Modern.az

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  

21 Fevral 2019, 08:42

Mirkazım Kazımov: ““Çast-pik” vaxtlara düşəndə mən də tıxacda qalıram”

 

““Yeni Müsavat”, “Azərbaycan” və bir neçə qəzet məni məhkəməyə verib”

 

"Gənc nazirləri, komitə sədrlərini dəstəkləyirəm"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat, “Qasid” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Mirkazım Kazımov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Mirkazım müəllim, mediada demək olar ki, müsahibələriniz çıxmır. Özünüz mətbuatdan qaçırsınız, yoxsa...

- Mən hər media nümayəndəsinə müsahibə vermirəm. Əsasən “Xalq qəzeti”nə və Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən media orqanlarına müsahibə verirəm. Hərdən bəzi saytların jurnalistləri mənə suallar ünvanlayırlar. Onlara da cavab verirəm. Açığını desəm, mətbuat aşiqi deyiləm.

- Cəlilabaddan Milli Məclisə deputat seçilmisiniz.  Bəzi bölgələrin seçiciləri onları parlamentdə təmsil edən deputatının üzünü aylarla görmürlər. Sizcə, deputat-seçici münasibətləri necə olmalıdır?

- Seçicilərimin hamısı ilə münasibətim var. Mənim üçün Cəlilabad bütövdür. Mən ayırmıram ki, bu dairədən və ya o biri dairədən deputat seçilmişəm. Əgər Cəlilabaddan hər hansı bir vətəndaş müraciət edirsə, imkanım çatan qədər çalışıram ki, ona kömək edim. Mən 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçilmişəm. Həmkarım Malik Həsənov isə 67 saylı Cəlilabad şəhər seçki dairəsini Milli Məclisdə təmsil edir. Biz Cəlilabadın deputatları olaraq sərhəd qoymuruq ki, mən filan dairədən deputat seçilmişəm və mənə həmin dairədən müraciət edə bilərsiniz. Tutaq ki, mən xarici ölkədə səfərdəyəm və Cəlilabaddan hər hansı bir vətəndaş müraciət edirsə, onu Malik Həsənov qəbul edir. Əksinə, Malik olmayanda mən qəbul edirəm. Bu, bizdə bir qayda halını alıb.

- Olubmu ki, hansısa səbəbdən seçicilərinizə verdiyiniz vədi yerinə yetirə bilməmisiniz?

- Bu, olmur. Biz əsasən qanunvericiliklə məşğuluq. Biz səlahiyyət sahibi deyilik ki, hansısa bir nazirin yerinə cavab verək. Əgər seçici problemi ilə bağlı müraciət edirsə, onu müvafiq olaraq həmin nazirliyə yönləndirirəm. Təhsillə bağlı məsələ olduqda Təhsil Nazirliyinə, səhiyyə ilə bağlı Səhiyyə Nazirliyinə və s. Müraciət etdiyim nazirliklərdən də cavab alıram. Seçicilərimin eləsi var ki, razı qalır, eləsi də var ki, əksinə.


- Siz həm də Milli Məclisin İntizam Komissiyasının üzvüsünüz. Bu yaxınlarda komissiyanın iclası keçirilə bilərmi? İntizam Komissiyasının gec-gec toplaşmasının səbəbi nədir?

- Bilirsiniz, Milli Məclisin deputatlarının hamısı seçilmiş insanlardır. Onlar atdıqları addımın məsuliyyətini, özünün yerini bilən insanlardır. Milli Məclisin hər hansı bir deputatı parlamentin Nizamnaməsini kobud surətdə pozmayıb ki, biz də onun məsələsinə baxaq. Deputatların hamısı bütün  qaydalara tam riayət edirlər. Məhz bu  səbəbdən də İntizam Komissiyasının iclasları keçirilmir. Bir neçə il bundan əvvəl Hüseyn Abdullayev Milli Məclisin Nizamnaməsini pozduğu üçün ona cinayət işinin açılmasına görə Baş Prokurorluq Milli Məclisə müraciət etmişdi ki, mandatdan məhrum edilsin. Cinayət işinin açılması o demək deyil ki, mütləq onun günahı var. Bəlkə də onun günahı yoxdur.  Bircə bu hadisəni xatırlayıram.

- Bəs cəmiyyət arasında bəzi deputatlara qarşı mənfi rəyin formalaşmasının səbəbi nədir?

- Mən onu deyə bilmərəm. Əgər bir seçicinin hansısa problemi həll olunmursa, o, deputatdan narazı qalır. Amma Milli Məclis qanunvericiliklə məşğuldur. Milli Məclis məktəb deyil. Ora ali orqandır. Milli Məclisə deputatlar səsvermə ilə seçilir. Orada elə insan var ki, 4-5 çağırışdır ki, Milli Məclisin deputatıdır. Parlamentə dünən gəlməyib ki. Ona görə də hesab edirəm ki, bu adamların hamısı kifayət qədər özlərini intizamlı apara bilirlər.

- Mirkazım müəllim, nazirlərlə, komitə sədrləri ilə münasibətiniz necədir? Fəaliyyətindən narazı qaldığınız hər hansı bir nazir və ya komitə sədri varmı?

- Nazirlərin hamısı ölkə prezidenti tərəfindən təyin olunur. Ölkə rəhbərinin də seçdiyi adamların hamısı qanunlara tam riayət edir. Ona görə də tutduqları vəzifələrdə oturub işləyirlər. Əgər hər hansı bir məmurun  səhvi olursa, çalışır onu düzəltsin. Səhvsiz insan yoxdur. Öz nöqsanlarından nəticə çıxarmayanlar isə ölkə rəhbəri tərəfindən vəzifələrindən uzaqlaşdırılır.
Prezident İlham Əliyev tərəfindən daim struktur islahatları aparılır. Son vaxtlar struktur islahatları çərçivəsində gənclərə daha çox yer verilir. Bir neçə nazirliyin, komitənin rəhbəri vəzifəsinə gənc kadrlar təyinat alıb. Mən gənc nazirləri, komitə sədrlərini dəstəkləyirəm. Hesab edirəm ki, onlar xeyli işlər görəcəklər.

- Bəs Milli Məclisdə sıx dostluq etdiyiniz həmkarlarınız varmı?

- Partiya silahdaşım və Milli Məclisdə “parta yoldaşım” Siyavuş Novruzovdur. Mən bütün deputatlara hörmətlə yanaşıram. Salam verirəm, salamlarını alıram.


- Artıq 2019-cu ilin 2 ayını arxada qoyuruq. Təəssüflər olsun ki, bəzi problemlər var ki, ilbəil davam edir. O, problemlər tıxac, bəzi məmurların özbaşınalığı və digərləridir. Bu barədə nə deyə bilərsiniz?

- Bu ilin ilk 2 ayı ərzində ölkə başçısı tərəfindən çox mühüm sərəncam və fərmanlar verilib. Bildiyimiz kimi, minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Ölkənin büdcəsi artdıqca, müəyyən sosial problemlər də öz həllini tapır. AXC-Müsavat hakimiyyəti dönəmində bizim iqtisadiyyatımız yox idi. Büdcəmizdə 1 manat pulumuz yox idi. Ancaq rəhmətlik Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra büdcəmiz inkişaf etməyə başladı. Bu gün isə onun yolu cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tıxac probleminə gəldikdə isə bütün dünyada var. Bu, təkcə Azərbaycanda deyil. Mən hələ 1992-ci ildə İrana səfər edəndə ilk dəfə tıxacı orada görmüşəm. Bu, gündəmin problemidir. Ölkə rəhbəri tərəfindən bu problemin həll edilməsi istiqamətində müəyyən işlər görülür. Əvvəllər bu qədər yeraltı keçidlər, körpülər, geniş yollar yox idi. Tıxacda da qalıram. Bu, qaçılmaz bir şeydir. “Çast-pik” vaxtlara düşəndə mən də tıxacda qalıram.

- Milli Məclisin plenar iclaslarında çox az hallarda çıxış edirsiniz. Bunun səbəbi nədir?

- Mən Milli Məclisin iki komitəsinin üzvüyəm. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin. Mən ancaq komitə iclaslarında çıxış edirəm. Orada lazım olan sözlərimi deyirəm. Plenar iclasda da ona görə çıxış etmirəm ki, başqa həmkarlarım bizim komitənin hazırladığı qanun layihəsinə münasibət bildirsin və ya irad tutsun. Ancaq hər zaman büdcə müzakirələri zamanı çıxış edirəm. Bizim büdcə həmişə sosialyönümlü olub. Ona görə də mən çıxış edirəm və təşəkkürümü bildirirəm.

- Cəmiyyətimizdə psixoloji problemlər də çoxalır. İntiharlar, boşanmalar, ailədaxili münaqişələr və s. Çox vaxt isə buna səbəb müasir texnologiyalar göstərilir...

- Məncə, aciz insanlar intihar edirlər. Ya savadı yoxdur, ya borcu var, ya da ailədə problemi var və s. Mən rast gəlmişəm ki, azyaşlı qız uşaqları da bu yolu tuturlar. Bu hallar da var. Bu gün ölkə rəhbərinin həyata keçirdiyi siyasət gəncləri normal və nizamlı tərbiyə etməkdir. Hesab edirəm ki, bu, orta məktəbdən başlamalıdır. Məncə, boşanmaların sayı bir o qədər də çox deyil. Şükürlər olsun ki, toyların, evlənənlərin sayı artır.  Bəli, əksər boşanmaların səbəbi sosial şəbəkələrdir. Mobil telefonlar da çox ailələri dağıdır. Xüsusən də smartfon telefonlar. Gənclərə məsləhətim odur ki, bir-birilərini sevsinlər. Həyat çətindir və çətin günün də ömrü qısadır. Boşanmasınlar, övladlarını böyütsünlər. Ailə bir dövlətdir, bunu qorusunlar.


- Bildiyimiz kimi, gələn il ölkədə parlament seçkiləri keçiriləcək. Özünüz yenidən bu seçkilərə qatılacaqsınızmı?

- Mən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm. Əgər partiyamın rəhbərliyi  məsləhət bilsə, yenidən seçkiyə gedəcəm. Əgər məsləhət görməsə, getməyəcəm. Çünki mən 4 çağırışdır ki, Milli Məclisin deputatıyam. Mənim ictimai, siyasi fəaliyyətimi ölkənin rəhbəri, partiyamın sədri qiymətləndirib.

- Sizin belə bir fikriniz varmı?

- Olar.

- Bəs şou-biznes nümayəndələrinin Milli Məclisin deputatlığına namizədliyinin irəli sürməsi məsələsinə necə baxırsınız? Bəziləri buna iddialıdırlar...

- Hüquqi dövlətdə yaşayırıq. Bütün şou-biznes nümayəndələri, ictimai insanlar Milli Məclisin deputatlığına namizədliyini irəli sürə bilərlər. Şou-biznes nümayəndəsi də insandır və bizim cəmiyyətimizin üzvüdür. Ona görə də mən buna pis baxmıram.

- Siz həm də seyid nəslindənsiniz. Bir seyid kimi gəlib sizi ziyarət edənlər olurmu?


- Düzdür, seyidliyə görə mənə hörmət edirlər. Seyidlik bizim nəslimizdən, şəcərəmizdən gəlir. Mən o hörməti qoruyub saxlamışam. Bundan sonra da çalışacağam ki, qoruyub saxlayım. Bəzən elə olur ki, seçicim deyir ki, mən Milli Məclisin deputatının yanına yox, ağamın yanına gəlmişəm. Mən  də çalışıram ki, ona köməklik edim. Ümumiyyətlə, çalışıram ki, mənim yanıma gələn adama biganə qalmayım.

- Toy məclislərində iştirak edirsiniz?

- Bəli. Çalışıram ki, dəvət olunan yerdən qalmayım.

- Asudə vaxtınızı necə keçirirsiniz?

- Adətən çalışıram ki, tarixi və kriminal verilişlərə baxım. Sərbəst olmağı xoşlayıram. Tək çıxıb şəhərdə gəzirəm. Dost-tanışla oturub hər hansı bir kafedə çay və ya kofe içirəm. Alkoqollu içkilərdən uzağam. Ümumiyyətcə, mən heç vaxt alkoqol qəbul etməmişəm. Bir dəfə sosial şəbəkələrdə yazmışdılar ki, mən çox vaxt kafelərdə oluram. Mənim getdiyim bir kafe var. Ora da çox sakitlik olduğu üçün gedirəm. Həftədə 3-4 dəfə “Tarqovıy”da oluram.


- Səhv etmiriksə, rəhbərlik etdiyiniz “Qasid” firmasının qəzetlərə borcu qalmışdı. O məsələ həll olundumu?

- Müstəqillik əldə etdiyimiz dövrdə “Qasid” tək firma idi. Mən bu quruma rəhbər gələndə ölkəmizdə 75 qəzet çap olunurdu. Ancaq birdən-birə bu say 350-yə qalxdı. Son illər sosial şəbəkələr, saytlar açılandan sonra qəzetlərin bazarı öldü. Açığını sizə deyim ki, bu gün bir çox qəzet biri-birindən köçürür. Bu gün heç kim gedib 10 manat verib, qəzet alan deyil. Hər bir oxucunun da öz qəzeti var. Hansını sevirsə, onu alır. Bəzi qəzet sahibləri deyir ki, mənim qəzetimi niyə satmırsan? Ancaq düşünmür ki, mən ondan çox onun qəzetinin satılmasını istəyirəm. Çünki qəzet satılan zaman firmaya da vəsait daxil olur. Ölkəmiz inkişaf etdikcə yeni köşklər qoyulmağa başladı və biz rəqabətə dözə bilmədik, “bankrot” olduq.

- Hazırda borcunuz varmı?

- Bəli var. Çox qəzetlərə bizim borcumuz var. 1-2-si məni məhkəməyə də verib. “Azadlıq” qəzeti  yazır ki, guya mən onların 70 min pulunu mənimsəmişəm. Ancaq mən onların qəpiklərinə də əl vurmamışam. Bunu özləri də bilir. Sadəcə anti-təbliğat aparırlar.

- Sizi məhkəməyə verən başqa qəzetlər varmı?

- Bəli, var.  “Yeni Müsavat”, “Azərbaycan” və bir neçə qəzet məni məhkəməyə verib. “Azadlıq”  qəzeti isə bilir ki, mən onların pulunu mənimsəməmişəm və ona görə məhkəməyə verməyib.

-Ümumiyyətcə, “Qasid” firmasının qəzetlərə borcu çoxdurmu?

- Bəli. Müəyyən məbləğ var.

- Sirr deyilsə, bilmək olar nə qədərdir?

- Yox. Çünki bunu dəqiq deyə bilmərəm. Hazırda demək olar ki, “Qasid” firması fəaliyyətini dayandırıb. Fəaliyyətimiz yoxdur. İşçilərin hamısı ixtisara düşüb.

- Təşəkkür edirik...

- Sağ olun. 



Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı