Modern.az

Deputat: “İslahat paketi iqtisadiyyatın bütün sahələrində özünü biruzə verir” - MÜSAHİBƏ  

Deputat: “İslahat paketi iqtisadiyyatın bütün sahələrində özünü biruzə verir” - MÜSAHİBƏ   

11 Mart 2019, 09:55

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Elçin Quliyev Modern.az-ın suallarını cavablandırıb.

- Elçin müəllim, son bir neçə ay ərzində Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli işlər görür. Görüləcək işlərlə  bağlı Fərman və sərəncamlar imzalayır. Ölkədə aparılan işləri siz necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, cənab Prezident İlham Əliyev tərəfindən aparılan siyasət tədbirləri və buna müvafiq olaraq hazırlanmış islahat paketi iqtisadiyyatın bütün sahələrində özünü biruzə verir.  Ölkə başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı Prezidentin ölkə vətəndaşlarına göstərdiyi qayğının təzahüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, ümumilikdə 576,8 min nəfərə  yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq. Bu cür addımlar region ölkələri sırasında Azərbaycanın iqtisadi sahədə olduğu kimi, sosial sahədə də lider olduğunu bir daha sübut edir.

- Bildiyiniz kimi, devalvasiyadan sonra əhalinin problemli kreditlər məsələsi gündəmə gəlmişdi. Bu məsələdə banklar daha konstruktiv mövqe sərgiləyirdilər. Təbii ki, insanlar maddi və mənəvi təzyiqlə üz-üzə qalmışdılar. Amma Prezidentin problemli kreditlərlə bağlı sərəncamı problemin həllinə yaşıl işıq yandırdı. Siz bu barədə nə deyə bilərsiz?

- Fərmandan göründüyü kimi, iqtisadi və sosial sahələrdə reallaşdırılan islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşması, yeni iş yerlərinin açılması öz müsbət nəticələrini göstərməkdədir. Bununla yanaşı, dünyada baş verən kataklizmlər, maliyyə böhranları ölkə iqtisadiyyatından yan keçməyib və bu da əhalinin müəyyən təbəqəsinin ödəmə qabiliyyətinin zəifləməsinə, eləcə də banklardan xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına gətirib çıxarıb. Ölkədə iqtisadi inkişaf tempinin artması fonunda  maliyyə imkanlarının genişlənməsi əhalinin xarici valyutada vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün münbit şərait yaradıb.

Bu baxımdan məsələyə vaxtında adekvat reaksiya verilərək baş vermiş devalvasiya nəticəsində əhalinin xarici valyutada olan kreditləri və problemli kreditlər məsələsinin həll edilməsi məqsədilə dövlət tərəfindən təqdirəlayiq addımlar atıldı.

 

- Bildiyiniz kimi ilin sonu bankların maliyyə göstəriciləri açıqlanır. İli zərərlə başa vuran bankların aqibəti çox vaxt bağlanmaqla nəticələnir. Hazırda fəaliyyət göstərən bankların durumu barədə nə deyə bilərsiz?  İqtisadçı olaraq əhalinin banklara inamını müşahidə edə bilirsinizmi? Gəldiyiniz qənaət necədir?

- Əhalinin kredit təşkilatlarına inamının artırılması üçün istər hökumət tərəfindən, istərsə də bu təşkilatlar tərəfindən islahat xarakterli işlərin görülməsi göz qabağındadır. Bu özünü aparılan institusional və digər islahat tədbirlərində göstərir. Son dövrlər İpoteka və Zəmanət Fondunun və kredit bürolarının yaradılması və bu kimi tədbirlər əhalinin maliyyə resurslarına çıxış imkanlarının artırılmasına müsbət təsir göstərib. Artıq bu istiqamətdə canlanma müşahidə olunmaqdadır. Mərkəzi Bankın məlumatına əsasən əhali tərəfindən banklarda əmanətlərin yerləşdirilməsi və kreditlərin verilməsi istiqamətində artım müşahidə olunmaqadadır. Belə ki, 2019-cu ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən kredit təşkilarlarına fiziki şəxslərin əmanətləri 01.01.2018 tarixinə nisbətən 10.8%, kredit qoyuluşları  2018-ci ilin əvvəli ilə müqayisədə 10.7% artım təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir