Modern.az

İlham Əliyev: “Məhkəmə işləri, ev, işsizlik, sosial ədalətsizliklə bağlı bütün məktublara baxılacaq”

İlham Əliyev: “Məhkəmə işləri, ev, işsizlik, sosial ədalətsizliklə bağlı bütün məktublara baxılacaq”

7 Mart 2019, 23:38

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evə gəliblər. Bu ev zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü.

 

Saray nənə: Xoş gəlmisiniz. Canım qurban, gələn ayaqlarınız var olsun.

 

Prezident İlham Əliyev: Necəsiniz?

 

Saray nənə: Sağ olun, qadan alım. Mehriban xanıma canım qurban.

 

Birinci xanım Mehriban Əliyeva: Salam. Çox şadam.

 

Saray nənə: Nəvəli-nəticəli olasan, ay qızım. Mənim qədər nəvə-nəticə görəsən. Mən görmüşəm, Allaha şükür. Gələn ayaqlarınıza qurban olum.

 

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun, Allah sizə uzun ömür versin.

 

Saray nənə: Elə bil ki, Siz gəlişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz. Allaha çox şükür ki, gəlmisiniz.

 

Birinci xanım Mehriban Əliyeva: Necə ola bilərdi ki, gəlməyək.

 

Saray nənə: Allah haqqı mən bilirdim ki, İlham gələcək. Gələn ayaqlarına canım qurban, gəldi də, hər cür şəraiti yaratdı da. Bir ana kimi mənim hər bir sözümü də yerinə yetirdi. Gələn ayaqlarına bu canım qurban.

 

Mehriban Əliyeva: Mənə sizdən o qədər danışırdı ki, gözləyirdim, nə zaman gəlib sizinlə tanış olacağam.

 

Saray nənə: Sizin qadanızı alaram. Sağ olun ki, gəlmisiniz, mən də Sizi gözləyirdim. Mən Sizi çox istəyirəm.

 

Prezident İlham Əliyev: Bir ay keçdi, yenə görüşürük. Bir ay keçdi gəldim. Bir aydan sonra artıq sizin üçün gözəl ev hazırdır.

 

Saray nənə: Sağ olun, Sizin sayənizdə. Mən Allaha inandığım kimi bilirdim ki, gələcəksən.

 

Prezident İlham Əliyev: Zəlzələdən sonra birinci tikilmiş ev sizin evinizdir.

 

Saray nənə: Sağ olun, elədir. Hər cür şərait yaratmısan. Çox sağ ol, çox var ol. Allah-Təala ömrünüzü uzun eləsin. Yoldaşınla qarıyasan, nəvəli-nəticəli olasan.

 

Prezident İlham Əliyev: Çox sağ ol.

 

Birinci xanım Mehriban Əliyeva: Çox sağ ol.

 

Saray nənə: Siz sağ olun, bizim üçün çox iş gördünüz. Allah hamınızın işini avand eləsin.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evdə yaradılan şəraitlə tanış olublar.

 

Prezident İlham Əliyev: İndi şərait necədir?

 

Sevda Həsənova: Çox sağ olun. Sizinlə qürur duyuruq. Sağ olun ki, Azərbaycan xalqının arxasında durmusunuz.

 

Prezident İlham Əliyev: Burada şəklimiz var. Yəqin ki, bugünkü şəkli də əlavə edərsiniz.

 

Sevda Həsənova: Sağ olun. Allah Sizə cansağlığı versin. Allah köməyiniz olsun.

 

Prezident İlham Əliyev: Evin ölçüləri əvvəlkindən daha böyükdür.

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Bəli, çox böyükdür, 131 kvadratmetrdir.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Saray nənə və ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət ediblər.

 

Saray nənə: Siz də balamsınız, özü də qeyrətli, namuslu. Qurban olum qeyrətinə, mənim başımı çox uca etmisən.

 

Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Bütün Azərbaycan sizi tanıyır, bütün Azərbaycan sizi sevir.

 

Saray nənə: Şükür Allaha, mən də qeyrətli qadın olmuşam. Üzüm bağlarında məftil çəkmişəm.

 

Prezident İlham Əliyev: Bir aya bu bina tikildi. O birilər də tikiləcək. Həm burada, həm Ağsuda, İsmayıllıda qəzalı, uçulan bütün binalar yenidən tikiləcək. Dünən Ağsuda idim, orada da vətəndaşlarla görüşdüm, orada da evlər uçulub. Onlara da dedim ki, bütün evlər tikiləcəkdir. Siyahı tutulub, qəzalı evlərin hamısı dövlət tərəfindən tikiləcək.

 

Saray nənə: Qadanı alım, ay İlham.

 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ailə üzvlərinin istək və xahişlərini dinləyiblər. Dövlət başçısı bu məsələlərlə bağlı müvafiq tapşırıqlarını verib.

 

Saray nənənin gəlini Sevda Həsənova: Allah köməyiniz olsun. Sizdən yerlə-göy qədər razıyıq. Biz Sizinlə qürur duyuruq, çox sağ olun, var olun.

 

Prezident İlham Əliyev: Zəlzələ təbii fəlakətdir. Bu, əvvəllər də olub. Bir neçə il bundan əvvəl Zaqatalada, Balakən bölgəsində də olubdur. Orada da 3 mindən çox ev yenidən tikildi. Burada da indi 1000-dən çox ev yenidən tikiləcək, bərpa olunacaq. Xoşbəxtlikdən heç kim həlak olmayıb, hamı sağ-salamatdır. Biz də sizinlə tanış olduq və yeni bir ev də tikildi. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında zəlzələdən ziyan çəkmiş qalan evlər də tikiləcək, bərpa olunacaq. Vətəndaşlar da bunu bilir. Onu da deməliyəm ki, ancaq Azərbaycanda bu işlər bu qədər qısa müddət ərzində görülür. Hər yerdə zəlzələ, daşqın olur. İnkişaf etmiş ölkələrdə dövlət, ümumiyyətlə kömək etmir, bütün evlər sığortalıdır, vətəndaş sığortanı ödəyir, zəlzələ olandan sonra sığorta şirkətinə müraciət edir. Onlar baxırlar, təhlil aparırlar. Aylarla vaxt keçir, sonra da ona sığorta pulu verilir, gedir özü tikir. Amma Azərbaycanda necədir? Zəlzələdən bir gün sonra komissiya gəldi, Fövqəladə Hallar Nazirliyi, icra hakimiyyəti. Ona görə bu bir daha göstərir ki, Azərbaycan dövləti Azərbaycan vətəndaşının yanındadır, onun arxasındadır və ağır vəziyyətə düşən vətəndaş hər zaman bilməlidir ki, dövlət ona kömək edəcək. Görülən işlər, bax, budur. Bu, birincidir. Hələ minlərlə ev tikiləcək.

 

Saray nənə körpəni göstərərək dedi: Bu mənim nəticəmdir, adı Emindir. Gələn ayaqlarınız var olsun. Gördüyünüz işlərə görə çox sağ olun.

 

Sonra xatirə şəkli çəkdirildi.

 

X X X

 

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət etdilər, onları narahat edən məsələləri dinləyiblər.

 

Prezident İlham Əliyev: Salam, xoş gördük.

 

Sakinlər: Salam, xoş gəlmisiniz. Allah Sizi qorusun. Bizə şərəf verdiniz. Çox sağ olun, Allah razı olsun.

 

Qadın sakin: Sizə məktubum var.

 

Prezident İlham Əliyev: Baxaram.

 

Qadın sakin: Bizim də evimiz sökülür, orada tikilir.

 

Prezident İlham Əliyev: Uçulub? Mən baxacağam mütləq, evlərlə bağlı narahat olmayın. Bütün evlər bərpa olunacaq.

 

Qadın sakin: Sağ olun ki, Azərbaycanı belə tikirsiniz, qurursunuz. Allah işinizi avand etsin, Sizi ölkəmizdən əskik etməsin.

 

Prezident İlham Əliyev: Çox sağ olun.

 

X X X

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vahid Şıxıyevin inşası davam edən evinə də baxıblar.

 

Prezident İlham Əliyev: Sizin evinizdir?

 

Vahid Şıxıyev: Xoş gəlmisiniz cənab Prezident, bəli.

 

Prezident İlham Əliyev: Görürsünüz, necə qısa müddət ərzində tikilir.

 

Vahid Şıxıyev: Sökülüb, yerində təzəsi inşa olunur. Allah Sizə cansağlığı versin, başımızın üzərindən əskik etməsin, cənab Prezident.

 

Prezident İlham Əliyev: Daha da gözəl ev olacaq.

 

Vahid Şıxıyev: Bəli, nəvələrimin, ailəmin adından Sizə dərin təşəkkürümüzü bildiririk, çox sağ olun.

 

Vahid Şıxıyevin həyat yoldaşı: Allah Sizi Azərbaycan xalqına çox görməsin. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

 

Prezident İlham Əliyev: Çox sağ olun. Evin tikintisi təxminən nə vaxt başa çatacaq?

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Təxminən bir aya, ay yarıma.

 

Prezident İlham Əliyev: Bir aya. İndi siz harada yaşayırsınız?

 

Vahid Şıxıyev: Biz yaxın qohumun evində yaşayırıq. Sağ olsun qohum-əqrəba.

 

Prezident İlham Əliyev: Bir az gözləyin, maksimum bir aya tikiləcək.

 

Vahid Şıxıyev: Allah köməyiniz olsun.

 

Prezident İlham Əliyev: Saray nənənin evini də görürsünüz.

 

Vahid Şıxıyevin həyat yoldaşı: Allah Sizdən razı olsun.

 

X X X

 

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovaya məxsus yeni yaşayış evində də yaradılan şəraitlə tanış olublar.

 

Elmira Həsənova: Salam, xoş gəlmisiniz.

 

Mehriban Əliyeva: Salam, sizinlə telefonla danışmışdıq.

 

Prezident İlham Əliyev: Şərait necədir?

 

Elmira Həsənova: Çox sağ olun, hər şey əladır. Sənə qurban olum.

 

Elmira Həsənovanın qızı: Mehriban xanım, mən həmişə Sizi görmək istəyirdim.

 

Mehriban Əliyeva: Eləmi, mən də səni.

 

Elmira Həsənova: Allah Sizi əskik etməsin.

 

Prezident İlham Əliyev: Çox sağ olun.

 

Sonra xatirə şəkli çəkdirilib.

 

X X X

 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun mərkəzində Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, önünə gül dəstəsi qoyublar.

 

X X X

 

Zəlzələ zamanı şəhərin Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun evi də qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin evin yerində yeni inşa edilən evdə yaradılan şəraitlə maraqlanıblar.

 

Vüqar Teyfurov: Xoş gəlmisiniz, cənab Prezident.

 

Prezident İlham Əliyev: Salam, xoş gördük.

 

Mehriban Əliyeva: Xoş gördük.

 

Prezident İlham Əliyev: Ev hazırdır?

 

Vüqar Teyfurov: Allah köməyiniz olsun, tam hazırdır. Ailəmiz adından təşəkkür edirik. Çox sağ olun, Allah Sizi var eləsin. Çiçəklənən Azərbaycan naminə Allah Sizə ömür versin, tikin, yaradın.

 

Prezident İlham Əliyev: Çox sağ olun.

 

Dövlətimizin başçısı və birinci xanım evdə yaradılan şəraitlə tanış olublar.

 

Prezident İlham Əliyev: Pianino da var. Sən ifa edirsən?

 

Vüqar Teyfurov: Bəli, cənab Prezident, mən musiqiçiyəm. Bağışlayın, əgər istəsəniz Sizin üçün musiqi də ifa edə bilərəm.

 

Prezident İlham Əliyev: Olar, buyur.

 

Sonra dövlətimizin başçısı və birinci xanım Vüqar Teyfurovun ifasını dinləyiblər.

 

Prezident İlham Əliyev: “Ana” və “Xalq Heydər söyləyəcək” mahnılarını çox gözəl ifa etdin. Özü də belə improvizasiya ilə.

 

Vüqar Teyfurov: Təşəkkür edirəm.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

X X X

 

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı sakinləri ilə görüşüblər.

 

Sakinlər: Xoş gəlmisiniz cənab Prezident.

 

Sakin: Cənab Prezident, bu uşağın adı da İlham Əliyevdir. Səni görməkdən ötrü gəlib.

 

Sakin: Sənə qurban olum. Müəlliməm, qocaman müəlliməyəm.

 

Sakin: Sizi salamlayıram. Xoş gəlmisiniz.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakin: Sizi salamlayırıq, dəstəkləyirik, xoş gəlmisiniz.

 

Sakin: Uşağımın köməyə ehtiyacı var.

 

Prezident İlham Əliyev: Mən sizə kömək edərəm.

 

Sakin: Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

 

Prezident İlham Əliyev: Sağ olun. Mən də sizinlə fəxr edirəm. Narahat olmayın, bütün məktublara baxılacaq.

 

Sakin: Cənab Prezident Sizə minnətdarıq. Mənim də kreditlə bağlı problemim vardı. Bu məsələnin həlli ilə bağlı verdiyiniz fərmana görə təşəkkür edirəm.

 

Prezident İlham Əliyev: Nə qədər götürmüşdün?

 

Sakin: Beş min dollar götürmüşdüm. Hətta mənə kompensasiya da çatacaq.

 

Prezident İlham Əliyev: Sənə pul da qaytaracaqlar.

 

Sakinlər: Allah Sizi var eləsin. Allah Sizi bu xalqın üstündən əskik eləməsin.

 

Daha sonra Prezident İlham Əliyev çıxış edərək deyib:

 

- Əziz dostlar, sizi salamlayıram. Şamaxıda baş vermiş zəlzələ nəticəsində dağılmış bütün evlər yenidən tikiləcək, bərpa ediləcək. Bilirsiniz ki, zəlzələdən dərhal sonra mən Şamaxıya gəldim, vəziyyətlə tanış oldum. Dərhal göstəriş verdim ki, evlər qısa müddət ərzində bərpa edilsin, tikilsin. Bu gün artıq biz ilk evlərin, o cümlədən Saray nənənin evinin açılışını etdik. Bir neçə başqa ev də tikilib. İndi çoxmənzilli yeni binanın təməli qoyulacaqdır. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında minlərlə ev tikiləcək və yenidən bərpa ediləcək. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcəkdir.

 

Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq.

 

Rayon ağsaqqalı: Cənab Prezident xoş gəlmisiniz.

 

Prezident İlham Əliyev: Çox sağ olun.

 

Rayon ağsaqqalı: Siz bütün Azərbaycan xalqının arxası, dayağısınız. Biz şamaxılılar Sizi çox istəyirik.

 

Prezident İlham Əliyev: Mən də sizi çox istəyirəm.

 

Rayon ağsaqqalı: Çox sağ olun. Alla Sizə ömür versin.

 

Prezident İlham Əliyev: İndi də bu ərazidə gözəl çoxmənzilli bir ev tikiləcək.

 

Rayon ağsaqqalı: Gəlib baxmışam, çox iş görmüsünüz.

 

Prezident İlham Əliyev: Sözünüz var mənə?

 

Rayon ağsaqqalı: Mənim sözüm odur ki, sovet hökuməti 70 il çalışdı, şəhərlə kənd arasındakı fərqi aradan qaldırsın. Lakin bunu bacarmadı. Amma Prezident İlham Əliyev cənabları 15 il müddətində bu fərqi götürdü. Bax, Şamaxının başı Dəmirçi, ayağı Quşçu kəndidir.

 

Prezident İlham Əliyev: Dəmirçiyə də yol çəkdik.

 

Rayon ağsaqqalı: Hər ikisinə asfalt yol var.

 

Prezident İlham Əliyev: Lahıca qədər.

 

Rayon ağsaqqalı: Əgər oraya maşın gedirsə, Şamaxının elə bir kəndi yoxdur ki, ora maşın işləməsin. Çox sağ olun.

 

Prezident İlham Əliyev: Düzdür, sağ olun.

 

Rayon ağsaqqalı: Qaz yaxşı, işıq yaxşı, su yaxşı, dolanırıq. Allah ömür versin.

 

Prezident İlham Əliyev: Çalışıram hər şey edim ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Yol, qaz, işıq, su, iş yerləri. İndi şikayətlər verildi, onlara da baxılacaq. Zəlzələdən ziyan dəymiş evlər yenidən tikiləcək. Cəmi bir ay keçib, artıq bir neçə ev hazırdır, bir neçə evin tikintisi gedir. İndi çoxmənzilli binanın təməli qoyulur. Dağılmış, uçulmuş bütün evlər yenidən tikiləcək. Bəlkə də əvvəlki evlərdən 100 dəfə daha yaxşı olacaq.

 

Rayon ağsaqqalı: Bir söz deyim, Mehriban xanım bizə bir neçə avtobus göndərib. Gecə-gündüz işləyir. İndi Şamaxının bütün kəndlərinə avtobus gedir. Allah işinizi avand eləsin.

 

Prezident İlham Əliyev: Çox sağ ol ağsaqqal.

 

X X X

 

Dövlətimizin başçısı və birinci xanım sonra zəlzələdən zərərçəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlini qoydular. Məlumat verildi ki, 20 Yanvar küçəsində tikilən 44 mənzildən ibarət dördmərtəbəli bina bütün zəruri infrastrukturla təchiz ediləcək, burada birotaqlı 4, ikiotaqlı 32 və üçotaqlı 8 mənzil olacaq.

 

Prezident İlham Əliyev gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğu işə salınıb.

 

Sonra xatirə şəkli çəkdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir