Modern.az

Ağaclar necə budanmalıdır? 

Ağaclar necə budanmalıdır? 

Aktual

20 Fevral 2019, 16:35

Paytaxtın bir neçə istiqamətində, eləcə də ölkənin digər ərazilərində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir. Təbii ki, bu da haqlı olaraq, budanma vaxtında və düzgün aparılırmı?- sualını yaradır.

Bununla bağlı mütəxəssis rəyinin alınmasına, tövsiyələrin verilməsinə zərurət yarandığı üçün ETSN-nin mütəxəssisi Rəhim İbrahimov suallara cavab verib

 

 

- İndiki vaxtda  budanma aparılması nə qədər düzgündür, indi zamanıdırmı?

 

- Bəli, hazırda budanmanın aparılması düzgündür. Ağaclarda vegetasiya dövrü  başa çatdıqdan (yarpaqlar saralıb töküləndən) sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın  çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə xəstə, quru, qurumaqda olan və həşaratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.

 

 

- Budanma necə aparılmalıdır, ağac növünə görə fərq qoyulmalıdırmı?

 

- Bəli, fərq qoyulmalıdır. Meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru  budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşaratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır.

 

 

- Havaların isti keçməsi budanmaya təsir göstərirmi?

 

- Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz. Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir.

 

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da məsələyə münasibət bildirib.

İstər ictimai yerlərdə, istərsə də fərdi sahələrdə yaşıllıqların budanması mütəxəssislərin rəy və məsləhətləri nəzərə alınmaqla aqrotexniki qaydalara uyğun həyata keçirilməlidir. Yaşıllıqların qorunması üçün vətəndaşlarımızı və bu işlə məşğul olan hər kəsi mütəxəssislərin məsləhətlərinə əməl etməyə və tövsiyələrindən yararlanmağa çağırırıq.  

Sonda İ.İbrahimova bildirib ki, yaşıllıqlara düzgün xidmət göstərilməsi məqsədilə hər bir vətəndaş Nazirliyin mütəxəssislərinə müraciət edə bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı