Modern.az

Vəzirov azərbaycanlı jurnalistə geniş müsahibə verməyə RAZILAŞDI  

Vəzirov azərbaycanlı jurnalistə geniş müsahibə verməyə RAZILAŞDI   

Media

10 Mart 2019, 03:09

Hazırda Moskvada yaşayan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş 89 yaşlı Əbdürrəhman Vəzirov azərbaycanlı journalist Vahid Qaziyə zəng edib. Modern.az saytı xəbər verir ki, bu haqda İsveçdə yaşayan Vahid Qazi özü bildirib:

“Bu səhər telefonuma Rusiyadan zəng gəldi. Əbdürrəhman Vəzirov idi. Kitabı haqda yazdığım "Tamamlanmış yarımçıq portret" yazısına görə zəng eləmişdi. Həm də ”Бейсбол на шахматной доске” kitabımıdan danışdı. Moskvada yaşayan gənc jurnalist həmkarım verib o kitabı. O da oxuyub. Təxminən 10 dəqiqə danışdıq. Yazının sonuncu cümləsini oxudu: ”Vəzirovun bu kitabında bir xeyli suallara cavab tapdım. Amma cavab tapmadığım suallar da oldu, odur ki, portreti yarımçıq tamamlayası oldum”. Sonra dedi ki, “cavab tapmadığın bütün sualları topla, sənə cavab verərəm”. İndi düşünürəm, bir azad sayt ola, istəyə (təyyarəyə bilet alsa bəsdi), gedəm 30 ilə yaxındır heç kimə (Ruslan Süleymanova o günkü müsahibəsi xaric) müsahibə verməyən, ən təlatümlü illərdə (Qarabağ müharibəsi, meydan hərəkatı, 20 yanvar faciəsi və b.) Azərbaycana rəhbərlik etmiş Vəzirovdan müsahibə alam. Və bəribaşdan nöqtə-vergülünə toxunulmayacağına söz verə - bu da mənim şərtim ola”.

Ə.Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. 

20 yanvar qırğınından sonra Ə.Vəzirov vəzifəsini tərk edərək Moskvaya gedib. 20 yanvar qırğının təqsirkarlarından biri sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb. 

Bu il mayın 26-da Vəzirovun 89 yaşı tamam olacaq.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi