Modern.az

Məhkumlardan 96 mobil telefon götürülüb

Məhkumlardan 96 mobil telefon götürülüb

18 Yanvar 2019, 20:43

“2018-ci ildə həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən və məhkumlardan 1770 manat məbləğində pul, 96 mobil telefon, 139 min 327 qram narkotik və psixotrop maddələr aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanan materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub. Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 579 müxtəlif cinayətin üstünün açılmasına kömək göstərilib”. Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində vurğulanıb.

 

Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilən şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilən 7 odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib: “Tərbiyə işinə, xüsusilə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlarla sosial yönümlü işə aidiyyəti dövlət qurumlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilib. Məhkumlarda qanuna itaətin həvəsləndirilməsi, tolerantlıq prinsipləri, birgəyaşayış ənənələrinə hörmət və ehtiramın formalaşdırılması istiqamətində seminar-treninqlər keçirilib.

 

Dövlətimizin başçısının təşəbbüsü ilə 2017-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş qanunun icrası ilə əlaqədar 2018-ci ildə penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib. 647 məhkum cəza çəkməkdən azad olunub, 2319 məhkumun cəza müddəti azaldılıb, 851 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib. Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məqsədilə məhkəmələrə təqdim edilən sənədlərin hazırlanması işində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı ədliyyə naziri tərəfindən verilmiş tapşırıqların icrası üzrə tədbirlər davam etdirilib. Yeni fəaliyyətə başlayan Komissiyanın artıq 24 iclası keçirilib, 818 məhkumun müraciətlərinə baxılıb və onlardan 363-nə müsbət rəy verilib. Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?