Modern.az

Tanınmış jurnalist İTV-də işə başladı

Tanınmış jurnalist İTV-də işə başladı

1 Fevral 2019, 10:22

Xeyli vaxtdır işsiz qalan tanınmış jurnalist İlham Tumas İctimai Televiziyada fəaliyyətə başlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə İ.Tumasın özü bildirib:

İctimai Televiziya və Radio Yayımları Şirkətində ustad Orxan Fıkratoğlu ilə yeni layihəyə başladıq. 
Son 70 il ərzində hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş və dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb eləyən, ictimaiyyətə açıqlanması məqbul hesab olunan əməliyyatları, açılmış cinayət işlərini əhatə eləyən “İstintaq davam edir” adlı sənədli telelayihəsinin birinci filminin çəkilişləri gedir. Əla sürprüzlər olacaq”. 


İlham Tumasın sözlərinə görə, həm Sovet, həm də müstəqillik illərində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilimiş hər hansı əməliyyat, bu əməliyyatın iştirakçılarının qəhrəmanlığını ehtiva eləyən sənədli filmləri davam etdirməyi düşünürlər və bununla bağlı ictimaiyyətdən gələn təklifləri dəyərləndirəcəklər.

İlham Tumas 1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin fizika və 1993-1996-cı illərdə isə universitetin sosial elmlər və psixologiya fakültəsində  təhsil alıb. İxtisasca filosofdur.

1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən jurnalist  N saylı hərbi hissənin tərkibində əlahiddə “Qurtuluş”  taborunda Tərtər, Ağdərədə vuruşub.
İlham Tumas 1996-2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.

Müxtəlif mətbu orqanlarda, o cümlədən, “Avrasiya”, “Kino”, “Ayna”, “Panorama”, “Hürriyyət”, “Vətəndaş Həmrəyliyi”, “Xural”, “Ekspress”, “24 saat”, “Nota Bene” qəzetlərində çalışıb. 2008-ci ilin martından noyabrına qədər “24 Saat” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 
Televiziyalarda sənədli filmlər müəllifidir. ANS TV-də Seyid Cəfər Pişəvərinin həyatından bəhs edən “Bir qəzanın tarixçəsi” və Birinci Cümhuriyyət dövrünə dair “Cümhuriyyət qurbanları”, AzTV-də “Heydər Əliyevə apologiya”, “Naxçıvan həqiqətləri”, “Vanqa”, “Qorxulu Rasputin”, “İvanovka nümunəsi” və digər çoxsaylı sənədli filmlərin müəllifidir. “Salnamə” Sənədli Filmlər Studiyasinda “Təxəllüsü Mixaylo”, “Sualtı səltənət” sənədli filmlərinin redaktoru olub. 
APA TV-də “İlham Tumasla 40 dəqiqə” müəllif-layihəsinin aparıcısı olub.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı