Modern.az

Rəsulzadənin yeni barelyefi narazılıq yaratdı - FOTO  

Rəsulzadənin yeni barelyefi narazılıq yaratdı - FOTO  

Hadisə

25 Yanvar 2019, 02:20

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Novxanıda yaşadığı evinin önündən oğurlanmış barelyefinin yerinə yanvarın 25-də yenisi vurulub.

Bu barədə Modern.az-a Novxanı bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, yeni barelyef mərmərdən düzəldilib.

Ancaq yeni barelyefdə qeyd edilən sözlər sosial şəbəkələrdə ciddi narazılıq doğurub. Belə ki, Novxanı bələdiyyəsinin hazırlatdığı mərmər barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyəti” sözlərinin yazılmasına etiraz edilib.

Halbuki, barelyefdə “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Demokratik Respublikası” və ya sadəcə “Azərbaycan Cümhuriyyəti” yazıla bilərdi.

Barelyefdə Məhəmməd Əmin Rəsulzadənin ad-soyadının da qısaldılaraq “Məmmədəmin Rəzulzadə” kimi yazılması da sosial şəbəkələrdə narazılıq doğuran digər amil olub.

Ümumiyyətlə, barelyefdəki sözlərin savadsızcasına yazıldığını bildirən sosial şəbəkə istifadəçiləri Novxanı bələdiyyəsinin bu hərəkətini pisləyiblər.
 

Xatırladaq ki, yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanmışdı. 

Abşeron rayonu Polis İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini 2 nəfər saxlanılıb.

 

Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. 


Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər. 

 



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı