Modern.az

İcra başçısı dəm qazından ölüb? - Köməkçisi DANIŞDI  

İcra başçısı dəm qazından ölüb? - Köməkçisi DANIŞDI   

28 Fevral 2019, 10:43

Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ilkin olaraq ürək tutmasından öldüyü bildirilsə də, Bakı Şəhər Prokurorluğu onun vəfat etməsi faktı ilə bağlı cinayət işi başlandığını açıqlayıb.

Bakı Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertiza təyin olunub. Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. 

Qeyri-rəsmi məlumatlarda və sosial şəbəkələrdə yayılan xəbərlərdə icra başçısının dəm qazından öldüyü bildirilsə də, bu versiya hələ ki araşdırılır.


Mərhum icra başçısının köməkçisi Yavər Aslanov Modern.az-a növbəti açıqlamasında ekspertizanın rəyini gözlədiklərini bildirib:

“Biz də rəsmi məlumatlarda deyilənləri bilirik. Nəticələr ekspertizadan sonra bilinəcək. Buna qədər olan söhbətlər isə sadəcə ehtimal və şayiədir”.

Y.Aslanov qeyd edib ki, hazırda Naftalan rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müavin, Şəhər təsrrüfatı şöbəsinin müdiri  Arzu Məmmədov icra edir.

 

Qeyd edək ki, yaşadığı evdə meyiti aşkarlanan R.İbrahimovun ürək tutmasından vəfat etdiyi bildirilirdi.

R.İbrahimov Azərbaycan Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdi. Yeni Azərbaycan Partiyasının üzvü idi. Ailəli idi, 2 övladı var.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi