Modern.az

Özündən sonra 3 oğlu da dünyadan köçən şair...  

Özündən sonra 3 oğlu da dünyadan köçən şair...   

10 Mart 2019, 14:10

Cabir Novruzun 86 yaşına...

Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz, bilirsiniz neylədiniz?
Oğul idim, məni ata eylədiniz…

Dünya çox qəribə məkandır. Burada mövcud olan hər ölkənin, hər dövlətin öz qanunları olsa da, fəqət dünyanın da yazılmayan qanunları var. Yaradır, bəsləyir, sonda bir ovuc torpağa çevirir, qalanı isə xatirələrdir… 

Bəli, bu dünyada Cabir Novruz imzasını bütün ölkəyə tanıtdıran bir insan var idi. O, imzasını sevdirirdi, imzası da onu. 1933-cü ildə dünyanın iki diktatorun əlində girinc qaldığı vaxtlarda anadan olmuşdu. Yeniyetmə çağları aclıq, müharibə illərinə düşdü, çox əziyyətlərə sinə gərdi. Hitlerin məhvindən bir qədər sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikimuna daxil olub, orada oxudu, oranı bitirdi. Stalinin vəfatından bir il əvvəl isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunsa da, diktatorun öldüyü il Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərildi və 1957-ci ildə ali təhsilini başa vurdu… 

1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz, 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin katibi olub.

Yaşadığı dövrdə "Əməkdar incəsənət xadimi", "Xalq şairi" fəxri adlarına və prezidentin fərdi təqaüdünə layiq görülüb... 

Bəli, dünyanın yazılmayan qanunları var, hökm gəldisə, ömür bitir. Cabir Novruz 2002-ci il dekabrın 12-də, ömrünün 70-ci ilində vəfat edib. Özü dünyada olmasa da imzası hələ də yaşayır...

"Yuxunuzdan duran zaman gecələri
İtirirəm sətirləri, hecaları,
dil-dil ötən ilhamım da dildən düşür,
Qoca nənə, cavan ana əldən düşür.
Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
asam,
Kiçik Müşfiq istəmir ki, şer yazam"- deyən şairin özündən sonra bu dünyada yadigar saxladığı üç oğlu - Mirzə, Vüqar, Müşfiq də müxtəlif vaxtlarda vəfat etdi…


Martın 12-si Cabir Novruzun doğum günüdür. Yaşasaydı 86 yaşını qeyd edəcəkdi. Onu ehtiramla anır, ruhuna Allahdan rəhmət diləyirik...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir