Modern.az

Bu gün Od çərşənbəsi qeyd olunur

Bu gün Od çərşənbəsi qeyd olunur

5 Mart 2019, 00:07

Bu gün xalq təqvimi ilə Boz ayın ikinci çərşənbəsi – Od çərşənbəsidir.

Modern.az-ın məlumatına görə, Od çərşənbəsi xalq arasında həm də “Üsgü çərşənbə”, “Adlı çərşənbə” kimi də adlandırılır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

 

Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir.

 

Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında səslənirsə, demək, kimsə sözünü danışır; od haqqı!; ocağın qaralmasın!; od-ocağa həsrət qalasan!

 

Bu çərşənbə axşamında hər bir ailə çalışır ki, imkanı dərəcəsində evində istilik verən yeməklər bişirilsin, süfrə açılsın, xonça bəzənsin, şamlar yandırılsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.  

 

Bu çərşənbə özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır.

 

Bu çərşənbədə daha güclü tonqallar çatılmalı, daha güclü atəşfəşanlıq keçirilməlidir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.

 

Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək. Bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir