Modern.az

Nazirlik Prezidentin şəhid ailələrilə bağlı Fərmanını ŞƏRH ETDİ

Nazirlik Prezidentin şəhid ailələrilə bağlı Fərmanını ŞƏRH ETDİ

Hadisə

31 Yanvar 2019, 12:32

"2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olub ki, bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb".


Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident Fərmanını şərh edərkən bildirib.

Qeyd edilib ki, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.


Prezidentin imzaladığı ikinci Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.


“Azərbaycan Respublikasının Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı yüksək səviyyədə icra ediləcək”,-deyə nazirlik bəyan edib.


Nazirlik bildirib ki, ötən dövrdə şəhid ailələri və müharibə əlilləri kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.


Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I  qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət  alırlar.


Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.


Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.

Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də ildən-ilə güclənəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir