Modern.az

Qarabağ danışıqlarında irəliləyiş olan kimi kənar qüvvələr peyda olur – Deputatların həll FORMULU

Qarabağ danışıqlarında irəliləyiş olan kimi kənar qüvvələr peyda olur – Deputatların həll FORMULU

6 Mart 2019, 14:07

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə bağlı Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılan danışıqlar nəticəsiz qalıb.

Bəzi iddialara görə, tərəflər münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə cəhd etdikləri ərəfədə,  kənar qüvvələrin müdaxiləsi münaqişənin həllinə mane olur.

Səslənən fikirlərlə bağlı Modern.az saytı Milli Məclisin deputatlarının fikirlərini öyrənməyə çalışıb.

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat  Aydın Mirzəzadə  deyir ki, həmişə xaricdən müəyyən dairələr problemin həllinə öz maraqları çərçivəsindən mane olmağa cəhd edərlər.

 

“Əsas məsələ tərəflərin özünün hazır olmasıdır. Problemin kökündə Azərbaycan torpaqlarının işğalı və bu işğala son qoyulması durur. Ermənistanın yerli  hakimiyyəti uzun müddət bu məsələyə qeyri-müəyyən yanaşsa da, son dövrlərdə təəssüf ki, əvvəlki xələflərinin mövqeyini təkrar edirlər. İşğal edilmiş torpaqları qaytarmayacaqlarını, Azərbaycana heç bir güzəşt edilməyəcəyini bildirirlər. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Belə olan halda Ermənistan tərəfi problemin çətinliyini ya Azərbaycanda, ya da regiondan kənar qüvvələrdə axtarmağa çalışır. Azərbaycanın bu məsələyə mövqeyi  birmənalıdır. Həm cənab Prezidentimizin, həm də bu məsələyə məsul olan rəsmi şəxslərin bəyanatlarında bildirilir ki, Azərbaycan heç zaman işğala razı olmayacaq və problemin sülh yolu ilə həllinə hazırdır.

Ermənistanın bütün bəyanatlarına baxmayaraq , onun torpağı işğalda saxlamaq üçün nə hərbi, nə iqtisadi, nə də mənəvi gücü var. Ermənistan cəmiyyətinin özündə torpaqların qaytarılması ilə bağlı  çağırışlar günü-gündən artmaqdadır. Ermənistan ona verilən şansı qiymətləndirməsə, o zaman Azərbaycan heç nəyə baxmadan problemin həlli üçün radikal düşünməli olacaq”

 

Milli Məclisin deputatı Flora Qasımova düşünür ki, Ermənistan-Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bir araya gələrkən kənar qüvvə dərhal görünür.

 

“Bu da ancaq Rusiya ola bilər. Çünki münaqişənin həllinin uzanmasına, tərəflərin razılığa gəldiyi anda maneə yaradan Rusiyadır. Amma burada bir məqamı qeyd etmək istərdim. Hətta elan olundu ki, “xalqları sülhə hazırlayın”. Ancaq erməni cəmiyyəti heç cür razı olmadı. Ermənilərin 200 illik fikirləri, arzuları  o olub ki, “Böyük Ermənistan” yaratsınlar. Torpaqları işğal edərək 30 ildir ki, orada möhkəmləniblər. Üstəlik elan da verirlər ki, bir qarış da olsun torpaq verməyəcəyik. Erməniləri başa salmaq lazımdır ki, sabah Azərbaycan müharibə elan etsə, sən Azərbaycan ordusunun qarşısında dayana biləcəksənmi?! Dağlıq Qarabağın sadə ermənilərinin içində çox böyük qorxu var. Separatçılar aydın məsələdir ki, hər zaman təxribatçı işlərlə məşğul olublar. Onlar hər fürsətdən istifadə edirlər”.

 

Milli Məclisin deputatı Aqil Abbasın sözlərinə görə,  hələ ki, tərəflərin hardasa hansı qənaətə  gəldiyinin şahidi olmayıb.

 

“Belə bir şey olmayıb. Çünki tərəflərin razılığa gəlməsi mümkün deyil. Azərbaycanın qəti mövqeyi budur ki, Dağlıq Qarabağdan Ermənistan qoşunları çıxarılmalıdır. Bundan sonra Dağlıq Qarabağda kim yaşamaq istəsə, Ermənistan-Azərbaycan vətəndaşlığını qəbul edib yüksək statusla yaşaya bilər. Məsələ budur. Ermənistan “bir qarış da olsa torpaq vermərəm” deyir. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan-Avropa-Amerika-Rusiya-Dağlıq Qarabağ münaqişəsi var”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir