi reportaj, şəhidlərə ağı şeirləri, müxtəlif məqalələr dərc olunmuşdu.

- 2 milyonluq tiraj niyə faciədən 5 gün sonra – yanvar ayının 25-i dərc edildi?

- Biz şəhidlərimizin dəfnini gözləməli olduq. Çünki bu bir tarixi matəm idi. Azadlıq meydanından Şəhidlər xiyabanına qədər çiyinlərdə gedən şəhidlərin görüntülərini reportajlarda əks etdirdik. 11 jurnalist həmin reportajları yazıb. Şair Vaqif  Bəhmənli 11 nəfərin yazdığı ayrı-ayrı parçaları bir cümlə ilə ifadə etdi. Bu gün məşhur bir mütəxəssisə oğul deyərəm ki, 11 nəfərin yazdığı reportajı bir-birindən ayıra bilsin. Çünki hamı bir fikrə köklənmişdi, eyni cür düşünürdü. Amma 11 nəfərin imzası olmasına rəğmən, biz bu reportajı xalqa aid etmişdik.

Şəhidlərin siyahısını dərc edəndən sonra bir mülki şəxs və iki hərbçi məni evimdən götürüb, “Azərbaycan” televiziyasına apardı. Orada da vəziyyət gərgin idi, televiziyanın enerji bloku partladılmışdı, Bəxtiyar Vahabzadənin generalın üzünə tüpürməsi insident yaratmışdı.

 

Bakı səhərinin hərbi komendantının əmrlərini Azərbaycan dilində oxumağa adam tapmırdılar. Bir əsgər tapmışdılar, guya Azərbaycan dilini bilirdi, amma erməni ləhcəsi ilə pis gündə danışırdı. Ovçinnikov “Səhər” qəzetini əlinə alıb, görür ki, 20 Yanvarda şəhid olan 137 nəfərin adı qeyd olunub. Siyahının haradan götürüldüyünü, niyə dərc olunduğunu öyrənmək üçün məni çağırdılar.


- Doğrudan da, həmin siyahını haradan götürmüşdünüz?

- Polkovnik Rizvan Zeynalovun bir neçə nəfərdən ibarət qrupu var idi. Onlar ayın 22-nə qədər – təxmini 3 günə xəstəxanaları gəzərək, araşdırma apardılar, meyitlərin şəkillərini çəkdilər, şəxsiyyətlərini müəyyənləşdirdilər. O zaman nə material əldə olunsa, bizə verirdilər.

Çünki biz xarici ölkələrin informasiya agentliklərinin ən etibarlı mənbəsinə çevrilmişdik. Biz redaktor müavini olduğumuza görə, otağımızda dövlət telefonları var idi. Yeri gəlmişkən xatırladım ki, “Səhər” qəzeti o zaman “Kommunist”in əlavəsi kimi nəşr olunurdu.

Biz fürsətdən istifadə edib, dünyanın yarısı ilə əlaqə saxlayırdıq. Mülki şəxslərə də zəng edirdik. Əslində addımlarımız kortəbii idi.  Məqsədimiz isə sadəcə daha çox insana 20 Yanvar faciəsini çatdırmaq idi ki, Bakıda əslində nə baş verdiyini bilsinlər. Heç olmasa 50-100 nəfər bunu bilsə, bizim üçün böyük rəqəm idi. Elə həmin gündən telefonlarımız susmadı. Müxtəlif xarici ölkələrdən mötəbər informasiya agentliklərindən zənglər gəlirdi.

 

“Səhər”in ilk nömrəsi 1989-cu il avqustun 4-də çıxıb. 5 ay sonra 20 yanvar hadisələri baş verdi. Belə görünür ki, faciəni işıqlandırmaq, bu cəsarəti göstərmək “Səhər”in taleyinə yazılmışdı.

 

- Hadisələrdən sonra o zaman SSRİ rəhbərliyindən istefa vermiş Heydər Əliyev Moskvada böyük mətbuat konfransı keçirib, dünya ictimaiyyətinə səsləndi. Heydər Əliyevin o zamankı addımlarını necə şərh edərdiniz?

- Bu barədə “Qanlı Yanvar dialoqu” kitabımda da, “Güllələnmiş qəzet”də də geniş qeyd etmişəm. 20 Yanvar hadisələrinin beynəlxalq səviyyədə qəbul olunmasına, ictimaiyyətin diqqətinin bura yönəlməsinə Heydər Əliyev təkan verdi. Onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək çıxış etməsi, cəsarətlə Mixail Qorbaçovu ittiham etməsi böyük vətəndaşlıq nümunəsi idi. Biz həmin gün ümummilli liderin çıxışını tərcümə edib, ölkədə yaydıq. Qəzetimiz çıxmamışdı deyə “Səhər”də verə bilməsək də, həmin bəyanatı Gürcüstana qədər göndərdik. Çünki Azərbaycandan xaricə çıxarmaq çətin idi, bunu Gürcüstandan edə bildik.

 

O zamanlar indiki AZƏRTAC-a Peres adlı şəxs başçılıq edirdi. Biz onun Moskva ilə yazışmalarını ələ keçirəndə gördük ki, tamamilə düşmən mövqedədir. 20 Yanvar hadisələri ilə bağlı bütün informasiyalar Moskvaya, SİTA-ya göndərilir, orada SSRİ rəhbərliyinin  istəyinə uyğun yenidən yazılaraq, AZƏRTAC-ın materialı kimi yayılırdı. O materialların bir neçəsinə “Qara Yanvar diqaloqu”nda istifadə etmişik. Sonra bizim uşaqlar Peresin yaxasından tutub dartmışdılar.

Həmin hadisədən sonra Peres burada qala bilmədi, İsrailə köçdü.

 

20 Yanvar hadisəsindən sonra təbliğat işlərinə Xarici İşlər Nazirliyimizi də qoşmuşduq. Hazırda İngiltərədə yaşayan Zülfüqar Rüfətoğlu materialları ingilis dilinə tərcümə etmişdi, materialları oraya aparmışdılar. “Səhər”in tarixi nömrəsi çıxandan iki gün sonra bizə göndərdilər ki, İranda fars əlifbası ilə qəzetimizi yenidən dərc ediblər. Eləcə də, Baltikyanı ölkələrdə və digər xarici mənbələrdə “Səhər” qəzeti tərcümə edilib, dərc olunmuşdu.

 

40 gün qəzetimiz şəhidlərə yas saxladı. Əzizə Cəfərzadənin bayatıları, Xalidə Hasilovanın yazıları, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri ilk dəfə bizim qəzetdə çap olunmuşdu. İşimiz yanvarın 25-dəki 2 milyon tirajla yekunlaşmamışdı.

 

20 Yanvardan sonra da pərakəndə şəkildə küçədə adamlar güllələnirdi. Rus əsgəri əlində silah Bakıda gəzirdi. Kütləvi qırğın olmasa da, ayrı-ayrı yerlərdə vətəndaşlarımız həlak olurdu.



- Bu qədər işi görmək üçün soyuqqanlı olmaq, hissləri cilovlamaq lazım idi. Bunu bacarmışdınız. Bəs harada soyuqqanlılığınızı itirdiniz, hansı hadisə sizə daha çox təsir etdi?

- Biz bir tərəfdən peşə vəzifəmizi yerinə yetirirdik, bir tərəfdən də peşmançılıq hissi keçirirdik. Bir neçə gün evimizə belə getməmişdik.

- Nəyə görə peşman idiniz?

- Dediyim kimi, şəhidlərin arasında olmadığımıza görə. O hiss bizi tərk etmirdi ki, o şəhidlərdən nəyimiz artıqdır? Aramızda qızlar da var idi. Flora Sadıqova göz yaşı tökürdü ki, niyə cavan jurnalistləri informasiya toplamağa göndərirsən, məni yox? Mən isə cavab verdim ki, sənin buradakı jurnalist qardaşlarının sonuncusu nə zaman şəhid olacaqsa, səni onda göndərərəm. Bu cür canımızı qoyaraq, işləyirdik, yazılarımızı göz yaşı ilə yazırdıq.

Mən partiya biletimi digər sakinlərlə birlikdə tonqala atmışdım. Amma son anda götürmüşdüm, kütlənin şillə-təpiyinə də məruz qalmışdım.

- Niyə tonqalın içərisindən partiya biletinizi götürmüşdünüz?

- Biz Şakir Yaqubovla Mərkəzi Komitənin qarşısından keçəndə gördük ki, böyük tonqal qalanıb, minlərlə partiya bilet ora atılıb. Filarmoniyanın yanından o zamankı Mərkəzi Komitənin binasına qədər olan ərazi adamla dolu idi. Biz də kütləyə qoşulub partiya biletimizi tonqala atdıq. Sonradan içimdən qəribə hisslər keçdi, əhvalım dəyişdi, soyuq tər basdı. Bu hissi nə yazmaq, nə də danışmaq olur. Elə bil kimsə mənə dedi ki, get biletini götür. Anidən, qeyri-ixtiyari irəli atılıb, tonqalın içindən bir çəngə bilet götürdüm. İçərisindən öz biletimi tapıb, cibimə atdım. İnsanlar az qalırdı məni tonqalın içərisinə atsınlar. Əməlli-başlı cəzamı aldım. Mənə şillə-təpik vurdular. Nəysə ki, birtəhər aradan çıxa bildik.

- O partiya bileti sonrada bir işə yaradı?

- O partiya bileti sonradan həyatımı da qurtardı. Məni evimdən götürüb Ovçinnikovun yanına aparanda partiya biletim cibimdə idi. O, şəhidlərin siyahısını dərc etdiyimizə görə bizə 30 sutka həbs cəzası kəsdi. Qorxdum. Dilim qurudu, ayaqlarım boşaldı. Ancaq onda qorxu hissinin nə olduğunu duydum. Bizi Ulyanovska göndərəcəkdilər. Bir anlıq düşündüm ki, evdə körpə uşağım var, 6 yaşlı oğlumun üzündən belə öpmədən çıxmışam. Qorxu məcbur etdi, partiya biletini çıxartdım, hirslə stolun üstünə atdım. Dedim: “Azərbaycanda muzeyə qoyulası yeganə kommunist mən qalmışam, hamı biletini atıb tonqala yandırıb. Mənim biletim isə cibimdə, ürəyimin başındadır. Qorbaçova şikayət edəcəyəm, sən Azərbaycanda yeganə kommunisti həbs edirsən”.

Bütün bunları qorxudan necə dilə gətirdiyimin fərqində belə deyildim. Soruşdu ki, bu nə siyahıdır, çıxartmısınız? Cavab verdim ki, o “Kommunist” qəzetinin əlavəsidir, mən də “Kommunist”in redaktoruyam. O inanmadı, zəng etdi kiməsə. Toğrul Rüstəmov içəri girdi. O Toğruldan soruşduki, bu şəxs düzmü deyir? Toğrul mənimlə görüşdü və dedi ki, bəli, Məzahir əslində redaktor müavinidir, amma baş redaktor işdən uzaqlaşdırıldığına görə, onun səlahiyyətlərini də icra edir. Bundan sonra zəng etdi ki, Məzahir Süleymanzadənin 30 sutkalıq cəzasını şərti cəza ilə əvəz edirəm. Mənə isə tapşırdı: “Yenə də bu qəzeti çap etdirsən, bunun müzakirəsi yoxdur. Söz verirsən?”. “Yox, nə olacağını hələ bilmirəm” dedim. Ondan sonra, dediyim kimi şəhidlərin qırxına kimi qəzet çap olundu.



Ovçinnikov məni ikinci dəfə də ilişdirdi. Daxili İşlər Nazirliyində  çalışan Mehman Mehmanov bir materialı  bizə təqdim etmişdi – rus əsgərləri Bakıda neynirlər? Materialda qeyd olunmuşdu ki, əsgərlər mağazaların vitrinlərini sındırıb, ərzaq oğurlayırlar. Bunlar DİN tərəfindən cinayət işi kimi qeydə alınmışdı. Biz həmin yazını dərc etdik. Aləm yenə bir-birinə dəydi. Həmin materialın dərc olunmasına hərbi senzor möhürlə icazə vermişdi. Məqalə dərc olunan günün səhərisi bir asiyalı redaksiyamıza gəldi. Mübahisəmiz yarandı. Mən ona möhürü, yazıya icazə verilməsini göstərdim. O dedi, möhürü ver, aparım. Nə qədər təkid etdisə, möhürü vermədim. Ondan sonra Aleksandrova töhmət verdilər.

Azərbaycan Hərbi Komissarlığınınm siyasi idarəsinin rəisi Abdulla Ələsgərov adlı şəxsə zəng etdilər ki, “Səhər” qəzeti ilə bacara bilmirik. Qeyd edirdilər ki, çətinlik Azərbaycan dilini bilməməkləridir, onlar bizi aldadırlar. Ələsgərovdan xahiş etdilər ki, Azərbaycan dilli bir nəfəri göndərsin. Abdulla müəllim isə bir mayoru yanına çağırıb, tapşırıq verib ki, sənin rəhbərin də, senzorun da, generalın da Məzahir Süleymanzadədir. Oxuduqlarını deyil, onun dediklərini tərcümə et. Bu cür qeyrətli insanların köməyi ilə biz ata bilirdik.


2 milyon tirajlıq qəzet 12 böyük yük maşınına ancaq yerləşmişdi. Bu qəzetləri maşınlara dolduran, əhaliyə paylayan bizim qeyrətli dostlarımız, könüllülər idilər. Onlar avtomatın, güllənin altında müxtəlif yerlərə istiqamət alırdılar. Əsasən də milyon yarıma qədər adamın toplaşdığı Şəhidlər Xiyabanına tərəf maşınlar gedirdi. Qəzeti bir-bir deyil, dəstə ilə insanlara paylayırdılar. “Səhər” bir göyərçin kimi havada uçurdu.


Qəzetin güllələnməsi hadisəsindən də danışım. “Səhər” qəzetini bizim redaksiya ilə üzbəüz parça mağazasının vitrininə vurmuşduq. Zülfüqar və Araz Qurbanov qəzeti yapışdıran kimi minlərlə insan meyitlərin şəklinə baxmağa yığıldı. Bu zaman əvvəl havaya, insanların dağılışmadığını görəndə isə vitrinə atəş açdılar. “Səhər” qəzetinə də məhz onda güllə dəydi. Şəhid oldu qəzetimiz. Mən gələndə Zülfüqar və Arazı maşına mindirib, polisə aparmaq istəyirdilər. Onları azad etdirdim.


Bu hadisələrdən 29 il keçib. Tez-tez evə getmədiyimiz, redaksiyada gecələdiyimiz günləri xatırlayırıq. Mən ayın 19-dan 23-nə kimi evə getməmişdim. 4 gecə redaksiyada yatdım. Yazı yazmaq, onu çap etdirməkdən asan idi. Bir şəkildə çap etdirəndən sonra isi onu yaymaq, xalqa çatdırmaq, xalqı inandırmaq da çətin idi. İnsanların göz yaşı qurumamışdı. İlham və Fərizəgilə ilk dəfə Flora Sadıqovanı göndərmişdim. Ən birinci o gedib, İlhamgilin qapısını döyüb, ilk reportajı yazıb, insanlara İlham və Fərizəni tanıdıb.

20 Yanvarda “Moskva” mehmanxanasının qabağından Şəhidlər xiyabanının axırına qədər yerə “qərənfil xalçası” sərilmişdi. Dağüstü parkda şəhid məzarlarının çoxu boş qaldı. Dünyasını dəyişənlərin bir qismi rayon adamı olduğuna görə, rayonlarda dəfn edilmişdilər. Dəqiq informasiyalar olmadığına görə, kütləvi şəkildə 200-250 məzar qazmışdılar.

Şəhidlər xiyabanı kimi həmin ərazinin seçilməsi, kütləvi qəbirlərinin qazılması sıravi vətəndaşların təşəbbüsü idi. Bu özü də böyük məsuliyyət və cəsarət tələb edən iş idi.

“Səhər” qəzeti il yarım ərzində ölkədə nəşr olunan yeganə gündəlik qəzet olub. Biz məcbur olub bu qəzeti həm də rusca dərc etdirmişik. Taleyimizə Xocalı faciəsi də düşdü. Xocalı haqqında da ilk məlumatı biz yaymışıq. Çox əziyyətlərlə həqiqətləri xalqa çatdırmağa çalışmışıq.

- 29 ildən sonra 20 Yanvar haqda danışmaq hər halda yenə də sizə çox pis təsir edər...

- Hər dəfə 20 Yanvar faciəsindən danışanda adam ölüb-dirilir.

Kitabımda əks olunduğu kimi, ümummilli lider Heydər Əliyev Respublika sarayında mənim əlimi sıxıb, dedi ki, siz 20 Yanvar faciəsi vaxtı jurnalist qəhrəmanlığı göstərmisiniz. Mənim ən böyük mükafatım elə bu qiymət oldu. Düzdür, o faciəni işıqlandıranda biz heç nə düşünmürdük, ondan sonra da bir iddiamız olmayıb. Yalnız peşmançılıq hissi keçirirdik ki, niyə o şəhidlərin arasında biz də olmadıq. Nəyimiz o şəhidlərdən artıqdır?

Amma jurnalist idik. Hər sahənin çalışanları, həkim, çörəkçi, və digər şəxslər necə insanlara xidmət edirdisə, biz də vəzifəmizi yerinə yetirməyə çalışırdıq. 20 Yanvar faciəsini işıqlandırıb, bu hadisələrin salnaməsini yaratmağa can atırdıq...



Aqşin Kərimov
Aysel Aslan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi