Orqan və ya toxumalarının transplantasiyası dünya səhiyyəsinin ən önəmli qollarından biridir. Son illərdə orqan və toxuma nəqli sahəsində cərrahi üsulların inkişafı, immunosupresiv, antibakterial, antiviral müalicə üsullarının istifadə edilməsi, tədarük və əməliyyat proseslərində zamanın daha effektiv istifadəsi bütün dünyada daha çox sayda xəstənin orqan və toxuma nəqlindən faydalanmasına və bu imkanlara daha rahat əlçatımlılığına səbəb olub. Lakin bu göründüyü qədər asan proses deyil. Orqan nəqli gözləyən xəstələrin sayı ildən-ilə artmaqdadır. Yetərli orqanın olmaması dünyada və ölkəmizdəki ən önəmli problemlərdən biridir. Orqan və ya toxuma transplantasiyası ilə bağlı keçilən yol, qarşılaşılan çətinliklər, transplantalogiya sahəsinin daha da təkmilləşdirilməsi üçün görülən tədbirlərlə bağlı məsələlərə “Transplantalogiya üzrə Dünya Konqresi”ndə yaxından iştirak edən Azərbaycan Tibb Universitetinin dosenti , Dr. Asiman Həsənovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
- Asiman həkim, bu yaxınlarda Türkiyədə keçirilən sizin də qatıldığınız transplantologiya üzrə konfrans nə ilə yadda qaldı?
Ötən ayın 17-21 tarixlərində Türkiyədə möhtəşəm şəkildə I Beynəlxalq Transplantasiya şəbəkəsi ( 1st International Transplant Network Congress ) təşkil olundu. Dünyanın əksər ölkələrindən 1000-ə yaxın həkim, koordinator və səhiyyə idarələrinin qatıldığı toplantıda Azərbaycanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, hörmətli həkim, millət vəkili Musa Quliyevin rəhbərliyi ilə 10-a yaxın nümayəndə təmsil edirdi. Bu konfransda dünyanın aparıcı transplantasiya mərkəzlərində çalışan təcrübəli həkimlərin ənənəvi olaraq yeni metod və yanaşmalarla birgə əsas məsələ olaraq “Dünya Transplant Şəbəkəsi” ideyası ortaya atıldı. Burada əsas məqsəd transplantasiya sahəsində vahid sistem qurmaq, orqan nəqlinin bütün aspektlərində yeniliklərin, təcrübələrin mübadiləsi, inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə bu sahənin inkişafına nail olmaqdır. Həmçinin, ən ümdə məsələ gələcəkdə hər hansı bir ölkədə beyin ölümü keçirmiş şəxsin, həmin ölkədə köçürülməsi uyğun olmayan qalan orqan və bioloji materiallarından digər ölkələrdə istifadə oluna bilməsini təmin etməkdir.
Düşünün ki, hər hansı bir ölkədə beyin ölümü keçirmiş şəxsin orqanlarından bir hissəsi transplantasiya olunub, qalan orqan və hissələr isə toxuma uyğunsuzluğu səbəbindən istifadə oluna bilmir. Belə ki, bağışlanmış orqanlar istifadə oluna bilsəydi bir neçə illərdir bu anı gözləyən xəstələr sağlamlığa qovuşardı. Dövlətlərarası orqan mübadiləsi olmadığından bu orqanlar yaşaya və yaşada biləcəyi halda məhv olunmağa məhkum olur. Bu uzun müddətli proyekt nə vaxtsa həllin tapsa, orqan növbəsini illərlə gözləyən xəstələrin həyatlarını xilas etmiş olarıq.
- Azərbaycanda orqan transplantasiyası imkanlarını necə dəyərləndirərdiniz?
Azərbaycanda artıq bir neçə illərdir ki, çox təcrübəli cərrahların və digər ixtisaslı həkimlərin dəstəyi ilə qaraciyər, böyrək, sümük iliyi, gözün buynuz qişası toxumalarının transplantasiyası həyata keçirilir və bu sahədə ciddi irəliləyişlər var. Lakin ölkəmizdə qanun icazə vermədiyindən ancaq canlıdan – yaxın qohumlardan orqan köçürmə aparmaq mümkündür.
Professor N. Bayramovun rəhbərliyi ilə Azərbaycan Tibb Universitetində, Uzman Dr. M. Kazıminin rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalında canlı donordan qaraciyər və böyrək transplantasiyası, Uroloji Mərkəzdə ancaq böyrək transplantasiyası, Talassemiya Mərkəzində isə sümük iliyi köçürməsi uğurla həyata keçirilir.
Bəzi orqanlar tək olduğundan və anatomik - funksional baxımdan hissəvi köçürülməsi mümkün olmadığından ancaq meyitdən köçürülmə mümkün olur. Uyğun donorun tapılması çətin olduğundan canlıdan orqan nəqli də məhdud sayda olur.
- Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?
Bunun üçün hər kəsin üzərinə müəyyən vəzifə düşür. Həm dövlətin, həm cəmiyyətin, həm din xadimlərinin, həm tanınmış ziyalıların, həm səhiyyə idarəçilərinin, həm də bu sahədə xüsusi təlim görmüş həkim və koordinasiya heyətinin üzərinə böyük missiya düşür. Dünyada gedən bu sahədə inkişafa çata bilməmiz üçün bir neçə tələblər qoyulur.
İlk növbədə beyin ölümü tanınması və meyitdən orqanların götürülməsi üçün müvafiq qanun hazırlanmalı, o qanunların icrasına nəzarət mexanizmləri işlənməli, maliyyə dəstəyi edilməli, cəmiyyətdə orqan bağışlanması barədə maarifləndirmə aparılmalı, etik dəyərlər formalaşdırılmalıdır.
Xəstəxanada müalicə olan zaman və ya hər hansı bir kriminal əhəmiyyət kəsb edən ölümlərdən sonra belə meyidin təşrihinə və müayinəsinə qarşı çıxan insanlara meyidin orqanlarından transplantasiya məqsədi ilə istifadə edilməsini izah etmək və onları razı salmaq çox çətin məsələdir. Bunun üçün cəmiyyətdə bu məsələyə müsbət baxış formalaşdırılmalı və insanlar tam sağlam vaxtlarından gələcəkdə ola biləcək beyin ölümü keçirmə ehtimallarında orqanlarını başqalarına “həyat vermək” üçün, həm də öz orqanlarının başqa bədəndə “yaşaması” üçün cəsarətli və şərəfli addım atmalıdırlar.
Səhiyyə müəssisələri və xəstəxanalarda bu proseslərə başlamaq üçün ciddi addımlar atılmalı, bir neçə geniş profilli, maddi - texniki bazası müasir tələblərə cavab verən xəstəxanalarda cərrahlarla yanaşı, həkimlər, orta personal və koordinatorlar yetişdirilməlidir.
- Orqan köçürmə və transplantasiya sahəsində qanunvericiliyə hansı dəyişikliklər nəzərdə tutulur?
Ümumiyyətlə, transplantasiya ciddi, xüsusi ehtiyatlılıq və nəzarət mexanizmləri ilə idarə olunması gərəkən multidisiplinar xidmətlər toplusudur. Burada mütləq şəkildə etik, mənəvi, tibbi və ən əsası da orqan alveri ilə bağlı olan hüquqi məqamlar diqqət mərkəzində olmalıdır. Məndə olan məlumata görə, Milli Məclisin Səhiyyə Komitəsində “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı ciddi işlər görülür. Bu qanunun qəbulu Azərbaycanda transplantasiya sahəsinin sürətli inkişafına səbəb olacaqdır.